İSTİ XƏBƏRLƏR
» » Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?


Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək. Təbii ki, şəhərimizin komandasının Azərbaycan kubokunun finalına vəsiqə qazanması bu matça daha çox maraq göstərməyimizi şərtləndirir. Məhz bu səbəbdən iki komandanın düşərgəsinə boylanmaqla son vəziyyəti təhlil etməyi qərara aldıq.

Kim bura necə gəlib?

"Sumqayıt" bu mövsüm ölkə kubokunda mübarizəyə 1/8 finaldan qoşulmuşdu. Ilk rəqib isə "Qaradağ-Lökbatan" idi. Matçdan dörd cavabsız qolla qalib ayrılan "kimyaçılar" sonrakı mərhələdə ölkə kubokunun əsas favoritlərindən olan vitse-çempion "Neftçi"ni mübarizədən kənarlaşdırdı. Səfərdə paytaxt klubuna 2:0 hesabı ilə qalib gələn "Sumqayıt" doğma publika qarşısında minimal hesabla yenilsə də, mərhələ adlayan tərəf  oldu. 1/4 final mərhələsində olduğu kimi finalın bir addımlığında da "kimyaçılar"ın taleyini səfərdəki uğurlu nəticə həll etdi. Belə ki, yarımfinal mərhələsində "ev"də "Zirə" ilə qolsuz heç-heçəyə razılaşan Ayxan Abbasovun "drujinası" qəsəbə təmsilçisi ilə paytaxtdakı matçda məhsuldar bərabərlik (3:3) əldə etməklə həlledici qarşılaşmada oynmaq haqqı qazandı. 
Şəhərimizin komandasının finaldakı rəqibi "Qəbələ" isə ölkə kubokunda mübarizəyə 1/4 final mərhələsindən başlamışdı. Həmin mərhələdə həm "ev" matçında, həm də səfər qarşılaşmasında "Sabah"a minimal hesabla qalib gələn Sənan Qurbanovun yetirmələri həlledici oyuna vəsiqə uğrunda Topaz Premyer Liqasında son 6 ilin dəyişməz çempionu "Qarabağ"la qarşılaşdı. İlk oyunda Qəbələdə 1:0 hesabı ilə qalib gələn "qırmızı-qaralar" səfərdə 1:2 hesabı ilə yenilsə də, iki oyunun nəticəsi onları finala daşıdı.

Statistika deyir ki...

"Sumqayıt" Azərbaycan kuboku tarixində finala yüksələn 17-ci komandadır. Bunadək keçirilən 25 finalda 16 komanda iştirak edib. Bu göstəricidə rekord "Neftçi"yə məxsusdur - 10 dəfə. "Qarabağ" 9, "Xəzər Lənkəran" və "Keşlə" hərəyə 5 dəfə finalda meydana çıxıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, ilk dəfə finala yüksələn "Sumqayıt" kimi son üç ildə 3 dəfə olmaqla ümümilikdə 4-cü dəfə həlledici görüşə vəsiqə qazanan "Qəbələ" də heç vaxt kuboku qazanmayıb. Bu isə o deməkdir ki, turnirin yeni qalibi olacaq. İndiyədək 8 komanda titula yiyələndiyindən bu klub kubokun 9-cu sahibi kimi tarixə düşəcək. "Neftçi" və "Qarabağ" hərəyə 6, "Kəpəz" 4, "Xəzər Lənkəran"la "Bakı" hərəyə 3, Bakı "İnşaatçı"sı, "Şəfa" və "Keşlə" hərəyə bir dəfə mükafatı başı üzərinə qaldırıb.
Yeri gəlmişkən qeyd edək ki, iki komanda bazar günü baş tutacaq final qarşılaşmasına qədər ölkə kubokunda heç vaxt qarşılaşmayıb. Ümumilikdə isə "Qəbələ"nin kubok təcrübəsi daha çoxdur. Belə ki, bu günə qədər Azərbaycan kuboku çərçivəsində 63 matça çıxan "qırmızı qaralar" həmin oyunların 33-də qalib gəlib. Geridə qalan 17 görüş heç-heçə başa çatdığı halda 13 matçda isə məğlub tərəf  "Qəbələ" olub. Kubok qarşılaşmalarında 105 dəfə rəqib qapısına yol tapan əyalət klubu 53 dəfə isə topu öz qapısından çıxarmalı olub.
Həlledici oyunun digər iştirakçısı "Sumqayıt" isə ölkə kuboku yarışlarında meydana çıxdığı 21 görüşün 7-də qələbə qazandığı halda 10 matçda yenilib. Daha 4 qarşılaşma bərabərliklə yekunlaşıb. Bu matçlarda 26 dəfə fərqlənən "ağ-göylər" 33 dəfə isə məyus olub.

"Qəbələ" "Duzdağ"da, "Sumqayıt" "Təbriz"də 

Mayın 19-da keçiriləcək həlledici qarşılaşamaya beş gün qalır. Bu isə tərəflərin matça hazırlıqlarının son mərhələsində olması deməkdir. Amma tərəflər Naxçıvana səfərlə bağlı planlarını hələ qarşılaşmaya iki həftə qalandan qururdu. Yuxarıda qeyd etdiyimiz kimi, "qırmızı-qaralar" tarixində 4-cü finalına çıxacaq ki, onlardan biri də məhz Naxçıvanda keçirilib. 2017-ci il mayın 5-də baş tutan görüşdə "Qarabağ"la üz-üzə gələn şimallılar 90 dəqiqənin tamamında meydanı məyus tərk ediblər. Qarşılaşma "köhlən atlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu üzdən "Qəbələ" üçün Muxtar Respublikanın paytaxtı heç də yad məkan sayılmır. 
İki il öncə "Qəbələ"ni finalda 50-yə yaxın azarkeş dəstəkləyirdi. Bəs görəsən, bu dəfə şimallılar Muxtar Respublikaya azarkeş aparacaqmı? Klubun Marketinq və Mətbuat Departamentinin rəhbəri Səməd Nəsibov iki il əvvəl olduğu kimi, bu dəfə də eyni addımı atmaq fikrində olduqlarını deyir: "Komanda 5 ulduzlu "Duzdağ" otelində məkunlaşacaq. Azarkeşlərə gəlincə, Naxçıvan səfəri üçün azarkeşlərə ayrıca avtobusun tutulmasını planlaşdırmışıq. Səfərə mövsümboyu komandanın oyunlarında iştirak edən azarkeşləri aparmaq istəyirik. Ola bilər ki, həmin şəxs heç fanklub üzvü olmasın. Sadəcə, sadə azarkeş kimi daim stadionda olub. Onların hamısını yaxşı tanıyırıq. Həlledici qarşılaşma ilə bağlı başqa, xüsusi nəsə fikirləşməmişik. Ötən mövsüm "Keşlə" ilə oyundan öncə qalib gələcəyimizi düşünüb xüsusi tort hazırlatmışdıq. Lakin bildiyiniz kimi, həmin matçdan məğlub ayrıldıq. Qarşılaşmadan sonra o qədər məyus olmuşduq ki, heç kimin yadına tort düşmədi və belədə onu qaldığımız otelin əməkdaşlarına verdik. Bütün bunları nəzərə alaraq, bəribaşdan heç nə etməyi düşünmürük. İnşallah, kuboku qazansaq, nəsə düşünmək olar".
"Qırmızı-qaralar"dan fərqli tarixində ilk dəfə titul uğrunda oyuna çıxacaq "Sumqayıt" finalı yaddaqalan etmək üçün müxtəlif layihələr düşünür. Bu haqda bilgi verən "Gənclik şəhəri" təmsilçisinin mətbuat katibi Rəşad Məmmədov aşağıdakıları dedi: "Komanda Naxçıvana oyundan iki gün öncə yollanacaq və şəhərin mərkəzindəki 5 ulduzlu "Təbriz" otelində qalacaq. Klub rəhbərliyi isə oyundan bir gün öncə orda olacaq. Azarkeşlərimizi də unutmamışıq. Final qarşılaşmasında komandaya dəstək olmaları üçün fanklub üzvlərini də səfərə aparmağı düşünürük. Həlledici qarşılamanı stadiondan canlı izləyə bilməyən azarkeşlərə də matçı bir yerdə izləmək üçün şərait yaratmağı düşünürük. Mayın 19-da Sumqayıtın mərkəzi meydanlarının birində böyük ekran quraşdırmaq istəyirik. Bu yöndə də müzakirələr davam edir. Bildiyiniz kimi, "Sumqayıt"ın əsas himayədarı "Azərikimya", tərəfdaşları isə "Kapital Bank", "Paşa Sığorta" və "Universal" şirkətidir. Dörd qurumun hər birindən də Naxçıvana yollanan şəxslər olacaq. Bu haqda artıq danışığımız olub. Onların hər biri əməkdaşlarını öz hesablarına Naxçıvana yollayacaqlar".

Futbolçular təmkinli danışır

Şübhəsiz, matça hazırlıqla bağlı klub rəsmiləri ilə yanaşı, futbolçuların da fikirləri maraq doğurur. Məhz bu səbəbdən "Qəbələ"nin kapitanı Cavid Hüseynov və "Sumqayıt"ın müdafiəçisi Adil Nağıyevlə əlaqə saxladıq. Öncə fikirlərini açıqlayan Cavid Hüseynov "168 saat" qəzetinə oyunla bağlıaşağıdakıları dedi: "Bildiyiniz kimi, Topaz Premyer Liqasını dördüncü sırada başa vurduq. Bu isə komandamızın Avroliqaya vəsiqə qazanması üçün yetərli deyil. Bu səbəbdən kuboku qazanmaqdan başqa şansımız yoxdur. Gərgin oyun olacaq, çünki "Sumqayıt"ın da avrokuboklarda çıxış etmək üçün yeganə şansı ölkə kubokunu qazanmaqdır. Tərəflərin şanslarını bərabər qiymətləndirirəm".
Elə "Sumqayıt"ın üzvü Adil Nağıyev də qəzetimizə açıqlamasında ehtiyatlı danışdı: "Qəbələ" bizdən daha təcrübəli komandadır. Hər an oyunun taleyini həll edə biləcək futbolçuları var. Çox ehtiyatlı olmalıyıq. Kuboku qazanmaqla Avropa Liqasına vəsiqə əldə etmək və "Sumqayıt"ın tarixinə düşmək istəyirik. Mənim futbolçu karyeram üçün də önəmli oyundur. İlk dəfə final matçının iştirakçısı olacam. İnşallah, uğur qazanarıq və kuboku Sumqayıta gətirərik"  

"Sumqayıt"da bir, "Qəbələ" də iki itki


Təbii ki, iki komanda ilə bağlı son durumu dəyərləndirərkən tərəflərin heyətdəki problemləri haqqında da danışmalıyıq. Final matçında ümumilikdə üç futbolçu meydanda ola bilməyəcək ki, bunlardan da biri şəhərimizin komandasının, ikisi isə Qəbələnin eyniadlı komandasının üzvüdür. "Qırmızı-qaralar"da müdafiəçi Amin Seydiyev və yarımmüdafiəçi Sabien Lilay Naxçıvandakı qarşılaşmanı buraxacaq. "Sumqayıt"da isə yarımmüdafiəçi Aleksey İsayev finalı kənardan izləməli olacaq. Buna səbəb hər üç futbolçunun yarımfinal mərhələsinin cavab oyunlarında sarı vərəqə alaraq, cəzalı duruma düşməsidir. Məşqçiləri qayğılandıran yeganə məqam cəzalı oyunçular deyil. Belə ki, zədəsini yenicə sağaldan Dmitri Bezotosnı və Ceyms Adeniyinin final oyunu ərəfəsində oyun praktikasının yoxluğundan əziyyət çəkməsi "Qəbələ"nin məşqçilər korpusunu narahat edir. Voislav Stankoviç və  Bəhlul Mustafazadənin zədəsini sağaldaraq komandanın sıralarına qatılması isə komanda üçün sevindirici məqamdır.
"Kimyaçılar"da isə Peyman Babayi ilə Vurğun Hüseynovun yüngül zədəsi var, Amma "ağ-göylər"in sözügedən oyunçularının bazar günü meydanda olacağını ehtimal etmək olar.

Kim necə oynayacaq?

Təbii ki, final matçı ərəfəsində iki komandanın da meydana hansı heyətlə çıxacağı maraq doğurur. Məhz bunu nəzərə alıb, ehtimallara söykənməklə tərəflərin start heyətləri haqqında gözləntiləri təqdim edirik.
Final qarşılaşmasının nominal meydan sahibi olan "Qəbələ"nin əsas qapıçısı sayılan Dmitri Bezotosnı zədəli günlərini yenicə geridə qoyduğundan Anar Nəzirovun meydana çıxması da ehtimallar arasındadır. Amma yəqin ki, Sənan Qurbanov "çərçivə"ni daha təcrübəli ukraynalıya tapşıracaq. Oyun praktikasından əziyyət şəkən Bezotosnı kimi müdafiənin mərkəzində adətən yer alan Vojislav Stankoviçlə Bəhlul Mustafazadə də zədəsini yeni sağaldanlardandır. Bununla belə, onların həlledici oyunda ilk dəqiqələrdən meydanda olması gözlənilir. Müdafiə xəttinin sağ cinahında cəzalı Amin Seydiyevin yoxluğunda İlqar Qurbanovun, əks cinahda isə Ürfan Abbasovun yer alacağını ehtimal etmək olar.  Müdafiəçilərin önündə AFFA-nın tətbiq etdiyi limitə uyğun gələn oyunçulardan Qismət Alıyevin yer alması gözləniləndi. Mərkəzdə isə adətən kapitan Cavid Hüseynovla Sabien Lilay yer alırdı ki, bu dəfə sonuncunun sarı vərəqə limitini doldurması səbəbindən Asif  Məmmədovun şans qazanması proqnozlaşdırılır. Yarımmüdafiənin mərkəzindən fərqli olaraq cinahlarında əcnəbi oyunçuların yer alacağını əminliklə demək olar. Belə ki, orta xəttin solunda Lalavele Atakoranın, sağ cinahda isə gürcüstanlı Davit Volkovun oymayacağı asan proqnoza gələn məsələdir. Hücumun sivri ucunda isə artıq "Neftçi" ilə anlaşdığı deyilən Stiven Jozef-Monroz forma geyəcək.
Digər finalçı "Sumqayıt"ın isə meydana 5-4-1 taktiki düzülüşü ilə çıxması gözlənilir. Adətən beş müdafiəçi ilə meydana çıxmağa üstünlük verən Ayxan Abbasov kubokun finalında da ənənəsinə sadiq qalacaq.  Belədə komandanın qapısını son çempionat matçını sarı vərəqə limitini doldurması səbəbindən buraxan Mehdi Cənnətov qoruyacaq.  Müdafiənin mərkəzində Vurğun Hüseynov, Rail Məlikov və Şəhriyar Əliyev yer alacaq. Sonuncunu baş məşqçinin sevimli oyunçusu olan Adil Nağıyev də əvəzləyə bilər. Arxa xəttin sol cinahında Yusif  Nəbiyevin, solda isə Süleyman Əhmədovun oynayacağı ehtimal olunur. "Gənclik şəhəri" təmsilçisinin orta xəttinin necə təşkil olunacağını proqnozlaşdırmaq isə asan deyil. Belə ki, komandanın lideri Aleksey İsayevin yoxluğunda onun boşluğunu kimin dolduracağını ehtimal etmək olmur. Böyük ehtimalla, Ayxan Abbasov mərkəzdə ya Xəyal Nəcəfova, ya da Elvin Məmmədova şans verəcək. Uzun müddətdir yarımmüdafiənin sol cinahında daha çox görməyə alışdığımız Elvin Məmmədov hücumçunun arxasında yer alsa, iki cinahda yer almaq üçün üç namizəd qalır ki, onlar da Əfran İsmayılov, Əmir Ağayev və Cavid Tağıyevdir. Son oyunlarda olduqca yaxşı təsir bağışlayan Əmir Ağayevin sol cinahda yer almaq ehtimalı daha çoxdur. Sağ cinahda isə daha təcrübəli Əfran İsmayılovun forma şansı qazanması sürpriz olmaz. Hücum xəttində isə iranlı hücumçu Peyman Babayinin çıxış edəcəyi heç kimdə şübhə doğurmur.

Tural Məmmədov
Rəy bildir +
Oxşar xəbərlər
26-cı kubok  Sumqayıta gələ bilər!
18:5507 may

26-cı kubok Sumqayıta gələ bilər!

Ötən həftə futbol üzrə ölkə kubokunda finalçılar məlum oldu. Həlledici görüşün bir addımlığında olan komandalardan ilk olaraq "Qəbələ" finala adladı. 

Çempionlar Liqası  adlı gözəlin 4 "adaxlısı"
18:2930 aprel

Çempionlar Liqası adlı gözəlin 4 "adaxlısı"

Məlum olduğu kimi, bu gün və sabah UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. İlk oyun günündə "Tottenhem" - "Ayaks" görüşü baş tutacaq. Ertəsi gün isə "Barselona" "Liverpul"u qəbul edəcək. Oyunlar ərəfəsində komandaların düşərgəsinə boylanmaqla son vəziyyətin necə

Adı oyun alqı-satqıısında hallanan  klubun sumqayıtlı futbolçusu:  "Region Liqasında belə bir şeyin olacağına inanmazdım"
18:2830 aprel

Adı oyun alqı-satqıısında hallanan klubun sumqayıtlı futbolçusu: "Region Liqasında belə bir şeyin olacağına inanmazdım"

Ötən həftə Region Liqasında baş tutmalı olan "FC Baku" - "Şahdağ" qarşılaşmasının birincilərin adının danışılmış oyunlarda hallanması səbəbindən təxirə salınması az maraq doğurmadı. İddialara görə,  Region Liqasının ikinci pley-off mərhələsi çərçivəsində keçirilmiş "Füzuli" - "FC Baku" oyununun

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU

Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?
17:2516 aprel

Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?

Bu gün Azərbaycan futbol arenasını ölkəmizin əsas və keyfiyyətli futbol  "bazası" sayılan Sumqayıtsız təsəvvür etmək çətindir. Baxmayaraq ki, müxtəlif vaxtlarda yerli futbol təsərrüfatına Nazim Süleymanov,  Arif Əsədov, Mübariz Orucov,  Mehman Yunusov, Kamal Quluyev, İsmayıl Məmmədov,  Mahir