İSTİ XƏBƏRLƏR
» » Tüfənglər gec-tez açılır

Tüfənglər gec-tez açılır

Necə oldu ki, Şamama Seyidova azyaşlı oğlu Əmiri ata qatili olmağa təhrik etdi


- Ramazan, ay Ramazan, hardasan can balam!

Əsil adı Əmir olsa da,  ona yaşadıqları Rəhimoba kəndində "Ramazan" deyə çağırırdılar. 

Əmir anasının  səsini eşidib otaqdan eyvana çıxdı:

- Nə deyirsən, ana?

- Aton  zəhrimarını içib yatdı... İndi onu öldürə bilərik...

- Ay ana, bəlkə öldürməyək?

- Biz onu öldürməsək, o bizi öldürəcək. Günümüzü göy əsgiyə büküb. Nə qədər ayılmayıb,  götür tüfəngi vur...

- Qorxuram axı, ay ana, sonra bilərlər mən öldürmüşəm....

- Heç kim bilməyəcək...


Əmirin əlindəki tüfəngdən açılan güllə   yerdə nimdərin üstündə uzanıb, içkinin təsirindən daş kimi yuxuya gedən atasının gicgahından dəydi... Əmir gözünü açanda atasının başında  qırma güllələrinin zərbəsindən deşik yarandığını gördü. Atasının başından qan fışqırırdı. Qan   eyvanın divarını və döşəməni qırmızı rəngə boyamışdı... 

Tüfəng qeyri-ixtiyari əllərindən yerə düşdü. Bu qorxulu mənzərəni seyr etməmək üçün tez tövləyə qaçdı. Orada oturdu. Nəsə gözləyirdi... Nəyi gözlədiyini isə bilmirdi... Dünənə qədər atası onu döyüb əziyyət vermişdi.Bundan sonra əziyyəti olmayacaqdı, bir sərxoş atadan qurtulduğunu sayırdı.  Qaranlıq tövlədə gözləri çöldən gələn işığa zillənmişdi. Bu vaxt yenə anasının səsi gəldi:

- Ramazan, ay Ramazan, hardasan...?

Şamama tövləyə yaxınlaşıb, oğlunun bir kənarda oturduğunu gördü və dedi:

- Gəl evə, atanın nəfəsi gəlmir, öldü daha..., qorxma.  

Bu xəbərdən sonra Əmir aynabəndə qayıtdı.Anası baş yaylığı ilə yerdə cansız uzanmış atasının başının qan axan yerlərini sarımışdı.  Bacısı  Hürpəri və qardaşı Hüseyn də bu qanlı mənzərəni seyr edirdilər. Uşaqlar hələ nə baş verdiyini anlamırdılar. Əmir  robot kimi anasının dediyi hərəkətləri yerinə yetirirdi.  Onlar atalarının  cansız bədənini yerdəki  "kavrolit" xalçaya büküb, həyətin başındakı  ayaqyolu üçün qazılan çalanın yanına gətirdilər. ana və oğul birinin əri, ikincinin atası olan Bünyad Seyidovunmeyitini, qanına bələnmiş nimdərini, balıncıni və öz əyinlərində olan qanlı paltaraları da çalaya tullayıb, üstünü torpaqladılar. İzi tamam itirsin deyə, Şamama ayaqyolunun yarımçıq divarını da söküb,  daşları da  torpağın üzərinə tökdü. Uşaqlarına isə bərk-bərk tapşırdı ki, bu sirr açılarsa, polislər  böyük qardaş Əmiri həbs edəcəklər. Uşaqlar da qardaşlarını çox istədiklərindən, söz verdilər ki, kimsəyə bir söz deməyəcəklər.

Törədilən cinayətin izini itirmək üçün Şamama tez-tələsik divara sıçramış qanı yudu, döşəməni sildi.Yataq otağındakı xalçalardan birini də gətirib döşəməyə sərdi.Sonra isə uşaqlarını da götürüb baldızı Gülbaharın evinə qonaq getdi.   Söhbətarası dedi ki, günorta çağlarında Bünyad pal-paltarını yığıb yenə iş dalısınca Maxaçqalaya getdi. Səhərisi gün isə Şamama kimsədə şübhə qalmasın deyə, uşaqlarını yığıb qaynı Məlikgilə apardı.Məlik qardaşı Bünyadın harada olduğunu soruşduqda, ona da Maxaçqalaya işləməyə getdiyini söylədilər.

...Şamama Seyidovanın elə bil ki, əl-qolu açılmışdı. Daha evlərində sakit bir ab-hava var idi. Hərdən 2 il əvvəl  Şamaxıya  gəlin köçən qızı da zəng edib atasını soruşduqda, "Cannnnn... qızım... bilmirəm  niyə zəng vurmur, heç biz də bilmirik, başı harda qarışıqdır"- deyərək inandıra bilirdi.

Şamama Bünyad ilə Xaçmazın Rəhimoba kəndində 1995-ci ildə  ailə həyatı qurub, yurd salmışdılar. 30 sotluq həyətdə birmərtəbəli -üçotaqlı, bir iri aynabəndli ev tikib yaşayırdılar. Böyük qızları Gülpəri 1996-cı ildə, oğulları  Əmir 1997-ci ildə,  Hürpəri 2003-cü ildə, Hüseyn isə 2007-ci ildə doğulmuşdular. Şamama həyətdə-bacada torpağı əkib becərir, təsərrüfat sahiblərindən iş sifarişi olanda onların tarlalarında da işləyib evini dolandırırdı. Əri Bünyad isə usta idi. Tikintilərdə çalışırdı.Tez-tez Dağıstanın Mahaçqala şəhərində tikintilərdə işləməyə gedib gəlirdi.  Əri Dağıstanda olanda  Şamama da həyətdən topladığı meyvə-tərəvəzi, ət-süd məhsullarını  aparıb Xaçmazda satırdı.  Bir neçə dəfə evə taksi ilə qayıtdığında qaynının oğlu onun qabağını kəsib, "Ay qız eeee... əmim burda yoxdur, özünü düz apar, yoxsa ki, gələndə hər şeyi ona danışacağam"- desə də, Şamama ona fikir verməmişdi.  Kənd yerində söz-söhbət tez yayılar.Bünyadın  qardaşları günlərin birində  Mahaçqalaya zəng vuraraq, onu geri çağırıb arvadının düzgün yolda olmadığını anlatmışdılar. Şamama isə and-aman edib, əri ilə məscidə gedib Qurana əl basmışdı ki, deyilənlər ona atılan-şər böhtandır.

Kənddə yayılan söz-söhbətdən sonar  Bünyad  başqa şəhərdə tikintidə işləməyə getməyin daşını ataraq evdə oturdu. Bir neçə dəfə içki içərək uşaqlarını döyüb, arvadının ona xəyanət edib-etmədiyini öyrənmək istəsə də, övladları belə bir hadisənin şahidi olmadıqlarını dedilər.

Əri iş dalınca getmədiyindən Şamama çox vaxt uşaqlarını dolandırmaq üçün tək özü işləyirdi. Qazanıb gətirdiyini isə Bünyad əlindən alıb, içkiyə verir, evdə yersiz davalar salırdı. Günlərin bir günü isə arvadının topladığı axırıncı 100 manatı aparıb  ov  tüfəngi alıb gətirmiş, 50 manat da borcu qaldığını demişdi. Ov tüfəngi alandan sonra  Büyad tez-tez ova gedir, ən yaxşı halda ala qarğa vurub gətirir, bişitdirib, araqla içirdi. Arağı isə  qonşuluqdakı İsmayılın dükanından nisyə götürürdü. Araq dalınca da əsasən Əmiri göndərirdi. Sonuncu dəfə nisyə dəftərində xeyli borcları yığıldığından İsmayıl Əmirə araq verməmişdi. Bu münasibətdən pis hala düşən uşaq, gəlib anasına şikayət edərək, həyatdan bezdiyini, özünü öldürmək istədiyini demişdi. Şamama isə ona: "Can bala, özünü niyə öldürürsən, get o alkaş atanı öldür, sənin də canın qurtarsın, bizim də..."- demişdi. 

...Şamama artıq məqsədinə çatmışdı. Bundan sonra şad-xürrəm, rahat yaşayacaqdı. Aynabənddəki tüfəngi görəndə  isə hər dəfə halbahal olurdu. Ərinin ölümündən bir neçə gün sonra qaynı Məlikə zəng vurub "Ay Məlik, Bünyad bizimlə telefonda danışdı, dedi ki, Məlik aparsın onun tüfəngin sahibinə qaytarsın, verdiyi pulu da geri alsın, onsuz da dükana nə qədər borcumuz var"-  deyərək, kişini inandırdı. Məlik də qardaşının arvadının dediyinə inanıb aparıb tüfəngi sahibinə qaytardı,  verilən pulu geri aldı.  Yenə qardaşının niyə onlara zəng vurmadığını soruşanda, Şamama : "Yəqin yeyib-içib yatır, vaxtı olmur, bu dəfə bizə zəng vursa, deyərəm sənə də zəng etsin"- deyib onu inandırdı.

Əmir daha  öz həyətlərində qala bilmirdi. Hər yerdən atası ona boylanırdı, bu haqda anasına bir söz deməsə də, çəkdiyini çəkirdi.  2014-cü ilin fevral ayında  Bakıya gələrək, kəndlərdən birində fermada iş tapdı. Bacısını ərə verəndə  bankdan götürdükləri krediti ödəməmişdilər.  Burada işləyə-işləyə 800 manat bank borcunu ödədi. Hərdən evə də köməklik edirdi.

Həyat öz axarı ilə davam etməkdəydi. Lakin...

Məlik və Məmmədhəsən qardaşları Bünyadın 10 ay müddətində onlara heç bir dəfə də olsun telefon açmamasından şübhələnirdilər. Kənddə isə yenə söz-sözhbət dolaşırdı ki, Bünyadın evinə bir yad kişi girib-çıxır. 2014-cü il noyabr ayının 21-də Məmmədhəsən Seyidov Xaçmaz Şəhər Polis şöbəsinə gələrək  yanvar ayının 26-dan sonra qardaşını görmədiyini, ondan  xəbəri  olmadığı   barədə ərizə yazdı. 

Polisə ərziə yazandan bir gün sonra,  gecə yarısı qardaşı oğlu Cavid Məmmədhəsənə zəng edərək əmisinin evində yad kişi gördüyünü bildirdi, bütün qohumları həyətə çağırdı. Ailə yığılıb evə keçərək bütün dəlmə-deşikləri axtardılar, kimsəni tapmadılar. Şamama isə özünə əl qataraq ona böhtan atdıqlarını deyirdi. Bu zaman qaynı arvadı Gülçöhrə yataq otağına keçərək paltar dolabını açdı...  orada  bir kişinin gizləndiyini gördü. Bundan sonra, ailə üzvləri qardaşının evində gizlənən yad kişinin buraya necə gəlib düşdüyünü sorğu sual edəndə, məlum oldu ki, Vüsal adlı bu subay oğlan on aydır ki, Şamama ilə görüşür.

Elə həmin gecə Əmirə zəng vurub, onun təcili evə çağırdılar.

Həmin gündən sonra  Seyidovlar ailəsində şübhələr yaranmağa başladı. Daha sonra  yalanının  üstünün açılacağından qorxan Şamama  qayınlarını inandıraraq dedi ki, sonuncu dəfə Bünyadla mart ayında danışıblar, sonra ondan xəbər olmayıb. Hətta qayınlarına onu da dedi ki, əlac ona qalıb ki, götürüb həyətdəki dananı satsınlar, puluna da Əmirə şəxsiyyət vəsiqəsi düzəldib onu "Səni axtarıram" verilişinə çıxarsınlar. Bəlkə televiziya vasitəsi ilə Bünyadı tapmaq olar.  

Qayınları polisə ərizə yazdıqlarından Şamamanın canına artıq vəlvələ düşmüşdü.   O dekabr ayının əvvəlində uşaqlarını başına yığaraq Xaçmazın Gödəkli kəndindəki bir fermaya gələrək burada işləməyə başladı.   Bir qış axşamı isə qaldırları otaqda kiçik bir yanğın baş verdi. Yanğında  uşaqlarının və özünün bütün sənədləri yandı.  Əslində,   bu yanğını da Şamama əvvəlcədən planlaşdırmışdı, - desək daha uyğun olar.  Belə fikirləşdi ki, sənədi olmasa, onları kimsə tapa bilməyəcək.

Xaçmaz polisi isə itkin düşmüş Bünyad Seyidovu  axtaranda məlum oldu ki, onun adına olan pasportla 2014-cü il yanvar ayının 26-da  Azərbaycan-Rusiya sərhəd keçid məntəqəsindən kimsə keçməyib. Bundan sonra şübhələr daha da çoxaldı.  Aparılmış istintaq və əməliyyat tədbirlərindən sonra axtarışlar  Seyidovun həyətində sonuclandı. Əməliyyat qrupu Gödəkli kəndindəki  fermada gizlənən Şamama Seyidovanı öz evinə aparmaq üçün gələndə o törətdiyi cinayəti boynuna alaraq, çox gec də olsa ərini oğlunun əli ilə öldürtdürüb,  ayaqyolu üçün qazdıqları çalada basdırdığını söyləydi.

... Əməliyyat-axtarış qrupu hadisə yerindəki çalanı qazanda dərinlikdən Bünyad Seyidova məxsus çox sayda geyim əşyalarının olduğunu aşkar etdi.  Daha sonra isə onun  sintetik xalçaya bükülmüş meyitinin qalıqlarını çıxardılar. Şamama ərinin evdən getməsinə hamını inandırmaq üçün ona məxsus olan bütün yay-qış geyim əşyalarını da yığıb çalaya tökübmüş.

Əməliyyatçılar meyidi çaladan çıxaranda çəpər qonşusu Etibar Zeynalov heyfsilənərək söylədi: " Mən də deyirəm bu Bünyad niyə görünmür. O çox yaxşı qonşu idi.   Son vaxtlar oğlunu da özü ilə kənddəki hörgü-tikinti işlərinə aparırdı. Bu yazıq içki içməyəndə quzu kimi sakit olurdu. Bəs bu Şamama bizə deyirdi ki, Bünyad işləməyə gedib?... Ay şeytan qadın.... Mən şübhələnmişdim ondan, son vaxtlar baxırdım ki, özünü şübhəli aparır... Cannnn qardaş.... gərək sənin başına bu əhvalat gəlməyəydi...".

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası adından oxunan hökmlə 1975-ci ildə anadan olmuş Şamama Seyidova  AR CM-nin 120.2.1; 120.2.9; 170.3  və 326.2-ci maddələri ilə təqsirli bilinərərk 15 il,  onun 18 yaşı tamam olmayan oğlu  Əmir Bünyad oğlu Seyidov isə öz atasını öldürdüyünə görə AR CM-nin 120.2.1 və 120.2.9- cu maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edildilər. Evdə qalan iki azyaşlı Hürpəri və Hüseyni isə Bünyadın bacısı  Fəzilə Abdullayeva qəyyumluğa götürdü. 

Yalnız sonda, bütün nöqtələr qoyulanda hamı bir şeyi başa düşdü ki, Bünyad yaxşı adam imiş, arvadına, övladlarına qan udduran sado-mazoxist də deyildi. Arvadının pozğunluğu barədə yayılan söz-söhbətlərə görə içməyə başlamışdı biçarə. Arvadından şübhələnirdi. Demə, həqiqətən də arvadı gəzirmiş.

Əsl həqiqəti biləndə Əmir də tutduğu əməldən bərk peşiman oldu. Amma sonrakı peşmançılıq fayda verməz!

Aida Eyvazlı

Rəy bildir +
Oxşar xəbərlər
Göy Tanrı inancı nədir?
15:4007 iyun

Göy Tanrı inancı nədir?

Dünyanın ən qədim dini olan Tanrıçılıq   inancı bütün  türk xalqlarının ruhunda, təfəkküründə və təhtəlşüurunda  yaşayır. Günəş və Göy Səma anlayışı ilə yaranan  Tanrıçılıq  dini insanların həyatına tarixi intibahın yenilənməsi ilə gələrək məişət və həyat tərzinə çevrilib. 

Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.  -  Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Gecə saat 2-də,  Dəmiryol vağzalı tərəfdə....
18:5110 may

Gecə saat 2-də, Dəmiryol vağzalı tərəfdə....

Cəlal Qurbanov qızına yalvardi ki, düz yola qayıtsın, xeyri olmadı. Söydü, döydü, yenə düz yola qaytara bilmədi. Axırda cibinə bıçaq qoyub onu güddü, qısa ətək geyinmiş halda müştəri maşınına əyləşəndə başının üstünü aldı.

Üç dayısını diri-diri yandırdı
17:2016 aprel

Üç dayısını diri-diri yandırdı

... Nigarı 1990-ci ildə  Xızının Şurabad kəndində  yaşayan Füzuli Abbasova ərə verəndə, hələ dünya indiki qədər qarışıq deyildi. Necə olsa da Füzuli balıqçı idi. Həmin illərdə kənd sakinlərinə güzəranlarını ötüşdürmək üçün   balıq tutmağa icazə verirdilər. Balıqdan qazanılan pulla da