İSTİ XƏBƏRLƏR
» » Çempionlar Liqası adlı gözəlin 4 "adaxlısı"

Çempionlar Liqası adlı gözəlin 4 "adaxlısı"


Məlum olduğu kimi, bu gün və sabah UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. İlk oyun günündə "Tottenhem" - "Ayaks" görüşü baş tutacaq. Ertəsi gün isə "Barselona" "Liverpul"u qəbul edəcək. Oyunlar ərəfəsində komandaların düşərgəsinə boylanmaqla son vəziyyətin necə olduğunu araşdırmağa qərar verdik.

"Tottenhem" - "Ayaks"
Meydan sahibləri klub tarixində ilk dəfə finalın bir addımlığındadır. Maurisio Poçettinonun "drujinası" digər yarımfinalçı "Barselona"nın da yer aldığı B qrupunu İtaliyanın "İnter" və Hollandiyanın PSV komandalarını qabaqlamaqla ilk pillədə tamamlamışdı. Düzü, komandanın qrup mərhələsini adlaması nisbətən gözlənilən olsa da, turnirin yarımfinal mərhələsinə kimi yüksəlməsi sürpriz oldu. 1/8 final mərhələsində Dortmund "Borussiya"sını hər iki oyunda qapısında qol görmədən (3:0, 1:0) məğlub edən və 8 illik fasilədən sonra ən yaxşı 8 komanda arasına yüksələn "Dumanlı Albion" təmsilçisi 1/2 finala gedən yolda isə öz ölkəsinin təmsilçisi "Mançester Siti"ni iki oyunun nəticəsinə görə (1:0, 3:4) üstələdi. Yerli çempionatda xeyli geri qaldığı "şəhərlilər"i məğlub etmək "Tottenhem"i ümidləndirsə də, komandanın problemləri də az deyil. Belə ki, komandanın əsas heyət üzvləri Erik Lamela və Serj Oryenin bu gün meydanda olması sual altındadır. Digər tərəfdən, Erik Dayerlə Fernando Lyorentenin zədəsinin yeni sağaltmış olması da baş məşqçini düşündürən məqamlardandır. Əvəzində komanda son vaxtlar yüksək səviyyədə çıxış edən və bu matça qədər turnirdə keçirdiyi 8 oyunda rəqib qapılarına 5 dəfə yol tapan Herri Keyn və Hun Min Sona güvənir. "Mançester Siti" ilə oyunlarda komandasının vurduğu dörd qoldan üçünə imza atan Son bu mövsüm Çempionlar Liqasında ümumilikdə dörd qol vurmaqla sözügedən turnirdəki qollarının sayını 12-yə çatdırıb ki, bu da onun hələlik ən məhsuldar asiyalı futbolçu kimi tarixə düşməsinə şərait yaradıb.
Bəlkə də heç kim "Tottenhem" kimi Hollandiyanın "Ayaks" komandasının da yarımfinala kimi irəlləyəcəyini gözləmirdi. Cari mövsümdə Çempionlar Liqasının E qrupunda yer alan Amsderdam təmsilçisinin "Bavariya" "Benfika" və AEK-in yer aldığı qrupda ən yaxşı halda 2-ci ola biləcəyi proqnozlaşdırılırdı ki, bu da daha çox "Benfika"nın durumunun ürəkaçan olmamsı ilə bağlı idi. Hər halda, Deyli Blind, Coel Veltman, Nussair Mazraui, Donni van de Bek və komandanın 19 yaşlı kapitanı Matteys de Liqtin əsas heyət üzvləri olduğu komandadan bundan artığını gözləyənlər çox az idi. Buna baxmayaraq təcrübəli oyunçularla gənclərin sintezindən qurulan Amsterdam klubu Çempionlar Liqasının yarımfinalına qədər irəlləməklə hamını təəccübləndirdi. Məsələn, "Ayaks"ın "Yuventus"la Çempionlar Liqasındakı son oyununda əsas heyətdə meydana çıxan futbolçulardan yarıdan çoxunun - düz 6 nəfərinin yaşı 19-la 23 yaş arasındadır. Ancaq buna rəğmən komanda ard-arda iki "futbol tanrısı"nı sıradan çıxardı. Əvvəlcə son üç mövsümün qalibi Madrid "Real"ına, ardınca isə İtaliyanın "Yuventus" komandasına qalib gələn Erik Ten Haqın yetirmələri hər iki komandaya səfərdə qalib gəlməklə diqqətləri üzərilərinə çəkmişdi. Belə ki, 1/8 finalın ilk matçında doğma meydanda "Real"a 1:2 hesabı ilə məğlub olan hollandlar Madriddə 4:1 hesablı qələbə ilə mərhələ adlamışdı. Elə 1/4 finalın ilk qarşılaşmasında da "Yuventus"la "ev" oyunu qələbəsiz (1:1) başa çatmış, mərhələni Turində adlamaq (2:1) mümkün olmuşdu. Yeri gəlmişkən, "Yuventus"u Turində iki dəfə mərkəzə dəvət edən Hollandiya klubu bununla cari mövsüm avrokuboklarda qol sayını 32-yə çatdırıb. Erik Ten Haqın rəhbərlik etdiyi kollektiv 1979-80 mövsümündəki 31 qolluq rekordunu yeniləyib. Həmçinin "Ayaks" cari mövsüm bütün turnirlərdə qol sayını 155-ə çatdırıb. Komanda bu göstəricidə isə 2009-10 mövsümündəki rekordunu təkrarlayıb. Eyni mövsümdə həm "Yuventus", həm də "Real"a səfərdə qalib gələrək ilki gerçəkləşdirən "Ayaks" həm də təsnifat mərhələsindən yarımfinala qədər irəliləyən birinci komanda olub. Onu da qeyd edək ki, "Ayaks"14 ildən sonra Çempionlar Liqasında yarımfinal görən ilk "Top-5"dən kənar ölkə təmsilçisidir. Sonuncu dəfə bunu Hollandiyanın digər komandası PSV bacarmışdı. 2005-ci ildə eyndhovenlilər yarımfinalda "Milan"a uduzmuşdular.
 Xatırladaq ki, "Tottenhem"lə "Ayaks" avrokuboklarda daha öncə cəmi bir dəfə qarşılaşıb ki, həmin vaxt da ingilislər 3:0 və 3:1 hesabı ilə qalib gəliblər. Ümumilikdə isə "Dumanlı Albion" təmsilçisi Hollandiya klubları ilə 14 matç keçirib ki, onlarda da 9 qələbə, 5 heç-heçə və 3 məğlubiyyət qeydə alınıb. Rəqib "Ayaks"ın ingilis klubları ilə oyunlarına gəlincə, hollandlar bu gün qalib gəlsə, bütün göstəricilər bərabərləşəcək. Belə ki, indiyə qədər "Ayaks" 7 qələbə qazanıb, 8 oyunda bərabərlik qeydə alınıb. Daha 8 oyunda isə İngiltərə komandaları üstün olub.

"Barselona" - "Liverpul"
Yer aldığı B qrupunda yalnız "İnter"lə səfər və "Tottenhem"lə "ev" oyununda xal itirən "Barselona" turnirin bir nömrəli favoriti sayılır. Bu səbəbdən İspaniya klubunun 1/8 final mərhələsində Fransa "Lion"una iki matçın nəticəsinə əsasən (0:0, 5:1) 5, "Mançester Yunayted"in qapısına isə (1:0, 3:0) 4 top vurması çox şeydən xəbər verir. Yeri gəlmişkən, kataloniyalılarla oyunda qələbə qazanan tərəf "Mançester Yunayted" olsaydı, ingilislər 2006/07, 2007/08 və 2008/09 mövsümlərindəki göstəricini təkrarlayacaqdı. Xatırladaq ki, həmin vaxtlarda hər üç halda "Mançester Yunayted" ən yaxşı dördlükdə olan üç ingilis klubundan biri idisə, onlara 2006 /2007 və 2007 /2008-ci illər mövsümündə  "Çelsi" və "Liverpul", sonrakı mövsüm isə "Arsenal" və "Çelsi" qoşulmuşdu.
Mövsümün sonuna doğru toparlanan "Liverpul" buna qədər isə az qala elə qrup mərhələsindəcə Çempionlar Liqası ilə vidalaşacaqdı. Belə ki, komanda ən nüfuzlu klub turnirinə PSJ üzərində qələbə ilə başlasa da, sonrakı dörd görüşdə itirilən 9 xalın Yurgen Kloppun bütün planlarını pozacaqdı. Yalnız son turda klub "Napoli" üzərində qələbə qazanmaqla xallarının sayını İtaliya klubu ilə eyniləşdirdi və ümumi göstəricilərdə onları üstələyərək növbəti mərhələyə adladı. Məhz bundan sonra toparlanan "Mersisaydlılar" yarımfinala qədər rahat irəllədi. Sonrakı dörd qarşılaşmada qapısında cəmi iki qol görən "qırmızılar" əvvəlcə güclü "Bavariya"nı (0:0, 3:1), ardınca isə "Porto"nu (2:0, 4:1) məğlub etməklə diqqətləri üzərinə çəkdi. "Liverpul"da Sadio Mane, Məhəmməd Salah və Roberto Firminodan təşkil olunan hücum "trio"su xüsusən diqqət çəkir. Çempionlar Liqasındakı son oyunda "Porto"nun qapısından hərəyə bir top keçirən üçlük "qırmızılar"ın heyətində avrokuboklardakı qollarının sayını 14-ə çatdırıb. bu isə komanda tarixinin ən yaxşı göstəricilərindəndir. Yeri gəlmişkən, qeyd edək ki, Bu baxımdan rekord sabiq kapitan Stiven Cerrarda məxsusdur. Onun aktivində ÇL-də 21 qol var. Yeri gəlmişkən, Roberto Firmino Çempionlar Liqasının yarımfinal mərhələsində "Barselona" ilə oyunu buraxa bilər. "168 saat" qəzetinin "Marca"ya istinadən məlumatına görə, braziliyalı forvardın əzələsində problem var. Bu səbəbdən Firmino Premyer Liqanın XXXVI turunda "Haddersfild"lə (5:0) qarşılaşmanı buraxmalı olmuşdu. Həkimlər 27 yaşlı oyunçunun "Nou Kamp"da meydana çıxıb-çıxmayacağına oyundan bir gün əvvəlki məşqdən sonra qərar verəcəklər.
"Barselona" ilə "Liverpul"un şəxsi oyunlarına gəlincə, ilk dəfə 1975/1976-cı illər mövsümündə UEFA kubokunda yarımfinalında qarşılaşan tərəflərin duelində 1:0 və 1:1 hesabları qeydə alınmış və "Liverpul" mərhələ adlamışdı. Tərəflərin 2000/2001-ci "futbol ili"nə təsadüf edən qarşıdurmasında da yenə bir heç-heçə və bir qələbə (0:0, 1:0) ilə ingilislər üstün olmuşdu. İki komandanın görüşlərində "Barselona"nın üstün olduğu ilk duel isə 2002-ci ildə Çempionlar Liqasının ikinci qrup mərhələsində olmuş və səfərdə üç xalı üç qolla təmin edən İspaniya klubu "ev"də qolsuz heç-heçəyə razılaşmışdı. "Barselona” və “Liverpul"un bu gün keçiriləcək oyundan əvvəlki son qarşılaşmasında isə "Mersisaydlılar" səfədə vurulan qolun hesabına rəqibini mübarizədən kənarlaşdırmışdı. Belə ki, 2006/2007-ci illər mövsümündə İspaniyada 2:1 hesabı ilə qalib gələn "qırmızılar" doğma publika qarşısında minimal hesabla yenilsə də, iki matçın nəticəsinə görə Çempionlar Liqasında 1/8 finala vəsiqəni təmin etmişdi. Ümumilikdə isə "Barselona" İngiltərə təmsilçiləri ilə matçlarda daha üstündür. Belə ki, indiyə qədər 35 dəfə İngiltərə klublarına qalib gələn kataloniyalılar 21 dəfə heç-heçə oynayıb. Tərəflərin qarşı-qarşıya gəldiyi 18 görüşdə isə "Barselona" meydanı başıaşağı tərk edib. "Liverpul"un İspaniya klublarına qarşı ümumi üstünlüyü isə o qədər də böyük deyil. Belə ki, 14 oyunda qələbə qazanan sözügedən komanda 12 matçda məğlub olub. Eyni sayda qarşılaşma isə heç-heçə başa çatıb.
Xatırladaq ki, həm bu gün keçiriləcək "Tottenhem" - "Ayaks" görüşü, həm də  sabah baş tutacaq "Barselona" "Liverpul" matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Rəy bildir +
Oxşar xəbərlər
Adı oyun alqı-satqıısında hallanan  klubun sumqayıtlı futbolçusu:  "Region Liqasında belə bir şeyin olacağına inanmazdım"
18:2830 aprel

Adı oyun alqı-satqıısında hallanan klubun sumqayıtlı futbolçusu: "Region Liqasında belə bir şeyin olacağına inanmazdım"

Ötən həftə Region Liqasında baş tutmalı olan "FC Baku" - "Şahdağ" qarşılaşmasının birincilərin adının danışılmış oyunlarda hallanması səbəbindən təxirə salınması az maraq doğurmadı. İddialara görə,  Region Liqasının ikinci pley-off mərhələsi çərçivəsində keçirilmiş "Füzuli" - "FC Baku" oyununun

"Sumqayıt" məğlub oldu:  Məşqçilər nələr dedi?
10:1223 aprel

"Sumqayıt" məğlub oldu: Məşqçilər nələr dedi?

Ötən həftə Topaz Premyer Liqasında 25-ci tura yekun vuruldu. Şəhərimizin yüksək dəstədəki təmsilçisi "Sumqayıt"  bu turda   "Səbail"lə qarşılaşırdı. Qələbə qazanmaq "kimyaçılar"a çempionatda yerini qorumaq baxımından böyük üstünlük qazandıracaqdı, amma  Ayxan Abbasovun komandası bu dəfə də matçı

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU

“Ayaks” və “Barselona” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb
09:0717 aprel

“Ayaks” və “Barselona” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb

Aprelin 16-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə ilk iki vəsiqə qazanan komandaların adları məlum olub.

Salah Afrikanın ən yaxşı futbolçusu oldu
11:4109 yanvar

Salah Afrikanın ən yaxşı futbolçusu oldu

“Liverpul” futbol klubunun şərəfini qoruyan misirli hücumçu Məhəmməd Salah 2018-ci il üzrə Afrikanın ən yaxşı futbolçusu seçilib. Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bu, Seneqalın paytaxtı Dakarda keçirilən təntənəli mərasimdə elan olunub. Qeyd edək ki, Salah ardıcıl