İSTİ XƏBƏRLƏR
» » Sosial islahatlar paketinin davamı: İcbari tibbi sığorta

Sosial islahatlar paketinin davamı: İcbari tibbi sığorta


Növbəti ildən etibarən icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqinə başlanılacaq. Artıq 2017-ci ilin yanvarından ölkəmizdə icbari tibbi sığortanın pilot layihə şəklində həyata keçirilməsinə başlanmışdı.
Həyata keçirilən sosial tədbirlərin davamı olaraq, əhaliyə keyfiyyətli tibbi xidmətin təşkili məqsədi ilə "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər layihəsi hazırlandı və 2018-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edildi. 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək Qanunda bütün əhaliyə təcili və təxirəsalınmaz tibbi yardım, habelə,ilkin səhiyyə xidməti üçün sığorta haqlarının dövlət büdcəsi tərəfindən ödənilməsi göstərilmişdir. 

Sosialyönümlü yanaşma


İlkin səhiyyə xidməti üçün sığorta haqlarının dövlət büdcəsindən ödənilməsi, habelə, ölkə əhalisinin 45 faizini təşkil edən iqtisadi qeyri-fəal əhali, başqa sözlə, uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar üçün sığorta haqqının dövlət büdcəsi tərəfindən ödənilməsi sosialyönümlü siyasətin ifadəsidir. Bu addım həm də Prezident İlham Əlieyin təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən sosial islahatlar paketinin məntiqi, praktik davamı idi.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı bu məsələyə xüsusi olaraq diqqət ayırdı. Sitat: "İcbari tibbi sığorta ilə bağlı görülən işlər gözəl nəticə verir. İki ildir ki, bu proqram icra edilir və pilot layihələr insanları razı salır, vətəndaşlar razıdır, həkimlərin əməkhaqqı qalxır. Yəni, bu, ciddi addımlardır və göstərir ki, biz hər bir sahədə yeni addımlar atmalıyıq, dünyanın ən mütərəqqi təcrübəsini Azərbaycana gətirməliyik, tətbiq etməliyik və nəticə etibarilə daha da uğurlu inkişaf modeli ortaya qoymalıyıq".

Pilot layihə özünü doğrultdu


Tibbi sığortanın tətbiqinin keyfiyyətli təşkilini təmin etmək, qarşıya çıxacaq mümkün risklər və problemləri daha öncədən görmək və həll etmək məqsədi ilə layihə ilk olaraq 2017-ci ildə pilot layihə kimi tətbiq edilməyə başlanıldı. Pilot ərazilər olaraq isə Mingəçevir şəhəri və Yevlax rayonunun əraziləri seçildi, 2018-ci ildən etibarən isə Ağdaş rayonunun ərazisində də tətbiq edildi. 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına görə, əhalisi 340 min nəfər təşkil edən pilot ərazilərdə sığorta olunanlar və 30 minə yaxın məcburi köçkün baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edilib.  Tibb müəssisələrinin fəaliyyətində məhsuldarlıq artırılaraq tibbi-iqtisadi rentabellik təmin olunub. Mövcud maddi-texniki baza və kadr resursları ilə daha çox pasiyentə xidmət göstərilib və nəticədə 2018-ci ildə pilot ərazilərdə ambulator-poliklinik gəlişlərin sayı 1,1 milyon olub, adambaşına düşən həkimə gəlişlərin sayı 3,2 dəfə təşkil edib. Evə yazılan xəstələrin sayı isə 21 min 454 nəfər olmaqla 2016-cı illə müqayisədə 11 faiz artıb. Bununla yanaşı, icbari tibbi sığortanın tətbiqi nəticəsində pilot ərazilərdə anadangəlmə ürək qüsuru ilə doğulan 37 uşaq əməliyyat edilib, onlar əlillikdən xilas edilərək öz sağlamlıqlarına qovuşublar.

Yeni keyfiyyət standartları

Bu sahədə nəzərdə tutulan mühüm addımlardan biri də dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı olacaq. Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyi birgə tibb müəssisələri üçün keyfiyyət standartları üzərində işə başlayıb. Məlumata görə, 2020-ci il ərzində 20 standartın tətbiqi nəzərdə tutulub. Standartlara uyğun fəaliyyət göstərən tibb müəssisələri Agentlik tərəfindən keyfiyyət indeksinə uyğun əlavə maliyyələşmə imkanı əldə edəcək. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayının 200-ə çatdırılması nəzərdə tutulub.
Beləliklə, aydın olur ki, söhbət yalnız icbari tibbi sığortanın mexaniki olaraq tətbiqindən yox, onun bütün ölkə üzrə keyfiyyətli, davamlı və nəticəyönümlü tətbiqindən gedir. Həyata keçirilən sosialyönümlü siyasətdən irəli gələrək dövlət daha bu addımla bir sıra məsələlərin həllinə nail olmaqda maraqlıdır. Birincisi, vətəndaşa keyfiyyətli tibbi xidmətin göstərilməsini təmin etmək. İkincisi, vətəndaşların maliyyə yükünün azaldılması. Üçüncüsü, bu sahədə şəffalığın təmin olunması və nəhayət, həkimlərin, tibb işçilərinin əməkhaqlarının artırılması.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
18:0626 aprel

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

  Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin aşağı salınması barədə qərarı şərh edib

93,1 faiz niyə "hə" deyir?
10:4416 aprel

93,1 faiz niyə "hə" deyir?

Fransanın "Opinion Way" şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunda "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?" sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. "Regionların sosial-iqtisadi inkişaf proqramı" və hökumətin

Ermənistanda iqtisadi problemlər  demoqrafik gərginliyi artırır
10:4416 aprel

Ermənistanda iqtisadi problemlər demoqrafik gərginliyi artırır

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO