İSTİ XƏBƏRLƏR
» » Gecə saat 2-də, Dəmiryol vağzalı tərəfdə....

Gecə saat 2-də, Dəmiryol vağzalı tərəfdə....



Cəlal Qurbanov qızına yalvardi ki, düz yola qayıtsın, xeyri olmadı. Söydü, döydü, yenə düz yola qaytara bilmədi. Axırda cibinə bıçaq qoyub onu güddü, qısa ətək geyinmiş halda müştəri maşınına əyləşəndə başının üstünü aldı.
2011-ci ilin yay aylarında  Bərdənin Qaradırnaq kəndində yaşayan Calal Qurbanovun 16 yaşlı qızı Zərintac  qonşu Arabaçılar kəndində yaşayan  Namiqə qoşulub qaçanda, kişinin dalağı sancmışdı. Əcaba, bu qız haçan bu yaşda oğlan tapmağa macal tapmışdı? Zərintac ərə gedəndən sonra iki oğlan uşağı da dünyaya gətirdi.  İki uşaq anası olsa da, ər evində dedi-qoduları, qovğaları tükənmədi. Günlərin bir günü də   Namiq  gənc arvadı Zərintacın əlindəki telefonda başqa kişilərlə yazışmasını tutdu, döydü, söydü, cəzalandırdı, lakin neylədisə, qızı düz yola qaytara bilmədi. Çıxış yolunu, arvadını boşamaqda gördü. Cəlal Qurbanov da, eləmədi tənbəllik öz adının biabır olmaması üçün azyaşlı qızını qaçırdığına görə,  Namiqi Gəncə rayon məhkəməsinə verib həbs etdirdi...
Elə Qurbanovlar ailəsinin  başıbəlalı günləri bundan sonra başlandı. Məhkəmənin hökmü ilə  Zərintacın uşaqlarından birini ata evinə, digərini ana evinə götürdülər. 
Kəndə, eldə-obada isə söz-söhbət bitib tükənmək bilmirdi.  Damı-ocağı ona görə qurursan ki, evin sözü evdə qalsın, lakin indi zəmanə başqadır, söz evdə danışılan kimi dünya ilə bir olur, elə bil ki, işıq sürəti ilə yayılır. Qaradırnaq kəndinin  sakini,   Zərintac Qurbanovanın da  düzgün yolda olmadığı, yüngül həyat tərzi keçirdiyi artıq bütün elə-mahala məlum  idi.  Dərddən beli bükülmüş,  41 yaşlı atası  Cəlal nə illah etsə də qızını yola gətirib, evə yığışdıra bilmirdi.  Zərintac baş götürüb evdən qaçır, Cəlal da gedib tapıb gətirirdi. 
Zərintacın dünya vecinə deyildi. Evdə oturanda elə bil ki, canı sıxılırdı.  Çıxış yolunu kənddən çıxmaqda görürdü.  Onun üçün artıq vaxtın da gecəsi-gündüzü yox idi. Yollar  geniş, maşınlar çox... Yola çıxdımı, mütləq özü kimi birisinə ilişib, gecəsini keçirməyə yer tapırdı.  Kafe, restoran, fərqi yox idi... İçkili kişilərin ağuşunda alçalmasına da adi həyat tərzi kimi alışmışdı.  Xoş sözlər   deyənlər də olurdu... yalandan deyilən   "gözəlim", "qəşəngim", "ceyranım" sözlərini eşidəndə özünü göyün yeddinci qatında hiss edirdi. Elə bilirdi ki, həqiqətən də dünya gözəlidir. Ömründə bir kitab oxumayan, bir teatra baxmayan bu gənc qız  mənəvi gözəlləyin, ailə səadətinin nə olduğunu, əsil gözəlliyin sadə, pak  ailə dəyərlərində cəmləşdiyini bilmirdi axı. 
Çirkin və çirkli həyat tərzini Zərintac özü seçmişdi. İlk dəfə cavan həyat yoldaşı Namiqə xəyanət edəndə də xəcalət çəkməmişdi.  Bəlkə də Namiq onun bu xəyanətini bildiyi gün söhbəti gizlətməsəydi, iş bu yerə çatmazdı.  Lakin sonra   cidanı çuvalda gizlədə bimədiyindən, əvvəlcə ailə üzvləri, sonra da qız evinin adamları bilmişdi... İndi Zərintac həyatında olub keçənləri heç xatırlamaq belə istəmirdi, o ancaq bu günü ilə yaşamaq istəyirdi.  Atasının və qaynatasının evində qoyduğu iki körpəsi də yadına düşmürdü. Təki yollar olsun, təzə tanışlar olsun... 
Əvvəllər Bakıda yaşayan nənəsi və xalasının evinə gedərdi. Sonuncu   qurduğu  əhvalatdan sonra daha onlara da getmirdi. Nə çox yol qırağında kafelər, restoranlar, sürücülər... 
Son qurduğu əhvalat isə belə olmuşdur: Nənəsi Səfurə anasını-Yazgül Qurbanovanı çağırmışdı ki, gəl qızına yiyə dur. Anasının əlindən qurtara bilməyəcəyini görüb, hamama keçib  oradan 102-yə zəng vurub demişdi ki, guya nənəsi, xalası və anası onu döyüb-öldürürlər... 102- xidmətinin əməkdaşları da gəlib evdə kim varsa, hamısını aparmışdılar Sabunçudakı 12-ci polis  bölməsinə... Valideynləri, nənəsi və xalası bölmədə and-aman edib ağlamışdılar ki,  yalan söhbətdir, bu qızı döyməyə onların gücü çatmaz. 
Axşamüstü Cəlal gəlib yetişəndən sonra, qadınların izahatını alıb,  polis bölməsindən buraxmışdılar.  Zərintac belə bir hiyləni ona görə işlətmişdi ki, gələcəkdə evdə kimsə ona "Gözün üstə qaşın var"- deməsin. Əslində hiyləsi baş tutmuşdu. Bu hadisədən sonra daha xalasıgilə də gəlib -getmirdi. Qohumlarının əlindən qurtulmaq üçün,arada telefonlarını da bağlamışdı ki,  kimsənin zənginə çavab verməsin. Anası Yazgül  bir neçə müddət qızından xəbər tuta bilməyəndə, yenə nigaran qalıb, polisə qızının tapılması barədə  ərizə ilə müraciət etmişdi. 
...2015-ci ildə  mart ayının əvvəlləri idi. Səfurə Bəylərovanın telefonuna səhər tezdən  zəng gəldi. Telefonun o başında danışan Zərintac idi. Nənəsi Səfurə ondan harada olduğunu soruşduqda əvvəlcə "Bakıdayam"- dedi. Sonra nənəsi "A bala atan-anan bilirmi Bakıda olduğunu?"- soruşduqda,  "Yox, Bakıda deyiləm, Hacıqabuldayam"- deyib  söhbəti yayındırdı. 
Nəvəsi Səfurə onun  üzünə telefonu bağladıqdan sonra  o qızı Yazgülə zəng edərək, Zərintacın Bakıda olması xəbərini çatdırdı. Günortaüstü kürəkəni Cəlal Bərdədən Bakıya yetişib, qaynanasından qızının harada olduğu barədə soruşanda,  qaynana  "Yəqin ki, Sabunçu, ya da Binəqədi yollarının üstündəki kafelərdədir"- demişdi. 
***
Cəlal artıq qonum-qonşunun, əqrabanın tənəsindən bezmişdi. Dəfələrlə qızını dilə tutub  düşdüyü əxlaqsız yoldan çəkinməyi xahiş etmişdi.  Əxlaqsız həyatın sonu  olmadığını, insanı hörmətsiz etdiyini başa salmışdı. Lakin onun dediklərini qızı bir qulağından alıb, o biri qulağından ötürürdü.  Cəlal bilmirdi ki, ailəsini dolandırsın, yoxsa ki, həftədə bir dəfə Bərdədən Bakıya gəlib qızını axtarsın... Daha canından da bezər olmuşdu.  
Qaynanasının evindən çıxıb, bir dükana girdi. Bıçaqlara baxdı, ən iti bıçağı alıb, cibinə qoydu. Özünə söz verdi ki, bu dəfə harada tutsa, başını kəsəcək. Gecədən xeyli keçmişə qədər şosse yollarında olan kafeləri gəzib dolaşdı. Yol boyu özü-özünə deyirdi ki, "Ay allah nə ola qarşıma çıxmaya, nə ola, onu pis yerlərdə görməyim...  Daha başımda papaq gəzdirə bilmirəm... Günahım nə idi ki, Allah, qabağıma belə bədasil övlad çıxardın?"... 
Gecə təxminən 2-3 radələrində  Dəmiryol vağzalı tərəfində olan  bir kafedən açıq-saçıq geyinən iki nəfər qızın çıxaraq  getdiyini gördü. Həmin qızlara yaxınlaşdı. Onların heç birinin Zərintac olmadığını görəndə   bir az sakitləşdi. Lakin ürəyi  sinəsinə sığmırdı. Həyəcandan titrəyirdi, nəfəsi çatmırdı.  Elə bilirdi ki, ətrafdan kimsə keçsə ürək döyüntülərini eşidəcək. Bıçağı qaytarıb yenə belinə qoydu.   Lakin geri qayıdanda... diqqətini bir qız da çəkdi. Bu, həqiqətən  Zərintac idi. Açıq-saçıq geyimdə bir kafedən digər kafeyə keçirdi. 20 il sevib-böyütdüyü, nazını çəkdiyi, dünyaya gəlişində sevindiyi qızı... Əvvəlcə istədi ki,  qızı girən kafeyə  getsin. Lakin utandı, ar elədi. Baharın bu soyuq gecəsində bədəninə soyuq tər gəldi. Gedib   camaatın içərisində nə desin? Desin ki, bu mənim qızımdır, əxlaqsızlıq edir?
Bir qədər gözlədi...  5 ya 10 dəqiqə...Vaxtı saya bilmirdi...  Elə bil ki, zamanın ayağından daş asılmışdı.  Bir qırmızı maşın dayandı.  Zərintac səs-küylə, gülə-gülə kafedən çıxıb, maşına oturmaq istəyəndə, atası qırğı kimi onun başının üstünü alıb qolundan tutdu.  Zərintac dəli kimi qışqırıaraq "Əl çək məndən, nə istəyirsən, mən öz həyatımı yaşayacam, mənim işimə və həyatıma heç kim qarışa bilməz" deyirdi.  Artıq onun çığırtısına bu sözlərinə dözməyib cibindəki  bıçağı çıxararaq  bədəninin açıq yerlərinə zərbələr endirməyə başladı. Cəlal zərbələri endirdikcə, " Yaxın gəlməyin, öz balamdır, namusumuzu ləkələyib, bacara bilmirəm, onun əlindən başım aşağı olub, düzgün yaşamaq istəmədi"- kimi sözləri sayıqlayırdı...
Bir neçə zərbədən sonra qızının çığırtısı kəsildi. Fikirləşdiyi əməlini yerinə yetirmişdi...  Sanki yuxudan ayıldı...
Və 20 yaşlı balasını qan içərisində qoyub  yaxınlıqdakı  polis bölməsinə getdi... Polis bölməsinə gələrək, əlindəki bıçağı göstərib  qızını öldürdüyünü etiraf etdi...
2015-ci il avqustun 13-də  Bakı şəhərində,  Ağır Cinayətlər Məhkəməsində  Azərbaycan   Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək  Cəlal Qurbanova azadlıqdan məhrumetmə cəzası təyin olundu. Məhkəmədə son söz əvəzi olaraq  Cəlal Qurbanov etdiyi əməldən peşman olduğunu boynuna alıb dedi ki, heç bir ata, övladını öldürmək istəməz. Qızım özünə düzgün yol seçmədi. Mən bir zəhmətkeş insan idim. Fəhləçilik edib ailəmi-evimi dolandırırdım. Ər evində olanda da qızıma kömək edirdim ki, təki xoşbəxt olsun. Mən onu xoşbəxt görmək istəyirdim... O isə istəmədi...
Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs Qurbanov Calal Qədir oğlunun cinayəti zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, CM-in 59.1.9-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almaqla cinayətin açılmasına fəal kömək etməsini, CM-in 59.2-ci maddəsinin tələbinə görə isə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, ailə başçısı olmaqla ailəsinə  qazanc   gətirən yeganə şəxs olmasını, əməlindən peşman olmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə aldı. 
Qurbanov Calal Qədir oğlu Azərbaycan Republikası Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə nəzərdə tutulmuş  cinayət əməlini törətməkdə, təqsirli bilinərək 10 il müddətində azadlıqdan məhrum edildi. 
***
Tanrının, Allahın insana verdiyi canı almaq ən böyük günahdır.  İnsanlar özləri üçün tabular, qanunlar yazırlar... Ailə qanunları, cəmiyyət qanunları... Bu qanunların toplusundan da dövlət qanunları yaranır. Dövlət qanununda və Konstitusiyasında da səmavi və dini kitablarda yazıldığı kimi, kiminsə həyatını yarıda kəsmək, öldürmək olmaz deyilir.
Və əgər  məzlum Cəlal Qurbanov da kəndindəki, elindəki tənələrə fikir verməsəydi, yəqin ki, indi evində oturub, güzəranını keçirirdi.  Əslində, qanunlarda yazı  daha doğrudur. Cəmiyyətin qanunları isə bəzən yanlışdır. İnsanlar başlarını aşağı salıb, hər kəs öz işi ilə məşğul olarsa, o zaman belə dedi-qodular yaranmaz. 
İnsanları öz həyatları ilə baş-başa buraxın, pis niyyətlərindən, pis əməllərindən şikayət edin, öldürməyin! Öldürmək, can almaq insana yaraşmaz.  Öldürdüyün insandan sonra  çəkdiyin əzab da səni öldürür, ay insan oğlu...

Aida Eyvazlı
Rəy bildir +
Oxşar xəbərlər
Ürəksizlik
18:4208 may

Ürəksizlik

Şair dostlarımızdan biri danışırdı ki, gənc yaşlarında mindiyi avtobusda bircə boş yer olduğunu görüb və orada oturmağa tərəddüd eləyibmiş. Çünki, ay parçası kimi son dərəcə gözəl bir qızla yanaşı əyləşməli imiş. Qız da sanki onun tərəddüdünü anlayıb və işıqlı təbəssümlə üzünə baxıb. Gənc şair

Ya mənim olacaqsan,  ya da qara torpağın
18:2530 aprel

Ya mənim olacaqsan, ya da qara torpağın

2015-ci ilin mart ayında, baharın ilk günlərində tanış olduğu oğlan Günelin  həyatına, ömrünə sanki bahar gətirmişdi. Dostluqları o qədər səmimi idi ki,  hər gün bir-biri ilə zəngləşir, imkan tapanda isə görüşürdülər. Lap ruh əkizləri kimi yaşayırdılar. Tanışlıqlarının 1 ayı tamam olanda isə

Tükürpədici,  qandondurucu cinayət
10:0825 aprel

Tükürpədici, qandondurucu cinayət

Əziz oxucular. Söz vaxtına çəkər. Düz 6 il öncə Sumqayıt şəhərinin 2-ci mikrorayonunda elə bir cinayət hadisəsi baş verib ki, düzü, onu ifadə etməkdə söz belə acizdir.

Üç dayısını diri-diri yandırdı
17:2016 aprel

Üç dayısını diri-diri yandırdı

... Nigarı 1990-ci ildə  Xızının Şurabad kəndində  yaşayan Füzuli Abbasova ərə verəndə, hələ dünya indiki qədər qarışıq deyildi. Necə olsa da Füzuli balıqçı idi. Həmin illərdə kənd sakinlərinə güzəranlarını ötüşdürmək üçün   balıq tutmağa icazə verirdilər. Balıqdan qazanılan pulla da

4 yaşlı sumqayıtlı "fövqəladə hallar" əməkdaşlarını niyə təəccübləndirdi?
16:4116 aprel

4 yaşlı sumqayıtlı "fövqəladə hallar" əməkdaşlarını niyə təəccübləndirdi?

Şıltaqlığına baxmayaraq, onun qorxmazlığı, cəsarəti, dönməzliyi,  əsl kişi prinsipiallığı hamıda böyük rəğbət oyatdı, onu aləmə tanıtdırdı