İSTİ XƏBƏRLƏR
» » Sumqayıtı Milli Məclisdə kimlər təmsil edəcək?

Sumqayıtı Milli Məclisdə kimlər təmsil edəcək?



Ötən həftəsonu baş tutan Parlament seçkiləri Milli Məclisin yeni tərkibini formalaşdırdı. Doğrudur, hələlik nəticələr rəsmi olaraq təsdiqlənməyib, ancaq dairələr üzrə ilkin hesablamalara əsasən qaliblər məlumdur.

Sumqayıtın seçki dairələri üzrə qalib namizədlərdən yalnız biri öncəki çağırışda mandat sahibi olmuş deputatadır, digər 3 nəfər isə yeni simadır.

Beləliklə, gəlin onları yaxından tanıyaq:

13 namizədin mübarizə apardığı 41 saylı Sumqayıt I seçki dairəsindən ilkin nəticələrə əsasən 32,6 faizlə Hicran Hüseynova qalib elan edilib. O, bu dairədə əvvəlki deputat Mirzəcan Xəlilovu əvəzləyib.


H. Hüseynova 13 avqust 1955-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə 6 nömrəli orta məktəbi bitirmişdir. 1977-ci ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş və tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 2001-ci ilin noyabrında "Azərbaycan Avropa inteqrasiya sistemində" mövzusunda doktorluq disertasiyası müdafiə etmişdir. Azərbaycanda siyasi elmlər üzrə doktorluq müdafiə etmiş ilk qadındır. 2007-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya kommisiyasi tərəfindən Hicran Hüseynovaya professor adı verilmişdir. 1977-ci ildən 189 saylı orta məktəbdə müəllim fəaliyyətinə başlamış, paralel olaraq Bakı Dövlət Universitetində siyasi tarix fənnini tədris etmişdir. 1988-1993-cü illər ərzində Bakı Dövlət Universitetinin siyasi tarix kafedrasında müəllim, baş müəllim və kafedra dosenti vəzifəsində işləmişdir. 1999-cu ildən 2003-cü ilədək Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsində "Beynəlxalq münasibətlər və informasiya" şöbəsinin müdiri işləmişdir. 2000-2006-cı illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakultəsinin dekan müavini olmuşdur. Gender problemləri üzrə Avropa Şurasının və ATƏT-in ekspertidir. Azərbaycanda "Beynəlxalq məsələlərin tədqiqatı assosiasiyası" nın prezidentidir. 7 fevral 2006-ci ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışır. 2006-cı ilin dekabr ayından Bakı Dövlət Universitetinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri vəzifəsində çalışır.

2011-ci ilin 27 yanvar tarixində Fransa Prezidenti tərəfindən "Fransanın Milli Fəxri Legion Ordeninin zabit rütbəsi (ikinci dərəcəli)" ilə təltif olunmuşdur.

12 avqust 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Hicran Hüseynova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Ölkəmizdə və xaricdə nəşr olunan bir çox elmi məqalənin, bir sıra metodiki vəsaitlərin, monoqrafiyaların, programların, kitabların müəllifidir.

42 saylı Sumqayıt II seçki dairəsindən isə bundan öncəki çağırışda da MM-də Sumqayıtı təmsil etmiş deputat Tahir Mirkişili 50,1 faiz nəticə ilə mandata yaxındır.

T. Mirkişili 1977-ci ildə Azərbaycanda ziyalı ailəsində anadan olmuşdur. 1994-cü ildə Bakı şəhərində Fizika-Riyaziyyat və İnformatika təmayüllü liseyi bitirmişdir. Riyaziyyat fənni üzrə Azərbaycan Olimpiada Komandasının üzvü olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olmuşdur. 1997-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən ali təhsil müəssisə tələbləri arasındakı Ümumrespublika İqtisadiyyat Olimpiadasında 1-ci yeri tutmuşdur. 2000-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirərək "beynəlxlq iqtisadçı" magistr dərəcəsi almışdır.

2004-cü ildə ABŞ-ın Stanford Universitetinde İKT İqtisadiyyatının idarəedilməsi üzrə ixtisaslaşmış proqramı bitirmişdir. 2006-cı ildə "Azərbaycan Respublikasının xarici ticarət siyasəti və onun təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

1998-ci ildə Azərbaycan Resublikası Xarici İqtisadi Əlaqələr Nazirlyində Ümumdünya Ticarət Təşkilatı üzrə mütəxəssis, 2000-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Dünya İqtisadiyyatı" fənni üzrə müəllim, 1999-2011-ci illərdə özəl sektorda İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2011-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf nazirinin müşaviri təyin edilmişdir. 1-ci dərəcəli dövlət qulluqçusudur. 2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində Dövlət Attestasiya Komissiyasının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının İnnovasiya Şurasının üzvü seçilmişdir.

2012-ci ildə informasiya kommunikasiya texnologiyaları sahəsində xidmətlərə görə Azərbaycan Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

"Heydər Əliyev Mərkəzi" ,"ASAN Xidmət", "Elektron İmza", "Elektron Hökumət", "Elektron Təhlükəsizlik", "Elektron Təhsil", "Made in Azerbaijan" kimi uğurlu layihələrin həyata keçməsində bilavasitə iştirak etmiş, dünyada vaş verən mühüm yeniliklərin Azərbaycana gətirilməsində mühüm rol oynamışdır.

2005-2010-cu illər ərzində ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, Sinqapur, Cənubi Koreya, İspaniya, Malayziya kimi olkələrin innovativ iqtisadi modellərini araşdırılması ilə məşğul olmuşdur.

1 kitabın və 10 elmi məqalənin müəllifidir.

İngilis və rus dillərini, Türkiyə türkcəsini sərbəst bilir. ABŞ, Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə, Avstriya, Rumıniya, Çexiya, Slovakiya, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna kimi ölkələrdə təşkil edilmiş seminar və konfransların, işgüzar görüşlərin iştirakçısı olmuş və məruzələrlə çıxış etmişdir.

43 saylı Sumqayıt III seçki dairəsindən isə Emin Hacıyev yüksək nəticə göstərib. Belə ki, E. Hacıyev seçicilərin 60,1 faiz səsini topladığı açıqlanıb. O, bu dairədə 2018-ci ildə Ekologiya və Təbii Sərvətlər naziri təyin olunmuş Muxtar Babayevi əvəzləyib. M.Babayev nazir təyin edildikdən sonra dairənin deputatı yox idi.

E.Hacıyev 1982-ci ildə Sumqayıtda anadan olub. 1998-ci ildə Sumqayıt şəhər 5 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub.

2003-cü ildən - hələ Azərbaycan Dövlət İqtisad Universitetində təhsil aldığı dövrdən Yeni Azərbaycan Partiyasının üzvüdür. Universitetin Tələbə Həmkarlar İttifaqının sədr müavini kimi yüzlərlə tələbənin Yeni Azərbaycan Partiyasının ideyaları ətrafında birləşərək, partiya üzvlüyünə qəbulunda iştirak edib.

2008-ci ildə Memarlıq və İnşaat Universitetində doktorantura təhsilini başa vuraraq iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi adını qazanıb.

2006-cı ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyində aparıcı məsləhətçi vəzifəsində çalışıb. 2007-ci ildən Sankt-Peterburq şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun əməkdaşı, 2009-cu ildən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) idarə heyətinin üzvü və məsul katibidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR Azərbaycan diasporunun güclənməsində və azərbaycanlıların Rusiyanın ictimai-siyasi həyatında daha fəal iştirakının təmin olunmasında böyük rol oynayır. Emin Hacıyev Rusiya ictimaiyyətinin Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həqiqi kökləri, 1992-ci ilin Xocalı soyqırımı, erməni təcavüzü nəticəsində öz evlərindən didərgin düşən azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları, həmçinin, Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə bağlı düzgün məlumatlandırılmasına yönəlmiş AMOR layihələrinin həyata keçirilməsində fəal iştirak edib.

Diaspor fəaliyyətinin inkişafına və xalqlar arasındakı dostluğun möhkəmləndirilməsindəki xidmətlərinə görə 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.

44 saylı Sumqayıt-Xızı seçki dairəsinə gəldikdə isə ilkin nəticələrə görə, burada Müşfiq Məmmədli seçicilərin 45,8 faiz səsini toplayaraq liderlik qazanıb. O, bu dairədə hazırki deputat Hacı Salayevi əvəzləyib.

M.Məmmədli 1972-ci il avqustun 1-də Sumqayıtda anadan olub. 1989-cu ildə Sumqayıt şəhər 25 saylı tam orta məktəbi bitirib. 1989-cu ildən 1990-cı ilə qədər 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) sanitar işləyib. 1990-1996-cı illər ərzində Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1996-1997-ci illərdə Sumqayıt şəhər Uşaq Xəstəxanasında internatura keçib, 1997-1999-cu illərdə isə qəbul şöbəsinin həkimi vəzifəsində çalışıb. 2000-ci ildə 3 il müddətində Türkiyənin İstanbul şəhərində təhsil alıb. 2004-2006-cı illər ərzində Tərtər bölgəsində N saylı hərbi hissənin tibb məntəqəsinin həkimi, sonra isə rəisi olub. 2006-cı ildən 2014-cü ilə qədər Təcili Tibbi yardım stansiyasının, daha sonra isə Sumqayıt Uşaq xəstəxanasının həkimi işləyib. 2015-2016-cı illərdə Uşaq xəstəxanasının pediatriya şöbəsinin müdiri, 2016-cı ildən isə xəstəxananın baş həkimidir.

Qeyd edək ki, M.Məmmədli 2013-2015-ci illər ərzində Rusiyanın Sankt-Peterburq İqtisad Universitetinin Ali İqtisad Məktəbində MBA proqramı çərçivəsində "Səhiyyə təşkilatlarının menecmenti" ixtisasına da yiyələnib. 2016-cı ildən isə Rusiya Pediatrlar İttifaqının üzvüdür.

P.S. MSK-nın məlumatına görə seçkinin yekun nəticələri fevralın 29-da rəsmilik qazanacaq.


Xədicə Səxavətqızı

Rəy bildir +
Oxşar xəbərlər
Kimə səs verək?
10:0724 yanvar

Kimə səs verək?

Məhəllə problemlərinin həllinə söz verən namizədə, yoxsa?

FAVORİTLƏR: Parlament seçkilərində Sumqayıtdan kimlər daha şanslıdırlar?
09:3823 yanvar

FAVORİTLƏR: Parlament seçkilərində Sumqayıtdan kimlər daha şanslıdırlar?

Marafon başladı. Ötən ilin dekabrında Parlament növbəti çağırışını gözləmədən özünü buraxdı və budur, fevralın 9-da növbəti dəfə qutulara yaxınlaşmalı və Milli Məclisin yeni tərkibini formalaşdırmaq üçün öz mövqeyimizi ifadə etməliyik. İndilik isə təbliğat-təşviqatı diqqətlə izləməli, namizədləri

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Hansı Sumqayıt   məktəbləri ötən il daha yaxşı nəticələr göstərib?
15:4111 sentyabr

Hansı Sumqayıt məktəbləri ötən il daha yaxşı nəticələr göstərib?

2019-cu ildə Fənn Olimpiadalarının finalında şəhərimizin şagirdləri Respublika üzrə ən yüksək nəticələrdən birini göstərmiş, 23 nəfər şagirdimiz Olimpiadanın qalibi adını qazanmışdır. 3 şagirdimiz Olimpiadanın qızıl, 8 şagird gümüş, 12 şagird isə bürünc medala layiq görülmüşdür. Qaliblərin yarıdan

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il