İSTİ XƏBƏRLƏR
» » Bizi birləşdirən dəyər

Bizi birləşdirən dəyər


31 Dekabr azərbaycanlılar üçün ən əziz, ən müqəddəs bayramlardan sayılır. Azərbaycan müstəqillik əldə etdikdən sonra Naxçıvan  MR Ali Məclisində 1991-ci il 16 dekabr tarixində qərar qəbul edildi. Bu qərara əsasən 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan edildi. Bu, ümumilli lider, ulu öndər Heydər Əliyevin Azərbaycan üçün, azərbaycanlılıq üçün ən böyük tarixi xidmətlərindən biridir. Hər il 31 dekabrı Dünya Azərbaycanlıların əziz bayram kimi təntənə ilə qeyd edirlər. Bu bayram müxtəlif xarici ölkələrdə yaşayan soydaşlarımızın bir araya gəlmələri üçün çox böyük əhəmiyyət kəsb edir.

Əsrlər boyu nə qədər rəhbərlər gəlib-gedibdir, lakin onlardan heç biri xarici ölkələrdə yaşayan soydaşlarmızı vahid azərbaycançılıq telləri ilə birləşdirmək barədə heç bir əməli iş görməyiblər və xəyallarına belə gətirməyiblər. Heydər Əliyev hələ 1990-cu ilin əvvəllərində Naxçıvan MR-da Ali Məclisin sədri olarkən erməni millətçilərinin dözülməz işgəncələrindən, iqtisadi böhranlar, siyasi təqiblər, zorakılıqlar üzündən doğma yurd-yuvalarından didərgin düşmüş, qürbət ellərdə sığınacaq tapmış soydaşlarımızın xarici ölkələrdə yad millətlər arasında bir-birindən xəbərsiz, pərakəndə halda yaşamaq əzabına, əziyyətinə son qoymaq və onların vahid diasporalarda birləşməsinə yardımçı olmaq üçün möhkəm və sarsılmaz iradəsini, zəngin dövlətçilik təcrübəsini, hadisələri əvvəlcədən proqnozlaşdırmaq və düzgün qiymətləndirmək bacarığını ortaya qoydu.

Xarici ölkələrdə yaşayan soydaşlarımızın özlərini idarəetmə mexanizmi rolunu oynayan vahid diasporalarda, vətənpərvərlik ideyası ətrafında sıx birləşməyi, öz ana dillərini, milli adət və ənənələrini, zəngin mənəvi dəyərlərini qürbət ellərdə yad millətlərin arasında qoruyub saxlamaları üçün bir sıra dəyərli təkliflər və tövsiyələr verdi. Ulu öndər xarici ölkələrə rəsmi və qeyri-rəsmi səfərləri zamanı həmin ölkələrdə yaşayan soydaşlarımızla görüşər və onlara harada yaşamalarından asılı olmayaraq azərbaycanlı olmalarını unutmamağı məsləhət görürdü.

O deyirdi: "Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir-ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz,mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənələrdir.İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq gərək öz milliliyini qoruyub saxlasın. Dünyada , eyni zamanda assimiliyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar.  Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır".

Bu qəbildən olan səfərlər ulu öndərimizin xarici siyasət şahmatında ən uğurlu, ən qiymətli, ən dəyərli gedişlərindən biri idi.

Artıq 28 ilə yaxındır ki, dünyanın 70-dən çox ölkəsində yaşayan, pərakəndə halda ora-bura səpələnən və vahid diasporada birləşən 50 milyon soydaşımız 31 dekabrı Dünya Azərbaycanlılarının həmrəylik günü kimi qeyd edir və etməkdədir. Artıq azərbaycanlıların sıx və yığcam yaşadıqları ölkələrdə diaspor təşkilatları yaranıb.Bu təşkilatlarda çalışan, xarici ölkələrdə təhsil alan tələbələrimizin də bu sahədəki fəaliyyətləri danılmazdır. Tələbə gənclərimiz ölkəmizin tarixi, mədəniyyəti, milli dəyərləri haqqında məlumatlarla bərabər, Azərbaycan həqiqətlərini də dünya ictimaiyyətinə çatdırırlar.

Ulu öndərimiz Heydər Əliyevin beynəlxalq aləmdəki böyük nüfuzu, onun apardığı məqsədyönlü xarici və daxili siyasət qərib-qürbət ellərdə yaşayan soydaşlarımızla vaxtaşırı görüşüb, onlara faydalı məsləhətlər verməsi, onilliklər boyu yad millətlər arasında itib-batmış doğma qan qardaşlarımızın, can sirdaşlarımızın bir-birinə qarşı laqeydlik və biganəlikdən əl çəkib, dostluq və qardaşlıq yoluna qədəm qoymalarında, tənhalıq buzunu əridib, məhəbbət tonqalları çatmalarında, vahid bir ailənin üzvləri kimi birləşmələrində  Dünya Azərbaycanlılarının Bakıda çağrılan qurultaylarının da rolu danılmazdır. Bu qurultaylar  onların bir-birinə arxa-kömək, dar gündə dayaq olmaları üçün mühüm rol oynadı.

Xarici ölkələrdə yaşayan soydaşlarımızla yaxından  maraqlanan ziyalılarımız, elm xadimlərimiz xaricdə yaşayan soydaşlarımızın onların nə qədər möhkəm iradəli olduqlarını aşkar etdilər.Neçə-neçə onilliklər keçsə də onlar öz soyköklərinə biganə çıxmayıblar,  azərbaycanlı olmaları ilə fəxr ediblər və bu gündə belədir. Müdrik xalqın, müqəddəs torpağın övladları olduqlarını bütün dünyaya çatdırır və bu hərəkətlərindən zövq alırlar.

Xoşa gələn odur ki, xeyli vaxt keçməsinə baxmayaraq əcnəbi ölkələrdə yaşayan soydaşlarımız öz dillərini, dini etiqadlarını, adət və ənənələrini zərrə qədər unutmayıblar. Dünyaya göz açan uşaqlarına ana laylası, bayatı, oxşama öyrədiblər və azərbaycanlı olduqlarını onlara başa salırlar.

Hal-hazırda dünyaya səpələnmiş soydaşlarımız ana dilində məktəb açır, radio, televiziya proqramları ilə çıxış edir, ana dilində qəzet və jurnallar dərc etdirirlər. Bunların hamısına görə biz ulu öndərimiz Heydər Əliyevə borcluyuq. "Mən həmişə azərbaycanlı olmağımla fəxr etmişəm"- deyən müdrik rəhbər dünya azərbaycanlılarını azərbaycançılıq yoluna çıxara bildi.


Qəbrin nurla dolsun, ey böyük insan!

Şairsən, alimsən, böyük memarsan,

Səni unudarmı can Azərbaycan.

Biz harda varıqsa, Sən orda varsan.


Bu gün möhtərəm prezidentimiz İlham Əliyev, Birinci vitse prezident Mehriban xanım Əliyeva ulu öndər Heydər Əliyevin siyasi kursunu, uzaqgörən siyasətini uğurla, layiqincə davam etdirir, Xalqa, Vətənə, dövlətə,dövlətçiliyə sədaqətlə, namusla xidmət edirlər. Çəkilən yollar, salınan körpülər, məktəblər, körpələr evi, xəstəxanalar, idman kompleksləri, insanların sosial təminatlarının yaxşılaşdırılması, şəhid ailələrinə birdəfəlik yardım, tələbələrin təqaüdlərinin artırılması, ən ucqar dağ kəndlərinə - Xınalığa, lahıca, Lerikə ömüründə görmədikləri asfalt yolların çəkilməsi məhz onların qayğısı sayəsində ərsəyə gəlib. Bu gün mədəniyyətimiz, incə-sənətimiz, muğamımız, sazımız Avropada geniş vüsət alıb. İ.Nəsiminin 650 illik yubileyi bütün dünyada qeyd olunur. Dilimizi, dinimizi, adət-ənənələrimizi, milli mənəvi dəyərlərimizi dəyərləndirən, inkişaf etdirən möhtərəm prezidentimiz ilham Əliyevin qayğısı ilə Azərbaycan gündən-günə çiçəklənir, abadlaşır, gözəlləşir. Gözəllik içində üzən Sumqayıt şəhərinə 24 dəfə səfər etməsi daim diqqət və  qayğı göstərməsi, Sumqayıt şəhərinin 70 illik yubileyində şəxsən iştirak etməsi onun bu şəhərə doğmalığından  xəbər verir. Bu gün xarici ölkələrdən Azərbaycana gələn qonaqlar, turistlər onun cazibədar gözəlliyini, füsunkar təbiətini, başı ağ çalmalı dağlarını, yarpızlı dərələrini, ceyranlı-cüyürlü çöllərini, şır-şır axan buz bulaqlarını , yaşıl-sıx meşələrini, ürəkaçan guşələrini, coşqun çaylarını, şıltaq ləpəli göllərini, mavi Xəzər dənizini, hər şeyin təmizini, sakitliyini, sabitliyini görür valeh olur və həvəslə deyirlər:

- Cənnət görmək istəyən Azərbaycana gəlsin!

Azərbaycan xalqının qonaqpərvərliyini , qonağa yuxarı başda yer vermələrini, hər nemətin yaxşısını onlardan əsirgəməmələrini görəndə, qonaq gözümün işığı, evimin yaraşığıdır kimi səmimi sözləri eşidəndə deyirlər:

- Hörmət görmək istəyən Azərbaycana gəlsin!

Azərbaycanımızın zəngin mətbəxinə aid olan təamlardan-aşırmalı aşdan, quzulu plovdan, sütül kababdan, axtarma pendirdən, nehrə yağından, təzə beçə balından dadıb armudu stəkanda limonlu samovar çayından içib deyirlər:

Pəh! Pəh! - Ləzzət görmək istəyən Azərbaycana gəlsin!

Azərbaycanin məhəbbət dolu poeziyasının incəliklərindən, Nizami humanizmindən, Füzuli sənətkarlığından, Nəsimi mətanətindən, Şəhriyar niskilindən, Sabir dözümündən, Mirzə Cəlil qələmindən, H.Cavid harayından, Ü.Hacıbəylinin musiqi aləmindən, muğamı ürəkdən ifa edən, dil-dil ötən gənclərin, telləri min havalı telli sazın, tarın, kamanın ecazkar səsindən bəhrələndikcə Azərbaycan mədəniyyətinə öz qəlblərində yer ayırır və oxuyurlar:

"Ayrılarmı könül candan

Azərbaycan, Azərbaycan."

- Mədəniyyət görmək istəyən Azərbaycana gəlsin!

Azərbaycanın gündən-günə çiçəklənməsini, dinamik inkişaf tərəqqisini, yollarını, körpülərini, idman komplekslərini, yaşayış binalarını, məktəblərini, xəstəxanalarını, istirahət ocaqlarını, yaşıl zolaqlarını, məcburi köçkünlərin mənzil şəraitini, hotellərini görəndə deyəcəklər:

- Zəhmət görmək istəyən Azərbaycana gəlsin!

Azərbaycanlıların yeraltı, yerüstü sərvətlərlə zəngin ölkə olduğunu-neftini, pambığını, üzümünü, taxılını, çayını, bol bəhərli bağlarını, müalicə sularını,qızılını və müxtəlif qiymətli sərvətlərini görəndə deyirlər:

- Sərvət görmək istəyən Azərbaycana gəlsin!

Azərbaycan idmançılarını görəndə-bura idmançılar ölkəsidir deyəcəklər.

İdmançılarımızın gücünü, qüdrətini, cəsarətini, dözümünü,mərdliyini, mətanətini, el təəssübü,el qeyrəti çəkənlər qonaqlara xoş təsir bağışlayacaq və həvəslə qışqırıb deyəcəklər:

Gələn hörmətli qonaqlar Müstəqil dövlətimizin dinamik, demokratik yolla inkişaf etdiyini, təhsilimizə, səhiyyəmizə, mədəniyyətimizə, ordu quruculuğumuza, bütün sahələrə dövlət qayğısını görüb deyəcəklər:

- Dövlət görmək istəyən Azərbaycana gəlsin!

Ölkəmizdə təşkil olunan sərgidə insanlarımızn müxtəlif dövrlərdə işlətdikləri əməkalətlərini-cəhrəni, əyriburun dəhrəni, yun darağını, həvəni, kirgidi, dombagöz nehrəni, tabağı, təhnəni, xalçaları, cıcimləri,palazları, geyim və məişət nümunələrini görüb heyran olacaqlar, deyəcəklər:

- İbrət görmək istəyən Azərbaycana gəlsin!

Dövlətə səriştəli rəhbərlik edən, Heydər Əliyev ideyalarına sadiq qalan ölkə başçısı İlham Əliyev və Birinci Vitse prezident Mehriban Xanımın xalqına, dövlətinə, dövlətçiliyinə canıyananlığını, xoş məramlı insan, mehriban ana, nurani nənə, vəfalı, xanım-xatın qadın Mehriban xanımın hədsiz zəhmətini, qayğısını, səmimi, mülayim münasibətini  görəndə deyəcəklər:

- Millət görmək istəyən Azərbaycana gəlsin!

- Bəli, gələn idmançlıar, dövlət rəsmiləri, turistlər Azərbaycan həqiqətlərini dərindən biləndə ona qara yaxanlara nifrət duası oxuyacaqlar,


"Göz görür, ağlın kəsir,

Mən günəşi göydə dana bilmərəm"-

Aşıq gördüyünü çağırar deyəcəklər.


Bəli, qarşıdan hamımız-bütün azərbaycanlılar üçün əziz bir bayram gəlir. 31 Dekabr Dünya azərbaycanlılarının birlik bayramı.Biz sevinir və fəxr edirik ki, bu bayram ildən-ilə daha da əziz olur, soydaşlarımızı daha da mehribanlaşdırır, bir-birinə yaxınlaşdırır, xaricdə yaşayanları doğma vətənə cəlb edir.


Əvəz Mahmud Lələdağ

SDU-nun müəllimi

Rəy bildir +
Oxşar xəbərlər
Kimdir Njde?
18:3811 dekabr

Kimdir Njde?

Mən Zəngəzur mahalında boya-başa çatmışam. Əsrin  əvvəllərindən erməni millətçiləri, onların havadarları orda yaşayan azərbaycanlılara həmişə bəla olublar. Biz gözümüzü açıb sovet ideologiyası ilə tərbiyələnmişik, beynəlmiləlçi olmuşuq. Ona görə də bizə qarşı törədilən çox hadisələrin

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi qeyd olundu
16:3513 iyul

Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi qeyd olundu

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə bağlı iyulun 12-də Bakıda "Ulu Öndər" sənədli filminin və eyniadlı mahnının təqdimatına həsr olunan tədbir keçirilib.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli