İSTİ XƏBƏRLƏR
» » Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU

Ötən həftə baş tutan oyunlarla Topaz Premyer Liqasında başa çatan 25-ci tur heç bir sürpriz nəticənin qeydə alınmaması ilə yadda qaldı. Çempionluq üçün mübarizə aparan çempionatın lideri "Qarabağ"la onu iki xal geridən izləyən "Neftçi" qələbə qazanmaqla qızıl medallara olan iddialarını ortaya qoydular. "Qəbələ" ilə "Səbail" isə turu üç xalla başa vurmaqla avrokuboklara vəsiqə qazanmaq istəklərini davam etdirdilər. 
Son sıradakı "Keşlə" ilə onun turnir cədvəlindəki qonşusu "Sumqayıt" isə 25-ci turda uduzmaqla işlərini bir az da çətinə saldılar. Amma hələ də heç bir suala tam aydıqnlıq gəlməyib. Belə ki, həm çempionluq, həm avrokubok, həm də yüksək dəstədə qalmaq uğrunda mübarizənin son tura qədər davam edəcəyi gözlənilir. Bəs görəsən, idman mediasının nümayəndələri Topaz Premyer Liqasındakı mübarizəni necə dəyərləndirir? Onların çempionluq, avrokuboklara vəsiqə qazanmaq və Premyer Liqada yerini qorumaq baxımından hansı komandaları daha şanslı saydığını bilmək üçün sorğu keçirdik.   


Amal Abuşov, "Sport7.az" saytının baş redaktoru:

"Premyer Liqada mövsümün əvvəlindən bəri çempionluğa əsas iki namizəd var ki, bu komandalar "Neftçi" və "Qarabağ"dır. "Xalq komandası" qış fasiləsinə qədər əla sürət yığmış, əsas rəqibini 5 xal qabaqlamağı da bacarmışdı. Sözsüz ki, bunda "Qarabağ"ın Avroliqada, eləcə də əsas heyət üzvləri ilə birlikdə Qurban Qurbanovun Millətlər Liqasında da güc itirməsi rol oynayırdı. Necə ki, zaman bunu sübut etdi. Artıq bu komandalar yerlərini dəyişib və Qarabağ" qızıla daha real namizəddir. Güman ki, avrokuboklarda bu iki komandayla yanaşı "Səbail" bizi təmsil edəcək. "Zirə"nin kuboka cüzi ümidi var, "Qəbələ" isə 3-cü yer uğrunda mübarizə aparmalıdır. Autsayderlər də aydındır: "Sumqayıt"la "Keşlə". Amma inanmıram ki, AFFA hansınısa diviziona göndərə".


Vüqar Xeyrullayev, ONA saytının müxbiri: 

“Son illərdə də çempion izləyicilərinin müqavimətinə rast gəlsə də, cari mövsümdəki qədər gərgin mübarizə yaşanmayıb. Son 8 mövsümdə qızıl medalların sahibi sonuncu tura qədər bəlli olub. XXVIII turun yenə formallığa çevrilməsi istisna olmasa da, 2010-cu ildən sonra ilk dəfə çempionun son oyunda bilinməsi də realdır. Son turda görüşəcək “Qarabağ”la “Neftçi”nin mübarizəsində hər komandanın öz üstünlüyü var. Cüzi də olsa daha şanslı görünən Ağdam təmsilçisi həm iki xal öndədir, həm növbəti iki turdakı rəqibləri daha münasibdir, həm də qələbələri asanlıqla sıralamaqla potensialını nümayiş etdirir. Taleyi öz əlində olan “Neftçi”nin üstünlüyü isə cari mövsümdə uduzmadığı son çempionla görüşlərə daha yaxşı motivasiya olmasıdır. İntriqanın sonadək qorunacağı halda bakılıların evdə qələbə qazanmaqla çempionluq həsrətini bitirə bilər. Avrokubok savaşı da kifayət qədər gərgin keçir. “Neftçi” və “Qarabağ” Çempionlar Liqası və Avropa Liqasına vəsiqələri öz aralarında bölüşdürəcəksə, digər iki yerə taleyi öz əlində olan 4 iddiaçı var. “Səbail” Premyer Liqa, “Zirə”ylə “Sumqayıt” kubok, “Qəbələ” isə hər iki turnirdən avrokuboka vəsiqə əldə edə bilər. Kağız üzərində “Sabah” və ya “Zirə”nin də 8-ci yerə düşməsi mümkün görünsə də, reallıqda “Keşlə” və “Sumqayıt”dan birinin sonuncu olacağını söyləmək olar. Əslində Premyer Liqa və divizionda komanda sayı arzulanan qədər olsaydı, ümumi ansambldan geri qalan bu cütlükdən hər ikisi aşağı yuvarlanardı. Divizion təmsilçilərinin Premyer Liqada iştirak üçün lisenziya almaqda çətinlik çəkdiyi reallıqda isə sonuncu pillə sahibinin elitada qalması da mümkündür”.


Əli Həyati, "Futbolmedia.az" saytının baş redaktoru:

"Topaz Premyer Liqasında çempionluq mübarizəsi bildiyimiz kimi “Qarabağ” və “Neftçi” klubları arasında gedir. Hazırki durumda   “Qarabağ” rəqibi “Neftçi”ni 2 xal fərqi ilə üstələyir. Düşünürəm ki, mövsümün son oyunu XXVIII –cu turda çempionluğun taleyinə aydınlıq gələ bilər. Əlbəttə,ki, əgər hər iki komanda irəlidəki oyunlarda qalib gələrsə. Son turda “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edcək. Topaz Premyer Liqasının XXV-ci turunda “Sabah” – “Neftçi” qarşılaşmasında baş verən qaranlıq məqamlar buna əsas verir. Bilirsiniz ki, “Sabah” klubunun bu mövsüm üçün heç bir iddiası yoxdur. Bundan başqa “Sabah” klubu birbaşa AFFA-nın baş katibi Elxan Məmmədovun dəstəyi və göstərişi əsasında Premyer Liqaya vəsiqə qazandı. Aldığım məlumata görə “Sabah” klubunun rəhbərliyi baş katibə yaxın adamdır. Elə Topaz Premyer Liqasında 25-ci turun “Sabah” – “Neftçi” qarşılaşması buna əsas verir. Oyuna gəlincə isə “Sabah”ın “Neftçi”yə 3 xal verəcəyi gözlənilirdi. Oyun, “Sabah” klubunun qapıçısı Saşa Stamenkoviçin bilərəkdən etdiyi kobud səhv, nəticə, dediklərimə sübutdur. İstənilən halda mübarizə davam edir. Fikrimcə, “Qarabağ” klubu geridə qalan iki oyunda qalib gələrək çempionluq şanslarını yüksək saxlayacaq. Belə olan halda “Neftçi” ilə turun sonuncu qarşılaşmasında “Qarabağ”a bir xal da kifayyət edəcək ki, çempion olsun. Sözsüz ki, “Neftçi” klubu  da, geridə qalan iki oyunda qalib gəlməyə çalışacaq. Məsələn, “Sabah”la oyunda qazandığı qələbəni nümunə göstərmək olar. Bir sözlə, çempionluğun taleyi sonuncu turda həll olunacağını düşünürəm.  Avroliqaya vəsiqə qazanmaq uğrunda mübarizəyə ən əsas namizədlər sırasında “Səbail”, “Qəbələ”ni görmək olar. Onuda qeyd etmək olar ki, "Qəbələ" – "Qarabağ", "Sumqayıt" – "Zirə" komandaları Azərbaycan Kubokunun yarım finalına vəsiqə qazanıblar.  Bu mövsüm Topaz Premyer Liqasını tərk edəcək klubların demək olar ki, bəllidir. Premyer Liqanı “Keşlə” və “Sumqayıt”ın tərk edəcəyi daha real görünür. Lakin Premyer Liqanın hansı klubların tərk edəcəyi və ya, qalacağına isə AFFA qərar verəcək. Hətta aşağı liqadan Premyer Liqaya vəsiqə qaznamış klubların haqqına girmək bahasına olsa da".


Sənan Şəfizadə, ATV-nin idman icmalçısı

Azərbaycan çempionatında çempionluq mübarizəsi "Qarabağ" və "Neftçi" arasında oldu. Martdan etibarən Qurban Qurbanovun komandası rəqiblərə daha ciddi yanaşdı. Avrokuboklar vaxtı futbolçular iki cəbhədə çıxış edirdi, martdan isə bütün diqqət çempionata yönəldi. Ona görə "Qarabağ"ı daha şanslı sayıram. Fikrimcə, çempion "Qarabağ" olacaq. "Neftçi" gümüş medalçı kimi təsdiqlənəcək. Üçüncü yer uğrunda konkret fikir bildirmək çətindir. Amma "Qəbələ"nin bürünc medal üçün sona qədər mübarizə aparacağını düşünürəm. Məncə,"Qarabağ" bu il "qızıl dubl" edə bilər. Çempionatı tərk etməyə gəlincə, "Keşlə" sonuncu olsa belə, çempionatı tərk etməyəcək. Yeni mövsümdən 10 komandanın iştirakı gözlənilir. Ona görə sonuncu pilləni "Keşlə" tutsa belə, yüksək dəstədə qalacaq.


Rəşad Ergün, "Komanda.az" saytının baş redaktoru:

" Çempionluq mubarizəsi son tura qədər "Qarabağ"la "Neftçi" arasında gedəcək. Son turda bu iki komanda üz-üzə gələcək. Çox güman ki, çempionluğun taleyi də məhz son turda bilinəcək. "Qarabağ"ın "Neftçi"dən daha hazırlıqlı olduğunu düşünürəm. Avrokubok yarışına gəlincə, Premyer Liqadaki 8 komandadan tam yarısı Avropa macərası yaşayacaq. Bu da bizim çempionatın gülməli tərəfidir. Gülməyi bir tərəfə buraxıb, məsələyə ciddi yanaşsaq, "Qəbələ" ilə "Səbail"in avrokuboklarda olkəmizi təmsil edəcəyini və etməli olduğunu demək olar. Hər halda, rusvayçı vəziyyətdə olan "Sumqayıt", ya da "Keşlə" bizi Avropada təmsil edə bilməz, etməməlidir də. Allah etməsin də etsinlər. Premyer Liqanı tərk etməyə isə əsas iki namizəd var - "Keşlə" və "Sumqayıt". İkisi də cari mövsümdə nə oynadığını bilməyən komandadır. Təbii, AFFA reqlamenti pozub sonuncu pilləni tutan komandanı Premyer Liqada saxlamasa".


Araz Əhmədov, "Sportfm.az" saytının baş redaktoru: 

"Neftçi"nin nə qədər çempionluq üçün mübarizə apardığı görünsə də, daha geniş heyətə malik  "Qarabağ" qızıl medalları qazanmağa yaxın olan tərəfdir. Son dövrədə heç də pis təsir bağışlamayan "Qəbələ" və "Səbail" avrokuboklara vəsiqə verən yerlərə ən real namizədlərdir. Premyer Liqanı hansı klubun tərk edəcəyini isə yəqin ki yalnız futbol başbilənlərimiz bilir. Azərbaycanda sonuncu olub çempionatda mübarizəni davam etdirən, birinci olub bir üst liqaya yüksəlməyən xeyli sayda klub var. Ona görə bu haqda proqnoz vermək mümkün deyil. Normal futbol ölkələrində olduğu kimi reqlamentə riayət olunsaydı, "Keşlə" növbəti mövsüm Birinci Divizionda çıxış etməlidir".


Anar Xanlarov, "Rekord.az" saytının redaktoru

"Çempionluq mübarizəsi hələ ki, "Neftçi" ilə "Qarabağ" arasında gedir və yəqin ki, son tura qədər də belə davam edəcək. Mövsümün əvvəlində "Neftçi"nin yaxşı şansı var idi. Qurban Qurbanovun həm "Qarabağ"da, həm də millidə işləməsi "Neftçi"nin xeyirinə idi. Lakin bu imkandan isifadə edə bilmədilər və qışdan sonra gözlənildiyi kimi, "Qarabag" diqtəsini ortaya qoydu. İndiki halda agdamlıların çempionluq şansı daha çoxdur. Amma son turda hər şey baş verə bilər. Elianı tərk etməyə gəlincə, bu haqda danışmağı artıq hesab edirəm. Çünki elitadan heç kim getməyəcək və elitaya da heç kim gəlməyəcək".


Tural Məmmədov

Rəy bildir +
Oxşar xəbərlər
Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?
17:2516 aprel

Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?

Bu gün Azərbaycan futbol arenasını ölkəmizin əsas və keyfiyyətli futbol  "bazası" sayılan Sumqayıtsız təsəvvür etmək çətindir. Baxmayaraq ki, müxtəlif vaxtlarda yerli futbol təsərrüfatına Nazim Süleymanov,  Arif Əsədov, Mübariz Orucov,  Mehman Yunusov, Kamal Quluyev, İsmayıl Məmmədov,  Mahir

Klublarımızın baş tutmayan super transferləri
17:2216 aprel

Klublarımızın baş tutmayan super transferləri

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə