İSTİ XƏBƏRLƏR
» » FAVORİTLƏR: Parlament seçkilərində Sumqayıtdan kimlər daha şanslıdırlar?

FAVORİTLƏR: Parlament seçkilərində Sumqayıtdan kimlər daha şanslıdırlar?

Marafon başladı. Ötən ilin dekabrında Parlament növbəti çağırışını gözləmədən özünü buraxdı və budur, fevralın 9-da növbəti dəfə qutulara yaxınlaşmalı və Milli Məclisin yeni tərkibini formalaşdırmaq üçün öz mövqeyimizi ifadə etməliyik. İndilik isə təbliğat-təşviqatı diqqətlə izləməli, namizədləri tanımalıyıq. 

"168 saat"ın Analitik Qrupu Sumqayıt üzrə 4 seçki dairələrini təhlil edib və favoritləri müəyyənləşdirməyə çalışıb.


41-ci seçki dairəsi

Dairənin ən iki şanslı namizədindən biri kimi Hicran Hüseynovadır. Yeni Azərbaycan Partiyasının namizədi olan H.Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri və siyasi elmlər doktorudur.  2015-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmiş H.Hüseynova sumqayıtlılar üçün də yad sima deyil. Onun atası Kamran Hüseynovu sumqayıtlılar bu gün hörmətlə anırlar. Qeyd edək ki, məhz bu fakt onun millət vəkili olmaq istəyən qızı - Hicran Hüseynovanın şansını bir qədər də artırır. Qeyd edək ki, Kamran Hüseynov 1953-1958-ci illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışıb. Xatırlatmaq yerinə düşərdi ki, H.Hüseynova 2005-ci ildə 42 saylı Sumqayıt II seçki dairəsindən o zaman müxalifətin - "Azadlıq bloku"nun vahid namizədi, xalq artisti Flora Kərimova ilə mübarizə aparmış və sonda MSK tərəfindən dairənin nəticələri ləğv olunduğundan bu mandat boş qalmışdı. Yalnız növbəti il boş qalan yerlərə keçirilən seçkilərdə Azərikimyanın ozamankı prezidenti Məcid Kərimov millət vəkili seçilmişdi.  

H.Hüseynovanın ən dişli rəqibi isə həkimdir. Efirdən də seçicilərə tanış olan Vasif İsmayılın ictimai nüfuzunun yüksək olduğu danılmazdır. Odur ki, dairədə əsas mübarizənin bu iki namizəd arasında gedəcəyi şübhə doğurmur. Ancaq nəzərə almaq lazımdır ki, YAP namizədinin təbliğatında partiyanın resursları da təbii olaraq iştirak edəcək. Müstəqil namizəd V.İsmayılda isə bu resurslar mövcud deyil. Digər bir tərəfdən isə V.İsmayılı sosial şəbəkə fenomeni adlandıra bilərik. Müasir texnologiyanın imkanları və bu günə qədər formalaşmış fenomen ona təbliğatını şaxələndirməyə kömək edəcək. 

Amma istənilən halda, nəzərə alınmalıdır ki, seçki Facebookda getmir.

Keçmiş jurnalist Elman Cəfərovun (Elman Telmanoğlu) və keçmiş AXCP üzvü, Sumqayıt Bələdiyyəsinin üzvü Yusif Salmanovun da bu dairədəki seçkiyə aktivlik gətirəcəyi gözlənilir. 


42-ci seçki dairəsi

Bu dairənin də əsas favoriti YAP-ın təmsilçisidir. Söhbət bundan öncəki çağırışda mandat sahibi olmuş Tahir Mirkişilidən gedir. T.Mirkişili bu dövr ərzində aktiv fəaliyyəti ilə seçilib. Eyni zamanda, iqtisadçı ekspert kimi nüfuz qazanmış millət vəkili ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavinidir. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. T.Mirkişilinin pozitiv imicinin olduğunu da xüsusi olaraq vurğulamalıyıq.

Dairədə yüksək elektorata malik ikinci namizədin olduğunu demək çətindir. Yalnız müxalifyönlü mövqeyi ilə seçilən Elçin Məmmədin canfəşanlıq göstərəcəyi asan proqnoza gəlir. 

Sumqayit Regional Mədəniyyət İdarəsinin əməkdaşı, şəhid anası Ceyran Axundova da az-çox tanınan simadır. Eyni zamanda gənc fəal Nərmin Şamilbəylinin xüsusi enerji ilə təşviqat marafonunda iştirak edəcəyi və müəyyən qədər səs toplayacağını ehtimal etmək olar. 


43-cü seçki dairəsi

Bu dairədə YAP marafona yetərincə iddialı namizədlə qoşulub. Söhbət Emin Hacıyevdən gedir. Sumqayıtda doğulan E.Hacıyev Rusiya Xarici İşlər nazirliyinin Diplomatiya Akademiyasında magistr dərəcəsi alıb və iqtisad elmləri üzrə fəlsəfə doktorudur. 2006-cı ildə İqtisadi İnkişaf Nazirliyində aparıcı məsləhətçi vəzifəsində çalışıb. 2007-ci ildən Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun əməkdaşı, 2009-cu ildən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvü və məsul katibi olub. Onu dairənin favoriti hesab etmək olar.

Ancaq rəqiblər də "dişsiz" deyil. 2005-2010-cu illər dövründə Müsavat Partiyasının üzvü kimi parlamentə düşmüş İkram İsrafil yenə eyni dairədən mandata iddialıdır. Onu hakim partiyanın namizədinin əsas rəqibi kimi qiymətləndirmək olar. 

Onunla bərabər gəns siyasətçi Kəramət Salayevin də seçki prosesinə dinamizm qatacağını proqnozlaşdıra bilərik. 


44-cü seçki dairəsi

Sözügedən dairəni futbol terminləri ilə ifadə etsək, "ölüm qrupu" adlandırmaq olar. Bu ən müəmmalı seçki dairəsində tanınmışların sayı daha çoxdur. 

Son 10 ildə millət vəkili seçilmiş Hacı Salayev yenidən parlamentə düşməkdə iddialıdır. 

Ancaq ikinci və üçündü dəfə namizədliyini irəli sürmüş keçmiş parlamentarilərin bir narahatlığı var: bəlkə də ilk dəfə namizədliyini vermiş şəxs üçün namizədlə ünsiyyət daha rahatdır. Növbəti dəfə eyni yerə iddia edən namizədin qarşısında isə amansız sual qoyulur: Bundan öncə bizim üçün nə etdin?

Belədə biznesmen kimi tanınan H.Salayevin işi də asan olmayacaq. İllah da ki, nəzərə alsaq ki, onun kifayət qədər nüfuzlu rəqibləri var. Həm də namizədliyini ilk dəfə irəli sürən rəqiblər! Məsələn, Varis Yolçiyev. 

V.Yolçiyev bu gün nəinki ölkədə kitabları ən çox oxunan yazıçılardandır, artıq o, beynəlxalq səviyyədə tanınır və ölkəni təbliğ edir. New York Beynəlxalq Yazıçılar Konqresinin üzvü olan yazıçı bir sıra ali ədəbiyyat mükafatlarının laureatıdır. Heydər Əliyev Fondunun  təşkilatçılığı ilə IV "LiFFt" Avrasiya Ədəbiyyat Festivalı məhz onun daha öncəki festivalının qalibi olması ilə əlaqədar olaraq ölkəmizdə keçirilmiş, dünyanın bir çox ölkələrinin nüfuzlu ədəbiyyat simaları Azərbaycana, eyni zamanda Sumqayıta təşrif buyurmuşdu. V.Yolçiyev eyni zamanda jurnalist kimi populyardır və "168 saat"ın qurucusu olmaqla 5 nüfuzlu beynəlxalq mükafata layiq görülüb, əməkdar jurnalistdir. Onun Qarabağ həqiqətlərini bacarıqla dünyaya yayması faktını da  gəlin, unutmayaq.

Dairənin daha bir iddialısı Zeynəb Məmmədyarovadır. Beynəlxalq qrossmeysterin təbliğat-təşviqat mərhələsində hansı gedişlər edəcəyini deyə bilməsək də, bu adın şəhərdə kifayət qədər tanındığını söyləmək olar. 

"Azərbaycan Dəmir Yolları" QSC-nin Hüquq şöbəsinin müdiri, gənc namizəd Əzimağa İbrahimov da maraqlı seçki texnologiyalarından istifadə edərək mübarizəyə start verib.  Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Sumqayıt Filialının sədri Tərlan Hacızadənin və keçmiş millət vəkili, Azərbaycan Yurddaş Partiyasının sədri Mayıs Səfərlinin də asan təslim olmayacağı ehtimal edilir.

Daha bir qadın və daha bir yazar - Günel Eyvazlı da marafona yetərincə entuziazmla qoşulub. Marafonda Toğrul Əlixanov və Leyla Bədəlova kimi gənclər də özlərini təsdiq etməkdə iddialıdırlar.

Seçkinin nəticələrini öncədən müəyyən qədər proqnozlaşdırmaq olar, amma bəzən sorğular, müşahidələr özünü doğrultmur. ABŞ-dakı son prezident seçkiləri bunu real olaraq isbatlamışdı. 

Kabinədə seçici tək olur. Son qərar da orda verilir. Amma o vaxta qədər onun qərarını dəyişdirmək üçün namizədlərin kifayət qədər vaxtı var. Bu zamanda kimin necə istifadə etdiyini qutular açılanda biləcəyik.

Vüsal Mətləboğlu 
 
Elnur Ağayev

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Kimin nəticəsi necə dəyişib?  11 TURLUQ MÜQAYİSƏ
17:4619 noyabr

Kimin nəticəsi necə dəyişib? 11 TURLUQ MÜQAYİSƏ

Futbol üzrə ölkə çempionatında milli komandamızın oyunları ilə bağlı yaranmış fasilədən öncə 11-ci tur başa çatmışdı. Komandaların hazırkı vəziyyətini təhlil etmək baxımından 11 həftəlik marafon heç də az deyil. Ötən turların nə ilə yadda qaldığını üzə çıxarmağın ən yaxşı yolu müqayisə olduğundan

Sumqayıta hansı məşhur yazıçılar gəlmişdi?
17:3108 oktyabr

Sumqayıta hansı məşhur yazıçılar gəlmişdi?

Qazaxıstanın  xalq yazıçısı, əmək qəhrəmanı. Linqvistik tədqiqatların, xüsusilə də türk elementlərinə həsr olunmuş "İqor alayı haqqında söz"ün müəllifi kimi şöhrət qazanmışdır. Sovet dövrünün çoxsaylı orden və medalları, o cümlədən Fransanın incəsənət və ədəbiyyat ordeni, Ukraynanın Knyaz Yaroslav

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor