İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular


Artur müəllim

Azərbaycanın sabiq baş naziri Artur Rəsizadə bu həftə Demokrat.az saytına böyük bir müsahibə verməklə gündəmə gəlmişdir. Artur müəllim özünü günəşə verdiyi üçün qışda Dubayda yaşadığından, indi Azərbaycanda da havalar isindiyindən geri qayıtdığından, ölkə Prezidentinin apardığı siyasətdən razı olduğundan, Qarabağ problemini həll etməkçün müharibə etmək lüzumundan, Avropa İttifaqı ilə münasibətlərin prinsiplərindən, Azərbaycanla Rusiya arasında dostluğun tarixi köklərindən danışmışdır.
"6 xətt"in fikrincə, Azərbaycana 22 il baş nazirlik etmiş Artur müəllimin 22 ildə üst-üstə heç 22 kəlmə söz söyləmədiyi halda indi birdən birə 2022 söz söyləməsinin, ola bilsin, düşər-düşməzi olsun. Məsələn, ola bilsin, Hindistana "Fani" qasırğasının gəlməsi, yaxud, ABŞ-da Missisipi çayının daşması elə bu səbəbdəndir.

Məhkəmə

Bu həftə Şirvan İnzibati İqtisadi Məhkəməsi orda keçən məhkəmə prossesi ilə tarixə düşüb. Belə ki, hakim Orxan İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Ağcabədi Olimpiya İdman Kompleksinin "Azəriqaz"  İstehsalat Birliyinə qarşı qaldırdığı iddiaya baxılıb. Iddiaya səbəb qazçıların idmançılara şişirtmə borc yazmaları olub. Və uzun məşvərətdən sonra məhkəmə qərar elan edib. Qərara əsasən, iddia ərizəsi elektron qaydada verilmədiyindən geri qaytarılıb.
"6 xətt"in fikrincə, yəqin, idmançıların gözbağlayıcı xüsusiyyəti olub ki, onlar ərizə verəndə məhkəmə ərizəsinin elektron  yox, kağız formatında olduğunu duymayıb, neçə müddət prosses keçirib, yalnız hökm çıxarılanda görüb ki, deməzsənmiş, ərizə elektron yox, kağız imiş. 
Ay bərəkallah!

Aydın müəllim

Milli Məclisin deputatı Aydın Mirzəzadə bu həftə  "Məktəblinin dostları" layihəsinin hesabat tədbirində çıxış edib. O şagirdlərin məktəb çantalarının ağırlığı problemini qabardıb və bildirib ki, bunun qarşısını almaq üçün  dərsliklər tədris ili üzrə deyil, rüblüklər üzrə  çap olunmalıdır. Yəni, tutalım ki, bir qalın ana dili dərsliyi əvəzinə dörd nazik ana dili dərsliyi çap olunmalıdır.
Aydın müəllim deyib: "Bu gözəl təklifdir. Nəyə görə şagird birinci rübdə ikinci, üçüncü rüblərin mövzuları olan qalın dərsliyi daşısın?" 
Aydın müəllimin imam üçün, yaxud yezid üçün ağladığını bilmərik, ancaq onu söyləyə bilərik ki, dərsliklərin qiyməti onların qalınlığına, nazikliyinə əsla baxmır. Demək, rüblük dərsliklərin qiyməti illik dərsliklərin qiymətindən əsla fərqlənməyəcək. Övladına, tutalım 10 fənn üzrə 10 kitab alan valideyn indi 40 kitab alası olacaq.
Yaxşı ki, hələ Aydın müəllim aylıq, lap elə həftəlik kitabları çıxarmağı təklif etməyib.
Rüşvət

Bu həftə qəribə bir hadisənin üstü açılıb. Məlum olub ki, Çindən olan zəngin ər-arvad öz qızlarının ABŞ-ın nüfuzlu Stenford Universitetinə daxil olması üçün 6,5 milyon dollar rüşvət verib. Valideynlər sözügedən məbləği ali təhsil ocağına qəbul və konsaltinq xidmətləri həyata keçirən kommersiya təşkilatının hesabına keçiriblər.
Şirkətin təsisçisiVilyam Singer sənədləri saxtalaşdıraraq abituriyentin möhtəşəm nəticələri olduğunu göstərib. 
Amma məsələnin üstü açılıb, vasitəçilik edən şrkətə qarşı cinayət işi açılıb.
Adam az qalır qayıdıb deyə  ki, ay çinlilər, biz sizin geydirmə mal buraxmaq bazarınıza girmirik,  bəs siz niyə bizim rüşvətvermə bazarımıza girirsiniz? Rüşvət vermək, axı, bizlikdir.

Paşinyan

Avrasiya İqtisadi Birliyinin Hökümətlərarası Şurasının  İrəvanda keçirilən iclası zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın üzünü Rusiyanın baş naziri Dmitri Medvedyevə tutaraq "Başqa sual yoxdursa biz keçə bilərik" söyləməsi, bunun qarşılığında da Medvedyevin, təbəssümlə "Yox, hara keçək" sualını verməsi, iclas iştirakçılarının da gülüşməsi böyük hay-küy doğurub.
Ermənistan müxalifəti sosial şəbəkədə bunu Medvedyevin Paşinyanla məzələnməsi, Paşinyanın Rusiyanın yanında heç bir hörmətinin olmaması kimi izah ediblər.
Nikol müəllim özü isə Facebookda yazıb ki, ay müxalifət boş-boş danışmayın, iclas uzun keçmişdi, hamımız qəhvə içməyə tələsirdik, mən qəhvə içmək mərasiminə keçməyi nəzərdə tutmuşam ele deyəndə, Medvedyev də nə dediyimi anlamayıb.
Olsun ki, bundan sonra Paşinyan rəsmi tədbirlərdə rusca nəsə söyləmək istəyəndə öncə tərcüməçisiylə məşvərət eləyib sonra söyləsin. Yoxsa, daim bu cür gülünc vəziyyətlərdə qala bilər.



Axmaq

Bu həftə ABŞ-ın Texas ştatının sakini misli görünməmiş bir hərəkətinə görə tarixə düşmüşdür. O, 27 oktyabr tarixində Kollec-Steyşn universitet şəhərciyindən aldığı Quick Pick lotereya biletində udduğu çek-potu - 2 milyon dolları götürmək vaxtını qeyb etmişdir. Texas lotereya komissiyası 6 ay ərzində üzə çıxmayan nəməlum bəxtəvərin uduşunu ləğv etmişdir.
Yeri gəlmişkən, ABŞ lotereya komissiyası bəyan etmişdir ki, ötən il də buna bənzər hadisə baş vermişdi. Bir amerikalı udduğu çek-potu yalnız 6 aylıq müddətin bitməsinə bir neçə dəqiqə qalmış özünü məntəqəyə yetirərək tələb etmişdi.
Sən iki milyon udasan, pulu almağa 6 ay sonra gedəsən? Ya da heç getməyəsən?.
"6 xətt"ə  Azərbaycan lotereya bazarından sızan məlumata görə bizdə uduşları bəxtigətirənlər televiziyada tiraj elan olunar-olunmaz dərhal bilet satanlardan tələb edirlər. Özü də heç böyük uduşlar yox, hətta 1, 3, 5 manatlıq uduşlarda.
Rəy bildir +
Oxşar xəbərlər
Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
11:0023 aprel

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
10:3516 aprel

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə