İSTİ XƏBƏRLƏR
» » "...Bir azdan mühüm xəbər eşidəcəksiniz!" Qorbaçov İstanbulda Qara Yanvarla bağlı nələr dedi?

"...Bir azdan mühüm xəbər eşidəcəksiniz!" Qorbaçov İstanbulda Qara Yanvarla bağlı nələr dedi?


Yaxşı xatırlayıram o günləri. Bakı nehrə kimi çalxalanırdı. 1990-cı ilin 19 yanvarında bizi - Sumqayıt şəhərinin fəallarını, idarə-müəssisə rəhbərlərini saat 15.00-da çağırıb yığdılar partiya komitəsinin akt zalına. Nə səhnədə görünən oldu, nə bizi niyə çağırıblar deyən. Oturduq, mürgü vurmağa başladıq.

Xəyal biləyimdən yapışıb məni keçən əsrin 60-cı illərinə apardı. Zəngəzur mahalının Qarakilsə bölgəsində, öz doğma kəndim Ağdüdə müəllim işlədiyim günlər kino lenti kimi gözlərimin önündə çözələndi. 1963-cü ildə N. S. Xruşşovun Ermənistana səfəri ərəfəsində A.İ.Mikoyanın Sisiyana gəlməsi, Sisiyan bazasının Naxçıvandan çıxarılıb, 3 dəfə uzağa-Arazdəyəndə yerləşdirilməsini bildirmiş və ciddi sürətdə tapşırmışdı: Bütün tikinti materialları erməni kəndlərindən keçməlidir! Onun bu planının  nələrdən xəbər verdiyini bilmək çətin deyildi. N.S.Xruşşovu ələ alıb 48,5 km-lik yeraltı su çəkmək üçün 61 milyon manat (rubl) əldə etdilər. Başqa respublikalardan biri - Qazaxıstan rəhbərliyi 16 km yeraltı su kəməri çəkmək üçün 16 milyon vəsait istəmişdi. N.S.Xruşşov onu rədd etmişdi. Bu vaxt Qazaxıstanın katibi demişdi: "Bəs Ermənistana bu qədər pulu niyə ayırdınız?". Xruşşov təəccüblənmişdi. "Ermənistana bu qədər müftə vəsaiti hansı əclaf verib" demişdi.

 Qəfil bir səs məni xəyaldan ayırdı.

 "Dözün, bir azdan mühüm xəbər eşidəcəksiniz!"

  Yenə sakitlik, yenə sükunət.

1964-cü ilin əvvəlində Ermənistan SSR birinci katibi Zarubyan bir iclasda demişdir:

"Son dəfə Xarici işlər naziri Qromıkonun yanında oldum. O, soyqırımın 50 illiyinin keçirilməsinə bir növ razılıq verdi, hazırlıq işlərinə başlamaq lazımdır". Həmin vaxt ciddi tapşırdılar ki, 1965-ci ilin aprel ayının 15-dən 30-na kimi ermənilərlə azərbaycanlılar bir yerdə işləməsinlər və ermənilərin gözünə görünməsinlər. 

Yenə bir şüar məni xəyaldan ayırdı." Ojidaytes vajnoye soobşeniye"

Yenə sükunət: Xəyal məni yenə o illərə apardı.

1966-cı ildə Stepanakertdə (Xankəndi) çıxan "Sovetaqan Qarabağ" qəzetinin redaktoru Arkadi Gülbekyanın rəhbərliyi altında gizli vərəqələr buraxılmışdı. Həmin vərəqələrdə Ağrı dağının şəkli verilmiş, şəklin altında yazılmışdır.

Erməni xalqı, vaxtdır oyan!

Torpaqlarına sahib ol!

Rədd olsun türklər! (Yazı erməni dilində idi.)

1967-ci ildə o təşkilat hökumət tərəfindən dağıdıldı. Həmin il Xocavənd (Martuni) rayonunda faciəvi hadisələr başladı. 1969-cu ildə Azərbaycan MK katibi seçilən H. Əliyevin böyük şəxsiyyətindən, uzaqgörən siyasətindən ermənilər həmişə qorxurdular.

Salondan eşidilən  səs yenə fikrimi dağıtdı:

" Bir azdan mühüm xəbər eşidəcəksiniz!"

Yenə sakitlik, sükunət.

Tarixi düşmənlərimiz 1987-ci ilə kimi susdular. SİKP MK-nın sonuncu Baş Katibi (1985-1991) M. Qorbaçovun hakimiyyəti illərində ermənilərin əl-qolu açıldı, üzlərinə gün doğdu. 1988-ci il fevralın 19-da İrəvan şəhərində böyük mitinq təşkil etdilər, 1988-ci il fevralın 29-u Sumqayıtda ermənilər 26 ermənini öldürdülər. 1988-ci il noyabr-dekabr aylarında ermənilər azərbaycanlıları öz dədə-baba yurdlarından, tarixi torpaqlarından zorla qovdular. 217 nəfər soydaşımızı ağır işgəncələrlə qətlə yetirdilər.

Artıq gecə saat 23.30 dur. Zaldakıların bəzisi yuxulayıb, bəzisi xəyala dalıb "mühüm xəbər" gözləyirlər. Birdən qapılar taybatay açıldı. Əli dubinkalı, silahlı əsgərlər bütün binanı nəzarətə götürdülər. Səhnəyə qara bayraq gəldi, hər şey aydın oldu. 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmiş istiqamətdə Bakı şəhərinə yeridilmiş və dinc əhaliyə divan tutmuş, nəticədə yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdü. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək qudurmuş hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə 20 yanvarda və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyət elan olunmayan rayonlarda -yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdi. 

Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın digər  rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 4 nəfər itkin düşmüş, 400 nəfər  qanunsuz həbs edilmişdir. Sovet hərbi qulluqçuları tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili tibbi yardım maşınları yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı, şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri olmuşdur. Bu dəhşətli faciədən hədsiz sarsıntı keçirtdim və aşağıdakı misraları qələmə aldım.

Bakı qan gölünə dönmüşdü gecə,

Neçə qız batmışdı, ana batmışdı.

O fidan gülləri əzən cəlladın,

Yırtıcı caynağı qana batmışdı.


O gecə durmuşdu yol ayrıcında,

Ölüm həyat ilə, hicran vüsalla.

Qolları sınmışdı ağacların da

Bənizi qaçmışdı onların, Allah.


O gecə yağırdı güllə yağışı,

Elə bil dünyanın sonu çatmışdı.

O gecə günahsız xalqıma qarşı,

Qəddarlıq artmışdı, sitəm artmışdı.


O gecə bulaqlar qan ağladılar,

Quşlar səksəkədən yata bilmədi.

O gecə atları çidarladılar,

Yolçu mənzilinə çata bilmədi.


O gecə oyandı içimdə qeyrət,

O gecə ağzımda açıldı dilim.

Məndən inciməsin ana təbiət

Qana qan gərəkdi, ölümə ölüm.


Qanın yerdə qalmaz, igid qardaşım

Qəbrin nurla dolsun, ağbirçək ana.

Mənim şəhid bacım, şəhid qardaşım

Siz vüqar oldunuz Azərbaycana.


SSRİ-nin ilk  prezidenti M.S.Qorbaçov milliyətcə ermənilərin çox yaşadığı Stavropol vilayətindən 25-30 yaşlı cavanları orduya səfərbər  etmiş, türk qanına susamış həmin ordu  yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olmuş dinc əhalini gülləborana tutmalarının təşkilatçısı olmuşdu.

SSRİ dövlətinin bu cinayətinə qarşı öz ilk etiraz səsini qaldıran görkəmli dövlət xadimi, böyük şəxsiyyət Heydər Əliyev oldu.

Heydər Əliyev təhlükə qarşısında olmasına baxmadı, 1990-cı ilin yanvarın 21-də Azərbaycan SSR-nin Moskva şəhərindəki Daimi Nümayəndəliyinə gələrək SSRİ dövlətini, M.S.Qarbaçovun Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətində ittiham etdi və onun bu etirazı bütün dünyada böyük əks sədaya səbəb oldu.

20 yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Kostitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdı. Əvvəlcədən hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

1988-ci ilin noyabr-dekabr ayında Ermənistandan qovulmuş 250 min azərbaycanlıya Ə. Vəzirov heç cür kömək etmək istəmirdi. Onları Bakıya qoymurdu. Gələnlərə deyirdi ki, siz ermənilərə böhtan atırsınız, şər deyirsiniz, millətlər arasında ədavəti, ziddiyyəti gücləndirirsiniz.

Ermənistandan zorla qovularaq sonuncu qəpiklərini verib ev almaq istəyənlərə maneçilik törədilirdi. Vəzirov Bakı Sovetinə tapşırıq vermişdi ki, Bakıda ermənilərdən ev almış, o evdə yerləşmiş ailələr çıxarılıb bayıra atılmalı, tutulub həbs edilməlidir. Vedi rayonundan qovulanlardan Mahmud Yusifov, Suqra Məmmədova, Ağamir Əsədov, Musa Xəbərov və başqaları imkan tapıb Vəzirovla görüşüb:" İrəvanın yaxınlığında, dəmir yolunun kənarında, yəni Qarabağdan qat-qat yaxşı şəraitdə yaşayırdıq. Indi bizi Qarabağda yerləşdirin, Qarabağ ermənilərinin  də ora köçürülməsini sizdən xahiş edirik."  Vəzirov onlara ağır cavab vermişdi, "Qarabağ ermənilərin ana torpağıdır? O barədə danışmayın, özünüzə yer tapın"  demişdir.

Soydaşlarımıza qarşı bu amansız hərəkətləri görən xalq  daha da qəzəbləndi, meydanlara axışdı. Vəzirovun ermənipərəstliyini görüb istefasını tələb etdi. Bakı küçələrində hərəkətin fəalları şəhər kənarındakı əsgər kazarmalarına gedən yollarda yük maşınlarından və beton bloklardan barekadalar qurdular. Yanvarın 17-də onlar Mərkəzi Komitənin binası önündə bütün yolları bağlayıb fasiləsiz mitinqə başladılar. Binanın önündə hədə-qorxu gəlmək üçün dar ağacı peyda oldu. Mitinqçilər Vəzirovun istefasını tələb edəndə o çıxıb "mən istefa verirəm" desəydi  izdiham sakitləşəcəkdi. Amma əksinə oldu. Vəzirov gecə-gündüz  Moskva ilə əlaqəni kəsmədi, Qorbaçovdan kömək istədi. Ordunun gəlməsini gözlədi. Ordu gəlməsə Azərbaycanda sovet hökuməti dağılacaq dedi. Yanvarın 14-də vəziyyəti nəzarətə almaq üçün Qorbaçovun yaxın siyasi silahdaşı Yevgeni Premakovun başçılığı ilə Siyasi Büronun nümayəndə heyəti Bakıya gəldi. Şəhər kənarında kazarmalarda yerləşdirilmiş çoxmilli qoşunlara şəxsən komanda vermək üçün SSRİ-nin müdafiə naziri  Dmitri Yazov da Bakıya gəldi.

DQMV-də, Azərbaycanın və Ermənistanın sərhədyanı rayonlarında və Gəncədə fövqəladə vəziyyət tətbiq etmək qərarı verildi, lakin nədənsə bu qərar Bakıya şamil edilmədi. Bakıya qoşun yeridildi, nəticəsi gözqabağındadır.

Bəli, A.Vəzirov gizli yolla Nasosnu qəsəbəsində yerləşən hərbi təyyarə ilə aradan çıxdı. Bu mənim şəxsi fikrimdir. Ölənlə ölmək olmaz deyib ulularımız. Bizə olan olmuşdu. O zaman "baş" bilənlər dərin düşünməli idi. 20 yanvardan fevralın axırına qədər 40 gün adamları işdən ayırıb evdə oturtmaq, iqtisadiyyata zərbə vurmaq lazım deyildi. Arada nə oldu? Dələduzlar əllərinə keçəni oğurlayıb satdılar, ölkə müflisləşdi. "Çörək bol olarsa, basılmaz vətən" ifadəsini unutdular.

Fabrik-zavodları sökdülər, avadanlıqlarını xarici ölkələrə satdılar, xaraba qoydular, pulunu mənimsədilər. Kolxoz, sovxozların mal-qarasını, qoyun sürülərini, traktor - kombaynlarını, maşınlarını satdılar, ölkə xarabazara çevrildi.

Əlbəttə, xalqını, Vətənini sevən, torpağını qoruyan insan belə özbaşınalığa yol verməzdi.

İctimai quruluş dəyişdi, lap yaxşı. Kolxozda ferma müdiri işləyəni fermer, sovxoz direktorunu  sahibkar elə,   xalqın malı dağılmasın, ciblərini güdənlərə qismət olmasın.

Sumqayıt şəhərində tramvay xətlərini  iki günün içərisində yox elədilər, ötürdülər İrana-Turana. Quru yurda calandıq biz.

İsmayıllı rayonunda Nikitin adına  kolxozun kollektivi kolxoz əmlakını qorudu, saxladı,   bu gün hamıdan yaxşı yaşayırlar. Beləliklə, M.S.Qorbaçov SİKP MK-nın sonuncu baş katibi, SSRİ - nin ilk və son prezidenti, 1995-ci ildə aprelin 27-də İstanbulda Qara Yanvarla bağlı bunu demişdi: "Bakıda fövqəladə vəziyyət elan etmək və ora qoşun göndərmək mənim siyasi həyatımın səhvi idi. 2015-ci ildə M.Qorbaçov özünün yazdığı "Həyat və islahatlar" kitabındakı memuarlarında sovet ordusunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə mövqeyini qeyd edərkən yazıb. O, 20 yanvar qırğının məsuliyyətini dolayısı yolla olsa da, etiraf edib. "Bu faciəli hadisədən dərs götürdüm. Problemlərin həlli yalnız siyasi yolla tapılmalıdır." Bunlar gecikmiş etiraflardır. Azərbaycanda  1990-cı il 20 Yanvar faciəsinin  əsas təşkilatçısı kimi M.Qorbaçov xalqımız tərəfindən həmişə nifrətlə xatırlanacaqdır. Bunu hər bir azərbaycanlı bilməli, nəticə çıxarmalıdır.


Əvəz Mahmud Lələdağ

SDU-nun müəllimi

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sovet liderini devirən SUMQAYIT -   Xruşşovun səfirə danışdığı YALAN
11:3907 noyabr

Sovet liderini devirən SUMQAYIT - Xruşşovun səfirə danışdığı YALAN

56 il bundan əvvəl, 7 noyabr 1963-cü ildə Sumqayıt şəhərində SSRİ adlı nəhəng, supergücə malik ölkədə, sözün əsl mənasında, bütün ittifaqı lərzəyə gətirən hadisə olmuşdu. O vaxtlar  sovet rəsmiləri, xüsusi xidmət orqanları ciddi cəhdlə bu hadisəni ört-basdır etməyə çalışsalar da, "Amerikanın səsi"

1963-cü ilin 7 noyabrında Sumqayıtda nə baş vermişdi?     İstintaq davam edir
11:4630 oktyabr

1963-cü ilin 7 noyabrında Sumqayıtda nə baş vermişdi? İstintaq davam edir

Xruşşovun 1957-ci ildə başladığı iqtisadi islahatlar müsbət nəticə vermədi. İslahat nəinki ölkənin qızıl ehtiyatlarını qorudu, əksinə, ildən-ilə bu ehtiyat sürətlə azalmağa başladı. Əgər 1953-cü ildə sovet hökuməti Moskva Xalq Bankı vasitəsilə xaricdən ərzaq məhsulları almaq üçün 250 ton qızıl sərf

1963-cü ilin 7 noyabrında Sumqayıtda nə baş vermişdi? İstintaq davam edir
18:4316 oktyabr

1963-cü ilin 7 noyabrında Sumqayıtda nə baş vermişdi? İstintaq davam edir

Sumqayıt, 1963-cü il noyabrın 7-si, səhər saatları. O zaman "Qorkom" adlandırılan binanın qarşısında proletariatın böyük rəhbəri Vladimir İliç Leninin nəhəng heykəli vardı. Bir azdan onun qarşısından Böyük Oktyabr Sosialist İnqilabının 46-cı ildönümü münasibətilə zəhmətkeşlərin paradı keçəcəkdi.

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda