İSTİ XƏBƏRLƏR
» » Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?


Sumqayıtın Tarixi Muzeyi təqdim edir

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il hesabatından məlum olur ki, bu stansiya müharibə illərində özünün qəzasız, fasiləsiz işinə görə dəfələrlə mükafatlandırılmış, hətta SSRİ Silahlı Qüvvələrinin Ali Baş Komandanı İ.Stalin hərbi texnika üçün topladığı 150 000 rubl üçün stansiyanın kollektivinə təşəkkür teleqramı da göndərmişdir. Müəssisənin qabaqcıl işçilərindən Yusif Rzaquliyevin, Məşədi Əliyevin adlarını çəkmək olar. 
Bu ərəfədə nəhəng sənaye müəssisələrinin-Boru-Yayma, Sintetik Kauçuk zavodlarının tikintisinə başlanılmışdı. 
Müharibə illərində Sumqayıt ərazisində tikinti işləri davam etdirilmiş, 1943-cü ildə M. Əzizbəyov adına Sumqayıt Kimya Zavodunun təməli qoyulmuşdur. 1944 - cü ildə isə İstilik Elektrik Stansiyasının tikintisi davam etdirilərək "İnşaat - montaj" hərbi hissəsi yaradılmış, 1947-ci ildən isə müəssisə "Zaqsənayeinşaatı" Tresti adlandırılmışdır. 
Bakı, Gəncə, Nefçala kimi mərkəz rolunu oynayan şəhərlər sırasına 1945 - ci ildən qoşulan Sumqayıt liderlik zirvəsinə kimi ucala bilmiş, kustar üsulla fəaliyyət göstərmiş ilk kimya zavodu "Ozero"da həmin ilin aprel ayında kaustik soda alınmışdır. Sonralar Səthi Aktiv Maddələr Zavodu kimi tanınan müəssisəyə,1952-ci ildə ilk məhsulunu vermiş Sumqayıt Sintetik Kauçuk Zavodu (1960-cı ildən Sintez Kauçuk Zavodu kimi tanınıb) yoldaşlıq etmiş oldu. Keçmiş İttifaq miqyasında ilk dəfə olaraq sintetik etil spirtinin bu müəssisədə alınması ilə Sumqayıt daha bir ilkə imza atdı. Hələ müharibə illərində A. Hitler özünün məşhur "Barbarossa" planına Bakının neft mədənləri ilə yanaşı, Sumqayıtın Sintetik Kauçuk Zavodunun da zəbt olunmasını daxil etmişdir. Çünki zavodda dünyada ilk dəfə olaraq Lebedev üsulu ilə sintetik kauçuk alınacaqdı. Şin, konveyer lentlərinin və digər rezin məmulatların hazırlanması üçün sintetik kauçuk vacib xammal idi. Zavodun idarə olunması üçün A. Hitler hətta Xayo Eylers adlı bir şəxsi direktor təyin etmişdir.
1946-49-cu illərdə sənayenin aparıcı müəssisəsi hesab olunan Boru -Yayma Zavodunda (1960 - cı ilədək Bakı Prokat Zavodu, 20 aprel 1969 - cu il tarixli fərmana əsasən, V. İ. Lenin adına Azərbaycan Boru Prokat Zavodu adlanmışdır, indiki "Azərboru" ASC) 3 əsas sex (marten, boru - yayma və yayma), habelə köməkçi sexlər (tökmə, buxar-güc, oksigen, mexaniki - təmir) istifadəyə verilmişdir.
20 yanvar 1949 - cu ildə zavodda ilk çuğun ərintisi alınmışdır. Həmin ildə əlvan metallurgiyanın ilki--Sumqayıt Alüminium Zavodunun tikintisi başlanmışdır.
Sənaye müəssisələrinin tikintisi Sumqayıt rayonunu o qədər genişləndirdi ki, Azərbaycan Respublikası Ali Sovetinin fərmanı ilə 22 noyabr 1949-cu ildə Sumqayıt respublika tabeliyində olan şəhərlər kateqoriyasına daxil edildi. Əgər 1939 - cu ildə Sumqayıtın əhalisinin sayı 6400 nəfər idisə, artıq 1949 - cu ildə bu rəqəm 17200 nəfər olmuşdur.
1952- ci il 31 dekabr tarixində qara metallurgiyanın ilki Boru-Yayma Zavodunda ilk stan "140" borular vermişdir. 23 oktyabr 1953 - cü ildə marten sexi ilk polad ərintisi verdi. Tanınmış poladəridən Allahverdi Süleymanov, ilk qadın metallurq Zəminə Həsənova idi. 
Əlvan metallurgiyanın ilki SAZ - ın fəaliyyətində yeniliklər baş vermiş, 8 mart 1955 - ci ildə ilk məhsul-əlvan metal külçəsi alınmışdır.
1957-ci ildə Neftkimyaavtomat Elmi - Tədqiqat İnstitutu, 1958 - ci ildə Səməd Vurğun adına mədəniyyət sarayı (indiki H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı) istifadəyə verilmişdir.
1958-ci ilin noyabr ayından tikilməyə başlayan Sumqayıt Super-Fosfat Zavodu Zaqafqaziyada fosfor gübrəsi istehsal edən yeganə müəssisə hesab olunurdu. Həmin ildə Kərpic Zavodu istismara verilmişdir.
 Nəqliyyat sahəsində də yeniliklər bir - birini əvəz etmiş, 1958-ci ildə elektrik qatarı,1959-cu ildə isə ilk tramvay işə düşmüşdür. 
Sumqayıtı həm də elm, maarif ocağı kimi tanımaq, tanıtmaq olar. 1959 - cu ildən etibarən, fəaliyyət göstərən Kimya-Texnologiya Texnikumu (ilk Texniki-Peşə Məktəbi 1949-cu ildə yaranmışdır) şəhərin kimya müəssisələrini ixtisaslı kadrlarla təmin edir. Böyük kimyaçı alim Yusif Məmmədəliyevin fəaliyyətinin bir qolu Sumqayıtla bağlı olmuşdur. O, dünyada ilk dəfə olaraq Sumqayıtda metanın reaktorda alınması texnologiyasını yaratmışdır. Sumqayıt Polimer Materialları İnstitutunun inşası məhz onun təşkilatçılığı ilə baş tutmuşdur. Həmin institutun laboratoriya müdiri işləmiş, kimya elmləri doktoru, professor Mustafa Salahov Sumqayıtda elmin bünövrəsini qoyanlardan biridir, Respublikanın Əməkdar İxtiraçısı-dır. Məişətdə işlənən bir neçə təmizləyici, yuyucu pastalar onun ixtiralarındandır.
Şəhərin səhiyyə həyatından da bir neçə məqamları qeyd etmək olar. İlk tibbi sanitar məntəqə Sumqayıtda "Zaqsənayeinşaatı"Tresti tərkibində 1946-1947-ci illərdə yaranmışdır. İlk şəhər xəstəxanası - Birləşmiş Şəhər Xəstəxanası 1955-ci ildən öz xəstələrini qəbul etmişdir. Respublikanın Əməkdar həkimi (1960) Şamil Muradovun, İzzət Sadıxovun uzunmüddətli həkimlik fəaliyyəti birbaşa bu tibb ocağı ilə sıx bağlı olmuşdur. Bu şərəfli missiyanı ləyaqətlə davam etdirən yüzlərlə səhiyyə işçisi hal-hazırda şəhərimizdə fəaliyyət göstərən dövlət tibb müəssisələrində, uğurla inkişaf edən özəl sektorda ("Real", "Hippokrat", "Liman", "Unikal", "Doktor.Az", "Baku", "Sağlam ailə" tibb mərkəzləri) çalışır.
Sumqayıt iri sənaye mərkəzi olmaqla yanaşı, eyni zamanda elm, təhsil ocağıdır. İlk təhsil ocağı - 2 №-li məktəb (indiki TETG) 1946-cı ildə Bakının Sumqayıt rayonunun 145 №-li məktəbi kimi qeydə alınmışdır. 200 №-li məktəb kimi fəaliyyət göstərmiş 1 №-li orta məktəb isə 1947-ci ildən öz şagirdlərini qəbul etmişdir. Sumqayıt şəhər statusu aldıqdan sonra ilk təhsil ocağı hesab olunan 4 №-li məktəb (1955) bu gün də şagirdlərin ixtiyarındadır. Hal-hazırda şəhərimizdə 51 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan 4-ü lisey, 1-i gimnaziyadır. 3 sayda Texniki-Peşə liseyi, 2 sayda internat məktəbi, eyni zamanda, SDU, Sumqayıt Dövlət Texniki Kolleci, Sumqayıt Tibb Texnikumu, Sumqayıt Özəl Orta İxtisas Kolleci fəaliyyətdədir.
Sumqayıtın təhsili etibarlı əllərdədir - desək, səhv etmərik. Çünki bu gün ali məktəblərə qəbul zamanı ən yüksək göstəriciləri sumqayıtlı tələbələr əldə edir. Sumqayıtın onlarla "Əməkdar müəllim" titulunun daşıyıcıları var. Səməd Şəfiyev Sumqayıtın (1958) ilk "Əməkdar müəllimi"dir.
Sənaye mərkəzi kimi doğulan Sumqayıt illər ötdükcə həm də mədəniyyət özəyi kimi tanınmağa başladı. Hələ 1946-1947-ci illərdə Sumqayıtın tikintisində iştirak etmiş alman əsirləri İES-in saldığı qəsəbədə yerləşən klubda (taxta barakın bir hissəsi o illərdə klub müəssisəsi kimi istifadə olunurdu) hazırladıqları səhnəciklərlə çıxış edirdilər. Taxta baraklarda həmin səhnəciklərə tamaşa edən, filmləri izləyən inşaatçılar üçün ilk mədəniyyət müəssisəsi "Energetik" 1949-cu ildə inşa olunmuşdur. Asudə vaxtın səmərəliliyinin təminatçısı ikinci məkan C. Məmmədquluzadə adına ilk kütləvi kitabxana oldu. 1954-cü ildən isə şəhərimizin ilk musiqi beşiyi - 1 №-li musiqi məktəbi (Q. Qarayev adına Uşaq Musiqi Məktəbi) öz ətrafına yüzlərlə uşaq və yeniyetməni toplamışdır.
 1959-cu il dekabrın 1-də Sumqayıt Radio Verilişləri Şəbəkəsinin ilk verilişinin efirə çıxması şəhərin siyasi həyatında əlamətdar hadisə oldu. Artıq şəhər əhalisi zəruri informasiyanı təkcə mətbuat ("Sosialist Sumqayıtı" qəzetinin ilk nömrəsi 1952-ci ildə nəşr olunmuşdur) vasitəsilə deyil, eyni zamanda, radio vasitəsilə əldə edirdi.
1959-cu ildə şəhərin ictimai-sosial həyatında mühüm rolu olan Şəhər Komitəsinin binası (Sumqayıt Şəhər İcra Hakimiyyətinin binası ) və Rabitə Evi istifadəyə verildi.
1960-cı ildə bütün Avropaya səs salacaq bir müəssisənin-Sumqayıt Kimya Kombinatının (sonralar Üzvi Sintez İstehsalat Birliyi adlandırılıb) inşası baş tutdu və on il ərzində öz hüdudlarını genişləndirərək 10-dan artıq sexi öz ətrafında birləşdirə bildi. 
Sumqayıt Aşqarlar Zavodu neft emalı və neft kimyası sənaye müəssisəsidir ki, keçmiş İttifaqda aşqar istehsalına görə ən böyük zavod idi. Sumqayıtda aşqar istehsal edən qurğu 1960-cı ildə ilk məhsulunu vermiş,1966-cı həmin qurğu əsasında Sumqayıt Aşqarlar Zavodu yaradılmışdır.
Məhəllələrlə yanaşı, ( ilk məhəllə - 16 ) mikrorayonlar şəhər əhalisinin ixtiyarına verildi. 1961-ci ildən 1-ci mik-on tikilməyə başladı. Elə həmin ildə ilk trolleybus xəttə gəldi.
Yaxın zaman kəsiyində Şüşə Zavodu (1963) və Super-Fosfat Zavodu (1964) istismara verildi. 
Sumqayıtın inkişafında sosialist yarışları əhəmiyyətli yer tuturdu. İlk Sosialist Əməyi Qəhrəmanı (1958) poladəridən Murad Zeynalovdur. Yüksək istehsalat göstəricisi əldə etdiyinə və ictimai fəallığına görə ilk metallurq qadın Zəminə Həsənova 1960-cı ildə bu ada layiq görülmüşdür.Onların sayı 10 nəfər hesablanır.1966-cı ildə yeddiillik planı qabaqcadan yerinə yetirdiyinə görə Tofiq Kərimov (Boru - Yayma Zavodu), Əsəd Məmmədəliyev (SAZ), Şəmşad Pənahov (Sintez Kauçuk Zavodu), Məzahir Abdullayev(1 saylı Trest) Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşlər.
Bu müddət ərzində Sumqayıt təkcə sənaye mərkəzi kimi formalaşmırdı. Əhalinin say artımını nəzərə alan 1saylıTrest bir-birinin ardınca 4; 9; 16; 21-ci məhəllələri inşa edərək sakinlərin ixtiyarına vermişdir. Məhsuldar əməyini nəzərə alan SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1966-ci ildə Tresti "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif etmişdir. Trest 1957-1981-ci illərdə "Keçici Qırmızı Bayraq" la mükafatlandırılmışdır. 
Sumqayıtların adı "Əmək Şöhrəti" kitabında qeyd olunurdu. Onlardan biri də Sumqayıt Yuyucu Məhsullar Zavodunun qablayıcısı Tamara Rufullayevadır. O, müxtəlif illərdə sosializm yarışının qalibi, X-XI beşilliklərin zərbəçisi kimi döş nişanları ilə təltif olunmuşdur.
 Sumqayıt özünün zəngin idman ənənələri, idmançıları ilə tanınır. Hələ ötən əsrin 50-60-cı illərində Sumqayıtda fəaliyyət göstərən müəssisələrdə idmanın müəyyən növü üzrə, ələlxüsus futbol üzrə həvəskar komandalar yaradılmışdır. Əməkdar məşqçi İsmayıl Əhmədov 1959-cu ildə Sumqayıtda ilk dəfə olaraq Kimya Texnologiya Texnikumunun idman zalında sambo üzrə bölmə təşkil etmişdir. Sumqayıtın idman tarixinə nəzər salsaq sambo üzrə Dünya çempionu (1982) Faiq Ağayevin, sərbəst güləş üzrə SSRİ çempionu Rəhim Novruzovun (1983), boks üzrə SSRİ çempionu Malik Ağayevin adlarını çəkmək olar. 
İlk stadion - "İnşaatçılar"ın tarixi 1954-cü ildən hesablanır.1966 - cı ildə yaradılmış M. Hüseynzadə adına şəhər stadionu respublika əhəmiyyətli yarışların əsas ünvanlarından biridir. 1980-ci ildən fəaliyyət göstərən 3 №-li Uşaq-Gənclər Şahmat - Dama İdman Məktəbi yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkilinə xidmət edir. 1980-ci illərdə məktəbin yetirməsi olmuş Fatma Məhərrəmova dəfələrlə respublika yarışlarının iştirakçısı, mükafatçısı olmuşdur. 
1967-ci ildə təşkil olunmuş Sumqayıt Şəhərinin Tarixi Muzeyi Azərbaycan SSR Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 13 saylı sərəncamı ilə yaradılmışdır. 1113 sayda eksponatla ilk ziyarətçilərini qəbul etmiş muzeyin bu gün fondu 15 min hesablanır. 
C.Cabbarlı adına Mədəniyyət Evinin və S.Vurğun adına Mədəniyyət Sarayının "Xalq Teatrı" fəxri adının daşıyıcıları-həvəskar teatr truppaları 1968-ci ildə bir araya gələrək Sumqayıt Dövlət Gənclər Dram Teatrı adı altında birləşdilər. 1969-cu ilin baharında M.F.Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" məshəkəsini peşəkarcasına oynamaqla teatrın açılışını elan etdilər.
Teatrın repertuarına müxtəlif ölkə dramaturqlarının klassik və müasir pyesləri daxildir. Teatrda bir müddət Xalq artistləri-Rza Əfqanlı, Barat Şəkinskaya, Əməkdar İncəsənət Xadimi Mərahim Fərzəlibəyov işləmişlər. Afaq Bəşirqızı, Valeh Kərimov, Hicran Mehbalıyeva, Kazım Abdullayev bu teatrda püxtələşmişlər. Böyük aktyor, rejissor H. Ərəblinskinin adını daşıyan teatr bu gün də rəngarəng repertuarı ilə öz tamaşaçılarını düşündürməyi bacarır.

 Sənurə Lazımova 
 Sumqayıtın Tarixi 
Muzeyinin elmi katibi
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtda kimyaçı Zamin Hüseynovun xatirəsi əbədiləşdirilib
12:5827 may

Sumqayıtda kimyaçı Zamin Hüseynovun xatirəsi əbədiləşdirilib

Sumqayıt şəhərində kimyaçı Zamin Hüseynovun xatirə lövhəsinin açılış mərasimi olub. Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Zamin Hüseynovun ailə üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

"Sukait" türk-monqol  tayfaları ilə bizi nə bağlayır?
10:4222 may

"Sukait" türk-monqol tayfaları ilə bizi nə bağlayır?

Sumqayıt şəhəri Abşeron yarımadasının şimal-qərbində, Xəzər sahilində, Sumqayıtçayın mənsəbində, düzənlikdə yerləşir. Onu paytaxt Bakıdan 31 kilometr məsafə ayırır. Dəniz səviyyəsindən 26 m yüksəklikdə duran ərazinin iqlimi quru subtropik, relyefi düzənlik,yarımsəhra, bitki örtüyü seyrəkdir,

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari