İSTİ XƏBƏRLƏR
» » Elita klubları hansı mövqelərə transfer ehtiyacı duyurlar?

Elita klubları hansı mövqelərə transfer ehtiyacı duyurlar?

Artıq futbol üzrə ölkə çempionatında qış fasiləsinin başa çatmasına o qədər də vaxt qalmayıb. Bu, həm də dövrələrarası transfer dönəminin yekunlaşmasına qısa zaman qalması deməkdir. Yeni ilin ilk günlərindən transfer bazarına girişən elita klubları yeni oyunçularla güclənməkdə davam edirlər. Premyer Liqa təmsilçilərinin icarədən qayıdan oyunçularını nəzərə almasaq,   qəzetimiz çapa hazırlanarkən "Neftçi" və "Qəbələ" bir,  "Keşlə", "Zirə", "Səbail" və "Sabah" iki futbolçunu rənglərinə bağlamışdı. Şəhərimizin Premyer Liqadakı təmsilçisi "Sumqayıt"la "Qarabağ" isə yeni transfer etməmişdi. Bəs klublar hansı mövqelərə transfer ehtiyacı duyurlar? Bu yazıda məhz heyətlərdəki çatışmazlıqları nəzərdən keçirməyə çalışacağıq.


"Qarabağ"

Ağdam təmsilçisinin son dörd ayda heyətində yer alan Asmir Beqoviçin "köhlən atlar"dan ayrılacağı öncədən bəlliydi. Elə bolqarıstanlı Simeon Slavçevin də mövsümün qalan hissəsində Qurban Qurbanovun planlarına daxil olmadığı çoxdan dəqiqləşmişdi. Təkcə Riçard Almeydanın gedişi sürpriz oldu. Düzdür, milliləşdirilmiş braziliyalı futbolçunun əvvəlki formada olmaması onu komanda üçün ciddi itki hesab edənlərin sayını xeyli azaldıb, ancaq Almeyda istənilən halda, komandanın "beyni" funksiyasını daşıyırdı və orta sahənin lideri idi. Düzdür, yığma üzvünün "Qarabağ"a qayıtmaq ehtimalı hələ ki, var, ancaq daha yüksək məvacib tələb edən yarımmüdafiəçinin dönüşü inandırıcı görünmür. Digər tərfdən, 2015-dən bəri "Qarabağ"ın formasını geyən hücumameyilli yarımmüdafiəçi Dani Kintana da Çindən aldığı sərfəli təklif  üzərində düşünməkdədir. İspanın martda 33 yaşını tamamlayacağını nəzərə alsaq, burda qəribəlik axtarmağa dəyməz. Təbii ki, burda klubun maraqları da var. Sərfəli təklifi, yəni Ağdam klubundakından təxminən iki dəfə artıq qazanmaq imkanını qaçırmaq istəməyən Kintananın mövqeyi aydındır. Amma "Qarabağ" da onun getmək istəyinə bəlli səbəbdən normal yanaşır. Yəni müqavilə müddəti bitəndən - 5 aydan sonra Dani havayı buraxılacaqsa, bu gün kluba transferindən pul qazandırmaqla getməsi daha yaxşı olardı. Bizdə olan bilgiyə görə, baş məşqçi Qurban Qurbanovun da düşüncələri bu yöndədir. Məhz buna görə Riçard Almeydanın, Beqoviçin ardından, Kintananın mümkün itkisinə də adi hal kimi yanaşır, "çox güman, komandanı üç-dörd futbolçu ilə gücləndirəcəyik" tipli açıqlama verir. Qurban Qurbanovun "drujinası"nın transfer siyasətini necə müəyyənləşdirməli olduğuna gəlincə, ölkə çempionunun yeni qapıçı alacağı gözlənilən deyil. Ən azı ona görə ki, ölkə çempionatının oyunlarında Şəhrudin Məhəmmədəliyev və Vaqner Da Silva işinin öhdəsindən rahatlıqla gələ bilər. Üstəlik, "Sumqayıt"dan icarədən qayıdan Nicat Mehbalıyev də ehtiyat qolkiper ola bilər. Simeon Slavçevlə Riçard Almeydanın gedişindən  sonra yarımmüdafiə xəttinin mərkəzində yaranmış boşluq isə mütləq doldurulmalıdır. 

Bununla yanaşı, ölkə çempionunda mərkəz hücumçusu mövqeyi də axsayır. Maqaye Qeye bu işi istənilən səviyyədə görə bilmədi. Qurban Qurbanovun hücumları tamamlayacaq qolçu axtarışında olduqlarını açıqlaması da məhz bununla bağlıdır. Artıq bəyənilməyən və geri göndərilən ekvadorlu forvard Edson Montananın "Qarabağ"da baxışda olması da hücumçu transferinin mütləq olacağına işarədir. 


"Neftçi"

Dövrələrarası fasiləyə ikinci pillədə yollanan "Neftçi"nin həftəsonu italiyalı mütəxəssis Roberto Bordinlə yollarını ayırması transfer həmlələrinə də təsirsiz ötüşməyəcək. Müvəqqəti olaraq Füzuli Məmmədova tapşırılan komandaya gələcək və gedəcək oyunçuların kimliyinə aydınlıq gəlməsi üçün ilk öncə baş məşqçi məsələsi həllini tapmalıdır. Ancaq bundan sonra yeni çalışdırııcının oyun fəlsəfəsinə uyğun futbolçuların dəvət olunması daha uyğun olardı. "Xalq komandası"nın heyətindəki çatışmazlıqlara gəlincə, Kiril Petrovun komandadan ayrılmasından sonra müdafiənin mərkəzində çıxış edən futbolçunun transferi əsas ehtiyaclardandır. Bundan başqa, gözlənilən kimi çııxış etməyən Rauf Əliyevin klubdan uzaqlaşdırılmasının və Baqali Dabonun formada olmamasının fonunda hücumçu alınması da şərtdir. "Səbail"də icarə müddətinin sonuna altı ay qalmış "ağ-qaralar"a qayıdan millimizin hücumçusu Mirabdulla Abbasovun necə çıxış edəcəyindən də çox şey asılı olacaq. Paytaxt təmsilçinin  bir orta sahə oyunçusu alması da pis olmaz. Mamadu Kane və Emin Mahmudov mərkəzdə əsas işi görsələr də, hücuma yaxın oynayacaq, ön xətti daim hərəkətdə saxlayacaq pleymeyker çatışmazlığı hiss olunur.  Üstəlik, əsas komanda ilə təlim-məşq toplanışına aparılmayan və klubdan ayrılması gözlənilən Dario Federikonun yoxluğu da ciddi itki hesab olunmalıdır.  Hərçənd Roberto Bordinin gedişindən sonra onun əsas komandaya qoşulması da mümkündür. Həmçinin italiyalı mütəxəssisin dönəmində az şans qazanan yunanıstanlı Vangelis Platellasın da yenidən əsas oyunçu statusu qazanması gözləniləndi. İran "Maşinsazi"sindən komandaya cəlb olunan Cənubi azərbaycanlı sağ cinah yarımmüdafiəçisi Saman Nəriman Cahanın çempionluq üçün bir "level" də artırmalı olan komandaya nə dərəcədə fayda verəcəyini demək çətindir.


"Keşlə"

Mövsümün 14 oyunluq periodunda yaxşı mənada hamını təəccübləndirən "Keşlə"nin qış fasiləsi ərəfəsində ciddi itkilərə məruz qalması transferdə ciddi addımların atılacağını düşünməyə əsas verirdi. Artıq heyətinə Şohruh Qadoyev və Aleksandr Kristovaonu qatan sabiq "bankirlər"in əsas problemi isə arxa xəttin cinahları ilə bağlıdır. Əgər bu çatışmazlıq aradan qaldırılarsa, kollektiv ilk üçlük uğrunda mübarizəni sona qədər davam etdirə bilər.


"Sumqayıt"

Mövsümün geridə qalan hissəsini dördüncü pillədə başa vuran şəhərimizin komandasında baş məşqçinin ağıllı gedişləri və heyətə uyğun qurduğu sistem ilk yarıda özünü doğrultdu. Xüsusən də, orta sahə oyunçuları formada olduğu müddətdə "Sumqayıt" istənilən komandadan xal alacaq gücdə olur. Komandanın həm yarımmüdafiə, həm də hücum xəttindəki oyunçuları Ayxan Abbasovu ağırlığı əsasən mərkəzə verməyə vadar edir. Bəzən hesabda geri düşdüyü zaman 3-lü hücuma keçməli olan "Sumqayıt"ın hazırkı heyəti buna münasib deyil. Bu üzdən "kimyaçılar" alternativ variant kimi cinahlara da tədbir görsə, pis olmaz.  Hələlik transfer etməyən "kimyaçılar"ın xaricdə top qovan Azərbaycan kökənli futbolçularla maraqlandığı bildirilir.


"Zirə"

Ölkə çempionatının qış fasiləsinə qədərki hissəsi "Zirə"nin heyətlə bağlı bir neçə problemini ortaya qoymuşdu. Məsələn, "qartallar"ın etibarlı qapıçıya ehtiyacının olduğunu deyə bilərik. Geridə qalan oyunlar onu da göstərdi ki, orta sahədə seçim imkanı geniş deyil. Təsadüf deyil ki, Elvin Camalov, Cavid Hüseynov və Şafik Tiqrudca "üçlüy"ündən biri olmadıqda onları heç kim layiqincə əvəz edə bilmir. Qəsəbə təmsilçisi hücum xəttindəki çatışmazlığı isə Davit Volkov və Ağabala Ramazanovun keçidlərini həll etməklə yoluna qoymuş oldu. İndiki halda "Zirə"dən ayrılan haitili hücumçu Soni Nordenin gedişi ciddi problem olmamalıdır.


"Sabah"

Hələlik ciddi transfer həmlələri ilə diqqət çəkməsə də, "Sabah"ın transfer dönəminin sonunda xeyli alqı-satqı edəcəyi gözlənilir. Baş məşqçi postuna təyinatından sonra Jelko Sopiçin oyunçulardan narazılığını dilə gətirməsi və yeni komanda qurmaq istəyini açıqlaması belə deməyə əsas verir. Orta xəttin güclənməsi yönündə ilk addımlarını atan və "Qoritsa"dan orta sahə oyunçusu Mario Marinanı transfer edən paytaxt klubunun əsas problemi hücum xətti ilə bağlıdır. Düzdür, "tələbələr"in sabiq forvardı Marko Deviç yenidən bakılıların heyətindədir, ancaq Rocer Roxasla yolların ayrılmasından sonra Sopiçin komandasına daha bir hücumçunun qoşulması vacibdir.  Bundan əlavə, sabiq "Neftçi"lilər  Məhəmməd Mirzəbəyovla Məqsəd İsayevin heç "Sabah" səviyyəsində də oyunçu olmadığı üzə çıxdı ki, bu da "Sabah"ın sağ cinah müdafiəçisi mövqeyinə  transfer etməsi yaxşı olardı. 


"Qəbələ"

Daha çox öz akademiyasının üzvlərinə üstünlük verən "Qəbələ"nin transfer bazarında fəallığı ilə seçilməməsi anlaşılandır.  Ancaq təbii ki, digər klublar kimi "qırmızı-qaralar"ın da heyətində çatışmazlıqlar var. Məsələn, müdafiənin mərkəzində İvitsa Juniçlə tandem təşkil edə biləəcək etibarlı arxa xətt oyunçusu alınmalıdır. Eyni zamanda, hücum xəttinə də əl gəzdirmək mütləqdir. Xüsusən də, Davit Volkovun gedişindən sonra ön xətdə bütün yükü üzərinə götürəcək oyunçu almaq vacibdir.


"Səbail"

Paytaxt klubunda yaranmış maliyyə problemi bu komanda üçün qış fasiləsinin daha çox itkilərlə yadda qalacağını proqnozlaşdırmağa əsas verirdi. "Dənizçilər"ə "Keşlə"nin yola saldığı Murad Qayalı ilə "Neftçi"yə lazım olmayan Rauf  Əliyevdən başqa heç bir yeni oyunçunun qoşulmaması da durumu ortaya qoyur. Üstəlik, qəzetimiz çapa hazırlanarkən bir neçə oyunçunun klub rəhbərliyi ilə görüşərək komanda ilə vidalaşdığı xəbəri yayıldı. Buna qədər  yerlilərdən Ağabala Ramazanov , Elvin Yunuszadə, Mirabdulla Abbasovla, əcnəbilərdən isə  İqor Korotetski və Yevgeni Koçukla müqaviləni pozan "Səbail"də gedənlərin siyahısının genişlənəcəyinə şübhə yoxdur. Məlum məsələdir ki, mövsümün ikinci yarısı "Səbail" üçün formal xarakter daşıyacaq. Aftandil Hacıyevin kollektivinin məqsədi sonuncu pillədən qurtulmaq olacaq. Daha artığını etmək üçün heyət tamamilə dəyişdirilməlidir. Demək olar ki, hər mövqeyə oyunçular alınmalıdır. Ancaq hazırkı büdcə ilə əlindəkiləri saxlasalar, özü böyük iş olar.

Rəy bildir +
Oxşar xəbərlər
Kimin nəticəsi necə dəyişib?  11 TURLUQ MÜQAYİSƏ
17:4619 noyabr

Kimin nəticəsi necə dəyişib? 11 TURLUQ MÜQAYİSƏ

Futbol üzrə ölkə çempionatında milli komandamızın oyunları ilə bağlı yaranmış fasilədən öncə 11-ci tur başa çatmışdı. Komandaların hazırkı vəziyyətini təhlil etmək baxımından 11 həftəlik marafon heç də az deyil. Ötən turların nə ilə yadda qaldığını üzə çıxarmağın ən yaxşı yolu müqayisə olduğundan

Rəqibləri "tapdalayan" "Qarabağ" və   avrokuboklar üçün yarışan 7 komanda
19:1015 oktyabr

Rəqibləri "tapdalayan" "Qarabağ" və avrokuboklar üçün yarışan 7 komanda

Futbol üzrə Azərbaycan milli komandasının Bəhreynlə hazırlıq, Macarıstanla isə rəsmi qarşılaşması olması səbəbindən ölkə Premyer Liqasında yaranmış fasilə elita klublarının son durumunu, komandaların arzulanan hədəfə çatmağa nə dərəcədə yaxın olmasını aydınlaşdırmaq üçün yaxşı imkandır. Düzdür, ilk

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?
20:1715 avqust

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?

Artıq sabah futbol üzrə ölkə çempionatının yeni mövsümü start götürəcək. Bir neçə gün öncəsinə qədər ölkə xaricində olan Premyer Liqa klubları çempionatın başlamasına qalan sayılı günləri ölkə daxilində gündəlik məşq prosesi ilə keçirdi. Təbii ki, elita klublarının yeni mövsüm ərəfəsində hansı

Elita klubları yeni mövsümə  necə hazırlaşır?
15:2319 iyun

Elita klubları yeni mövsümə necə hazırlaşır?

Ötən ay başa çatan Topaz Premyer Liqasında yeni mövsümün startına xeyli vaxt qalsa da, artıq elita təmsilçiləri yeni "futbol ili"nin hazırlıqlarına başlayıblar. Təbii ki, ölkə çempionatının yüksək dəstəsində mübarizə aparan klubların mövsümlərarası dövrdə necə hazırlıq keçəcəyi heç də az maraq

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU