İSTİ XƏBƏRLƏR
» » Zibaxanım Şahsevər qızı Doqqazovanın seçki platforması

Zibaxanım Şahsevər qızı Doqqazovanın seçki platforması


Əziz seçicilər!

Ölkəmizdə baş tutacaq parlament seçkilərində ən layiqli namizəd mən olduğum üçün elliklə gedib qutuya mənim adım yazılan bülletenləri atmağınızı sizdən rica edirəm. Məni seçin ki, siz də seçiləsiniz.

Mən 1980-ci ildə anadan olmuşam, 1984-cü ildə böyük müvəffəqiyyətlə uşaq baxçasına qəbul edilmiş, 1986-cı ildə böyük müvəffəqiyyətlə oranı bitirmiş, 1987-ci ildə böyük müvəffəqiyyətlə orta məktəbə qəbul edilmiş, 1995-ci ildə böyük müvəffəqiyyətlə oranı bitirib yüksək nailiyyətlə 8-ci sinif attestatı əldə etmişəm.

1995-ci ildə əmək fəaliyyətimə başlamışam və bu günədək də ən yüksək səviyyədə, ən böyük müvəffəqiyyətlə xalqıma xidmət etməkdəyəm.

1995-ci ildə Gülya xanımın yanında şagird olaraq parikmaxerliyin sirlərini öyrənmiş, 1996-cı ildən isə böyük müvəffəqiyyətlə, yüksək nailiyyətlərlə "Günel 8", "Aysel 88", "Nazlı", "Güllü", "Şəfaqət", "Bibixanım", "Şərabanı 14" kimi salonlarda xalqıma xidmət etmişəm, nə qədər xanıma ukladka etmişəm, nə qədər gəlin bəzəmiş, nə qədər qaş almış, dırnaq laklamışam!

Bu illərdə böyük müvəffəqiyyətlə ailəmə də xidmət eləmiş, vaxtlı-vaxtında evləri təmizləmiş, paltarları yumuş, xörək bişirmişəm. Xüsusən üçbacı dolması, kəlləpaça və mannı kaşa məndə çox əla alınır.

Əziz seçicilər!

Bu illər ərzində dəfələrlə mətbuatda haqqımda məqalələr çıxıb, televiziyalarda məni göstəriblər.

Məqalələrdən bunları göstərə bilərəm: 2000-ci ildə "Ədalətə gedən yol demokratiyadan keçir" qəzetinin 4-cü səhifəsində "Günel 8" salonunun kollektivi mənim doğum günümü təbrik edib.

2015-ci ildə "Şahbazın ortaya qoyduğu faktlar" qəzetinin 4-cü səhifəsində "Bibixanım" salonunun kollektivi mənim 35 illik yubileyimi təbrik edib.

2016-cı ildə "Qanun şahdır, şah qanun deyil" qəzetinin 4-cü səhifəsində, eləcə də "Kürdəmir xəbərləri" qəzetinin 4-cü səhifəsində şəxsiyyət vəsiqəmin itdiyi üçün etibarsız sayılması barədə elanlar dərc edilib.

Televiziyada 2019-cu ildə iki dəfə Zaurun, bir dəfə isə Xoşqədəmin verilişlərində zalda mən də əyləşmişəm, çoxmilyonlu tamaşaçı kütləsi məni görüb.

Yeri gəlmişkən, mediamıza bir deputatlığa namizəd kimi hədsiz minnətdarlıq bildirir, onları əmin edirəm ki, deputat seçiləndən sonra da telefonum jurnalistlər üçün 7x24 açıq olacaq, intervyulardan qaçmayacam.

Əziz seçicilər!

Bu illər ərzində dəfələrlə təltiflərim olub. "Günel 8" və "Şəfaqət" salonlarında mənə rəhbərlik tərəfindən tort təqdim edilib, "Şərəbanı 14" salonunun rəhbərliyi tərəfindən duxi ilə təltif olunmuşam.

Ən böyük mükafatım isə Araz FM radiosunda Çiçək xanımın verilişində pılesosla süpürgənin fərqi barədə verilən qəliz suala ən birinci cavab tapdığım üçün təltif olunduğum 2 kiloqramlıq Ariel poroşokudur.

Mən həmişə xalqımdan layiq olduğum qədər diqqət və qayğı görmüşəm, indi də istəyirəm parlamentdə təmsil olunum, yenə xalqıma fayda verim.

Əziz seçicilər!

Məni seçsəniz böyük müvəffəqiyyətlə sizin əmək haqlarınızı aylıq 5 min manata qaldıracam.

Məni seçsəniz Dağlıq Qarabağ problemini cəmi 6 aya həll edəcəm.

O ki qaldı kliyentlərimə, deputat seçilərəmsə, çalışacam ukladkanın və gəlin bəzəməyin qiymətində 2 faiz, qaşalmanın, dırnaq laklamanın qiymətində isə düz 3 faiz onlara güzəşt edim!

Əziz seçicilər!

Xahiş edirəm, növbəti parlamentdə mənim təmsil olunmağım üçün mənə səs verin, 2020-ci ilə Zibaxanım Şahsevər qızı Doqqazova ilə girin!

İşıqlı sabahlar yalnız Zibaxanım Şahsevər qızı Doqqazova ilə açılacaq!


Redaksiyadan: Hörmətli oxucularımız. Sizi inandırırıq ki, 2020-ci ilin 9 fevralına təyin olunmuş parlament seçkilərinə lap bu dərəcədə olmasa da buna bənzər səviyyədə insanlar namizədliklərini vermək üçün Seçki Komissiyalarına müraciət ediblər, bəziləri "mənim böyük elektoratım var" söyləyiblər.

Görəsən niyə özlərinə həqiqi qiyməti verə, kim olduqlarını görə bilmirlər, öz yerlərini tanımırlar?

Bu dərəcədə də olmaz axı!

Statistikaya görə cəmiyyət 90 faiz adi və 10 faiz imtiyaza, hakimiyyətə meyilli insanlardan ibarət olur. Nə yazıq ki, bu gün Azərbaycanda bu rəqəmlər kəllə-mayallaqdır. "Azərbaycan cəmiyyəti 10 faiz adi və 90 faiz hakimiyyətə meyilli insanlardan ibarətdir" söyləsək, bəlkə də yanılmarıq.

Bu çox zərərli tendensiyadır. Papaqçı papaqçılığını, müəllim müəllimliyini, Zibaxanım Şahsevər qızı Doqqazova isə bərbərliyini etsinlər, hər kəs öz sahəsində müştərilərinə lazımı keyfiyyətlə xidmət eləsin, onların razılığını alsın.

Yoxsa ki, gözü hakimiyyətdə qalan dərzi mütləq parçanı əyri kəsəcək, müəllim uşaqlara lazımi bilik verməyəcək, bərbər isə müştərinin çaşaraq qulağını kəsəcək!

Gəlin bu barədə yaxşıca düşünək!

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtda kimlər bələdiyyə üzvü olmaq istəyir?
13:3117 dekabr

Sumqayıtda kimlər bələdiyyə üzvü olmaq istəyir?

Bildiyimiz kimi, Azərbaycanda hər 5 ildən bir yerli idarəetmə orqanlarından olan bələdiyyələrə seçkilər keçirilir. Bu il bələdiyyə seçkiləri dekabrın 23-də olacaq. Sumqayıt şəhəri üzrə də 4 dairə olmaqla 134 məntəqədə bələdiyyə seçkiləri keçiriləcək.

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor