İSTİ XƏBƏRLƏR
» » Azərbaycanlı Cek Potreşitel

Azərbaycanlı Cek Potreşitel


Qızları güdüb liftə minərkən onlara təcavüz etməyə çalışan İlkin Qasımov 
qısa müddətdə eyni ssenari üzrə 5 cinayəti həyata keçirdi...

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor tətbiq edir, döyürdü. Tüfeyli həyat keçirmək,  fırıldaq və hədə qorxu yolu ilə əldə etdiyi pulları xərcləmək, özünü göstərmək kimi pis aludəçiliklər onu insan kimi yaşamağa qoymurdu. 
Oturub-durduğu dostlarına xəyanət edir,  xuliqanlıq yolu ilə qazandığı pulları eyş-işrətə sərf edir, mədəniyyətsizlik göstərərək, restoranda istirahət edən adamlara sataşır, "Alə, mən beləyəm dəəəə...  nə istəyirəm edirəm, mənə söz deyənin iki başı lazımdır, belə dəliyəm, güclüyəm... arxamda o qədər dayılarım var ki..." -deyərək, şeşələnib, hər kəsin istirahətini də burnundan gətirmək şakəri var idi.  Buna görə də artıq 3 dəfə məhkum olunmuş, lakin aldığı cəzalardan bir nəticə çıxarmamışdı. Bütün bunlara rəğmən, ətrafında olan dostlarının   bilmədiyi bir  iyrənc əməli də var idi.
Kefinə düşəndə  yolda, bərədə, mağazada gördüyü tanımadığı qadınlara  "Ayxan" adı yazdığı vərəqədəki telefon nömrəsini verərərək, taksi xidməti də təklif edirdi. 
Nərminə Abidova  (zərərçəkənlərin adını şərti yazırıq.-red. ) da onu taksi sürücüsü kimi  2013-cü ilin dekabr ayında tanımışdı.  Evlərinin yanındakı mağazada  İlkin ona   telefon nömrəsi yazılmış kartını verib, demişdi ki, taksi xidməti göstərir.  Nərminə də bir neçə dəfə onun taksi xidmətindən istifadə etmişdi.  28 fevral 2014-cü il  tarixində axşam saat 20.00 radələrində  Nərminə Bakının "Neftçilər" metro stansiyasının yanında rəfiqəsi ilə görüşünü başa vurub,   Ayxan kimi tanıdığı İlkin Qasımova zəng edib evlərinə Mehdiabad qəsəbəsinə getmək istəməsi barədə sifariş verdi.  Həmin gün  İlkin Qasımov qaynının avtomobilini bəhanə ilə  yenə istifadə etmək üçün götürmüşdü. 
Nərminə sifarişi ilə  gələn taksiyə oturub yoluna davam etdi. Bir də baxdı ki, sürücü onu başqa yolla, başqa yerə gətirib.  Oturduğu "Mersedes" markalı 90 SK 042 avtomobili, sürücüsü  "Günəşli Otel"in  yanında saxlayaraq  Nərminədən düşüb Otelə getməsini xahiş etdi.  Qız qorxsa   da bunu büruzə verməyib,  İlkin Qasımovdan onu təcili evlərinə aparmağı tələb etdi. Qızın maşından düşmədiyini görən, İlkin bu dəfə də  maşını "Azərsutikinti" xəstəxanasının yanındakı bir  tikilinin hasarının yanına gətirərək, qız oturan tərəfdən maşının qapısını hasara dirədi,  onunla cinsi əlaqədə olmaq istədiyini, israr edərsə, burada onu öldürüb atacağını söylədi. Mersedesin  pəncərələrini bağlayıb, qabaq oturacağı açaraq, qızı məcburi şəkildə oturacağa uzandırıb   ona zor tətbiq etmək istəyəndə, ciddi müqavimətlə üzləşdi. Qızın iradəsini qıra bilmədiyindən, maşının saxlanc yerindən   bıçağı götürüb, onu hədələdi.  Qız əlləri ilə özünü qorumaq istəyəndə isə, bıçaqla onun əllərinin üstünü cızmağa başladı. İyrənc niyyətini həyata keçirmək istəsə də, qızın müqavimətini qıra bilməməsi onu özündən çıxarmışdı. Qızın saçlarını topa şəklində əlinə yığaraq, dartıb ona əzab verərək: "İndi sənin başını qırxıb, özünü də lüt soyundurub küçəyə buraxacağam"- dedi. Məqsədinə çatmaq üçün qızın əynindəki paltarları cırıq-cırıq etsə də, Nərminəyə elə bil ki, güc gəlmişdi.  Dar maşının içərisində özünü bu manyakdan qorumaqda davam edirdi.   Bəzən Tanrı darda olan adamın dualarını tez eşidir.  
Yarım saata yaxın idi ki, Nərminənin həyatı təhlükə altında idi. Bir az da belə davam etsə, bu qızmış vəhşi yəqin ki, onu öldürəcəkdi. Elə bu vaxt bir maşın  tini dönüb, onların arxasında  dayandı.
Həmin avtomobilin işığı düz İlkinin avtomobilinin içərisinə düşdüyündən, kənardan bu iyrənc mənzərə  aydın görünürdü. Qəfildən gələn naməlum avtomobil  İlkinə pis niyyətini sona qədər həyata keçirməyə mane oldu.  O, qapını açıb Nərminəni küçəyə buraxmağa məcbur oldu. Nərminə ilan ağzından qurtulmuş qurbağa kimi, yıxıla-dura qaçaraq ərazidən uzaqlaşıb, yaxınlıqdakı yolun üstündən keçən  bir avtomobilə əl elədi. Gecənin qaranlığında  kim idisə, çox insaflı adam idi. Qadını  maşına mindirdi. 
Nərminə ağlaya-ağlaya başına gələnləri tanımadığı kişiyə danışdı."CİP"-in sürücüsü Nərminədən haraya gedəcəyini soruşanda, başına gələnlərdən şok keçirən qız, əvvəlcə evlərinə deyil, rəfiqəsinin yanına gedəcəyini söylədi... Rəfiqəsinə başına gələnləri danışandan sonra, onlar  DİN-in 102 xidmətinə zəng etdilər.  N.Abidovanın   şikayəti Nizami RPİ-nin 24-cü bölməsində qeydiyyata alındı. Əməliyyatçılar bir gecənin içərisində bir gənc qıza olmazın əzab yaşatmış, manyakı axtarmaqda olsunlar, görək manyak İlkin Qasımov  haralardaydı, hansı əməllərdən çıxırdı?
...Tufeyli İlkin Qasımov öz işində, öz avaraçılığında idi. Və məqamı düşən kimi hansısa bir qızı yaxalamaq üçün planlar qururdu. Lap "Çek Potraşitel" filmində olduğu kimi, növbəti qurbanını tapmaq üçün yenə də yola çıxdı. Gülər Mirzəyevanı (ad şərtidir) çoxdan gözaltı eləmişdi. Martın 26-sı  2014-cü il idi. Gülər "Elmlər Alkademiyası" metro stansiyasından çıxıb gəzə-gəzə evə getmək fikrində idi. Hər yerdən baharın ətri duyulurdu. Şəhərin hər tərəfində bayram əhval- ruhiyyəsi var idi. Gülər də   Yasamala, Şəfayət Mehdiyev küçəsində olan evlərinə piyada, gəzə-gəzə getməyi qərara almışdı. Günorta olduğundan şəhərdə qələbəlik idi.  Gəzə-gəzə yaşadığı binaya  yetişəndə, tanımadığı bir oğlanın blokun qarşısında telefonla danışdığını gördü. Naməlum  adama fikir vermədən, bloka keçib, lifti çağırdı. Liftin qapısı bağlananda, birdən kimsə liftin qapısını əli ilə tutub, onu bağlanmağa qoymadı və içəri keçdi. Və 5-ci mərəbənin düyməsini basdı. Gülər 6-cı mərtəbədə düşəcəkdi deyə, əvvəlcə heç nə anlamadı. Birdən tanımadığı adam liftin "STOP" və 2-ci mərtəbəsinin düyməsini basdı. Gülərdən isə  telefon nömrəsini istədi. Gülər qorxudan əsim-əsim əsirdi. Tez əlindəki telefonunu və çantasındakı pul kisəsini çıxarıb İlkinə uzatdı, ondan əl çəkməsini xahiş etdi. İlkin isə ona : "Mənə pul, telefon lazım deyil, mənə sən lazımsan. Səndən xoşum gəldi, telefon nömrəni ver mənə". Gülər özünü itirməyib, qardaşının telefon nömrəsini ona söylədi. Lakin tanımadığı oğlan  nömrəni heç yerə yazmadı. Görünür, belə etməklə qızı zorlamağa məqam axtarırdı. Və qəfildən qızın belini qucaqlayaraq, onunla cinsi əlaqədə olmaq istədiyini dedi. Bu sözləri eşidən Gülərə elə bil ki, güc gəldi. İnstiktiv olaraq , özünü qorumaq üçün oğlanın sinəsindən geri  itələdi.   Yerə oturaraq qışqırmağa başladı. İlkin onun ağzını yumub,  başına zərbələr endirirdi ki, səsini kəssin. Qız səsini kəsməyəndə onun qollarından tutub yuxarı qaldıraraq  yenə çirkin niyyətini həyata keçirmək istədi. 
Qızı heç cür ram edə bilmədiyindən,  İlkin onu öldürəcəyi ilə hədələyirdi. Birdən lift  hərəkətə gəldi və 1-ci mərtəbədə dayandı. İlkin  qapıdan çıxanda, çox pis bir söyüş söyərək: "Bu işi bir adama söyləsən, səni tapıb tikə-tikə doğrayacağam"- deyib  qaçıb getdi. Liftə minən digər qonşu Gülərin başına gələn hadisəni biləndə, cinayətkar artıq binanın qapısından uzaqlaşıb getmişdi. Yaşadığı  mənzilin qapsını döyüb, başına gələnləri danışandan sonra, Gülər huşunu itirmişdi...
Manyak İlkin özünün murdar niyyətlərindən xilas ola bilmirdi.  Vaxtı olan kimi maşın kirayələyib,  bəyəndiyi, gözaltı elədiyi qadınları-qızları gizlində izləməkdəydi.
11 aprel 2014-ci ildə  Güllü Kazımova (ad şərtidir) azyaşlı  qızını   anasının evinə aparıb yerləşdirdikdən sonra  universitetə imtahan verməyə getdi. İmtahanını uğurla verdiyindən sevincək halda evə qayıdırdı.  Lakin bilmirdi ki, evinin  blokunda onu bir kabus gözləyir.  Blokun qapısına çatanda,  qonşu qadınla birlikdə  liftə mindilər. Liftin qapısı bağlanan vaxt, birdən qəfildən peyda olan bir oğlan da liftə daxil olub, üzünü Güllüyə tutaraq, hansı mərtəbəyə qalxacağını soruşdu. Güllü "5-ci mərtəbəyə qalxıram"-dedi.  Onunla birlikdə liftə minən qonşu qadın 2-ci mərtəbədə düşəndən sonra, tanımadığı  İlkin Qasımov Güllüdən telefon nömrəsini istədi. Güllü özlyünüdə "Dəliyə bax eeee... sən kimsən ki, sənə telefon nömrəmi verim" -fikirləşərək, onun sualını cavablandırmayıb, başını hirslə  aşağı dikdi. Qızın cavab vermədiyini görəndə, İlkin əsəbi halda bir də "Ay qız, səninlə deyiləm, telefon nömrəni soruşuram"- deyə Güllünün üstünə çığırdı. Bu vaxt lift təsadüfən 3-cü mərtəbədə dayandı. Fürsətdən istifadə edən Güllü qaçıb liftin qarşısındakı meydançaya çıxdı. Gözləri qızmış İlkin əsəbi halda onun ardınca çıxaraq, saçından tutub divara dirədi:   "Bu   dəqiqə mənimlə cinsi əlaqədə olmalısan"- deyərək, onun başını divara vurmağa başladı.  Qorxudan ürəyi tir-tir titrəyən Gülü yalvarıb ağlayaraq: "Mənim körpə uşağım var, anayam, ailələiyəm, mənimlə işin olmasın"-desə də, bu sözlər gözləri qızmış İlkinə təsir etmirdi. Güllü qatilin əlindən qurtara bilməyəcəyini görəndə, var gücü ilə qışqırmağa başladı. İlkin isə hər vaxt olduğu kimi, bu dəfə də qurbanına sillə və yumruqlarla zərbələr endirməkdə davam edirdi.  Lakin qızın get-gedə daha da bərkdən qışqıqırdığını görüb, bildi ki, bir az da keçsə səsə qonşular çıxacaq. Ona görə də xilas yolunu qaçmaqda gördü.   Güllü yalnız bundan sonra, özündə güc tapıb, pilləkənlərlə 4-cü mərtəbəyə qalxdı, tanımadığı qonşusunun qapısını döyərək onlardan kömək istədi... Yenə də qonşular 102 xidmətinə baş verən manyak hücümü haqqında məlumat verdilər...
Düşünmək olardı ki, polislər manyakın izindədir...
Polislər manyakı axtarmaqda,  manyak İlkin Qasımov  isə yenə öz işindəydi... Küçələri, məhəllələri gəzərək yeni qurbanını seçirdi. İzi itirmək, ələ keçməmək üçün elə qadın və qız seçirdi ki, işə tək gedib, evə tək qayıdan olsun.  Ötən 1 ay ərzində  yolunu Səbail-Yasamal  rayonlarına salmışdı... Deyəsən bu gün də məqsədinə çatacaqdı. Bir neçə həftə əvvəl hədəfə aldığı qız  ürəyinə yatmışdı. Gecə-gündüz onu  haqlayıb, zorlamaq üçün planlar qururdu. 2014-cü il aprel ayının 21- idi.   Nazlı Qurbanova (ad şərtidir)   axşam saat 9-da işdən çıxıb Axundov bağının yanındakı dayanacaqda avtobusa əyləşdi. Nazlı bilmirdi ki,   bir qara kabus addımbaaddım onu izləyir. Hava da elə küləkli idi ki, elə bil qış təzədən qayıtmışdı. Binanın yanına çatar-çatmaz, tələsik blokun qapısındakı domofonun şifrəsini açaraq, içəri daxil olmaq istəyəndə , onun ardınca tanımadığı naməlum bir oğlanın da keçdiyini gördü.  Liftin düyməsini basıb, içərisinə keçmək istəyəndə  onunla birlikdə içəriyə keçən oğlan yumruqla  sol gicgahından zərbə endirərək, onu tələsik liftin içərisinə itələdi. "Bu gün işdən yaman gec qayıtdın... İndi mənim  dediklərimi edəcəksən"- deyib, qızdan cinsi ehtiraslarını təmin etməli olduğunu tələb etdi.   Sonra isə liftin düyməsini  basdı.  Nazlı qorxudan çığırmağa başladı.  İlkin Qasımov onun iki qolunu bir əli ilə tutaraq  səsini kəssin deyə, digər əli ilə qızın başına-gözünə zərbələr endirməkdəydi. Zalımın əlindən qurtara bilməyəcəyini görən Nazlı: "Mən qızam, məni bədbəxt etmə"- deyə ona yalvardı. "Yalan deyirsən, bəs əlindən tutub məktəbə aparıb-gətirdiyin o oğlan uşağı kimindir?"- deyə  manyak   soruşduqda, Nazlı "Qardaşımın uşağıdır"-  cavabını verdi.  Bununla belə, İlkin əl çəkmədi, onu qeyri-ənənəvi formada cinsi ehtirasını təmin etməyə məcbur etmək istədi, Nazlı yenə qışqıraraq, "Ölsəm də bunu etməyəcəyəm"- deyə haray saldı.  Cinsi ehtirasının təmin olunmamasından başını itirən manyak, qadına hər cür zor göstərirdi.   Aldığı zərbələrdən heydən düşmüş Nazlı, qatilinin əlindən qurtara bilməyəcəyini görüb, " Nə olur daha məni vurma, evdə təkəm,  razıyam,   gedək evə, işini rahat şəkildə görərsən"-deyib  İlkin Qasımovu inandırmaq istədi. Lakin manyak nə fikirləşdisə, yenə  qadına qarşı əxlaqsız hərəkətlərini davam etdirdi.  Lakin  hay-küyün çoxaldığını görüb, cinsi ehtirasını soyutmadan lifti aşağı endirdi, "Kiməsə söyləsən səni tapıb öldürəcəyəm"- deyib qapıdan çıxıb qaçdı... 
Nazlının isə üzü-gözü qan içindəydi. Üstü-başı qan içərisində o,  özünü yaşadığı mənzilin qapısına çatırdı  və ailəsinə başına gələnlər haqqında xəbər verdikdən sonra manyakın  barəsində 102 xidmətinə zəng etdilər...
Bu qədər axtarış getdiyi halda, manyakın tutulmaması, tapılmaması, əlbəttə ki, bir möcüzə idi.  Əgər əməliyyat -axtarış tədbirləri vaxtında və peşəkarlıqla aparılsaydı,  yəqin ki, manyak İlkin Qasımov Bakı şəhərində qadınların  qorxulu kabusuna çevrilməzdi. 
İki gün idi ki, manyak İlkin özünə yer tapa bilmirdi. Çünki aprelin 21-də  əxlaqsız   istəyini həyata keçirə bilməmişdi. Hərdən özlüyündə fikirləşirdi ki, niyə bu qadınlar onun  cinsi zorakılığına tabe olmurlar. Əxlaqsız manyak elə bilirdi ki, qadınları beləcə qorxudub, özünə ram etməli və zorlamalıdır.  Yadına  164 saylı məktəbin  ətrafında gördüyü  qüsurlu qız düşdü. Bir neçə dəfə bu  məktəblinin də arxasınca gedib-gəlib, marşrutunu öyrənmişdi. Belə fikirləşirdi ki, iki gün əvvəl yarımçıq qalan əxlaqsız əməlini, bu qızı qorxutmaqla həyata keçirə  biləcək.  9-cu sinif şagirdi  Sara Quliyeva (ad şərtidir)  23 apreldə saat 14.40 radələrində  dərsdən evə çatdı. Tələsirdi. Çünki  "Fizikadan" məşğələsi var idi. Bloka daxil oldu.  Arxasınca tanımadığı bir  kişi də bloka keçdi. Uşaq vaxtından ona evdə demişdilər ki, blokda yad adam olanda  liftə minmə. Buna görə də, Sara yad adamdan qorxduğu üçün blokdan çıxdı, həmin yad kişi də onun arxasınca blokdan  çıxdı. Sara özlüyündə belə fikirləşdi ki,  yad oğlan onun qorxduğunu hiss etdiyindən, hörmət əlaməti olaraq  blokdan çölə çıxıb. Bu fikirlərlə, ürəyində minnətdarlıq hisslərini keçirərək, yenidən bloka daxil olub, lftə mindi. 

Liftin qapısı bağlanan anda İlkin özünü yetirib, əlləri ilə liftin qapısını tutaraq, yenə liftə keçdi. Lift  Saragilin mənzili yerləşən 8-ci mərtəbədə dayanmalıydı. İlkin adəti üzrə yenə məktəbli qızdan telefon nömrəsini istədi. Qız onu oğru bildiyindən, çantasını açıb, telefonunu ona uzatdı. Və yalvararaq, onu buraxmasını xahiş etdi.  İlkin artıq   liftin "stop" düyməsini basmışdı. Qızın ağlamağına və qorxduğuna baxmayaraq, onu  yalnız cinsi münasibətdə olandan sonra  buraxacağını dedi. Qız "Mən özümü öldürərəm, ancaq belə bir hərəkətə yol vermərəm"- deyə ona cavab verəndə, İlkin Saranın sol əlini tutaraq bərkdən sıxmağa başladı. Lakin məqam çətin məqam idi. Sara namusunu qorumaq üçün ona müqavimət göstərib, dayanmadan çığırırdı. Qızın səsini kəsmədiyini görəndə, cani ona "Səni bıçaqla doğrayacağam"- dedi. Qız isə diqqətlə  qatilin cibinə fikir verərək, bıçaq olmadığını hiss etdikdən sonra, daha da bərkdən "Kömək edin" -deyə  qışqırmağa başladı. Qızın səsini kəsmədiyini görəndə, "Bu dəqiqə sənin paltarlarını soyundurub,  bloka buraxacağam, qonşular görəcək, biabır olacaqsan"-deyib onu bir daha təhdid etdi. Sara  isə xilas yolunu ancaq qışqırmaqda görürdü. Və... manyak yenə də öz pis niyyətinə nail ola bilmədiyindən, bu dəfə də qaçıb canını qurtara bildi...
Əməliyyat-axtarış tədbirləri  davam edirdi. İstintaqçılar video-vizual görüntüləri əldə etmişdilər. Şahid ifadələrinə uyğun olaraq, İlkin Qasımovun  hadisə yerində təhlükəsizlik kameralarına düşən görüntülərindən əldə etdikləri şəkilləri  zərərçəkən 5   nəfərin hər birinə  təqdim etdikdə, onların hamısı  ömürlərinin kabusuna və qorxulu yuxusuna çevrilən manyak İlkini tanımışdılar.   Özünün murdar cinayət əməllərini çox peşəkarlıqla yerinə yetirən İlkin Fəxrəddin oğlu Qasımovu polis əməliyyatçıları  yalnız  2014-cü il may ayının 26-da həbs edə bildilər. İstintaq materialları bir araya toplanandan sonra məlum oldu ki, 2011-ci ildən etibarən  2014-cü ilə qədər bu şəxs dəfələrlə xuliqanlıq, hakimiyyət nümayəndəsinə zor tətbiq etmək, dələduzluq cinayətləri ilə  mühakimə olunmuş, cəzalarını tam axıra qədər çəkməyərək, məhkumluğu ödənilməmiş, cəza yerindən canını qurtara bilmişdi.  Naxçıvan şəhərində 1984-cü ildə anadan olmuş,  heç yerdə işləməyən, tufeyli həyat sürən ailəli İlkin Qasımov həyatının mənasını insanlara zor tətbiq etməkdə və əxlaqsız həyat sürməkdə görürdü. 
Hər pis əməlin də, yaxşı əməlin də bir bədəli var.   2015-ci ilin avqust ayının 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində  İlkin Qasımovun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə 13 il 6 ay müddətinə  azadlıqdan məhrum edilməsi barədə hökm oxundu.  Məhkəmədə son söz hüququndan istifadə edən manyak İlkin Qasımov elə bilirdi ki, hakimləri aldada biləcək. Hər kəsi güldürəcək bir son söz söylədi. Söylədi ki, zərərçəkmiş qadınların hamısı ona böhtan atır. Və bunu hansı səbəbdən etdiklərini isə bilmir. 
İstintaqın ilkin gedişində törətdiyi əməlləri şahid ifadələri və sübutlarla boynuna alsa da, istintaq təcridxanasında olduğu müddətdə, o xeyli düşünmüş,  məhkəmədən sonra həbsxanada onu hansı cəzaların gözlədiyini yaxşı bildiyindən məhkəməni aldatmağa çalışmışdı...
Bir manyak xislətli əxlaqsız adamın ucbatından neçə ailə dəhşətli həyat zərbəsi aldı. O qadın və qızların qapalı lift otağında çəkdikləri əzab və qorxunu heç bir sözlə yazıb anlatmaq mümkün deyil. Kimsənin başına gəlməsin!

Aida Eyvazlı yazır
Rəy bildir +
Oxşar xəbərlər
Gecə saat 2-də,  Dəmiryol vağzalı tərəfdə....
18:5110 may

Gecə saat 2-də, Dəmiryol vağzalı tərəfdə....

Cəlal Qurbanov qızına yalvardi ki, düz yola qayıtsın, xeyri olmadı. Söydü, döydü, yenə düz yola qaytara bilmədi. Axırda cibinə bıçaq qoyub onu güddü, qısa ətək geyinmiş halda müştəri maşınına əyləşəndə başının üstünü aldı.

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə