İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular




Bayram Səfərov

Şuşanın işğalı günündə Şuşaya gedib nümayişkəranə şəkildə orada "Yallı" oynayan Ermənistanın rəhbəri Nikol Paşinyanın bu hərəkətinə bizim olmayan Şuşanın bizim olan icra başçısı Bayram Səfərovun reaksiyası opponentini qarğamaqdan ibarət oldu. Belə ki, Bayram müəllim fakta münasibətini mediaya bu cür açıqladı:
- Nikol Paşinyanın Şuşaya getdiyi yerdə görüm qıçları qırılsın!
Elə bu qarğışla da Bayram müəllim tarixə düşdü. Belə ki, dünya siyasətində, adətən, bir dövlətin digər dövlətə oxşar sataşma faktlarına ən pis halda notavermə, ən yaxşı halda müharibə etmə reaksiyaları olduğu halda Bayram müəllim ilk dəfə qarğış yağdırma ilə cavab vermiş oldu.
Düşmənin yağdırdığı bu de-yure atəşə qarğışla cavab vermək praktikasını, Bayram müəllimin de-fakto atəşə də qarğışla cavab vermək formasında hərb tariximizə gətirmək qorxusu yaranıb. Təsəvvür edin, ermənilər qrad qurğuları ilə kəndlərimizi bombalayır, əsgərlərimiz də əllərini göyə tutub qarğış yağdırırlar:
- Sizi görüm güllə atdığınız yerdə əlləriniz qurusun!


Pənah bəy

AXC-Musavat hakimiyyəti dövründə baş nazir işləmiş, hazırda da Azərbaycan Xalq Partiyasına sədrlik edən Pənah bəy Hüseynov bu həftə partiyanın Siyasi Şurasının adından "Xalq Seçki Bloku" nun yaradıldığını elan etdi. Bunu Pənah bəy tərəfindən gələnilki parlament seçkiləri öncəsi özünü və partiyasını gündəmdə saxlamaq üçün atılan ilk addım hesab etmək olar və əminliklə onu da söyləmək olar ki, seçkiyə qədər Pənah bəyin bu sayaq gurultulu təşkilatlar yaratmalarını hələ çox eşidəcəyik.
Maraqlıdır, Pənah bəyin partiyasının siyasi şurası varsa, iqtisadi şurası da varmı? Axı siyasət sadəcə üstqurum, iqtisadiyyat isə bazisdir. Və biz arzulayırıq ki, əgər varsa da, bu iqtisadi şura da bir az aktivləşsin, məsələn, bostançılıqla, lap elə qarpızçılıqla bağlı bir bəyanat da onlar versinlər. Tutalım, qarpız tədarükçülərinə ünvanlanan "Qarpıza silitra vurub xalqı zəhərləməyin!" şüarı formasında. Bax siyasət bir yana, amma bu sahədə gözəl səriştəsi olan Pənah bəyin sözün həqiqi mənasında xalqa xeyri dəyə bilər.

Elman Nəsirov

YAP-çı deputat Elman Nəsirov  Avropa İttifaqının yaydığı "Dünyada insan hüquqları və demokratiya ilə bağlı vəziyyətə dair" illik hesabata münasibət bildirməklə bu həftə gündəmə düşdü. Belə ki, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin narahatlıq doğurduğu, konkret olaraq sərbəst toplaşmaq, vətəndaş cəmiyyəti qurmaq və söz azadlıqlarının məhdudlaşdırıldığı iddia olunan hesabata qarşı Elman müəllim çox kəskin antiarqumentlər qoydu:
- Kimin özündə nə yoxdursa, ondan danışır. Sözügedən problemlər, əksinə, bizdə deyil, Avropa ölkələrinin özündədir. Fransada sarı jiletlilərin aksiyalarının zorakılıqla dağıdılması hər kəsin gözləri önündə baş verib. Avropa ölkələrinin paytaxtlarında dinc aksiya keçirən insanları hətta atların ayaqları altında əzirlər(?!)
“6 xətt” mediyaya təklif edir ki, Elman müəllimin bu sitatını yayanda bir qədər dərinə gedərək Avropa ölkələrinin paytaxtlarında dinc aksiya keçirən insanların məhz hansı növ atların ayaqları altında əzildiyini də təxmin edib vurğulasınlar. Məsələn, yazılsa ki, insanlar dünyanın ən böyük, ən güclü atları olan Brabanson, yaxud Perşeron atlarının ayaqları altında əzilir, inanın ki, effekt on qat olar!


Emin Milli

Son həftə sosial şəbəkənin gündəmini "Meydan TV"nin keçmiş rəhbəri Emin Millinin statusları tutdu ki, bu statuslarda Emin bəy prezidentdən, iqtidar siyasətçilərindən üzr istəyir, hakimiyyətdən bağışlanmasını diləyir, islahatlar olarsa hakimiyyətlə işləməyə hazır olması barədə mesajlar verirdi. Iqtidar və müxalifətdəki insanları bir-birinə nifrət etməkdən çəkindirməyə, bir-birini sevməyə çağırırdı bu müxalif şəxs.
Emin Millinin qəfildən yüz səkkən dərəcə dönməsi müxalifət düşərgəsini bərk narahat etdi, onlar bu prosesi müxtəlif səbəblərlə izah etməyə çalışdılar. Izahlardan ən cahanşümülü isə, hesab edirik ki, Hikmət Hacızadənin izahı oldu:
- Onun Berlində vəziyyəti yaxşıdır,   dondurmadan yeyir, pivədən içir, kofedən dadır, sonra romantik şeirlərə bənzər statuslar yazır.
Ancaq "6 xətt"in qida məsələləri üzrə eksperti Əli Məmmədovun fikrincə, Hikmət Hacızadənin bu izahı çox yanlışdır. Belə ki, dondurma yeyib, üstündən pivə içib, üstündən də əlavə kofe içən adam kəskin qarın sancması nəticəsində elə bir hala düşər ki, romantik statuslar yazmaq bir yana, arzuladığı yeganə şey ayaqyolu əsirliyindən azad olmaq olar.


Siyavuş Novruzov

Milli Məclisin sonuncu plenar iclasında YAP icra katibinin müavini Siyavuş Novruzov söz alıb uzun-uzadı nitq söylədi. Siyavuş müəllimin qəzəbdən kükrəməsinə səbəb Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı öncəsi xarici qüvvələrin ölkəmizdə təhlükəsizlik məsələlərinin narahatçılıq doğurması barədəki əsassız iddiaları, eləcə də bizim daxili müxalif qüvvələrinin xaricilərin çaldığı havaya züy tutması imiş. Insafən, Siyavuş müəllim çox maraqlı danışdı. Xaricilər barədə söylədi ki, Böyük Britaniyanın iri şirkətləri illərdir ki, Azərbaycanda çalışır, neft sektorumuzda at oynadır, heç vaxt da təhlükə-filan söhbəti eləməyiblər. Indi nə oldu, birdən-birə saat yarımlıq bir futbol oyunu üçün onlar təhlükə duymağa başlayıblar? 
Bizimkilər barədə isə söylədi ki, "sapı özümüzdən olan baltalar"  aldıqları 5 manat ianənin qarşılığında ölkəmizə qarşı çıxış edirlər. 
Sonda Siyavuş müəllim onu da dedi ki, həm xarici, həm daxili əleyhdarların düymələri sanki eyni məkandan basılıb,  hər ikisi eyni vaxtda danışmağa başlayıb.
"Biz qoymarıq onlar Azərbaycan Prezidentinin siyasətinə xələl gətirsinlər. Biz sinəmizi qabağa verib bunlara cavab verməliyik " .
Hə, bir də, ən əsası: Siyavuş müəllim iqtidara təhlükə törədən xarici və daxili qüvvələrə qarşı mübarizə metodunu da açıqladı: "Mən istəyirəm ki, gedib Krılovun "Qurd və quzu" əsərini təzədən çap edək".
Təsəvvür edin, Əli Kərimli iqtidarı tənqid atəşinə tutur, dərhal yanında bir xüsusi xidmət əməkdaşı peyda olub ona "Qurd və quzu" kitabını təqdim edir. Əli bəy kitabı oxuyur, sonra qaşlarını çatıb söyləyir:
- Üzr istəyirəm, səhv etmişəm!


Yeni termin

Bu həftə rəsmi Vaşinqtonun Türkiyə əleyhinə işlətdiyi bir termin siyasət tarixində ilk dəfə işləndiyi üçün tarixə düşmək şərəfinə nail oldu. Belə ki, ABŞ konqresi nümayəndələr palatasının həm demokrat, həm respublikaçı üzvləri Türkiyənin Rusiyadan C-400 zenit-raket kompleksləri almasına münasibət bildirən qətnamə imzalayaraq orada açıq-aşkar siyasi diplomatiyaya zidd olan vulqar ifadə işlətdilər: "Türkiyə Rusiyaya "girməkdən"  əl çəkməli, ölkənin NATO-dakı roluna, eləcə də ABŞ-Türkiyə münasibətlərinə kölgə salmamalıdır".
"6 xətt" bizim deputatlarımıza təklif edir ki, amerikalıları öz silahları ilə vurub, məsəlçün, belə bir bəyanat yaysınlar: "ABŞ Ermənistana "girməkdən" əl çəkməli, ölkənin müsəlman dünyasında nüfuzuna, eləcə də ABŞ-Azərbaycan münasibətlərinə kölgə salmamalıdır".
Niyə amerikalılara olar, bizə yox?

Həftənin salnaməsini SƏRTYEL yazdı
Rəy bildir +
Oxşar xəbərlər
Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
17:5608 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
11:0023 aprel

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
10:3516 aprel

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular