İSTİ XƏBƏRLƏR
» » Alfred, İbrahim Xan, Arlekin...

Alfred, İbrahim Xan, Arlekin...


yaxud,  məşhur "Canlanır hər qarış, çöl Sumqayıtda" mahnısının ifaçısı

Gənc bir tələbəydi onu tanıyanda. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində  oxuyurdu,   o  zamanlar  mən Azərbaycan Televiziyasının"Səhər" proqramında çalışırdım  və " Etiket qaydaları " adlı rublikamıza gənc aktyorlar çəkməliydik.  Getdik universitetə ki,  tələbələr arasından seçim edək. Aktyorluq fakültəsinin dekanı Ötkəm müəllim bizi auditoriyaya apardı, tələbələrlə söhbət etdik.  Fəhmin ilk baxışdan o qədər səmimi, o qədər xoş təsir bağışladı ki, onunla bərabər bir neçə nəfəri seçib çəkilşlərə başladıq. Orda da özünü çox gözəl  doğrultdu, o gün bu gün, bizim dostluq  münasibəimiz davam edir. Indi artıq tanınmış bir müğənni,  ümüdverici  bir gəncdir, həm də doğma Sumqayıtlımız və fəxrimizdir...
Fəhmin Şahyar - bu ad artıq Sumqayıtın və respublikamızın  mədəniyyət aləmində çox  tanış və sevilən bir ada çevrilib.  Şəhərimizin elə bir tədbiri yoxdur ki, onsuz ötüşə, daha doğrusu,  onun ifası səslənməyə. Gördüyü işlərə, nailiyyətlərinə baxmayaraq, həddən artıq utancaq və təvazəkardır.  Görüşmək üçün vaxt təyin edib mənə özü haqda danışmasını xahiş edərkən də sezdim bunu. İlk görüşümüzdən, yəni 2-ci kursda oxuduğundan  illər  keçməsinə baxmayaraq, yenə həmin xasiyyətdədir.  Yaxşısı budur, siz də bu gənci tanıyın:
Fəhmin Əhmədli 1993-cü il martın 28-də Sumqayıt şəhərində dünyaya göz açıb.   1999-cu ildə   "Təfəkkür" liseyinə qəbul olub   və  2010 -cu ildə oranı bitirib.  Həmin il Azərbaycan Dövlət İncəsənət Universitetinin  "Aktyor sənəti və musiqili aktyor"  fakültəsinə daxil olub.  2014-2015 -ci illərdə hərbi xidmətə yollanır. Bir il  sonra isə həmin universitetin "Aktyor ifaçılığı və nəzəriyyəsi" üzrə magistr sinfini bitirib. Hazırda Opera və Balet teatrının solisti kimi çalışır.
-Fəhmin, səni illərdir tanıyıram, bu üzdən "sən"  kimi müraciət etməyimdə bir qəbahət olmaz, düşünürəm.  Çox stedadlı,  böyük dioapazonlu,  fərqli və   məlahətli səsi olan bir müğənni, eyni zamanda da çox  mehriban və   gözəl qəlbli bir insan  olduğunu bildiyim üçün, səni oxucularımıza  tanıtmağı özümə borc bilirəm. Ənənəvi bir sualla müraciət edəcəm, necə oldu ki,  sən  bu sənətə üz tutdun, opera  müğənnisi oldun?  
- İnanırsınız, heç xəyalıma gətirməzdim ki, mən  bir vaxtlar həsədlə baxdığım Opera və Balet  teatrının səhnəsində  nə vaxtsa çıxış edərəm. Bu mənə yuxu kimi gəlirdi. Bu xoşbəxtliyin üzümə güləcəyi varmış sən demə... Mən hələ lap uşaq vaxtlarımdan  masa üstündə, əlimin toxuna biləcəyi hər yerdə ritm tutub, nəsə ifa edərdim. Valideynlərim   bunu görüb məni  ibtidai sinifdəykən  Sumqayıt şəhər S.Rüstəmov adına 3 saylı musiqi məktəbinin Fortepiano  sinfinə qoydular. Və mən orda oxuyarkən vokal sənətinə  heyran olurdum, səsləri dinləyirdim, hiss edirdim ki, məndə məhz bu  üslubda oxumağa böyük həvəs var. Və  təhsilimi davam edə - edə burda xor vokal dərslərində iştirak etməyə başladım. Bir müəllimim vardı, Afət Zeynalova, yeni açılmış, 3- 4 nəfərdən ibarət sinfində  ilk olaraq o  öyrətdi    mənə vokalın sirlərini. Amma  əvvəlcə Azərbaycanın xalq musiqilərindən başladıq. Sonralar anladım ki, bu nə qədər önəmli imiş. Yavaş-yavaş bu sənəti   mənimsəməyə  başlayırdım,   və getdikcə də həvəsimin  daha da artdığının fərqində idim.  Sonra məktəbdaxili və məktəblərarası konsertlərə çıxartmağa başladı Afət müəllim bizi, daha sonra şəhər tədbirlərində çıxışlarım başladı...  Amma emosiya baxımından həmişə  mənə irad tuturdu, çox utancaq idim.  Yadımdadı, bir  dəfə Ü.Hacıbəylinin "Arşın mal alan" əsərini  səhnələşdirmişdik, mən orda Əsgəri oynayırdım.  Jestləri, mimikaları yerinə yetirə bilmirdim, emosiyaları çatdıra bilmirdim, çox məşq etdi müəllim mənimlə və sonda istədiyini aldı...(gülümsəyir)...  Bu hadisədən sonra mən öz-özümə söz verdim ki,  utancaqlığımı  aradan qaldırmalıyam, səhnədə davranmağı, obrazı canlandırmağı mütləq  bacarmalıyam.  Bu işdə    mənə dil-ədəbiyyatdan dərs deyən Nurlana müəllimimin çox köməyi dəydi.  "Təfəkkür"  liseyinin direktoru, çox hörmətli bir xanım, gözəl insan Bəsirə Ağayevanın adını mütləq  qeyd etmək istəyirəm, o məni çox ruhlandırırdı, deyirdi, sən mütləq bu sənətin ardınca getməlisən. Belə-belə illər keçirdi,  yavaş-yavaş irəliləyirdim. Sonra AMİU-nun "Aktyor sənəti  və musiqili teatr aktyoru"  fakültəsinə qəbul oldum.  Qabiliyyət imtahanını Hacı İsmayılov, Ötkəm İsgəndərov kimi sənətkarlar qəbul  edirdilər. Yadımdadır, monoloq, etüd  hazırlamışdım və ölməz bəstəkarlarımız T.Quliyevin  " Sənə də qalmaz", V.Adıgözəlovun "Qərənfil" mahnılarını ifa etdim.  Deyəsən, bəyənmişdilər. İki "10",  bir  "9"   balla  qəbul olundum.  Burda da yenə böyük sənətkarlardan dərs ala-ala, bu sənətin incəliklərinə yiyələnməyə başladım   və hər gün  daha çox sevib, daha cox bağlanırdım  sənətimə.Universitetdə vokal müəllimim - respublikanın əməkdar artisti, Opera və Balet teatrının solisti  Əliəhməd İbrahimov oldu. Böyük müəllim idi, qayğıkeş, səbirli, bütün tələbələrin sevimlisi idi. Universitetdə bütün tədbirlərdə fəal iştirak edirdim, sonuncu kursda  universitetlərarası müsabiqədə qalib oldum. Yeri gəlmişkən, Beynəlxalq müsabiqələrdə də da iştirak edirdim, orda da universitetimizi şərəflə təmsil edirdim. Tələbəykən Əliəhməd müəllim məni Opera və Balet teatrına gətirdi. Mən indi o an keçirdiyim  hissləri sözlə ifadə edə bilmirəm.  Teatrın   dəbdəbəsini, möhtəşəmliyini gördüyüm an içimdə  fırtınalar qopdu. "Mən bu sənətkarların arasında nə edəcəm",-   fikri məni rahat buraxmırdı. Sonra hər şey qaydasına düşdü, gözəl, mehriban kollektiv, bir-birindən böyük sənətkarlarla ünsiyyət mənim o həyəcan və qorxumu tamamilə   yox etdi. Birmənalı şəkildə deməliyəm ki, Opera və Balet teatrına gəlişim mənim həyatımda köklü şəkildə dəyişiklik etdi. Həyata baxışımda, yaradıcılığımda,  gələcək planlarımı qurmağımda və s. və i.a.
Və günü bu günə kimi çalışdığım, solisti olduğum  o möhtəşəm məkanı çox sevirəm, hər zaman da çalışıram ki, o səhnədə çıxış etmiş, orda çalışmış dünyasını dəyişənlərimizin adına layiq olum, bu gün isə həyatda olan, bizə sənətin çətinliklərini oyrədən sənətkarların etimadını doğruldum. 
Ilk olaraq  xor kollektivində çıxışlardan başladım. Sonra yavaş-yavaş xırda rollar tapşırıldı, (doğrudur, rolun xırdası, irisi olmur, hər biri bir obrazdı, bir  xarakterdi), sonra isə   biz az çəkisi olan, tanınan rolları canlandırdım və bu gün də  böyük bəstəkarımız  M.Maqomayevin " Şah İsmayıl" operasında  vəzir  rolunun  üzərində   işləyirəm. 
Sonra universiteti bitirdim,  hərbi xidmətə yollandım. Qayıdıb gəlib, öz doğma universitetimdə  magistr təhsilimi də aldım. Yenə də öz sevdiyim işin başındayam, Opera və Balet teatrındakı fəaliyyətimdəyəm. Bilirsiz, qəribədir, hər dəfə səhnəyə çıxanda, hər  ifada həyacan olur. Əvvəllər  düşünürdüm   ki, bəlkə tələbəyəm, sonra bu həyacan keçər, amma, ordakı müqtədir sənətkarlarda da eyni şeyi müşahidə edirəm, demək ki, bu həyəcan, bu təlatüm ömürlük bizimlə olacaq... 
- Bu yaxınlarda Azərbaycan Televiziyası Mədəniyyət kanalı və Mədəniyyət Nazirliyinin birgə layihəsi çərçivəsində böyük ədibimiz C.Cabbarılının 120 illik yubileyi şərəfinə "Sevil" teleoperası lentə alındı. Bu opera illərdir səhnələşdirilir, sevilərək izlənir, lakin ilk dəfə olaraq teleopera kimi təqdim olundu. Baş rolu - "Balaş" obrazını bizim Azərbaycan Mədəniyyət kanalının direktoru R.Qasımov canlandırdı. Və bu layihədə sənin də imzan var, belə ki, sən mənfi olsa da, kifayət qədər çəkisi olan, emosional bir obrazı  Məmməli bəyi canlandırmısan. Həm format baxımından,  həm də masştab baxımından  sənin üçün ilk iş idi. Ne deyərsən bu barədə?   
- Bəli, böyük iş idi, mən bu layihənin təşkilatçılarına təşəkkürümü bildirirəm və çox xoşbəxtəm ki, mənə də burda  rol verildi. Həm də, siz dediyiniz kimi, mənfi, emosional bir obrazdır Məmməli bəy. Və rolun əsl mahiyyətini, Məmməlibəyin iç üzünü açmaq üçün var gücümlə ustad sənətkarların, müəllimlərimin etimadını doğrultmağa çalışdım.  Çox məşqlər etdik. Nə deyə bilərəm, hər halda  filmi izləyənlər fikrini deyəcək.   
- Fəhmin, operada  hansı obrazı canılandırmaq arzusundasan? Məsələn, Koroğlunu yaratmaq istəyərsənmi? 
- Könül xanım, inanın ki,  Koroğlu   obrazı haqda düşünündə mən gözümün önünə cüssəli, hündür boylu qəhrəman gətirirəm deyə, bu rolda özümü görmürəm sanki. Bübül, L.İmanov kimi sənətkarlar o rolun  möhürünü vurublar,   həm də, onlara  çox yaraşırdı bu obraz.  Sonrakı illərdə də  respublikanın xalq artisti S. Cəfərov,  əməkdar artist  R.Qasımov bu obrazı çox gözəl canlandırıblar.  Nə deyim, bəlkə gələcəkdə  qismət olar, oynayaram. Amma, arzusunda olduğum rol - C.Verdinin "Traviata" operasında  Alfred obrazıdır. Çox sevirəm bu obrazı, ruhu mənə yaxındır, bəlkə...   Canlandırdığım obrazlar da, məsələn,  " İntizar" -da Itgin, "Vaqif"də- İbrahim xan, "Karmen"də- Remendado, " Payatsı"da - Arlekin,  "Bahemo"da-Parpinyol, " Manon Lesko"da-Edmondo, " Zoluşka"da -Şahzadə , " O olmasın, bu olsun" da - Həsənqulu bəy və s. mənim üçün çox dəyərlidirlər. 
- Muğamı dinləyirsənmi, heç özünu bu sahədə sınamısanmı?
-Muğam bizim kökümüzün, soyumuzun yadigarıdır. Onu mütləq bilib, xəbərdar olmaq hər bir musiqiçi üçün vacibdir.  Odur ki, bir az araşdırıb, ustadları dinləyib öyrənməyə çalışdım. Ən çox sevdiyim muğam isə " Segah"dır, deyirlər, ana laylası bu muğam üstündədir. 
- Fəhmin, səni Sumqayıtda çox sevirlər, dinləyirlər, hətta, bildiyim qədəri ilə Azərbaycan mədəniyyətinin iki böyük  siması  N. Xəzri və S.Rüstəmovun Sumqayıta həsr etdiyi "Sumqayıt" mahnısı  səslənəndə sən yada düşürsən. Çünki, bütün tədbirlərdə bu mahnını sən ifa edib şəhərimizi vəsf edirsən. Və sumqayıtlılar da bu  mahnını indi məhz sənin ifanda sevir. Elədirmi?
- Ola bilər, çünki artıq 2008-ci ildən demək olar ki, doğma şəhərimizin bütün tədbirlərində ürəkdən  iştirak   edirəm,  başqa bölgələrə gedərkən də mütləq  Sumqayıtla bağlı ifalara yer verirəm. Əslində  Sumqayıtda çıxış etməyimin tarixçəsi var. Bir dəfə əsgərlərlə görüş zamanı mənim ifamı "Yeni yol" qəzetinin baş redaktoru Firdovsi Cəfərxan bəyənmişdi. O, mənə "Ay vətən oğlu" adlı  bir mahnı təqdim etdi, ifa etməyimi istədi. Və mən bu mahnı ilə Sumqayıt tədbirlərində iştirak etməyə başladım. Sonra isə reperturlarıma M.Maqomayevin "Azərbaycan" mahnısını,digər  bəstəkarların, vətənpərvərlik mövzusunda yazılmış, bayram  tədbirləri üçün seçilmiş  mahnıları   daxil etdim. Və "Sumqayıt" mahnısını yenidən oranjeman etdirib oxudum. Beləcə, Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bütün tədbirlərə fəxarətlə  qatılmağa,   bir sumqayıtlı kimi şəhərimizi tərənnüm etməyə başladım.  
- Fəhmin, yeri gəlmişkən, mütləq şəkildə qeyd etməliyəm ki, bu gün 70 yaşını qeyd etməyə hazırlaşan şəhərimizdə bütün sahələri əhətə edən görülən işlər hər bir sumqayıtlıya böyük zövq və ruh verir. Bu gün şəhərimiz gözəlliyinə, abadlığına görə ən gəzəl şəhərlər cərgəsindədir.
Şəxsən mən də şəhərimiz adına  çox böyük xoşbəxtlik  və qürur hissi keçiririəm. Sən necə düşünürsən?
-Tamamilə, düzgün vurğuladınız. Mən bilmirəm, bu nə hisslərdir, amma, mən bu şəhəri həddən artıq çox sevirəm. Bəlkə, uşaqlığım burda keçib, məktəbə burda gedib, burda bitirmişəm, ilk dostlarımı burda tapmışam, bilmirəm, amma bildiyim bir şey var ki,  mən bu şəhərsiz  özümü təsəvvür etmirəm. Məsələn, vətənimizin paytaxtı doğma  Bakımızı çox sevirəm, 17 yaşımdan  demək olar ki, hər gün ora gedirəm, dərsimlə, işimlə əlaqədar, amma axşam olunca, mən bura üçün darıxıram. Və  şəhərimiz haqda dediklərinizə tam olaraq qatılıram, çünki, bu gün Sumqayıtın həyatında baş verən dəyişiklikləri görməmək mümkün deyil.  Mehriban və səmimi şəhərimiz gözəlliklər içərisindədir. Nə qədər abadlıq və təmir işləri görülüb. Binaların yenidən bərpası və təmiri, bir -birindən gözəl parklar, yeni məktəblər, bağçalar  və iş  yerləri açılıb. Bütün bunlar şəhərimizin  başçısı  Zakir  Fərəcovun rəhbərliyi  və səyi nəticəsində həyata keçirilən böyük işlərdir. 
- Fəhmin, qeyd etdiyim kimi, bu il sənin,  mənim  doğma şəhərimiz Sumqayıtımızın 70 ilik yubileyidir. Və Azərbaycanın prezidenti  İlham Əliyevin sərəncamı ilə bu yubiley bu ilin noyabrından   respublika səviyyəsində,  cox böyük təmtəraqla keçiriləcək və 1 il boyunca  da  silsilə tədbirlər keçiriləcək. Bu da yenə çox sevindirici və qürurvericidir. Sən bir sumqayıtlı, mədəniyyətimizi təmsilçisi kimi yubileyə hansı töhfələri vermək istəyirsən?
 - Mən də çox böyük fəxr və qürurla  qatılıram bu yubiley tədbirlərinə.  Rayonlarda, müxtəlif bölgələrdə Sumqayıtımızı öz ifalarımla, ona ithaf etdiyim nəğmələrlə təmsil edirəm və hələ qabaqda çox işlər var. Təkcə ifa etməklə deyil, çalışıram hər yerdə bu kiçik,  amma qəlbi, əməlləri  böyük şəhərimizi necə sevdiyimi, onunla qürur duyub fəxr etdiyimi duyğularımla, münasibətimlə də bildirim. Onun qurucuları, elm, mədəniyyət xadimləri haqda yeri düşdüyü məqamlarda nəfəs dərmədən danışıb, onlarla fəxr etdiyimi söyləyirəm.
-Yəqin sən də bilirsən ki, istər elm və mədəniyyət, istər təhsil və səhiyyə sahəsində, istərsə də istehsalatda bizim Sumqayıtımızın uğurları çoxdur. Respublika və dünya əhəmiyyəli insanları var. Yaşı 70 olsa da, kifayət qədər nailiyyətlər və böyük işlər sərgiləyib şəhərimiz. Sən də, addımlarını yeni atsan da,  bu gün şəhərimizin təmsil edən simasan.Və sənə yaradıcılıq uğurları, müvəffəqiyyətlər arzu edirəm. Biz də öz növbəmizdə uğurlarını qəzetimizin gələcək nömrələrində yenə işıqlandırıb, oxucularımıza təqdim edəcəyik.  Düşünürəm, şəhərimizinyetirməsinin nailiyətlərini elə şəhərimizin öz sakinlərinin də izləməsi və xəbərdar olması  yaxşı haldır.
-Təşəkkür edirəm, çox sağ olun, mən də sizin "168 saat" qəzetinin bütün kollektivini  şəhərimizin 70 yaşının tamam olması münasibətilə təbrik edirəm və uğurlar  arzulayıram.  

Məmnun halda sağollaşıb ayrıldım. Doğma Sumqayıtımın  küçələrilə addımlaya-addımlaya, gözəlliyinə tamaşa edərək, ilıq nəfəsini dərindən içimə çəkdim, ağlımdan keçənlərsə o idi ki, bu sevimli şəhərin istedadlı bir   gəncindən müsahibə almaq, uğurlarına sevinmək, Sumqayıtın özünü  sevmək qədər hüdudsuzdur, sözəgəlməzdir. 

Könül Siyavuşqızı
Rəy bildir +
Oxşar xəbərlər
Əruzun rəqəmsal modelləşməsi  Sumqayıtda kəşf edilib
13:1423 aprel

Əruzun rəqəmsal modelləşməsi Sumqayıtda kəşf edilib

Onu  illərdi tanıyıram, şəxsinə həddən ziyadə  hörmət və rəğbətim var.  Olduqca maraqlı, eyni zamanda yaradıcı bir  insandır. Daim axtarışdadır.  "Öyrənmək heç vaxt gec deyil" prinsipi həyatından, hətta, yaradıcılığından qızıl bir xətt kimi keçir. İllərdir müəllim deyə, müraciət etdiyim bu

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO