İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular


Narkobaranessa


Daxili İşlər Nazirliyi narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirləri davam etdirir və bu həftə İsmayıllı rayon Polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı şəhər sakini S.Həsənova saxlanıldı. Onun yaşadığı evin həyətyanı sahəsindən dəmir və plastik qablarda xüsusi aqrotexnik qaydada qulluq edilməklə yetişdirilən 33 ədəd çətənə və 6 ədəd xaş-xaş bitkisi aşkar edilərək götürüldü. Indiyə kimi qapısında narkotik tərkibli bitkilər yetişdirən çox bəylərə rast gəlmişdik, indi isə xanıma rast gəldik.
S.Həsənova ilk narkobaranessa kimi tarixə düşdü.


Arxeoloji tapıntı


Arxeoloji tədqiqatlar zamanı Qazax rayonunun Qazaxbəyli kəndi ərazisindən-Əziztəpə arxeloji abidələrindən əvvəl 2-ci minilliyin sonu, 1-ci minilliyin əvvəlinə aid 5 qədim qəbir aşkarlandı. Həmin qəbirlərdə oxla öldürülən insanların sümükləri tapılıb. Hətta bəzi qəbirlərdə ox hələ də sümüyə sancılı vəziyyətdə qalıb.
Ərazidən həmçinin daşdan hazırlanmış əmək alətləri, gil qabları, muncuqlar, dəmir ucluqlu ox başlıqları, xəncərlər və nizə ucluqları da aşkar edildi. 
"6 xətt" narahatçılığını bildirir ki, bu tapıntıdan xəbər tutan ermənilər özlərinin dünyada cəfakeş obrazlarını yaratmaq missiyalarını davam etdirərək qəbirdəki ox batmış qədim adamları min illər öncə genosidə məruz qalmış ermənilər kimi qələmə verəcəklər.


Roman müəllim

Sabah Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçını izləmək üçün ölkəmizə təşrif buyuranlar arasında ən diqqət çəkən şəxslərdən biridə 53 yaşlı rusiyalı milyarder, İsrail vətəndaşlığı almış London sakini Roman Abramoviçdir. 2003-cü ildən "Çelsi" klubunun rəsmi sahibi olan, klubu o vaxt 140 milyon dollara alan Roman müəllim klubun 5 dəfə ölkə çempionluğu, 2012-ci ildə Çempionlar Liqası və 2013-cü ildə Avroliqa qalibiyyətlərinə sahiblik edib.
Roman müəllim Bakıdan da əlidolu qayıdacaqlarına şübhə etmir.
"6 xətt"ə sızan məlumata görə dünyanın ən varlı adamlarından birinin Bakıya gəlişi münasibəti ilə yerli dilənçilər və yerli cibcirlər xüsusi proqramlar hazırlayıblar.


Ət

Azərbaycan mətbəxinin ən vacib atributu olan ətlə bağlı çox ilginc məlumatlar yayıldı. Belə ki, Dövlət Statistika Komitəsinin açıqlanan məlumatından belə məlum oldu ki, 2017-ci ildə Azərbaycana 83 min 954 baş iribuynuzlu heyvan gətirildiyi halda 2018-ci ildə bu rəqəmlər 114 min 183 başa qədər artıb. Yəni, 2017-ci ildə ölkəmiz 25 milyon 250,92 min dollar, 2018-ci ildə isə 314 milyon 3,53 min dollarlıq heyvan əti idxal edib.
İdxalın artması ölkə üzrə mal-qara və qoyun sayının azalması səbəbindəndir. Ekspertlərin fikrincə, məhsuldarlıq, emal, yemləmə və elmi-seleksiya sahələrində ciddi problemlər var.
"6 xətt" təklif edir ki, suni mayalanma yolu ilə buzov əldə etmək praktikası genişləndirilsin. Əks halda, ətyeyən xalqımızı gələcəkdə vegetarian olmaq təhlükəsi gözləyir.


Sərdar bəy

Bu həftə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu partiyaların 2020-ci il parlament seçkisi öncəsi blok yaratmaq təşəbbüsü ilə bağlı mediaya belə bir açıqlama verdi:
- Elmi yanaşma ondan ibarətdir ki, səhvləri aradan qaldırmaq üçün təcrübəni təkrarlamaq, harada səhvlərə yol verilibsə, onu aradan qaldırmaq lazımdır. Məsələn, kosmosa peyk göndərirlər, peyk gedib məhv olur. Ancaq birinci peyk məhv oldu deyə peyk göndərilməsinə son qoyulmur, ikinci, üçüncü peyklər göndərilir. Yəni, təkrarlama səhvləri aradan qaldırmaq üçündür.
"6 xətt" illərdir ki, müxalif siyasətçi kreslosunda yayxanıb oturan Sərdar bəyin bu açıqlamasının kökündən yanlış olduğunu bildirir. Sərdar bəy, səhv ucundan birinci peyk məhv olursa, onun yerinə başqasını göndərirlər, səhvi düzəltmək üçün onun özündən təkrar istifadə mümkünsüzdür. Eləcə də siyasətçilərin fiaskoya uğradıqdan sonra öz yerlərinini yeni gələnlərə vermələri labüddür.

Mitinq təşəbbüsü

Bu gün - mayın 28-də (UEFA AvroLiqa finalı öncəsi) REAL Partiyasının lideri  İlqar Məmmədovun mitinq keçirmək təşəbbüsünü YAP-çı deputat Aydın Mirzəzadə belə şərh etdi:
- Biz öyrəşmişik ki, hər dəfə Azərbaycanda mötəbər bir tədbir olanda radikal müxalifətin nümayəndələri provokasiyaya cəhd eləsinlər. Sonradan məlum olur ki, onlara bu təxribatları etmək xaricdən gələn sifarişdir. Il boyu ölkədə heç bir aktivliyi olmayanların mühüm beynəlxalq tədbir arası 5-10 adam toplayıb küçəyə çıxmaq istəyinə nə ad verək?
Aydın müəllim guya mitinqin 28 maya həsr edilməsini isə REAL-çıların bəhanəsi hesab edir.
Maraqlıdır, futbol matçından bir gün öncə 28 may bayramı olmasaydı, Aydın müəllim demiş, REAL-çılar nəyi bəhanə edib mitinq keçirməyə cəhd edərdilər?
Təqvimə baxdıq: Mavritaniyanın müstəqillik günü. Bavariyada pivə günü. Çunjin əyalətində məhsul bayramı. Bir də, adamyeyən İbadu tayfasında qurbangətirmə günü.


Həftənin salnaməsini SƏRTYEL yazdı
Rəy bildir +
Oxşar xəbərlər
Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
15:5314 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

  Bu həftə Gürcüstanın Loqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində polislə yerli sakinlər arasında insident baş verdi. Belə ki, polis azərbaycanlıya məxsus avtomobili heç bir qanun pozuntusuna yol verməsə belə saxlayıb, onun xəstəxanaya tələsdiyinə də əhəmiyyət vermədi. Yaranan

Sumqayıtda narkotik tərkibli bitkilər becərən şəxs tutularaq istintaqa təhvil verilib
15:0814 may

Sumqayıtda narkotik tərkibli bitkilər becərən şəxs tutularaq istintaqa təhvil verilib

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə Sumqayıtçay ərazisində çəpərlənmiş sahənin kənarında bir nəfərin narkotik xassəli bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.

ASAN Radio və  AMEA Tarix İnstitutunun layihəsi
13:3310 may

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi

Türklərin dünyaya hansı arealdan yayıldıqları bütün zamanların sualıdır.  Alimlər türklərin  dünyaya Asiyadan və  Azərbaycandan yayıldığı barədə mübahisəli müzakirələr aparırlar. AMEA Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə  deyir ki, türklər  dünyaya   Şərqi Anadolu və Urmiya

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
10:3516 aprel

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO