İSTİ XƏBƏRLƏR
» » Ürəksizlik

Ürəksizlik


(Olmuş əhvalatdır) 

Şair dostlarımızdan biri danışırdı ki, gənc yaşlarında mindiyi avtobusda bircə boş yer olduğunu görüb və orada oturmağa tərəddüd eləyibmiş. Çünki, ay parçası kimi son dərəcə gözəl bir qızla yanaşı əyləşməli imiş. Qız da sanki onun tərəddüdünü anlayıb və işıqlı təbəssümlə üzünə baxıb. Gənc şair bundan ürəklənərək boş yeri tutub. 
Mənzil başı uzaq olduğundan, yavaş-yavaş yola "nərdivan" qoyublar. Səyahət həzzi, təbiət, ülviliklə bağlı duyğularını bölüşüblər. Gözəl qız elə səmimi və xəyalpərvər görünüb ki, şair hətta onun əlinə toxunmağa cəsarət eləyib. Beləcə, baş-başa, omuz-omuza "ağızləzzəti" söhbətlər ediblər. 
Qız oturacaq qonşusunun şairliyini bilincə çox sevinib. Özünün də ədəbiyyat həvəskarı olduğunu dilə gətirib. Tanınmış şairlərdən örnəklərlə bərabər, öz cızmaqaralarından da söyləyib. Şair də özünün şeirlərindən erkək-erkək guppuldadıb. Sanki "sən" deyə müraciət elədiyi obrazın məhz o olduğunu anlatmağa çalışaraq ipisti barmaqlarını ovcunda sıxcalayıb. 
Bir saat keçər-keçməz qız təəssüflə: "İrəlidə düşəcəyəm", - söyləyib və çantasından çıxardığı bloknotun bir vərəqinə telefon nömrəsini yazıb şairə verib ki, bir həftə sonra Bakıya qayıdacağam, istəsən, zəng edərsən. Şairsə ona "İstəsəm nədir, gözəlim?! - deyə cavab verib, - o vaxta qədər günləri, saatları, dəqiqələri sayacağam". 
Şairin söylədiyinə görə, o, avtobus dayanıb toxdayanda ayağa qalxıb və qıza yol verib. Qız da şirin təbəssümlə "Hələlik!" deyərək darısqal keçidlə birtəhər irəliləyib. Və... qız enəndən sonra şairi sanki qəfil cərəyan vurub, həyatındakı ən şok halı yaşayıb: gözəl qız yeriməkdə çətinlik çəkirmiş. Oğlan avtobusun pəncərəsindən baxsa da, günahkar kimi, gözünü ondan gizlətməyə çalışıb. Elə bil, bayaq yüksək ideallardan, sevgidən-filandan dəm vuran, bu yolda ən böyük fədakarlığa hazır olduğunu dönə-dönə anlatan heç o deyilmiş. Qız qanrılıb əlini yelləyəndə özünü bir az da itirib, bilməyib neyləsin. Avtobus tərpənincə oğlan bir də geri boylanıb. Gözəl, əməlli-başlı əngəlli imiş: bir ayağının o birindən aşkar gödək olması, bunun da onu taytımağa məcbur eləməsi ürəyini bərk ağrıdıb. 
Günah işlətmiş adam durumunda olan şair yolboyu xeyli pərt hallar keçirib. Ta mənzil başınacan lal-dinməz oturub. Sonra da vağzalyanı qəlyanaltıda iki yüz qram araq içib ki, birtəhər özünə gəlsin. 
Şair xəcalət çəkə-çəkə danışırdı ki, bir həftə sonra qıza zəng eləməyə cürəti çatmayıb və onu biryolluq unutmağa çalışıb. Amma bu, bilmərrə mümkün olmayıb. Etiraf edirdi ki, illər öncə xain çıxdığı o ay üzlü gözəlin söhbətlərini, ona kino kimi gələn həmin görüşün sonunda yaşadığı şoku unuda bilmir. 
...Sonradan ailə quran şairin iki salamat oğlu olsa da, yeganə qızı əngəlli doğulduğundan, bir addım belə sərbəst yeriyə bilmirdi. Şair özü isə ömrünün son illərində qanqrenaya tutulmuş, bir ayağı dizdən amputasiya edilmişdi. Oğlanları onu müalicə üçün xaricə aparsalar da, xeyri olmadı və şair qürbət ellərdə dünyasını dəyişdi. 
Fədakar olmamağınmı cavabıydı, ürək qırmağınmı cəzasıydı? 
Kim bilir...

Əli NƏCƏFXANLI
Rəy bildir +
Oxşar xəbərlər
"Koroğlu"nu,  "Cavad xan"ı  yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi
15:2810 may

"Koroğlu"nu, "Cavad xan"ı yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi

Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman görkəmli rejissorla görüşərkən (adətən teatr məbədlərimizdə - Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar

Ya mənim olacaqsan,  ya da qara torpağın
18:2530 aprel

Ya mənim olacaqsan, ya da qara torpağın

2015-ci ilin mart ayında, baharın ilk günlərində tanış olduğu oğlan Günelin  həyatına, ömrünə sanki bahar gətirmişdi. Dostluqları o qədər səmimi idi ki,  hər gün bir-biri ilə zəngləşir, imkan tapanda isə görüşürdülər. Lap ruh əkizləri kimi yaşayırdılar. Tanışlıqlarının 1 ayı tamam olanda isə

Alfred, İbrahim Xan, Arlekin...
18:0330 aprel

Alfred, İbrahim Xan, Arlekin...

Gənc bir tələbəydi onu tanıyanda. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində  oxuyurdu,   o  zamanlar  mən Azərbaycan Televiziyasının"Səhər" proqramında çalışırdım  və " Etiket qaydaları " adlı rublikamıza gənc aktyorlar çəkməliydik.  Getdik universitetə ki,  tələbələr arasından seçim edək.

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"
12:0930 aprel

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"

Sentryabr ayının 30-dan oktyabr ayının 3-dək Bakıda Avrasiya Materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festifallar festifalı keçiriləcək. BMT-nin himayəsi ilə, Avrasiya Millətlər Assambleyasının, LiFFt Fondunun və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələcək bu festifalda 50 ölkənin 150

Əruzun rəqəmsal modelləşməsi  Sumqayıtda kəşf edilib
13:1423 aprel

Əruzun rəqəmsal modelləşməsi Sumqayıtda kəşf edilib

Onu  illərdi tanıyıram, şəxsinə həddən ziyadə  hörmət və rəğbətim var.  Olduqca maraqlı, eyni zamanda yaradıcı bir  insandır. Daim axtarışdadır.  "Öyrənmək heç vaxt gec deyil" prinsipi həyatından, hətta, yaradıcılığından qızıl bir xətt kimi keçir. İllərdir müəllim deyə, müraciət etdiyim bu