İSTİ XƏBƏRLƏR
» » 29 il əvvəl Hacı Təvəkkül Əlibəyli Moskvaya etiraz teleqramı göndərərək, 20 yanvar faciəsindən sonra respublikada ilkin olaraq azərbaycanlı soyadı qəbul etmişdi

29 il əvvəl Hacı Təvəkkül Əlibəyli Moskvaya etiraz teleqramı göndərərək, 20 yanvar faciəsindən sonra respublikada ilkin olaraq azərbaycanlı soyadı qəbul etmişdi

Onu Sumqayıtda hamı - uşaqdan böyüyə Hacı Təvəkkül kimi tanıyırdı. O, şəhərdə əksəriyyətin böyük hörmətlə yanaşdığı bir ziyalı, nüfuzlu ağsaqqal idi. Ancaq həmişə xoş ünsiyyəti, mehribanlığı, sakit görkəmi ilə seçilən bu adamın daxilində məqamı yetişdikdə necə od-alov, vulkan püskürdüyünü, yəqin ki, çoxları bilmir.
Azərbaycan və bütün türk dünyası üçün ən ağır, dünyanın dəhşətli məhşər günlərindən olan o bəduğur qanlı Yanvar gecəsində o zamankı SSRİ-nin başını itirmiş başçısı M.Qorbaçovun xüsusi göstərişi ilə xəyanətkar, qaniçən sovet ordusunun - general  D.Yazovun Krasnodar və Rostov vilayətlərindən topladığı ehtiyatda olan (SSRİ-nin müsəlman-türk xalqlarına divan tutmaq üçün zəncirli it kimi "ehtiyatda saxlanılan") erməni cəlladlarından ibarət qoşunun Bakıya yeridilərək amansız qırğınlar, vəhşiliklər törətməsi hər bir azərbaycanlı kimi xalqını ürəkdən sevən Təvəkkül müəllimi də bərk sarsıtdığından o gecə səhərədək gözünü yuma bilməmişdi. Qəlbinin həyəcanlı, narahat döyüntüləri, fikri-düşüncəsi ilə cəsur Vətən oğullarının - Bakıda imperiya qoşunlarına sinə gərərək, onun paytaxta daxil olmasına yol vermək istəməyən, zirehli hərbi maşınların, tankların xofundan çəkinməyərək, Sovet ordusu ilə qeyri-bərabər mübarizəyə qalxan, lakin avtomat, minomyot atəşlərinə tuş gələrək yaralanan, günahsız yerə qanı axıdılan  igidlərin yanında idi. 
Səhərisi gün Təvəkkül müəllim özünün yaşlı çağında nə edəcəyini dəqiq bilməsə də, bir şeyi tam dəqiqliklə yəqinləşdirmişdi: bu gündən sonra o, erməni daşnaklarının fitnəsi ilə əlini Azərbaycan xalqının qanına batırmış M.Qorbaçovla, D.Yazovla bir partiyada qala bilməyəcəkdi. Odur ki, xalqımızın o ağır günlərində yenidən yenilməzliklə ayağa qalxmış Bakı böyük izdihamla Vətənin şəhid oğullarını son mənzilə yola saldıqdan bir müddət sonra o, Moskvaya, o zaman SSRİ Nazirlər Sovetinin sədri olan, Kremldə az-çox ümid bəslədiyi, çox zaman M.Qorbaçov riyakarlığı, saxtakarlığı ilə barışmaq istəməyən Nikolay Rıjkova sərt məzmunlu bir teleqram göndərmişdi. Təvəkkül müəllim xalqının qəsdinə durmuş Kreml cinayətkarlarına qarşı öz kəskin etirazını, nifrətini ifadə edərək bildirmişdi ki, bu gündən sonra o, M.Qorbaçovla eyni partiyada qalmaqdan və onunla birgə "ov", "yev" familiyasını daşımaqdan, həmçinin qaniçən, təcavüzkar imperiya olan SSRİ-nin vətəndaşı olmaqdan qətiyyətlə imtina edir. 
30 ildən artıq Kommunist Partiyası sıralarında olaraq ona qəlbən inanan, lakin o müdhiş 20 yanvar gecəsindən sonra minlərlə azərbaycanlı kimi partiya biletini cırıb atan Təvəkkül müəllimin Qorbaçov rejiminə sonsuz bir nifrətlə göndərdiyi teleqramda Nazirlər Soveti sədrindən tələbi bu idi ki, onun və ailəsinin soyadlarının tez bir zamanda dəyişdirilməsinə xüsusi göstəriş verilsin.
Bu elə çaxnaşıqlı, anlaşılmaz bir dövr idi ki, qarşıdan gələn günlərin nə vəd eləyəcəyini, nələrin olacağını təxmini də olsa müəyyənləşdirmək mümkün deyildi. Təsadüfi deyil ki, bir çox dost-tanışı, qohumları Təvəkkül Rza oğlunun (onun xahişi ilə o zaman "yev" sonluğu ilə daşıdığı soyadı bilərəkdən vermirik) bu qərarını yüksək dəyərləndirsə də, tələsməməyi məsləhət görürdülər. Lakin təkidlərə baxmayaraq, Təvəkkül müəllim inadından dönmək fikrində deyildi. 
Görünür, Nikolay Rıjkov Kremlin, şəxsən Qorbaçovun və Yazovun qanlı cinayətkar olduqlarını və onların, sovet ordusunun Azərbaycan xalqı qarşısında böyük və bağışlanılmaz cinayəti olduğunu aydın dərk edərək və yəqin ki, özü tərəfindən bir üzrxahlıq jesti, Təvəkkül Rza oğlu üçün isə bir təsəlli olaraq onun teleqramını cavabsız qoymamış, Sumqayıt şəhər İcraiyyə Komitəsinə teleqram sahibinin tələbinin təcili yerinə yetirilməsi üçün xüsusi göstəriş vermişdi. 
Təvəkkül müəllim o dövrü yada salaraq danışırdı ki, həmin ərəfədə Sumqayıt şəhər İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışan Rasim Eminbəyli (onun nəsli fəxrlə səslənən bu soyadı artıq çoxdan daşıyırdı) şəhərin nüfuz sahiblərindən olan Təvəkkül müəllimin qərarını ürəkdən bəyənərək, ona bütün vasitə ilə kömək eləməyə çalışırdı. Məhz onun göstərişi ilə tezliklə Təvəkkül müəllimin 9 nəfərdən ibarət ailəsinin bütün üzvləri onların xüsusi rəğbətlə qəbul etdikləri Əlibəyli soyadını daşımağa başladılar. Bu, Təvəkkül müəllimin öz imkanı, öz gücü daxilində sovet rejiminə, Qorbaçov xəyanətkarlığına qarşı mənəvi üsyanının təsəlliverici bir nəticəsi, qələbəsi idi.
Bioqrafiyasından: Təvəkkül Əlibəyli 15 oktyabr 1936-cı ildə Azərbaycanın sərt iqlimli, lakin ən gözəl və səfalı guşələrindən olan Yardımlı rayonunun Çanaxbulaq kəndində dünyaya gəlmişdi. Orta məktəbi bitirdikdən sonra Sumqayıt Sintetik kauçuk zavodunda 10 ilə yaxın  çalışaraq maşinist, usta və sex rəisi vəzifələrində işləmişdi. 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirmiş, bir müddət doğma Yardımlıda, 1972-ci ildən isə Sumqayıtda müəllim kimi çalışmış, daha sonra isə bir-neçə il Sumqayıt "Kitabsevərlər Cəmiyyəti"nin məsul katibi vəzifəsində fəaliyyət göstərmişdir. Son 35 ildə isə o, Sumqayıtdakı S.Hacıbəyov adına Musiqi Texnikumunda gələcək musiqiçilərə, o cümlədən indi respublikamızda tanınmış bir çox gənc sənətçilərə sevə-sevə doğma xalqımızın dilini və ədəbiyyatını tədris və təbliğ etmişdir. 
Hacı Təvəkkül 2012-ci ildə, 76 yaşında dünyasını dəyişmişdir. O, bütün ömrünü  şərəflə, vicdanla yaşamış, kimsədən, hətta böyük bir vəzifə sahibi olmuş yaxın qohumundan belə heç vaxt heç bir təmənna ummamışdır.  
...1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra güman etmək olardı ki, vaxtilə Azərbaycan soyadlarına yamaq kimi yapışdırılmış "ov", "yev" sonluqlarından hamı kütləvi şəkildə imtina edəcəkdir. Lakin, Təvəkkül müəllimin də vaxtilə təəssüflə bildirdiyi kimi, heç də belə olmadı. Və ölkəmizin dövlət müstəqilliyi əldə etməsindən 28 il keçməsinə baxma-yaraq, hələ də çoxları biganəliklə "ov", "yev" sonluqlu soyadları daşımaqda davan edir, onları dəyişməyin vaxtının çoxdan ötdüyünün fərqinə belə varmırlar (gürcülər və nankor, xain qonş-ularımız Sovet hökuməti yenicə qurulanda və ondan sonrakı illərdə də, bizlərdən fərqli olaraq, "ov-yev"i çox nadir hallarda qəbul etmiş, öz milli soyadlarını qoruyub-saxlamışlar). 
- Bu məsələ ara-sıra mətbuat səhifələrinə çıxarılsa da, televiziya və radioda səslənsə də, hələ də çoxları "ov", "yev" əsarətindən xilas ola bilməmişdir. Böyük təəssüf doğurur ki, vətən-pərvərliyi, yüksək milli ruhu ilə tanınan və seçilən, böyük ehtiram bəslədiyimiz bəzi ziyalılarımız belə keçmiş soyadlarını daşımaqda davam edirlər, - deyə Təvəkkül Əlibəyli təəssüfünü gizlətmirdi.  
Və bütün bunların fonunda xüsusilə təqdirəlayiqdir ki, Hacı Təvəkkül 1990-cı ilin 20 yanvar faciəsindən sonra respublikamızda xalqımız üçün doğma olan soyadı qəbul edənlərin, yəqin ki birinciləri sırasında olmuşdu. 
...Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın əsrlərlə arzusunda olduğu və nəhayət, reallığını tapmış dövlət müstəqilliyindən sonra Təvəkkül Əlibəyli daha bir diləyini, müqəddəs arzusunu yerinə yetirə bilmişdi. O, özü kimi inamı düz və imanı kamil olan yaşlı dostları, yoldaşları ilə birgə Həcc ziyarətində olmuş, müqəddəslərin ruhunu yad etmişdi. Bu barədə söhbət düşəndə Hacı Təvəkkül böyük bir fəxrlə deyirdi ki, "Çox şadam, xoşbəxtəm ki, mənim adımın əvvəlində Hacı kimi böyük, müqəddəs bir titul, sonunda isə mənim azərbaycanlı olduğumu, türk oğlu olduğumu bildirən soyad - Əlibəyli soyadı dayanır!".

Rəhman ORXAN





Rəy bildir +
Oxşar xəbərlər
"Sukait" türk-monqol  tayfaları ilə bizi nə bağlayır?
10:4222 may

"Sukait" türk-monqol tayfaları ilə bizi nə bağlayır?

Sumqayıt şəhəri Abşeron yarımadasının şimal-qərbində, Xəzər sahilində, Sumqayıtçayın mənsəbində, düzənlikdə yerləşir. Onu paytaxt Bakıdan 31 kilometr məsafə ayırır. Dəniz səviyyəsindən 26 m yüksəklikdə duran ərazinin iqlimi quru subtropik, relyefi düzənlik,yarımsəhra, bitki örtüyü seyrəkdir,

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari