İSTİ XƏBƏRLƏR
» » 28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı


1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən müsahibə götürdü. Müsahibəni heç bir qəzet redaktoru dərc etdirməyə cəsarət eləyə bilmədi. Belə olduqda "168 saat" qəzeti olaraq biz 1992-ci ilin yanvarında həmin müsahibəni dərc elədik. Özü də senzuranı aldatmaq üçün başlığı "Sumqayıt alüminium zavodu heç bir əsasi olmadan tikilmişdir" qoyaraq ekoloji məqalə görüntüsü yaratmışdıq.
Qəzet çap olunanda bütün ölkədə rezonas doğurdu. Aləm bir-birinə dəydi. Biz indi həmin xatirələri bölüşməyəcəyik. Sadəcə, qəzetin və ümummilli liderin doğum günlərində qərara aldıq ki, 28 yaşlı müsahibəni yenidən oxucularımızla bölüşək.
Buyurun, oxuyun!
"Sumqayıtda alüminium zavodu heç bir əsası olmadan tikilmişdir"
Müxbir: - Respublikanin Ali Parlamentindən nə gözləyirsiniz? Bu parlament xalqı indiki böhran vəziyyətdən çıxarmağa qadirdimi?
H.Ə. -  Həmişə arzu ilə yaşamaq lazımdır... Mən həmişə nikbin olmuşam və nikbin də olmaq istəyirəm. Çox arzu edirəm ki, respublikanın parlamenti respublikanı bu böhran vəziyyətdən çıxarsın. Bunun üçün ciddi addımlar lazımdır. Indiyə qədər aparılan işləri qənaətbəxş hesab etmirəm. Yaxşı olardı ki, deputatlar xalq qarşısında öz məsuliyyətini dərindən hiss etsinlər və respublikanın böhran vəziyyətdən çıxması üçün hərə öz sahəsində öz mümkünatı ilə mübarizə aparsın. Mən bu mübarizəni aparmalıyam.
M.: - Azərbaycan xalqının əsl faciəsinə çevrilmiş Dağlıq Qarabağ problemini kimlər yaratdı və bu dəhşətli problemdən konkret yaxa qurtarmaq mümkündürmü?
H.Ə. -  Qarabağ probleminin yaranmasının tarixi ola bilər ki, böyükdür, kökləri dərindir. Hesab edirəm ki, bu faciənin yaranmasının günahkarları birinci növbədə Ermənistanda, İrəvanda  yaşayan erməni millətçiləridir, onların Ermənistandan kənarda olan havadarlarıdır. Bu faiciənin yaranmasının günahkarları Azərbaycan Respublikasının 3 il dövr sürən, 3 il müddətində olan rəhbərlərinin hamısıdır, hamısı, heç birinə burda haqq qazandırmaq olmaz və şübhəsiz ki, ümumittifaq siyasi rəhbərliyinin burada çox böyük günahı vardır. Mən dəfələrlə demişəm və sizin sualınıza cavab verərək də qeyd etmək istəyirəm ki, Qarabağ məsələsini vaxtında, hələ ilk dövrdə, bu məsələ meydana atılan zaman qarşısını almaq mümkün olardı. Bunun üçün,  şübhəsiz ki, hər bir tərəfdən gərək istək olaydı, hərəkət olaydı. Ancaq Azərbaycan Respublikasının rəhbərləri Azərbaycan xalqı haqqında, Azərbaycanın ərazi bütövlüyü haqqında, Azərbaycan torpağının toxunulmazlığı haqqında düşünsəydilər, onların əlində çox böyük imkanlar var idi. Onlar bu imkanlardan istifadə etməyiblər. Mən onların heç birisinə bəraət qazandıra bilmirəm.
M.: - Qarabağ problemindən konkret çıxış yollarını nədə görürsünüz?
H.Ə.:  - Bilirsiniz, bu çıxış yollarını qısa bir müsahibədə aydınlaşdırmaq olmaz, mənə belə gəlir ki, bunun çıxış yolu da var, bunu həll etmək olar. Bu məsələlər Azərbaycan parlamentində həll olunmalıdır.
M.: - Erməni lobbisi sizi Moskvada təqib elədiyi vaxtda, yəni Siz SSRİ Nazirlər Sovetinin sədr müavini olanda, respublika tərəfindən də kömək olmadığı halda özünüzü hansı formada müdafiə edirdiniz?
H.Ə.: - Birinci, erməni lobbisi mənim əleyhimə böyük təxribat işlərini uzun illər aparıb. Bu artıq indi hamıya məlumdur. Və erməni millətçiləri bunu gizlətmirlər, öz mətbuat orqanlarında açıq yazırlar ki, uzun illər onlar mənim əleyhimə təxribat işləri aparıblar. Yəqin ki, mən onların planlarının həyata keçirilməsi üçün ən təhlükəli bir şəxs imişəm. Mən Moskvaya gedəndən sonra onların fəaliyyəti daha da güclənmişdir, öz imkanlarından geniş istifadə edərək mənim əleyhimə işlər aparmışlar. Təəssüf ki, Azərbaycanda millətinə, xalqına, vətəninə nankor baxan, xain çıxan, mən onları ancaq belə adlandıra bilərəm, bir qrup adamlar bu fürsətdən istifadə edib, erməni lobbisi ilə birləşib mənim əleyhimə cürbəcür işlər aparıblar. Mənə məlumdur ki, rəhbər olduğum dövrdə ədalətli cəza almış adamlar Moskvada yaşayan ermənilərlə əlbir olub əleyhimə cürbəcür anonim məktublar hazırlayırdılar. Belə bir şəraitdə vicdanımın pak olduğunu bildiyimdən özümü müdafiə etməyi bacarırdım. Mübarizə meydanından geri çəkilmirdim.
M.: - Sumqayıtda  1988-ci ildə erməni ssenaristləri tərəfindən törədilmiş faciəyə münasibətiniz?
H.Ə.: - Bu müəyyən qüvvələr tərəfindən, tək erməni millətçiləri yox, ola bilər onların Azərbaycan Respublikasında olan bəzi köməkçiləri ilə birlikdə törədilibdir. Həmin illərdə Azərbaycan Respublikasına rəhbərlik edən adamlar, rəhbər işçilər bunu vaxtında özləri üçün araşdıra bilməmişlər. Məndə olan məlumatlara görə Sumqayıt hadisələrinin qarşısını  elə o günü almaq olardı, əgər Sumqayıtda hörmətli Azərbaycan rəhbəri olsaydı.
M.: -  Heydər bəy, Sumqayıt şəhərinin müxtəlif dövrlərdə respublika rəhbərliyinin gözü qarşısında kimyəvi poliqona çevrilməsi haqqında Siz nə deyə bilərsiniz?
H.Ə.: -  Bilirsiniz,  bu barədə çox yazırlar. Bu yazılarla razı ola bilməzdim. Belə hesab edirəm ki, bu məsələni də bəzi adamlar Sumqayıt şəhərinə, sumqayıtlılara qayğı fikri ilə yox, öz şəxsi məqsədlərini həyata keçirmək üçün istifadə ediblər. Sumqayıt şəhərinin tarixini müəyyən qədər bilirəm. Bura əvvəl metallurqlar, sonra da kimyaçılar şəhəridir. Indiki dövrdə iqtisadi və mədəni cəhətdən ən inkişaf etmiş ölkələri götürsək, onların hamısında həm kimya böyük inkişaf edibdir, həm metallurgiya inkişaf edibdir və məhz elə bu iki sahənin yüksək,  səmərəli fəaliyyət göstərməsi nəticəsində onlar çox böyük iqtisadi və sosial nailiyyətlət əldə ediblər. Ancaq iş orasındadir ki, hər bir yeni sənaye obyektinin  yaranmasında məsələyə hərtərəfli baxılmalıydı. Məsələn, o   kimya sənayesinə, metallurgiya sənayesinə aid olan zavodların obyektləri tikilərkən orada müəyyən təmizləyici sexlər   olmalıydı ki, nə hava zəhərlənəydi, nə Xəzər dənizinə tullantılar axıdılaydı. Təəssüf ki, Sumqayıtın rəhbərləri, onların bəziləri indi döşünə döyüb  özlərini "xalq qəhrəmanı"  kimi göstərmək istəyirlər, bunu etmədilər. Yaxşı yadımdadır, 70-ci ildə Sumqayıt alüminium zavodunagetmişdim. Zavodun sexlərini gəzərkən dəhşətə gəldim, fəhlələr çox ağır iş şəraitində işləyirdilər. Alüminium istehsalı ətraf mühit üçün çox zəhərli müəssisədir.   Ancaq təəssüf ki, vaxtı ilə heç bir əsası olmadan gətirib Sumqayıtda alüminium zavodu tikmişdilər.  Indi onu bağlamaq da mümkün deyil. Mən o vaxt çalışırdım ki, ətraf mühitin zəhərlənməsinin qarşısı alınsın. Bu barədə işlədiyim dövrdə  çox işlər görülmüşdür, hətta əgər siz o dövrün mətbuatına baxsanız, o dövrün materialları ilə tanış olsanız, görsəniz ki, o vaxt bir çox zavod rəhbərləri, hətta respublikanın rəhbər işçiləri kimya və alüminium zavodlarının ətraf mühitin zəhərlənməsi və Xəzər dənizinə təmizlənməmiş tullantıların atılması faktına görə ciddi cəzalanmışdılar. Moskvada, müxtəlif nazirliklərdə xeyli vəsait ayrılmışdı ki, təmizləyici sexlər quraşdırılsın.
M.: - Bir ağsaqqal kimi AXC-nin öncülləri haqda fikriniz nədir  və onlara nə tövsiyə edərdiniz?
H.Ə.: -  AXC haqqında mənə hər yerdə sual verirlər. Hələ Moskvada işləyərkən Azərbaycana, Naxçıvana gələndən sonra bütün görüşlərdə, mitinqlərdə və başqa yığıncaqlarda sual veriblər. Mən AXC-nin yaxşı gələcəyini görürəm. Belə hesab edirəm ki, hər bir xalqını sevən adam gərək bu hərəkatın inkişaf etməsinə kömək etsin və ona şərait yaratsın. Burada - Naxçıvanda Xalq Cəbhəsinin bir çox üzvləri ilə tanış olandan sonra və xüsusən HMP-in Məclisində, bütün yığıncaqlarında  şahidi olmuşam ki, Xalq Cəbhəsində bizim Azərbaycan xalqının çox ləyaqətli, dəyərli, ağıllı, bacarıqlı, xalqın aqibəti haqqında düşünən oğulları, adamları var və onlara kömək ermək lazımdır. O ki qaldı öncüllərə, arzu edərdim ki, hamısı ayıq olsunlar, heç bir çətinlikdən qorxmasınlar, əqidələrindən dönməsinlər. Birlik cəbhənin gələcəyini təmin edən əsasdır.
M.: - İslam dininə və dünyada olan islamçılığa münasibətiniz?
H.Ə.: - Ümumiyyətlə,  bütün dinlərə münasibətim müsbətdir. Bir müddət əvvəl buraya gürcü jurnalistləri gəlmişdilər. Onlar da bu sualı verirdilər. Elə bilirəm ki, onlara verdiyim cavabı təkrar edəcəyəm. Onlara dedim ki, hər bir din gərək inkişaf etsin. Təəssüf ki, bizim ölkədə din azadlığı indi yaranıbdır. Lakin ölkədə ancaq və ancaq xristian dini təbliğ olunur. Başqa dinlərin təbliğ olunması ya tam mümkünsüzdür,   yaxud da ki,  çox az yer verilir onlara.  Əgər bizim ölkə bir çox dinə mənsub olan xalqlardan ibarətdirsə, onda nə üçün Moskva televiziyası hər gün cürbəcür xarakterli verilişlərdə ancaq xristian dinini təbliğ edir? Və mən öz müşahidələrimdən belə hiss etmişəm ki, təəssüf ki, xristian dinini hüquqlu hesab edən bir çox rəhbər şəxslər Moskvada müsəlman dininə çox mənfi münasibət bəsləyirlər. Onlar nədənsə müsəlman dinindən qorxurlar, müsəlman dininin inkişafını onlar özləri üçün böyük təhlükə hesab edirlər. Həmişə özüm-özümdən  də soruşmuşam  və onların da bəzilərindən soruşuram, bəs siz  öz dininizdən, öz xalqınızın mənsub olduğu dindən nə üçün bir belə qorxmursunuz, ancaq İslam dini sizin üçün belə bir təhlükə yaradır?
M.: - Bəzi tanınmış ziyalıların indiki prosesdə tutduqları gözləmə mövqeyinə Sizin münasibətiniz?
H.Ə.: - Mən onların mövqeyini pisləyirəm və ümumiyyətlə, bir çox mənim tanıdığım ziyalıların və ümid bəslədiyim Azərbaycan ziyalılarının indi o gözləmə mövqeyi, siz deyirsiniz, passiv mövqeyi, yaxud da ki, tam bitərəf mövqeyi məni çox narahat edir.
Ziyalılar həmişə xalqın aqibətinin həll olunması dövrlərində gərək öz sözlərini desinlər, öz səslərinin qaldırsınlar, öz mövqelərini bildirsinlər, əgər ziyalılar indi susub kənara çəkiliblərsə, gözləmə mövqeyindədirlərsə, demək, külək hansı tərəfə güclənərsə, o tərəfə keçəcəklərsə, onda yəqin ki, onlar xalq qarşısında ziyalı kimi öz nüfuzlarını itirəcəklər və bu da ədalətli olacaqdır.
M.: - Bir siyasi xadim kimi, respublikanın iqtisadiyyatı haqqında nə deyə bilərsiniz? Azərbaycan Respublikası özünü dolandıra bilərmi?
H.Ə.: - Birinci, onu deyə bilərəm ki, Azərbaycanın iqtisadiyyatı çox bərbad vəziyyətdədir. Mən Azərbaycanın 20-ci ildən indiyə qədər iqtisadiyyat tarixini yaxşı bilirəm və tam əsasla deyə bilərəm ki, əvvəlki dövrlərdə, hansı dövrünə cür adlandırırsınız adlandırın, Azərbaycanın iqtisadiyyatı bu qədər bərbad, bu qədər aşağı səviyyədə və bu qədər təhlükəli səviyyədə olmamışdır. Son beş ildə iqtisadiyyat bir damcı da olsa, bir faiz belə inkişaf etməmişdir. Iqtisadiyyatın bütün sahələri sənaye, kənd təsərrüfatı, inşaat, tikinti, sosial problemlərin həll olunmaması və s. inkişaf faizini aşağı endirmişdir. Bu da şübhəsiz ki, respublikanı iqtisadi böhran  vəziyyətinə gətirib çıxarmışdır. Belə şəraitdə yaşamaq olmaz. Xalq belə şəraitə çox dözə bilməz. Ona görə respublikanın iqtisadiyyatını  bu vəziyyətdən çıxarmaq lazımdır. Bu, sualın birinci hissəsinə cavab. İkinci  hissəsinə cavab ondan ibarətdir ki, Azərbaycan Respublikasının iqtisadi və sosial potensialı böyükdür. Təəssüf ki, beş-altı ildə bu potensial səmərəli istifadə olunmur. Əgər bu potensial səmərəli istifadə olunarsa, Azərbaycan iqtisadi sahədən tam müstəqil ola bilər və öz iqtisadi suverenliyini təmin edə bilər.
M.: - Heydər bəy, məlumdur ki, Siz Azərbaycana gələndə ilk dəfə ŞƏHİDLƏR XİYABANInı ziyarət etdiniz. Belə bir sual: ŞƏHİDLƏR XİYABANInı ziyarət edərkən hansı hissləri keçirirdiniz?
H.Ə.: - Mən ŞƏHİDLƏR XİYABANIna getmişdim ki, orada yatan bizim azərbaycanlı qardaşlarımızın xatirəsi qarşısında, onların qəhrəmanlığı qarşısında öz vətəndaşlıq borcumu verim. Və mən onların hər birisinin xatirəsi qarşısında baş əyirəm. Çünki onlar xalq azadlığı və ədalət uğrunda mübarizə apararaq həlak olublar. Mən çox kədər hissi keçirirdim orda, ancaq bir bu anda yox, ümumiyyətlə yanvarın 20-dən Azərbaycan xalqının başına gəlmiş bu faciə məni daim kədərləndirib və buna görədə HMP-in Ali Məclisinin məsələlərini müzakirə edərkən mən öz fikirlərimi demişəm, hiddətimi bildirmişəm və açıq-açığına bu faciənin Azərbaycan xalqının həyatında ən qara səhifələrindən biri kimi qiymətləndirmişəm. Azərbaycan xalqının başına gəlmiş bu bəlanın günahkarlarının aşkara çıxarılmasını və bu hadisələrə siyasi qiymət verilməsini tələb etmişəm.
M.: - Bayaq iqtisadiyyatdan danışdıq, Azəybaycanda keçirilən I beynəlxalq biznes konqresə sizin münasibətinizi bilmək maraqlı olardı.
H.Ə.: - Mən o konqresin fasad tərəfini görmüşəm. Televiziya, qəzet vasitəsilə. Onun zahirini görmüşəm, nə qədər onun daxildə dərin olduğunu, nə qədər səmərəli olduğunu, nə qədər mənfəətli olduğunu deyə bilmərəm. Ümumiyyətlə, bu tədbir hər halda maraqlıdır, faydalıdır, yəqin müəyyən xeyir gətirər, ona görə ümumiyyətcə buna müsbət münasibət bəsləyirəm. Ancaq arzu edərdim ki, bu konqres reklam şəklində yox, Azərbaycan xalqının, Azərbaycan Respublikasının iqtisadi inkişafına kömək göstərmək tədbiri kimi gələcəkdə inkişaf etsin, həyata keçirilsin.
M.: - İcazə versəydiniz, bir sual verərdim, bu şəxsən özümü maraqlandırır. Mənə elə gəlir ki, bizim bütün tanınmış şəxslərimizə öz həyat yoldaşları tərəfindən  böyük dayaq olduğu kimi, bizim hamımızın hörmətlə yad etdiyimiz Zərifə xanımdan da Sizə həmişə bir dəstək olub. Üzr istəyirəm, sentimental hissləri yada salıram. Şəxsən özümə onun hardasa Moskvada dəfn olunması böyük təsir edir. Bu gün istərdim ki, o Azərbaycanda dəfn olunsun. Ağır da olsa, necə də olsa Zərifə xanımla keçirdiyiniz günlər haqqında, onun əzablı siyasət meydanında sizə necə dayaq olması haqqında bir neçə kəlmə.
H.Ə.: - Bilirsiniz, doğrudan da bu çox sentimental sualdır. Zərifə xanım yada düşəndə, onun haqqında söhbət olanda kövrəlir, dayana bilmirəm. Bir şeyi deyə bilərəm ki, bəlkə də həyatımın... (Heydər bəy bərk kövrəldi və onun gözləri doldu, bir az duruxdu)
M.: - Kövrəltdim sizi, üzr istəyirəm, amma bu sualı verməyə bilməzdim.
H.Ə.: ...Ən xoş cəhəti ondan ibarət olmuşdur ki, belə bir həyat yoldaşım olmuşdur. Çox ağıllı, mədəni, vətənpərvər insan idi. Böyük alim idi. Hərtərəfli inkişaf etmiş bir şəxs idi, eyni zamanda mənim üçün sədaqətli həyat yoldaşı idi. Sədaqətli sözünü deyəndə çox geniş məna verirəm və həmişə onu götürürəm ki, ümimiyyətlə, həyat yolum çətin olubdur.  Böyük çətinliklərlə rastlaşmışam və bütün bu çətinliklərdə ən böyük dayağım Zərifə xanım olmuşdur. Ona görə də onun həyatdan getməsi şübhəsiz ki, mənə böyük zərbə olmuşdur. Onun xatirəsi mənim üçün həmişə əzizdir. Mənə belə gəlir ki, belə şəxsiyyətlər ümimiyyətlə unudulmazdır. O vəfat edəndən sonra mən çox kədərli idim. Bizim şair B.Vahabzadə onun həyatdan getməsi münasibəti ilə şeir də yazıb göndərmişdi. Onu tez-tez xatırlayıram.
M.: - Və icazənizlə, sonuncu sual: çox siyasi xadimlər proqnoz verməyi xoşlayırlar, bu məşğuliyyətlə qidalanırlar, uzaq proqnozları deməyi xoşlayırlar. 
Lakin yaxın proqnozu heç kəs demək istəmir. Heydər bəy, yaxın müddətdə xalq hərəkatını və respublikamızı nə gözləyə bilər?
H.Ə.: - Bilirsiz, mən proqnoz vermək istəmirəm. Mənə belə gəlir ki, xalq hərəkatını da, respublikamızı da hələ ki, olduqca çətin və ağır günlər gözləyir. Çünki təəssüf ki, xalq hərəkatıyla respublikanın başqa siyasi qüvvələri yekdil deyillər. Bunların arasında müəyyən sazış yaranmayıbdır. Xalq hərəkatını boğmaq cəhdində olan qüvvələr çoxdur. Respublikada baş verən hadisələrdən belə nəticəyə gəlmək olar ki, sabah üçün, birisi gün üçün hələ heç bir şey gözləyə bilmərik. Lakin elə söhbətimizin əvvəlində qeyd etdim ki, mən nikbin əhval-ruhiyyəli adamam, belə güman edirəm ki, xalqımız qəhrəman xalqdır, cəsarətli xalqdır. Hər halda, bu çətin vəziyyətdən də yəqin çıxa biləcəkdir və xalqımızın gözəl gələcəyini şübhəsiz ki, görürəm.
M.: - Çox sağ olun, Heydər bəy, məni qəbul etdiyiniz və mühasibə verdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm.

Müsahibəni apardı: Rauf Zeyni.
Noyabr, 1991-ci il. Naxçıvan.
Rəy bildir +
Oxşar xəbərlər
Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Heydər Əliyev "Neftçi"ni,  Banişevski və Kramarenkonu necə xilas etdi?
18:5710 may

Heydər Əliyev "Neftçi"ni, Banişevski və Kramarenkonu necə xilas etdi?

Üç gün sonra müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin doğum günüdür. Təbii ki, belə bir əlamətdar gün ərəfəsində Ulu Öndərin ölkəmiz üçün etdikləri, bütün sahələrdə göstərdiyi xidmətlərdən bəhs olunur. Heç şübhəsiz ki, Heydər Əliyevin ölkənin idman sahəsində də xidmətləri az olmayıb.

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO