İSTİ XƏBƏRLƏR
» » "Sukait" türk-monqol tayfaları ilə bizi nə bağlayır?

"Sukait" türk-monqol tayfaları ilə bizi nə bağlayır?



Sumqayıt şəhəri Abşeron yarımadasının şimal-qərbində, Xəzər sahilində, Sumqayıtçayın mənsəbində, düzənlikdə yerləşir. Onu paytaxt Bakıdan 31 kilometr məsafə ayırır. Dəniz səviyyəsindən 26 m yüksəklikdə duran ərazinin iqlimi quru subtropik, relyefi düzənlik,yarımsəhra, bitki örtüyü seyrəkdir, dənizdən xəzri, cənubdan gilavar küləkləri xarakterikdir. Sahəsi 94.17 kv.km, əhalinin sayı 343,5 min nəfərdir. Şəhər əhalisinin sayı 306,8 min nəfər hesablanır. Ərazisinə görə respublikanın üçüncü şəhəri hesab olunan Sumqayıtın tabeliyinə Corat (əhalinin sayı-13,5 min nəfər), Hacı Zeynalabdin Tağıyev (əhalinin sayı-23,2 min nəfər) qəsəbələri daxildir.
Ədəbiyyatda toponomiyanın Suqayıt, Sumqay, Sukait variantları məlumdur. XIII əsr yazarı Fəzlullah Rəşid əd-Din yazırdı: "Sumqayıt sözü XIII əsrdə Yaxın Şərqin monqollar tərəfindən fəthi zamanı buraya gəlmiş "Sukait" türk-monqol tayfalarının adından əmələ gəlmişdir." 
E.ə.II əsrdən etibarən, Çinin Sinan şəhərindən başlayaraq Şərq ölkələrindən keçən Böyük İpək Yolunun bir qolunun orta əsrlərdə Xəzər dənizinə yaxın olan Sumqayıtın ərazisindən keçdiyini inamla deyə bilirik. Bu ərazidə yeganə su mənbəyi olmuş Sumqayıtçay öz başlanğıcını Baş Qafqaz silsiləsinin cənub yamacından, Dübrar dağın başından götürür. Yağış, sel suları ilə çoxalan Sumqayıtçayın mühüm qolları Çigil və Kəndadır. Yuxarı axınında Quzduçay, Qozluçay, Cəngiçay adlanan bu çayın uzunluğu 198 km-dir.
1580-ci ildə ingilis səyyahı Xristofor Berrou Sumqayıtın adını çəkmişdir. O, öz yol qeydlərində "Sumqayıtçay"ın və çayın üzərində salınmış taxta körpünün varlığını qeyd etmişdir.
XVIII əsrin 30-cu illərində alman səyyahı İ.Lerx özünün yol qeydlərində bu ərazidən axan çay və onun üzərində salınmış daş körpü haqqında məlumat vermişdir. Bu fikir çay üzərində salınmış taxta körpünün sonralar daşla əvəz olunması fikri ilə üst-üstə düşür. XIX əsrin ortalarında rus səyyahı İvan Berezin yol qeydlərinə Sumqayıtçay haqqında bu fikirləri yazmışdır: "Bəzən bu çaya Suqayıt deyərdilər..." 
Yaxın Şərq ölkələri ilə Qərbi Avropa arasında ticarət əlaqələri quran tacirlər Sumqayıtçayın hər iki sahilində salınmış,əsrlərin yadigarı karvansaralarda(dəniz ləpələri iri qum təpələri yaratdığından Sumqayıtçay geriyə axaraq öz məcrasını dəyişdiyinə görə ikinci karvansaranın inşasına ehtiyac duyulmuşdur) dincəlirdilər. XVI-XVII əsrlərə aid edilən karvansaralardan birinin özül daşlarının qalıqları Abşeronun Giləzi kəndində aşkarlanmışdır. 1938-39-cu illərdə tədqiqatçı--alimlər N.Mel, E.Paxomov digər karvansaranın qalıqları üzərində tədqiqat apararaq, qədim tikililərin orta əsrlərə deyil, daha uzaq keçmişə aid olduğunu ehtimal etmişlər.
Məşhur fransız yazıçısı Aleksandr Düma 1858-ci ildə Qafqaza səyahət edərkən, özünün yol qeydlərinə bu sətirləri də yazmışdır: "Dənizdən iki km aralıda azərbaycanlıların çadır düşərgəsi yerləşirdi. Düşərgə artıq xarabazarlığa çevrilmiş karvansaranın yanında, düzənliyin ortasında salınmışdı. İlk olaraq karvansara haqqında məlumat toplamağa çalışdıq. Məlum oldu ki, karvansaranı Şah Abbas tikdirib..." Karvansaradan əlavə, o, Sumqayıt poçt məntəqəsinin də adını çəkmişdir. Yazıçının yol qeydləri əsasında tərtib olunmuş "Qafqaz səfəri" kitabında karvansaranın xarabalıqları yanında su ovdanının da varlığı diqqətdən yayınmır. Xanım Əliabbas qızının müəllifi olduğu "Corat. Tarixin bir parçası" kitabında da bu fikrə rast gəlinir: "Şah Abbas su ovdanları da tikdiribmiş. Bu gün onlardan biri Super Fosfat Zavodunun arxasında qalmaqdadır…" 
Etnoqraf Əli Hüseynzadənin "Abşeron yarımadasının etnik toponomiyaları haqqında: Corat, Saray, Sumqayıt" məqaləsindən aydın olur ki, Abşeronda Sumqayıt adında 4 müxtəlif obyekt olmuşdur: poçt məntəqəsi, mayak, çay, dəmiryol stansiyası. Şəhərin adı bu çayla bağlıdır.
Sumqayıta yaxın yaşayış məskəni - Coratın yaşı iki minə yaxın hesablanır. Yerli yazarların "Sumqayıtın İçərişəhəri" adlandırdığı Corat sözünün tarixi mənbələrdə etimoloji baxımdan bir neçə mənası var. Belə ki, bəzi mənbələr bu sözün "Cürət" sözündən yarandığını iddia edirlər. Burada yerləşən qalanın "Cürət qalası" kimi tarixə düşmə ehtimalı var. Bu qalanın Simu pəhləvan tərəfindən mühafizə olunması haqqında rəvayətlər çoxdur. Bəzi mənbələrdə bu söz "çor at" yəni "tor at" anlamını verir. Bu fikir yerli sakinlərin balıqçılıqla məşğuliyyətindən yaranmışdır. "Çor at" ifadəsinin digər anlamı ətraf yerlərdə salınmış üzüm bağlarına düşən "çor" xəstəliyi ilə izah olunur.Corat sözünün "Curyat" tayfalarının adından əmələ gəlməsi ilə bağlı fərziyyələr də mövcuddur. Mənbələr göstərir ki, Sumqayıt coratlıların bağ-bostan sahələrinin yerində salınmışdır. Bağların bir ucu Pirəkəşkülə, o biri ucu Şurabada gedib çıxırdı. Sumqayıtın fəxri vətəndaşı, Sosialist Əməyi Qəhrəmanı, ilk metallurq qadın Zəminə Həsənovanın atası Həsən kişinin xatirələrindən: "O illərdə burada yaşayan insanların vəziyyəti ağır idi. Səhərdən-axşama kimi balıq vətəgələrində, bəy torpaqlarında işləyən kəndlilərə cüzi əmək haqqı verilirdi. Bəylərin torpaqları boyunca karvan yolu uzanırdı. Ətraf kəndlərin əhalisi üçün bu yol yeganə dolanacaq yeri idi. Bu yolla kəndlilər Şamaxıya dəvə və eşşəklərlə tuluqlarda neft, torbalarda duz aparıb satırdılar…" 
Tarixi mənbələr Coratda yeddi karvansaranın mövcud olduğnu göstərir: Hacı Əmrulla bəy karvansarası, Hacı Güləhməd karvansarası, Hacı Hümbət karvansarası, Kərbəlayı Baladayı karvansarası, Hacı Zair karvansarası, Sahibcan karvansarası, Hacı Kiçikbəy karvansarası. Coratda inşa edilmiş dörd məscidin ikisi 1937-ci ildə dağıdılmışdır. Sakinlər arasında qadın məscidi kimi tanınan məscidlərdən biri Hacı Kiçikbəyin adı ilə bağlıdır. Hacı Hümbət adlı şəxsin adı ilə hallanan ikinci məscid də 1937-ci ilin "qurban"ına çevrilmişdir. Cümə və Gülxatın məscidləri bu günə kimi qalmaqdadır. Bir hissəsi pir olan Cümə məscidi hicri təqvim ilə 409-cu ildə (988-ci il ) Hacı Əli adlı bir şəxs tərəfindən inşa olunmuşdur. Xeyriyyəçi Xanməmməd Məhərrəmoğlu məscidin ikinci hissəsini tikdirərək möminlərin ixtiyarına vermişdir. İmkanlı xanım Kərbəlayı Gülxatına məxsus ev hal-hazırda Gülxatın məscidi (XVIII əsr) kimi tanınır. Ümumiyyətlə, Kərbəlayı Gülxatının sahibəsi olduğu torpaq sahəsini əhatə edən qəbiristanlıqdakı sərdabələr, qəbirüstü yazılar, kitabələr Coratın elə tarix qədər qədimliyindən xəbər verir. 
Corat qəsəbəsindəki Hacı Məcid hamamı XVI əsrin memarlıq nümunəsidir. Kükürdlü suyu ilə məşhur olmuş hamam hal-hazırda yeraltı abidə kimi diqqət mərkəzindədir. Əmrulla bəyin sifarişi ilə tikilən ikinci hamamın tarixi XVII əsrdən hesablanır. Xeyirxah əməl sahibindən yadigar qalan bu hamam gümbəzşəkilli olub dövlət tərəfindən mühafizə olunan abidələr siyahısındadır. 
Hacı Zeynalabdin Tağıyev qəsəbəsi Bakı şəhərindən 40 km şimalda, Xəzər dənizi və Böyük Qafqaz dağlarının şərq yamacları ilə əhatə olunan düzənlikdə yerləşir. Onu Sumqayıt şəhərindən 10 km məsafə ayırır. Burada ilk yaşayış məskəni vaxtı ilə "Təkə qumu" kimi tanınmış Pirəkəşkül kəndi olmuşdur. 
Əvvəlki adı "Nasoslu" olan qəsəbənin adı 7 fevral 1991-ci il tarixdən etibarən, dəyişdirilərək məşhur neft maqnatı Hacı Zeynalabdin Tağıyevin adı ilə adlandırılmışdır.
XX əsrin əvvəllərində H.Z.Tağıyev, Bakı və ətraf rayonlarda əhalinin sürətli artımı ilə əlaqədar yaranan su problemini aradan qaldırmaq üçün Şollar su kəmərinin tikintisinə şəxsi büdcəsindən pul ayırmışdır. Avropa ölkələrinə səyahət edərkən o, Almaniyanın Frankfurt Mayn şəhərində müasir standartlara cavab verən su təchizatının rəhbəri Vilyam Lendleyn ilə tanış olmuş, Azərbaycanda da bu layihənin həyata keçirilməsi üçün onu Bakıya dəvət etmişdir. 
1903-cü ildən tikintisinə başlanan Şollar su kəmərinin bir hissəsi H.Z.Tağıyev qəsəbəsindən keçir. Üzərində 1916-cı il tarixi göstərilən, Şərq memarlığının təcəssümü olan Nasos su qurğusu tarixi abidə kimi bu gün də mühafizə olunur. 
1934-cü ildə Keçmiş İttifaqın Ağır Sənaye Xalq Komissarlığının kollegiya iclasında kimya, qara və əlvan metallurgiya müəssisələrinin yerləşdirilməsi üçün ərazi seçmək məsələsi müzakirə olunmuş, İstilik Elektrik Stansiyası və digər sənaye kombinatlarının yerləşdirilməsi üçün Bakıdan 40 km aralı, Sumqayıt dəmiryol stansiyasından çox da uzaq olmayan bir məsafədə torpaq sahəsi məqsədəuyğun hesab edilmişdir. Abşeron yarımadasında iqlim şəraitinin əlverişli olması, Bakını su ilə təmin edən Şollar su kəmərinin buradan keçməsi, Bakı - Rostov-Moskva dəmiryol xəttinin yaxınlığı bu ərazinin seçilməsi üçün zəmin yaratmış oldu. Şəhərin yaranmasında əsas məqsəd respublikanın sənaye sahələri ilə texnoloji əlaqə yaratmaqla Azərbaycanda kimya və metallurgiya sənayesini inkişaf etdirmək idi. Yeni şəhərin yaranması Bakının da inkişafına təkan vermiş olacaqdı.
1936-1938-ci illərdə şoran düzəngahda taxta tikililər - baraklar meydana gəldi. Azərbaycanın Lənkəran-Astara, Şəki-Zaqatala, Gəncə-Qazax bölgələrindən, Rusiyanın müxtəlif yerlərindən - Moskvadan, Novosibirskidən, Vladivostokdan, Ukraynanın Dnepropetrovsk, Belorusiyanın Mogilyov şəhərlərindən gəlmiş gənclər inşaat işlərinə cəlb olundular...
1939-cu ildən etibarən, yeni işlənmiş plan əsasında Sumqayıtın sənaye müəssisələrinin tikintisi başlandı. İlk qurucular - Aslan Osmanov (Sosialist Əməyi Qəhrəmanı - 1958), Məzahir Abdullayev (Sosialist Əməyi Qəhrəmanı - 1966), Yəhya Məmmədov kimi şəxslər əmək meydanında fərqləndilər. 
Böyük Vətən Müharibəsinin başlanması inşaat işlərini yarımçıq qoydu. 1941-ci il iyun ayının 22-də başlanan II Cahan savaşının əsas tərkib hissəsi -Böyük Vətən Müharibəsinin 1945-ci il may ayının 9-u zəfər çalmasında azərbaycanlıların payı az olmadı. Müharibə başlananda Sumqayıtın ərazisində inşaat işlərinə cəlb edilmiş gənclər də düşmənə qarşı vuruşmağı özlərinə borc bildilər. Onlardan biri də tikintidə bənna işləyən Tambov vilayətindən olan Yakov Sinyov idi. O, Moskvada Texniki-Peşə Məktəbini bitirdikdən sonra Sumqayıta işləməyə gəlmişdi. Qorxmazlığı, mərdliyi ilə seçilən Yakov Sinyov döyüşlərin birində 30-dan çox alman əsgər və zabitini məhv etmiş, 1943-cü ilin aprelində Krımsk uğrunda vuruşmada qəhrəmancasına həlak olmuşdur. Düşmənin atəş nöqtəsini susdurmaq üçün sinəsini pulemyot lüləsinin qabağına verərək qəhrəmancasına həlak olan Yakov Sinyovun ölümündən sonra ona "Sovet İttifaqı Qəhrəmanı" adı verilmişdir. Krımsk şəhərindəki qardaşlıq qəbiristanlığında 40 nəfər azərbaycanlı döyüşçü ilə birgə Sovet İttifaq Qəhrəmanı Yakov Sinyov da uyuyur. Tambov vilayətinin İnjavin rayonunda, Tambov şəhərində, Krımskda, Sumqayıtda onun adını daşıyan küçə var. 
“Sovet İttifaqı Qəhrəmanı" fəxri adına layiq görülmüş həmyerlilərimizdən biri də Mikayıl Ələkbərov idi. O, 1924-cü ildə Saray kəndində doğulmuşdur. Bakı Dənizçilik Məktəbinin kursantı Mikayıl Ələkbərov müharibənin ilk günlərində gəmidə cəbhə üçün yanacaq daşıyırdı. 1942-ci ildə könüllü olaraq cəbhəyə yola düşmüş, 81-ci atıcı diviziyada kəşfiyyatçı kimi xidmət etmişdir. Dnepropetrovsk uğrunda döyüşlərdə göstərdiyi rəşadətə görə 1943-cü ildə ona "Sovet İttifaqı Qəhrəmanı" adı verilmişdir. Dnepropetrovsk vilayəti Sarıçansk rayonunun Rudko kəndində 309 döyüşçünün xatirəsinə ucaldılmış abidə üzərinə yalnız Mikayılın portreti həkk olunmuşdur. Çünki o, burada yeganə Sovet İttifaqı Qəhrəmanıdır. Saray qəsəbəsindəki məktəb qəhrəmanın adını daşıyır. 
"223-cü Belqrad" diviziyası 1941-ci ildə demək olar ki, Sumqayıtdan yola salınmışdır. Diviziya Avstriyanın Vyana şəhərinin azad edilməsində iştirakına görə "Qırmızı Bayraq" ordeni ilə təltif olunmuşdur. Sumqayıtlı gənclər-- Aleksandr Kasyanov, Çərkəz Qurbanov, Şahbaba Məcidov bu diviziyanın qəhrəman döyüşçüləri idi. 

Sənurə Lazımova,
Sumqayıtın Tarixi Muzeyinin elmi katibi
Rəy bildir +
Oxşar xəbərlər
28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Laçının işğalından 27 il ötür
09:3018 may

Laçının işğalından 27 il ötür

Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il ötür.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Corat hamamlarını xilas edək!
17:5830 aprel

Corat hamamlarını xilas edək!

Corat qəsəbəsini Sumqayıtın qürur rəmzi, tarixinin, mövcudluğunun əsas dayağı hesab edirlər.İki min illik tarixi olan Corat tarixi abidələrlə zəngindir. Bu abidələrin içərisində hamamlar da var.