İSTİ XƏBƏRLƏR
» » Samir Abasovun yolunu gedənlər və ya klub rəsmiləri ilə məşqçilər niyə yola getmir?

Samir Abasovun yolunu gedənlər və ya klub rəsmiləri ilə məşqçilər niyə yola getmir?


Cari mövsümün əvvəlində "Zirə"dən ayrılan sumqayıtlı məşqçi Samir Abasov bu günlərdə mətbuata açıqlamasında "qartallar"dan rəhbərlik və futbolçularla yaşadığı problem səbəbindən ayrılmadığını bildirdi. Hərçənd buna qədər bir neçə dəfə Samir Abasovun kobud davranışları üzündən istefaya göndərildiyi haqda məlumatlar yayılmış, hətta "Zirə"nin həkimi Mahir Ələsgərov da komandadan məhz Abasovun personalla yaşadığı problemlərdən dolayı ayrıldığını açıqlamışdı. Sumqayıtlı mütəxəssisin postundan getməsindən sonra rəhbərliklə anlaşmazlıq yaşayan çalışdırıcıların olmayacağını düşünürdük. Ancaq "Sabah"ın yeni baş məşqçisi Jelko Sopiçin paytaxt klubuna təyinatından qısa müddət sonra rəhbərlik və futbolçuları sərt şəkildə tənqid etməsi ölkəmizdəki rəhbərlik-məşqçi problemini yenidən gündəmə gətirdi. Ümumiyyətlə, əksər elita klublarında hazırda klub rəsmiləri ilə məşqçilər arasında "soyuq müharibə" gedir. 

"Qarabağ"da adət edilməyən durum

Son illərin dəyişməz çempionu "Qarabağ"ın qazandığı uğurlar həm də klubdaxili atmosferin yaxşı olmasının nəticəsi idi. Hər fürsətdə baş məşqçi Qurban Qurbanova dəstək olan klub rəsmilərinin son vaxtlar eyni yanaşmanı sərgiləmədiyi hiss olunur. Avropa Liqasının sonuncudan əvvəlki qrup matçında APOEL-ə yenilən "Qarabağ" qrupdan çıxmaq şansını itirmiş və problemlər də məhz bundan sonra sezilmişdi. Xatırlayırsınızsa, matçdan sonra vitse-kapitan Maksim Medvedev transferlər zamanı doğru seçim edilmədiyinə işarə vurmuşdu.  Ən əsası da baş məşqçiyə və futbolçulara daim dəstək olan vitse-prezident Tahir Gözəl də artıq vəziyyətin ürəkaçan olmadığını qeyd edirdi. Yadınızdadırsa, Gözəl "Sevilya" ilə qarşılaşmanın ardından müsahibəsində narazılığını aşkar şəkildə bildirmişdi: "Daha təhlükəli rəqib kimi görünəcəyimizə inanırdım. Bu gün çox passiv idik. Bəlkə də, bərabərlik üçün oynadıq və səhvimiz bu idi. "Qarabağ"ın ifasında gözəl oyun görmədim. Məni məyus edən bu oldu. Arzuma çatmadım, meydanda xəyalımdakı "Qarabağ"ı görmədim. Biz bu qrupdan çıxmalı idik. Tarixi fürsət var idi. Bizim üçün tarixi fürsət idi. Ən yaxşı fürsət idi". Tarixi fürsətin əldən çıxmasının klub daxilində fikir ayrılıqlarına səbəb olduğu heç kimə sirr olmasa da, hələlik tərəflər güzəştə getməklə vəziyyəti yaxşıya doğru dəyişməyə çalışır. Ötən həftəsonu "Qarabağ"ın prezidenti Abdulbari Gözəlin "köhlən atlar"ı ziyarət etməsi, baş məşqçi ilə görüşməsi də məhz buna hesablanmış addım kimi qiymətləndirildi.


Öncə Əhmədov, sonra Bordin

Azərbaycan futbolunun "flaqman"ı hesab olunan "Neftçi"də də klub rəhbərliyi ilə məşqçilər korpusu arasında münasibətlər qaydasında deyil. Ümumiyyətlə, "ağ-qaralar"ın prezidenti Kamran Quliyev məşqçilərlə anlaşmazlıq yaşaması ilə seçilir. İtaliyalı mütəxəssis Roberto Bordinə qədər Tərlan Əhmədovla ulduzu barışmayan Quliyev hətta o vaxt Neftci Baku (Fane Page) Facebook səhifəsinin Tərlan Əhmədovun "Neftçi"də qalması və ya getməsinin daha doğru olması mövzusunda keçirdiyi sorğuda da Əhmədovun əleyhinə səs verməklə mövqeyini ortaya qoymuşdu. Komandanın idman direktoru Ceyhun Sultanovun baş məşqçidən xəbərsiz futbolçularla iclas keçirməsi də rəhbərliyin millinin sabiq kapitanına münasibəti ortaya qoyurdu. Sözügedən vaxt müqaviləsi başa çatmaq üzrə olan Tərlan Əhmədov isə "müqaviləmin müddətinin uzadılması üçün heç kimə yalvarası deyiləm" açıqlamasını verdikdən bir müddət sonra postundan ayrılmışdı. Onun əvəzləyicisi olan Roberto Bordin də rəhbərliklə problem yaşayır. Tərəflərin münasibətləri Tərlan Əhmədovla müqayisədə daha yaxşı olsa da, anlaşmazlıqlar da yox deyil. Az qala "Neftçi"nin xal itirdiyi hər oyunda qalmaqal salan oyundan sonra rəqibin baş məşqçiləri və futbolçuları ilə haqq-hesab çəkməyə gedən "ağ-qaralar"ın baş məşqçisinin bu əməlləri rəhbərliyin də səbrini daşdırmaqdadır. Bunun nəticəsidir ki, klub rəsmiləri italiyalı çalışdırıcıya bir müddət öncə xəbərdarlıq edib. Klub rəhbərliyi ilə Roberto Bordin arasında problem yaradan digər məqam isə rəhbərliyin baş məşqçinin Evangelos Platellası komandadan kənarlaşdırmaq istəyinə qarşı çıxmasıdır. Xatırladaq ki, bir müddət öncə klub rəsmiləri ilə görüşən yunanıstanlı yarımmüdafiəçi italyan baş məşqçinin komanda daxilində ayrı-seçkiliyə yol verdiyini, oyunlarda yalnız özünün simpatiya bəslədiyi əcnəbi futbolçulara şans verdiyini bildirmişdi. Yeri gəlmişkən, heyət seçimi ilə bağlı son oyunların ardından da "flaqman"da problem yaşandı. Belə ki, "Neftçi"nin idman direktoru Ceyhun Sultanovun italiyalı mütəxəssisə şans verdiyi və vermədiyi futbolçularla bağlı irad bildirməsi tərəflərin mübahisə etməsinə səbəb olmuş və bu problem mətbuata da sızmışdı. Oxşar vəziyyət "Sumqayıt"la ötən cümə günü baş tutan və "Neftçi"nin mübarizəni dayandırdığı kubok qarşılaşmasından sonra da yaşanmışdı.


Uğurlu nəticələrin unutdurduğu problem

Cari mövsümdə "Keşlə"nin sərgilədiyi oyun və ortaya qoyduğu nəticələr ürəkaçandır və bu vəziyyətdə "qırmızılar"ın daxilində hansısa problemin olduğunu düşünmək çətindir, ancaq ötən "futbol ili"ndə baş məşqçi ilə klub rəhbərliyi arasında "soyuq savaş" var idi. Təsadüfi deyil ki, ötən il komandanın hər məğlubiyyətindən sonra Əhmədova "istefa haqda düşünmürsüz" tipli suallar verilir, o da işindən ikiəlli yapışmadığını göstərmək üçün getməyə hazır olduğunu deyirdi. Həmin vaxt kluba rəhbərlik edən Zaur Axundovun baş məşqçiyə münasibəti də isti deyildi. Aralarında ciddi münaqişə yaşanmasa da, Axundov hər imkanda yeniliyə ehtiyac duyulduğunu, Əhmədovun məsələsinə baxılacağını deyirdi. Lakin bir dəfə də olsun, "baş məşqçinin arxasındayıq, sona qədər də duracağıq" demirdi. Üstəlik, baş məşqçinin "problem ocağı" adlandırdığı Kamran Ağayevi komandadan göndərmək istəməsi də rəhbərliyin ürəyincə deyildi. Digər tərəfdən,  sabiq "bankirlər"in rəhbərinin Əhmədovun əvəzləyicisi kimi keçmiş  postsovet ölkələrindən bir neçə mütəxəssislə danışıqlar apardığı və tərəflərin münasibətinin məhz bundan sonra pozulduğu da söylənilirdi, ancaq "Keşlə"nin cari mövsümə uğurlu başlanğıc etməsi Zaur Axundovun Tərlan Əhmədovu postunda saxlamasını şərtləndirdi.


Aftandil Hacıyevə qarşı hörmətsizlik

Ötən mövsümün bürünc mükafatçısı "Səbail"də işlərin yolunda getməməsi, komandanın qış fasiləsinə turnir cədvəlinin sonuncu pilləsində yollanması, ən əsası da yaranmış ciddi maliyyə problemi "dənizçilər"də klubdaxili atmosferi korlamaqdadır. Maraqlısı və qəribəsi isə odur ki, yaranmış bu acınacaqlı durumla bağlı klubun rəhbərliyi, yaxud klub rəhbərliyi ilə razılaşdırılmaqla mətbuat xidməti səviyyəsində heç bir izahat verilmir. Ümumiyyətlə, bu klubda rəhbər, idarəçi kimdir, dəqiq bilinmir. Əsl dərəbəylik. Bütün bunlar isə "Səbail" rəhbərliyi ilə Aftandil Hacıyev arasında anlaşmazlıq yaratmaqdadır. Hər nə qədər bu günlərdə "Səbail"in kapitanı Elton Yaqublu mətbuata açıqlamasında həm futbolçuların, həm də klub rəhbərliyinin Hacıyevin "Səbail"dən ayrılmasını istəmədiyini desə də, hazırkı mənzərə heç də belə düşünməyə əsas vermir. Son olaraq isə  italyan əsilli venesuelalı Leonardo Xose Paçe Laresin baş məşqçinin xəbəri olmadan "Səbail"ə baxışa dəvət olunması tərəflər arasında soyuqluq yaratmış, hətta Aftandil Hacıyev sözügedən məsələ ilə bağlı narazılığını mətbuatdan da gizlətməmişdi. 


Kimdir günahkar?

Keçirdiyi oyunların tən yarısında xalsız qalan "Sabah"ın qış fasiləsindən öncəki turdakı məğlubiyyəti gözlənilməz olmadı. Əsas sürpriz "Neftçi" ilə oyunsonrası mətbuat konfransında, komandanın yeni baş məşqçisi Jelko Sopiçin dedikləri idi. Xorvat mütəxəssis açıqlamaları ilə özündən əvvəl komandanı çalışdıran, hazırkı heyəti formalaşdıran Elşad Əhmədovu, yayda lazımsız legionerlərə milyonlar sərf edən klubun rəhbərliyinə dərs keçdi. "Hazırkı heyətlə "Sabah" nəyə nail ola bilər" sualıma Sopiçin "Bu barədə nəsə deməyim düz olmaz. Bu mövzuya girsəm, gərək məndən öncə çalışanlar barədə də danışım. Oyunlara baxmısınızsa, siz özünüz hər şeyi görmüsünüz" cavabını verməsi açıq-aşkar yayda xərclənən milyonların göyə sovrulması demək idi. Xorvat baş məşqçinin sonrakı açıqlamaları da klubun mövsümöncəsi həyata keçirdiyi transferləri darmadağın etdi: "Qışda nəsə dəyişikliklər etməliyik. Bunu görmək üçün məşqçi olmağa ehtiyac yoxdu. Adi azarkeş də bunu hiss edir. Kluba gələrkən mənə dedilər ki, filan futbolçu top səviyyədədir. Bilmirəm mən axmağam? Hər nə qədər ad çəkməsə də, Jelko Sopiç açıq şəkildə izah etdi ki, komandaya bəh-bəhlə gətirilən futbolçularla uğur qazanmaq qeyri-mümkündür. Ona əvvəldən oyunçuların səviyyəsinin yüksək olduğu deyilsə də, meydanda gördükləri əksini sübut edir. Yeni baş məşqçi son açıqlamaları ilə özündən əvvəlki məşqçiləri də, transfer çalışmalarına cavabdeh olan klub rəsmilərini də göydən yerə vurdu. Məhz bundan sonra "Sabah" rəhbərliyinin xorvat mütəxəssisə baxışının dəyişdiyi sirr deyil. Qış fasiləsində Jelko Sopiç "Sabah"dan uzaqlaşdırılsa, qətiyyən təəccüblənməyin. Rəhbərliyin ayırdığı milyonları göyə sovuranlara çətin ki bu cür həqiqəti söyləyən məşqçi lazım olsun...

P.S. Cari mövsümün əvvəlində ölkə mətbuatında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovla klubun prezidenti Riad Rəfiyev arasında anlaşmazlığın olduğu yönündə bilgilər dolaşırdı. Tərəflər arasında yeni anlaşmanın ölkə kubokunun final qarşılaşmasından xeyli sonra imzalanması söyləntiləri bir qədər də artırmışdı. Hətta Riad Rəəfiyevin ölkə xaricində, konkret Ukraynada çalışdırıcı axtardığı da bildirilirdi. Klub rəhbərinin Avroliqanın finalını izləməyə gələn Ukrayna klublarından birinin vitse-prezidenti ilə görüşdüyü, ilkin danışıqları apardığı, daha doğrusu, bu yöndə kömək istədiyi mətbuata sızmışdı. Hətta tövsiyə olunan ukraynalı mütəxəssislə ilkin danışıqlar da aparılmışdı. Sonradan büdcənin azlığı və komandaya legioner cəlb olunmaması əcnəbi çalışdırıcınınn imtinası ilə nəticələnmişdi. Məhz bu məsələnin Ayxan Abbasovla Riad Rəfiyev arasında soyuqluq yaratdığı bildirilirdi.


Səhifəni təqdim etdi: Tural Məmmədov 

Rəy bildir +
Oxşar xəbərlər
Kimin nəticəsi necə dəyişib?  11 TURLUQ MÜQAYİSƏ
17:4619 noyabr

Kimin nəticəsi necə dəyişib? 11 TURLUQ MÜQAYİSƏ

Futbol üzrə ölkə çempionatında milli komandamızın oyunları ilə bağlı yaranmış fasilədən öncə 11-ci tur başa çatmışdı. Komandaların hazırkı vəziyyətini təhlil etmək baxımından 11 həftəlik marafon heç də az deyil. Ötən turların nə ilə yadda qaldığını üzə çıxarmağın ən yaxşı yolu müqayisə olduğundan

Sumqayıtlı məşqçini işsiz qoyan səbəblər
13:0531 oktyabr

Sumqayıtlı məşqçini işsiz qoyan səbəblər

Yığmaya komandamızın AVRO-2020-nin seçmə mərhələsindəki oyunu ilə bağlı ölkə Premyer Liqasında yaranan fasilədə diqqətlər "Zirə"yə yönəldi. Səbəb isə qəsəbə təmsilçisində baş məşqçi istefasının gerçəkləşməsi idi. Gözlənildiyi kimi, uğursuz nəticələr Samir Abasovla "Zirə"nin yollarının ayrılmasına

Rəqibləri "tapdalayan" "Qarabağ" və   avrokuboklar üçün yarışan 7 komanda
19:1015 oktyabr

Rəqibləri "tapdalayan" "Qarabağ" və avrokuboklar üçün yarışan 7 komanda

Futbol üzrə Azərbaycan milli komandasının Bəhreynlə hazırlıq, Macarıstanla isə rəsmi qarşılaşması olması səbəbindən ölkə Premyer Liqasında yaranmış fasilə elita klublarının son durumunu, komandaların arzulanan hədəfə çatmağa nə dərəcədə yaxın olmasını aydınlaşdırmaq üçün yaxşı imkandır. Düzdür, ilk

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?
20:1715 avqust

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?

Artıq sabah futbol üzrə ölkə çempionatının yeni mövsümü start götürəcək. Bir neçə gün öncəsinə qədər ölkə xaricində olan Premyer Liqa klubları çempionatın başlamasına qalan sayılı günləri ölkə daxilində gündəlik məşq prosesi ilə keçirdi. Təbii ki, elita klublarının yeni mövsüm ərəfəsində hansı

Sumqayıtlı məşqçi niyə uğur qazana bilmir?
13:3630 may

Sumqayıtlı məşqçi niyə uğur qazana bilmir?

Hələ Topaz Premyer Liqasının cari mövsümü başa çatmamış idman mediasında ölkə klublarında aparılacaq islahatlar haqda məlumatlar yayılmışdı. Bu tip xəbərlərdən biri də "Zirə"nin sumqayıtlı baş məşqçisi Samir Abasovun cari  "futbol ili" başa çatan kimi "qartallar"dan uzaqlaşdırılacağı ilə bağlı idi.