İSTİ XƏBƏRLƏR
» » Millimizi kimə tapşıraq: Yerli yaxşıdır, yoxsa əcnəbi?

Millimizi kimə tapşıraq: Yerli yaxşıdır, yoxsa əcnəbi?


Ötən ilin dekabr ayında milli komandamızın baş məşqçisi Nikola Yurçeviçlə yolların ayrılmasından sonra hər kəsi bu sual düşündürür: yığma kimə həvalə olunmalıdır? "İcraiyyə Komitəsi namizədləri nəzərdən keçirəcək", "Məşqçilər Komitəsi namizədlər haqda rəy bildirəcək", "milliyə namizədlər müəyyən edilərkən filan meyarlara görə seçim aparıldı" və buna bənzər açıqlamalar həm ədalət axtarışında olan idman mətbuatının nümayəndələrini, həm də azarkeşləri hövsələdən çıxaran bəyanatlardan başqa bir şey deyil. Vaxt gedir, ancaq hələ də Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşməyib.

32 namizəd nəyə lazımdır?

Yadınızdadırsa, AFFA İcraiyyə Komitəsinin köhnə-yeni tərkibinin ilk iclasında yığmanın boş qalan baş məşqçi postu ətrafında da müzakirələr aparılmış və həmin vəzifəyə 32 məşqçinin namizəd olduğu bildirilmişdi. Düzdür, bu sayın təxminən yarıya qədər azaldılacağı və məhz bundan sonra seçim ediləcəyi də açıqlanmışdı və artıq "Riqa" ilə anlaşan rusiyalı Oleq Kononovun, "Akhisarspor"a yollanan Yılmaz Vuralın,  ölkəsində SPAL-la anlaşan Luici Di Byaconun, "Fənərbaxça"dan ayrılmaq istəməyən Ərsun Yanalın, rəhbərlik etdiyi Moldova milli komandasını yarı yolda qoymaq istəməyən Engin Fıratın, Serbiyanın U-17 millisini çalışdıran Dejan Brankoviçin əsas yığmamıza rəhbərlik etməyəcəyi dəqiqdir. AFFA-nın milli komandaya rəhbərlik etməsi üçün danışıqlar apardığı bütün mütəxəssislərin adı məlum olmasa da, Canni Di Byazi, Çezare Prandelli, Stanimir Stoylov, Abdullah Avcı, Branko İvankoviç, Sreçko Kataneç və vaxtilə ölkəmizdə çalışmış Kaxaber Tsxadadze kimi məşqçilərin AFFA-nın gündəmində olduğu çoxdan məlumdur. Mətbuata sızan adlardan siyahıda müxtəlif ölkələrdən olan çalışdırıcıların olduğu aydınlaışır. Görünən odur ki, yığma üçün namizədlər müəyyən edilərkən ölkə futbolunun özəllikləri, yığmanın oyun üslubu nəzərə alınmayıb. Düzü, Robert Prosineçki və Nikola Yurçeviçin yığmamızda çalışdığı dönəmdə milli komandamızın xorvatların oyun tərzinə uyğun fəlsəfəyə alışacağı və AFFA-nın məhz bunu planlaşdırdığını düşünürdük, ancaq indiki halda seçim arealı o qədər genişdir ki, əsas yığmamızın hansı istiqaməti tutduğu bəlli olmur. Məsələn, bizim futbolçular atletik-fiziki hazırlığa söykənən futbol sərgiləmirsə, oyun fəlsəfəsini bunun üzərində quran mütəxəssis bizə heç nə qazandıra bilməz. Başqa sözlə, sözügedən siyahını hazırlayarkən ilk növbədə məhz belə məqamlara diqqət yetirmək lazım idi. Qısası, futbol təsərrüfatımızda illərdir formalaşan ənənələr, ölkənin futbol irsi baza rolunu oynamalı, onun üzərində müəyyən şəkil dəyişiklikləri edilməlidir.

Nəticələri ciddi fərqlənməyən yerlilər və əcnəbilər 

Hazırda yeni çalışdırıcısının axtarışı nda olan Azərbaycan milli komandasını yerlilərdən Əhməd Ələsgərov, Ələkbər Məmmədov, Ağasəlim Mircavadov, Kazbek Tuayev, Vaqif Sadıqov, Əsgər Abdullayev, İqor Ponomaryov, Şahin Diniyev, Qurban Qurbanov, əcnəbilərdən isə Karlos Alberto Torres, Qyoko Hacievski, Berti Foqts, Robert Prosineçki və sonuncunun həmyerlisi Nikola Yurçeviç çalışdırıb. Bundan başqa, Nazim Süleymanov və Mahmud Qurbanov da millinin baş məşqçisi kimi bir matçın iştirakçısı olublar. Müqayisə üçün deyək ki, həm yerlilərin, həm də yabancı baş məşqçilərin hesabında ümumilikdə  66 qarşılaşma var. Bu 66 oyundakı nəticələrə görə müəyyən müqayisələr aparmaq olar. Hərçənd D divizionunda yer aldığımız və zəiflərlə qarşılaşdığımız Millətlər Liqasının nəticələrinin yerlilərin hesabına yazılması heç də tam düzgün deyil. Çünki seçmə mərhələlərdə həm güclü, həm ortabab, həm zəiflərlə qarşılaşdığımızdan burada yerlilərlə legionerlər təxminən eyni durumda olub. Millətlər Liqasında isə nəinki güclü, heç demək olar ortabab rəqib də görməmişik. Yerli məşqçilərlə millimiz 7 qələbə qazanıb, 11 heç-heçə edib və 48 dəfə uduzub. Top fərqi 32-150-dir. Yığmamız onlarla 32 xal toplayıb. Amma bunun 9-nun Millətlər Liqasında yığıldığını da vurğulamaq lazımdır. Ümumilikdə isə azərbaycanlı mütəxəssislər mümkün olanın təxminən 16 faizinə imza atıb. Legionerlərin Millətlər Liqası kimi turnirdə xal hesabını artırmaq imkanı olmasa belə üstünlük onların tərəfindədir. Millimiz əcnəbilərlə 8 qələbə qazanıb, 16 heç-heçə edib və 42 dəfə uduzub. Bütün göstəricilərdə olduğu kimi vurulan və buraxılan topların sayı da yerlilərdən daha yaxşıdır - 45:125. Xaricdən gəlmə məşqçilərlə 39 xal əldə edən komanda mümkün olanın təxminən 20 faizini gerçəkləşdirib.

Göründüyü kimi, yerli məşqçilər nəticələrə görə legionerlərə uduzur. Amma fərqin çox az olması da diqqət çəkir. Əcnəbilər daha güclüdür, amma istənilən qədər də yox.

Millini niyə yerli çalışdırmalıdır?

Qurban Qurbanovun milli komandanın baş məşqçisi kimi uğur qazanmaması, eləcə də AFFA-nın ona vaxt verməkdə maraqlı olmamasından sonra hər hansı çalışdırıcının yığmanı çalışdırması inandırıcı deyil. Düzdür, hazırda Samir Abasov, Tərlan Əhmədov və Ayxan Abbasov kimi yerli mütəxəssislərin adı yığma ilə birgə hallanır, ancaq bu sadacə yerli futbol ictmaiyyətinin  istəyidir. Hər halda AFFA-nın millinin baş məşqçisi postuna gətirə biləcəyi 32 məşqçi arasında azərbaycanlı çalışdırıcının olmadığını açıqlaması o deməkdir ki, yığmanın yeni baş məşqçisi mütləq əcnəbi olacaq. Ancaq o da var ki, indiki futbolçu potensialımızla əcnəbi məşqçiyə güvənməyin, onun gəlişi üçün milyonlar xərcləməyin mənası yoxdur. Üstəlik, ölkəmizin futbol arenasında ən azı Yurçeviçin nəticəsini təkrarlamağa qadir yerli mütəxəssislər var. Bu mənada "pis özümüzünkünü yaxşı əcnəbi"dən üstün tutanları da anlamaq olar. Ümumiyyətlə, bizim indi baş məşqçi üzərində bu qədər durmağımıza, həssaslıqla araşdırma aparmağımıza ehtiyac varmı? Sanki dünya çempionatına vəsiqəni hədəfləmişik, baş məşqçi seçimi də bunda həlledici rol oynayır. Ən əsası yabancı baş məşqçi də Azərbaycan milli komandasını hər hansı turnirin final mərhələsinə daşımağa zəmanət verməyəcək. Şübhəsiz ki, əsas "material"dır ki, bu məsələdə də futbolumuzun durumu nikbin olmağa və uğursuzluq  fonunda əcnəbi mütəxəssisi qınamağa  əsas vermir. Əlbəttə, bu məsələdə qəti hökm vermək çətindir və hər ölkənin təcrübəsi konkret yanaşma tələb edir. Məsələn, Azərbaycana baxaq. Tutaq ki, hansısa xarici ölkədən dəvət olunan məşqçi gəlib işə başladı. Hətta "yuxarılar"ın komplektləşdirmə məsələsinə nüfuz etməsinə də imkan vermədi. O. Kiminlə işləyəcək? Elita klublarında yerini təmin etdikdən sonra inkişaf etməkdə maraqlı olmayan oyunçularla, yoxsa  məxsus olduğu klublarda əsas heyətə həsrət qalan legionerlərlə? Düşünməyin, bu sualın cavabı yoxdur. Ən əsası da odur ki, Azərbaycan yığması kimi zəif  komandalar nəticələrin çoxunu psixoloji hazırlıq hesabına qazanır. Rəqibdən təcrübə və ya ustalıq səviyyəsi baxımından geri qalan komandalar bu çatışmazlıqları, istək, əzmkarlıq hesabına qapamaqla uğur qazanır. Əlindən gələnin artığını ortaya qoymaq, həyəcanını boğmaq, bir sözlə, qələbə üçün hər şey etmək yeganə çıxış yolu kimi görünür ki, bunu da bizim futbolçulara ən yaxşı formada ancaq yerli məşqçilər aşılaya bilər. Deməli, "mətbəxin içində" olmayan birini gətirməkdənsə, ölkə futboluna bələd olan azərbaycanlı çalışdırıcıya güvənmək daha düzgün olardı.  


Niyə əcnəbi?

Yadınızdadırsa, bir müddət əvvəl  AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov  "Yığmaya yerli və ya əcnəbi mütəxəssisin təyin olunmasının müsbət və mənfi tərəfləri barədə söhbət etdik. Fikrimiz belə oldu ki, hazırda premyer-liqada çalışan gənc yerli məşqçilər üçün təcrübə baxımından yığmanı çalışdırmaq bir qədər tezdi. 3-4 il klub sistemində işləmək o demək deyil ki, onlar artıq əsas yığmanın "sükanı arxasına" keçməyə hazırdırlar. Hazırda çalışan mütəxəssilərdən başqa, işləməyən, ancaq təcrübəli məşqçilərimiz də var. Hələ ki bu yöndə müzakirələr davam edir" açıqlamasını verməklə əsas yığmamızın təcrübəli yerli mütəxəssisə tapşırılmaq ehtimalının olduğuna işarə etmişdi. Düzdü, ötən həftə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov yerli məşqçi variantını birmənalı şəkildə istisna etməklə məsələyə son nöqtəni qoydu, ancaq buna qədər də Ağasəlim Mircavadovun yığmanı təcrübəli yerli mütəxəssislərdən birinə həvalə etmək ehtimalı ilə bağlı açıqlaması birmənalı qarşılanmamışdı. Belə ki, əksəriyyət hesab edir ki, nisbətən yaşlı olan yerli çalışdırıcılar müasir futbolun incəliklərindən lazımınca xəbərdar deyil. Hesab olunur ki, yerli məşqçilər əsasən sovet dönəmindən qalma metodlarla işləyir, hazırlıq prosesini keçmişdə öyrəndikləri sistem əsasında qururlar. Nəticədə isə müasir futbolun tələbləri ilə ayaqlaşmaq mümkün olmur. Belədə beynəlxalq arenada səviyyə fərqi dərhal üzə çıxır. Qısası, köhnə fəlsəfə ilə yeni tarix yazmağın mümkün olmadığını əsas gətirənlər əcnəbi baş məşqçinin tərəfdarıdırlar ki, onları da tamamilə haqsız hesab etmək olmaz. Üstəlik, legioner  məşqçi dəvət edəndə iki məqama görə arxayın olmaq mümkündür. Birincisi, heç bir klub öhdəliyi olmayan əcnəbi hər hansı mülahizələrə görə komandasının oyunçusunu yox, ölkənin ən güclülərini seçəcək; İkincisi, yığmanın heyətini komplektləşdirərkən təzyiqə imkan verməyəcək. Hərçənd nə Nikola Yurçeviçin dönəmində, nə də digər əcnəbi baş məşqçilərin zamanında çalışdırıcıların oyunçu seçimini edərkən tam azad olduğunu görməmişik.


Tural MƏMMƏDOV
Rəy bildir +
Oxşar xəbərlər
Millinin yeni baş məşqçisi kim olacaq?
12:4720 dekabr

Millinin yeni baş məşqçisi kim olacaq?

Ötən həftənin cümə günü baş tutan AFFA İcraiyyə Komitəsinin iclasından sonra Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin bu ilin fevral ayından tutduğu postdan ayrılacağı dəqiqləşdi.  

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

AFFA-nın milli planı: Tanış simalar yoxsa, italyanlar?
12:1406 noyabr

AFFA-nın milli planı: Tanış simalar yoxsa, italyanlar?

Futbol üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki Macarıstan matçından sonra həmin görüşün son dəqiqələrində Bəhlul Mustafazadənin baş hakim tərəfindən qeydə alınmayan "təmiz" qolu uzun müddət müzakirə mövzusu oldu. Sonradan "Qarabağ"ın Avroliqada APOEL-lə baş

AFFA-nın menyusuna:  Türkiyədən kimlər gəlsin?
18:0410 iyul

AFFA-nın menyusuna: Türkiyədən kimlər gəlsin?

Azərbaycan futbolunun hazırkı ağrılı durumunu ifadə etmək üçün böhran sözünü işlətmək və ya hər hansı buna bənzər ifadə tapmaq olar. Reallığın diqtə etdiyi isə odur ki, dünya futbolunun autsayderlərindənik. Ən azı milli özəlliklərə və tarixi adət-ənənəyə görə autsayder statusuyla barışmaq çətindir.

İki məğlubiyyətin üç səbəbi
15:2718 iyun

İki məğlubiyyətin üç səbəbi

AVRO-2020-nin seçmə mərhələsində bir neçə gün öncə geridə qoyduğumuz "yığma həftəsi"ndə Macarıstana 1:3 hesablı yenilginin "üçü" çıxmamış Slovakiyaya daha böyük hesabla (1:5) məğlub olan seçmə komandamız  Azərbaycan və futbol anlayışlarının dərsliklərə bir-birinin antonimi kimi yazılmalı olduğunu,