İSTİ XƏBƏRLƏR
» » Şəhərimiz necə dəyişir?

Şəhərimiz necə dəyişir?



İstər Sovet rejiminin hökm sürdüyü illərdə, istərsə də müstəqillik dövründə Sumqayıt dostluğun ünvanı kimi tanınmışdır. Bu ünvanı ilk tanıyan Gürcüstanın metallurqlar şəhəri Rustavi oldu. Sonralar bu qapını Rumıniyanın Piteşti (1971), Ukraynanın Çerkassı (1972) şəhərləri döymüşlər. Hal-hazırda Sumqayıt 14 sayda ölkənin 17 sayda şəhəri ilə iqtisadi-mədəni sahələr üzrə qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri saxlayır.
Gənclik şəhəri Sumqayıt gənclərin əli ilə qurulur, böyüyür, inkişaf edirdi. Kimya, metallurgiya sənayesi müəssisələrinin tikintisində və inkişafında komsomolçu gənclərin xidmətlərini nəzərə alan SSRİ Ali Soveti Rəyasət Heyəti 1968 - ci ildə imzaladığı fərmana əsasən, Sumqayıt Şəhər Komsomolçu-Gənclər Təşkilatını "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif etmişdir.
1971-ci ildə "Nippon Elektrik İndustri " şirkətinin lisenziyası və avadanlığı bazasında dəqiq maşınqayırma müəssisəsi-Sumqayıt Kompressorlar Zavodu tikilib istifadəyə verildi. Zavod əsasən, soyuducular və dondurucular üçün motor - kompressor istehsalı üzrə layihələndirilib ixtisaslaşdırılmışdır.
1970 - ci illərdə Sumqayıtda 185 müəssisə hesaba alınmışdır ki, burada 244 adda məhsul istehsal olunurdu. Onlardan 44-ü keyfiyyət nişanına layiq görülmüşdür. Müəssisələrdə istehsal gücü xeyli artmışdı. Azərbaycan Boru-Yayma Zavodunda altı sayda marten sobası, iki sayda yayma stanı (750-850 ölçülü) və üç sayda boru-yayma stanı (140-250 ölçülü) işləyirdi. Sumqayıt Alüminium Zavodunda məhsul buraxılışının həcmini artırmaq məqsədi ilə avtomatlaşdırılmış sistem tətbiq edilmişdir.
XX əsrin sonlarına doğru yaşadığımız Qarabağ savaşının başlanğıcı demək olar ki, Sumqayıtdan start götürdü. Belə ki, 1988-ci ildə başda M.S.Qorbaçov olmaqla erməni millətçiləri Dağlıq Qarabağı Ermənistana birləşdirərək "Böyük Ermənistan" yaratmaq məqsədi ilə erməni "genosidi" törətmək üçün Sumqayıtı əlverişli məkan hesab etdilər. Fevral ayının 27-dən başlayaraq 2 gün ərzində şəhərdə qanlı cinayətlər törədildi. Hadisə zamanı 36 nəfər (26-sı erməni idi) öldürüldü. Sumqayıt ilk şəhidlərini verdi - Vəkil Babayev, Surxay Əliyev, Canpolad Orucov, Natiq İsgəndərov, Dadaş Xudatov erməni məkrinin qurbanı oldu. Qanlı aksiya zamanı 400 nəfər bədən xəsarəti aldı, 200 mənzil, 50 mədəni-məişət obyektləri dağıdıldı.
Fevral hadisələri Qarabağ uğrunda elan edilməmiş müharibəyə yol açdı. Bu savaşda Sumqayıt 600-ə yaxın şəhid qazandı. Onlardan 400-ə yaxını dənizkənarındakı əbədi məskəndə ? "Şəhidlər Xiyabanı" nda uyuyur. Sumqayıtlı gənclər Mətləb Quliyev, Bəhruz Mansurov, Cəlil Səfərov "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşlər. 
Ötən əsrin 70-80-ci illərində tarix səhnəsində kimya şəhəri, kimyaçılar şəhəri kimi çıxış edən Sumqayıt 1990-cı illərdə iqtisadiyyatını bürümüş böhrandan üzüağ çıxmağı bacarmışdır. Bu xüsusda ulu öndər Heydər Əliyevin imzalamış olduğu "Əsrin müqaviləsi" yardımçı rolunu oynamışdır. 1994 - cü ildə yaradılmış Etilen-Polietilen Zavodunda 1999 - cu ildə Buxar-Generator Qurğusunun təməlqoyma mərasimi də şəxsən böyük şəxsiyyət Heydər Əliyevin səyi nəticəsində baş tutmuş, Yaponiyanın "Niçimen" şirkətinin maliyyəsi hesabına ərsəyə gəlmiş qurğunun 2001-ci ildə açılışı Sumqayıtı özünü bir daha kimya şəhəri kimi təsdiqləməsinə dəstək olmuşdur. 
İqtisadiyyatla yanaşı, şəhərin maarif sahəsində də yeniliklər bir-birini əvəzləmişdir. 2001-2002-ci illərin "Təhsildə keyfiyyət ili" elan edilməsində Sumqayıt təhsil işçilərinin rolu danılmazdır. 2002-ci tədris ilində baş verən yeniliklərdən biri Sumqayıt Texnologiya Texnikumunun "Sumqayıt Dövlət Texniki Kolleci" kimi fəaliyyət göstərməsidir. Şəhərimizdə ixtisaslı kadrların hazırlanmasında müəyyən xidməti olan Sumqayıt Pedaqoji Qızlar Seminariyası 2003-cü ildən etibarən,"Sumqayıt Özəl Orta İxtisas Kolleci" adını daşıyır. 2008-ci ildə kollecin maddi-texniki bazası əsasında "İdrak" liseyi təsis edilmişdir. 
Şəhərin idman həyatındakı yeniliklər də olduqca çoxdur. Şəhərdə bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətini həyata keçirən Gənclər və İdman Baş İdarəsi (1995-ci il) bu sahənin inkişafı, əhalinin sağlam həyat tərzinə cəlb olunması üçün yarışlar, spartakiadalar keçirir. Sumqayıtda "Təhsil" Sumqayıt İdman Mərkəzi, "Zenit", "Spartak","Kimyaçı" idman cəmiyyətləri, Sumqayıt Olimpiya İdman Kompleksi, Sumqayıt Paralimpiya İdman Kompleksi və s. fəaliyyət göstərir ki, hal-hazırda burada 10 000 -ə yaxın yeniyetmə və gənc idmanın 24 növü üzrə məşğul olurlar. 
Sumqayıt yarandığı gündən sənaye şəhəri kimi tanınıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqram"larına müvafiq tədbirlər planının həyata keçirilməsi şəhərimizin iqtisadi durumuna müsbət təsir göstərir."Bu gün Azərbaycanın sənaye potensialında çox böyük çəkisi olan Sumqayıt uğurla inkişaf edir, abadlaşır" - bu fikri ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi Sumqayıta ilk səfəri,12 avqust 2005-ci il tarixli görüşündə qeyd etmişdir.
Şəhərin sənaye həyatında bir-birini əvəz edən yeniliklər ölkə rəhbərinin Sumqayıta ardıcıl səfərlərində hiss olunmaqdadır. Belə ki, prezident İlham Əliyev 29 dekabr 2006-cı ildə şüşə lifli boru istehsal edən "Azkompozit" Zavodunun, "Bismak" MMC Qida-Sənaye Kompleksinin, 12 iyun 2007-ci ildə isə "Azərbaycan Alüminium" ASC-nin Sumqayıt "Alüminium" İstehsalat Sahəsinin 1-2 nömrəli Elektroliz korpuslarının,"Dizayn-Genay Azərbaycan" Polietilen və Polipropilen Boru Zavodunun açılış mərasimlərində iştirak etmişdir.
Almaniya,Türkiyə, Rusiya texnologiyaları əsasında işə salınmış "Bismak" MMC Qida-Sənaye Kompleksində iyirmi çeşiddə məhsul istehsal olunur və bu məhsullar bir sıra ölkələrə - Rusiyaya, Gürcüstana ixrac edilir.
Məlumdur ki,"Azərbaycan Alüminiumu" ASC 3 müəssisəni-Sumqayıt "Alüminium", Gəncə "Gil-Torpaq" və Daşkəsən "Alunit" İstehsal Sahələrini birləşdirir. Hal-hazırda istehsal gücü 60 000 ton hesablanan müəssisədə dünya bazarına "Azeral" markası ilə çıxarılan məhsul istehsal olunur. İstehsalat sahəsinin 1-2 nömrəli elektroliz korpuslarının işə salınması nəticəsində istehsal olunmuş ilk külçə ölkə prezidentinə hədiyyə olunmuşdur .
"Dizayn-Genay Azərbaycan" Polietilen və Polipropilen Boru Zavodu Azərbaycan -Türkiyə birgə müəssisəsi hesab olunur. Zavodda istehsal olunan borular su,kanalizasiya,təbii qaz xətləri üçün nəzərdə tutulmuşdur.Bu borular torpaq altında istənilən şəraitdə öz xüsusiyyətini dəyişmir və zəmanət müddəti 50 il hesablanır.
Şəhərin sənaye həyatına boylandıqda Azərbaycanın artan qüdrətinin göstəricisi STP-ni qeyd etməmək mümkün deyil. Postsovet məkanında bənzəri olmayan bu müəssisələr toplusu 45 hektar ərazini tutur və ölkəmizdə elektroenergetikanın inkişafına təkan verir. Sayı dünya miqyasında 7 göstərilən müəssisənin 8-cisinin məhz Sumqayıtda inşası Heydər Əliyev kursunun layiqli davamçısı, İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Ölkə başçısı 22 dekabr 2009-cu ildə STP-nin birinci mərhələsində inşa olunmuş obyektlərin açılış mərasimində şəxsən özü iştirak etmişdir.
2011-ci ildə Sumqayıtda yeni bir sənaye obyektinin--Azot Gübrəsi - Karbamid İstehsal Zavodunun təməlqoyma, 2012-ci ildə isə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən inşa olunmuş "Azgüntex" Zavodunun, Ağır Maşınqayırma (STP) və Dəqiq Emal Mərkəzləri (STP) zavodlarının açılış mərasimləri baş tutmuşdur. 
16 rezidenti olan Sumqayıt Kimya Sənaye Parkında 2012-ci ildən istehsal olunan müxtəlif tərkibli məhsullar hal-hazırda xarici bazarlarda "Made in Azerbaycan" brendi ilə öz müştərilərini tapıb.
2013-cü ildən "Gilan" Tekstil Parkı, "Sağlam Qida" Aqrar- Sənaye Kompleksi, Sumqayıt Kimya Sənaye Parkı ərazisində "Azərtexnolayn" MMC-nin Polad Boru Zavodu istifadədədir. Sumqayıt Kimya Sənaye Parkı ərazisində Polipropilen Zavodunun, "SOCAR Karbamid" Zavodunun, Yüksəksıxlıqlı Polietilen Zavodunun istismarı son 2018-2019-cu illərin yenilikləridir.
Şəhərimizin 40; 47-ci məhəllələrində, 18; 12; 2-ci mikrorayonlarında Qarabağ Müharibəsi Əlilləri, Şəhid Ailələri, Çernobl Qəzası Əlilləri üçün yaşayış binalarının, Qaçqın və məcburi köçkün ailələri üçün Koroğlu prospektində inşa olunmuş yaşayış binaları kompleksinin istifadəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Asan Xidmət" Mərkəzinin istismarı da istisna deyil. 
Əsası 1955-ci ildə qoyulmuş İ.Nəsimi adına Mədəniyyət və İstirahət Parkı ilk vaxtlarda 23 hektar dənizkənarı sahəni əhatə edirdi. Hal-hazırda parkın ümumi sahəsi 80 hektar hesablanır. Bakı Bulvarının standartlarına cavab verən Sumqayıt Bulvarının sahəsi 106 hektar, uzunluğu 4,2 km-dir. Fransanın Paris, İspaniyanın Madrid şəhərlərində xüsusi mükafatlara layiq görülmüş bulvar bu gün sumqayıtlıların əvəzolunmaz istirahət məkanıdır.
1999-cu ildə yaradılmış Heydər Əliyev Parkının ərazisi 10 hektar hesablanır,burada özünə məskən tapmış Heydər Əliyev Mərkəzində (2016) Azərbaycan dövlətinin tənəzzül dövründən tərəqqiyə doğru sıçrayışına, az müddət ərzində beynəlxalq aləmdə qazandığı nüfuza şahidlik edən eksponatlarla tanışlıq, dahi şəxsiyyətin bir vaxtlar söylədiyi "Sumqayıtda bütün respublika təmsil olunur" fikrinə haqq qazandırmış olur.
Bənzərsiz layihələr üzrə son illər inşa edilmiş Sumqayıt Şahmat Məktəbi (2016), Sumqayıt İncəsənət Məktəbi (2016), Sumqayıt Bayraq Muzeyi (2017),Yeni Azərbaycan Partiyası Sumqayıt Şəhər Təşkilatı (2017) inzibati binası şəhərin durmadan inkişafından, ictimai-mədəni həyata göstərilən diqqət və qayğıdan xəbər verir. 
Ümumiyyətlə, Xəzərə sirdaş, Bakıya qardaş Sumqayıt hər bir sahədə--iqtisadi-sosial, mədəni, idman sahələrindəki uğurlarına görə paytaxtdan sonra ikinci yeri tutur. 

Sənurə Lazımova,
Sumqayıtın Tarixi Muzeyinin 
elmi katibi

Rəy bildir +
Oxşar xəbərlər
Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir 

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Sumqayıtda kimyaçı Zamin Hüseynovun xatirəsi əbədiləşdirilib
12:5827 may

Sumqayıtda kimyaçı Zamin Hüseynovun xatirəsi əbədiləşdirilib

Sumqayıt şəhərində kimyaçı Zamin Hüseynovun xatirə lövhəsinin açılış mərasimi olub. Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Zamin Hüseynovun ailə üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

"Sukait" türk-monqol  tayfaları ilə bizi nə bağlayır?
10:4222 may

"Sukait" türk-monqol tayfaları ilə bizi nə bağlayır?

Sumqayıt şəhəri Abşeron yarımadasının şimal-qərbində, Xəzər sahilində, Sumqayıtçayın mənsəbində, düzənlikdə yerləşir. Onu paytaxt Bakıdan 31 kilometr məsafə ayırır. Dəniz səviyyəsindən 26 m yüksəklikdə duran ərazinin iqlimi quru subtropik, relyefi düzənlik,yarımsəhra, bitki örtüyü seyrəkdir,

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli