İSTİ XƏBƏRLƏR
» » Klublarımız qışa qədər necə göründü?

Klublarımız qışa qədər necə göründü?


Artıq futbol üzrə ölkə çempionatında qış fasiləsidir. Hələ dövrələrarası fasilədən iki tur öncə "Qarabağ"ın yeni ili lider kimi qarşılayacağı dəqiqləşmişdisə, "Neftçi"nin çempionatı ötən mövsüm tamamladığı mövqeyə qayıtması son turda rəsmiləşdi. Cari mövsümdə ilk "üçlüy"ü qapyan "Keşlə" isə hamını təəccübləndirməkdə davam edir. Cari Avrokuboklar mövsümündə ölkəmizi ikinci dərəcəli klub turnirində təmsil edən "Səbail"in son pillədə olması da maraqlı məqamlardandır. Bəs görəsən, ölkəmizin tanınmış idman jurnalistləri elita klublarının qış fasiləsinə qədərki çıxışını necə qiymətləndirir? 


Rəşad Ergün ("Komanda" qəzetinin baş redaktoru):

"Son illərdə Premyer Liqanın lap üst pilləsi ilə bağlı mənzərə demək olar ki, heç dəyişmir. "Qarabağ" digər rəqiblərindən açıq-aşkar üstündür və bu, özünü turnir cədvəlində də göstərir. "Qarabağ"la bağlı məsələ aydındır, digər komandalardan "Keşlə" bu mövsüm yaxşı mənada təəccübləndirir. Ötən mövsümün sonunda bərbad çıxışına və nəticəsinə görə Premyer Liqanı tərk etməli olan komandanın sanki "ikinci nəfəs"i açılıb. Tərlan Əhmədovun komandası çox yaxşı mübarizə aparır və elə buna görə də, hazırda 3-cü pillədə möhkəmlənib. "Səbail" haqda da danışmaq olar. Bu komanda son mövsümdə yaxşı çıxış etmişdi, Avropa Liqasına vəsiqə qazanmışdı. Amma indi sonuncu pillədədir. Problem isə təbii ki, maliyyədir. Ümumiyyətlə, bizim çempionatda komandaların turnir cədvəlindəki yerini baş məşqçilərin, futbolçuların bacarığından daha çox, pul müəyyənləşdirir. Pulun varsa, yüksək yerdə olacaqsan, pulun azdırsa, sonuncu pilləyə düşməmək uğrunda mübarizə aparacaqsan. Mənim üçün cari mövsümdə "Sabah" komandasının çıxışı da maraqlıdır. Yeni, əcnəbi baş məşqçi gətiriblər və o, hər açıqlamasında iddialı danışır. Bu iddialı açıqlamaların nəticəsi nə olacaq, onu maraqla gözləyirəm."


Ruslan Sadıqov 

("Matç.az" saytının əməkdaşı):

"Hələ mövsümlərarası fasilədə "Neftçi"nin "Qarabağ"la çempionluq mübarizəsi aparacağı gözlənilirdi. Ancaq ilk turlar göstərdi ki, alternativli heyətə baxmayaraq, bakılılar hələ də son çempionla rəqabət aparacaq gücdə deyillər. Təəssüf ki, ildən-ilə zəifləyən Premyer Liqamıza əvvəl Bakı birinciliyi gözündə görürdüksə, indi məhəllə çempionatına dönüb. Bir liqada ki, mövsümün əvvəllərindən çempionun kimliyi bəlli olursa, orada nə rəqabətdən, nə də inkişafdan danışmağa dəyər. Düzdür, "Qarabağ" ikinci dövrəni olduqca aşağı səviyyədə keçirdi. Qurban Qurbanovun yetirmələri 7 oyunun cəmi 2-də qələbə qazandı. Maraqlısı burasındadır ki, komanda 11 xal itirməsinə baxmayaraq, ona heç yaxınlaşan da olmadı. Avropa Liqasındakı uğursuz çıxış "Qarabağ" futbolçularında motivasiya əskikliyi yaratdı. Mövsümün ikinci yarısından etibarən çempionatda əsl "Qarabağ"ı izləyəcəyimizi düşünürəm. Ümumiyyətlə, çempionun çoxdan bilindiyi, 7 komanda arasında avrokubok yarışının getdiyi bir çempionat izləyirik. "Neftçi" heyət baxımından digərlərini qat-qat üstələsə də, sərgilənən oyun bunu göstərmir. Mövsümün sürpriz komandası, şübhəsiz ki, "Keşlə"dir. Tərlan Əhmədov məhdud büdcə və orta səviyyəli heyətlə boyundan yuxarı tullandı. "Keşlə" ilə yanaşı, "Sumqayıt"da da məşqçi işi öz sözünü deyir. Ayxan Abbasov yerli gənc futbolçularla azarkeşlərə maraqlı oyun izlətdirdi. Baş məşqçi dəyişiklikləri "Zirə", "Sabah" və "Qəbələ"nin nəticələrinə mənfi təsir göstərdi. O ki qaldı "Səbail"ə, bu komandanın autsayder mövqeyində qərarlaşması qanunauyğunluqdur. "Səbail" hələ mövsümün əvvəllərində ikinci pillədə yer aldığı zaman bu çöküşün yaşanacağı aşkar görünürdü. Ümumilikdə götürsək, ilk yarını yalnız "Keşlə"nin aktivinə yazmaq olar. Lider "Qarabağ" da daxil olmaqla, digər komandalar gözləniləndən müsbət mənada çox da fərqlənmədilər."


Sənan Şəfizadə 

( ATV kanalının idman icmalçısı):

"Hazırda Premyer Liqada 8 klub çıxış edir. "Qarabağ"dan başqa hamısının demək olar səviyyəsi eynidir. Qış fasiləsinə qədər nəticələrdə sürpriz olmadı. "Qarabağ"ın lider, "Neftçi"nin isə onu izləyəcəyi gözlənilən idi. Proqnozlar doğruldu. "Zirə" mövsümə zəif başladı. Əvəzində Tərlan Əhmədovun "Keşlə" klubu çox çətin oyunlarda xal qazandı. Qış fasiləsindən sonra əsas mübarizə üçüncü yer uğrunda olacaq. "Qarabağ"la "Neftçi"nin ilk iki pilləni tərk edəcəyi inandırıcı deyil."


Elçin Cəlilov 

"Futbolpress.az" saytının baş redaktoru:

"Qış fasiləsinədək "Qarabağ" gözlənilənə nail oldu. Hələ də "atlılar"ın hegemonluğunu bitirə bilən iddialı tapılmır. Paralel olaraq Avropa Liqasında çıxış etməsinə görə son turlar yorğunluq hiss edilirdi, lakin qış fasiləsindən sonra bu komandanın xeyli gümrah və güclü olacağını gözləyirəm. Belədə çempionluq yarışında öləzimiş mübarizə aparan "Neftçi" üçün işlər daha da çətinləşə bilər. "Sabah"ın dirilişini gözləyirəm. "Sumqayıt"ın fasiləyə 4-cü pillədə yollanması komanda üçün çox yaxşı nəticə sayıla bilər. Digərləri elə maraqlı nələrləsə qabarmadılar. Aşğı-yuxarı gözlənilən performanslar oldu."


Şəmsəddin Abbasov 

(CBC Sport Informasiya xidmətinin rəhbəri):

"Maraqlı çempionat gedir. "Keşlə"nin belə sıçrayışını gözləmirdim. Komanda çox kəsad heyətlə xallarını toplayır və hazırda turnir cədvəlində layiqli yerini tutur. Ölkəmizi Avropa Liqası turnirində təmsil edən, amma mübarizəni erkən başa vuran "Səbail"dən belə zəif çıxış gözləmirdim. "Sumqayıt"da Azərbaycan köklü iranlı futbolçular Babayi və Şərifi komandanın hücum potensialını bir xeyli artırıb və bunun nəticəsində "Sumqayıt" bütün rəqiblər üçün olduqca təhlükəli rəqibə çevrilib. Amma çempionluq yarışında əsas mübarizə "Qarabağ" və "Neftçi" arasında gedəcək."


Anar Xanlarov 

("Rekord.az" saytının redaktoru):

"Öncə ondan başlayım ki çempionatın səviyyəsi ildən ilə aşağı düşür. Bu mövsum bu mənada bir qədər də gerilədik. Oyunlardakı gərginlik azalıb. Həmçinin onsuz da az olan azarkeş sayı bu mövsüm daha da azalıb. "Qarabağ" demək olar ki qış fasiləsindən öncə çempionluğu rəsmləşdirmişdi. Müəyyən süni mübarizə rıçaqları bunu uzatdı. Keçən il "Sabah" Masazıra köçəndə daha çox azarkeş gəlirdi. Bu mövsüm bunu görmürük. "Sumqayıt"ın əvvəllki oyunlarında insanlar hasarın arxasında qalırdı. Bu mövsüm bu komandanın da oyunlarına əvvəlki kimi azarkeş gəlmir. Komandaların ayrı-ayrılıqda çıxışını dəyərləndirməyə ehtiyac görmürəm. Qızıl "Qarabağ"In gümüş də "Neftçi"nin olacaq. Üçüncü pillə böyük ehtimalla "Keşlə"yə qismət olacaq, çünki Tərlan Əhmədovun komandası bu mövsüm yaxşı mənada təəccübləndirir. Qalan 5 komanda 4-cü yer uğurunda sona qədər mübarizə aparacaq."

Rəy bildir +
Oxşar xəbərlər
Kimin nəticəsi necə dəyişib?  11 TURLUQ MÜQAYİSƏ
17:4619 noyabr

Kimin nəticəsi necə dəyişib? 11 TURLUQ MÜQAYİSƏ

Futbol üzrə ölkə çempionatında milli komandamızın oyunları ilə bağlı yaranmış fasilədən öncə 11-ci tur başa çatmışdı. Komandaların hazırkı vəziyyətini təhlil etmək baxımından 11 həftəlik marafon heç də az deyil. Ötən turların nə ilə yadda qaldığını üzə çıxarmağın ən yaxşı yolu müqayisə olduğundan

Rəqibləri "tapdalayan" "Qarabağ" və   avrokuboklar üçün yarışan 7 komanda
19:1015 oktyabr

Rəqibləri "tapdalayan" "Qarabağ" və avrokuboklar üçün yarışan 7 komanda

Futbol üzrə Azərbaycan milli komandasının Bəhreynlə hazırlıq, Macarıstanla isə rəsmi qarşılaşması olması səbəbindən ölkə Premyer Liqasında yaranmış fasilə elita klublarının son durumunu, komandaların arzulanan hədəfə çatmağa nə dərəcədə yaxın olmasını aydınlaşdırmaq üçün yaxşı imkandır. Düzdür, ilk

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?
20:1715 avqust

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?

Artıq sabah futbol üzrə ölkə çempionatının yeni mövsümü start götürəcək. Bir neçə gün öncəsinə qədər ölkə xaricində olan Premyer Liqa klubları çempionatın başlamasına qalan sayılı günləri ölkə daxilində gündəlik məşq prosesi ilə keçirdi. Təbii ki, elita klublarının yeni mövsüm ərəfəsində hansı

Məşqçinin 6 uğurlu həmləsi,  cəzalanmayan "Sumqayıt"  və əvəzedicilərin 19 qolu
10:4724 may

Məşqçinin 6 uğurlu həmləsi, cəzalanmayan "Sumqayıt" və əvəzedicilərin 19 qolu

Məlum olduğu kimi, 11 nəfərdən ibarət olan futbol komandasının çalışdırıcısı oyunun gedişində hər hansı yetirməsini əvəzləmək imkanı qazanır. Matçboyu oyunun axarını öz ssenarisinə uyğunlaşdırmaq üçün üç dəfə dəyişiklik etmək imkanı olan mütəxəssislərin nə dərəcədə buna nail olması maraq doğurur.

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU