İSTİ XƏBƏRLƏR
» » Sənəti ilə Sumqayıtda ucalan həkim

Sənəti ilə Sumqayıtda ucalan həkim

Deyirlər insan anadan olanda taleyi onun alnına yazılır. Həyatdakı istəyi, amalı nə qədər çox və güclü olsa da həyatın ona bəxş etdiyi başqa olur. Məqsədə çatmaq üçün daşlı-kəsəkli yollarda yıxılıb dura-dura bərkiyir. Dadına çatan isə çox zaman sənəti olur. Həmişə onunla birgə addımlayan, bir yerdə olan sənəti… 
Dərdi-qəmi unutduran sevimli sənəti… Sənətinin sənətkarı olmaq isə hər adama müyəssər olmur. Amma bu xoşbəxtlik simurq quşu kimi başa qonanda onu dost-tanış arasında, bütövlükdə cəmiyyətdə tanıdanda o bir şəxsiyyət kimi seçilir. Belə şəxsiyyətlərdən biri də tanışlığım uzun illər öncəyə təsadüf edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  “Şəfqət” klinikasının Baş həkimi, qinekoloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Fikrət Baxşəliyevdir. Səhiyyənin inkişafında xüsusi xidmətləri olan həkimin 70 yaşlı Sumqayıtla birgə ucaldığına sevinirəm…1964-cü il iyun ayının 22-də Laçın rayonunun Ağbulaq kəndində ziyalı ailəsində anadan olan Fikrət Baxşəliyev səkkizillik təhsilini doğma kənd məktəbində bitirərək müsabiqə yolu ilə Bakı şəhərindəki 5 nömrəli kimya-biologiya təmayüllü məktəbə daxil olub. Orta təhsilini əla qiymətlərlə başa vuraraq hərbi xidmətə yollanıb. 1983-cü ildə Voronej Tibb Universitetinə qəbul olunub. Şəxsi müraciəti əsasında beşinci kursdan Azərbaycan Tibb İnstitutuna köçürülüb. İnstitutu fərqlənmə diplomu ilə bitirərək Böyük Elmi Şuranın tövsiyəsi ilə III Mamalıq ginekologiya kafedrasının əyani aspiranturasına daxil olub. 1993-cü ildə aspiranturanı müvəffəqiyyətlə başa çatdırdıqdan sonra həmin kafedraya assistent təyin olunub. Elmi-tədqiqat işlərində bir sıra nailiyyətlər əldə edib. 134 elmi məqaləsi, 2 ixtirası var. Bu  gün artıq qinekoloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktorudur.


- Fikrət həkim, gənc yaşlarınızdan bu şəhərdə yaşayırsınız. Vurğunu olduğunuz sənətiniz sizi təkcə Sumqayıtda deyil, həm də ölkəmizin müxtəlif bölgələrində tanıdıbdır. 70 yaşlı Sumqayıta ən böyük hədiyyəniz nədir?
Sumqayıt mənim güvəndiyim, uğur və sevinc tapdığım şəhər olub desəm, yanılmaram.
Taleyimi bu şəhərlə bağlamışam və xoşbəxtliyimi tapmışam. Qırx ildən çoxdur ki, gənclik
şəhəri ilə əlaqələrim var. Kiçik onkoloji palatadan işə başlasam da, sonradan üzümə açılan geniş qapılar Sumqayıtda ilk özəl tibb ocaqlarından olan “Şəfqət” klinikasını yaratmağa imkan veribdir. İlk vaxtlarda 58-59 nəfər tibb işçisini başıma toplayıb əhaliyə xidmət göstərməyə başladım. Əhalinin sağlamlığının qayğısına qalmaq ən ümdə vəzifəmdir. Ona görə də hələ 1998-ci ildən fəaliyyətə başlayan“Şəfqət”  klinikasının tibbi xidmətlərini artırmaq qərarına gəldim. Bu məqsədlə Sumqayıtın 26-cı məhəllə ərazisində klinikanın altı mərtəbəli binasını yenidən inşa etdirməyə nail oldum. “Şəfqət” klinikası bu gün də geniş və yüksək keyfiyyətli tibbi xidmətləri ilə əhalinin qulluğundadır. Hazırda klinikada stasionar, ambulator, qinekoloji, kardioloji stasionar, bütün analizlər üzrə laborator, ultrasəs müayinəsi, açıq və endoskopik, estetik, plastik, cərrahi xidmətlər göstərilir. Hazırda 70 nəfər təcrübəli tibb işçisi olan klinikanın uğurları bu qapıya gələn xəstələrə ümid verir. Həkimlər müraciət edənlərə tibbi yardım göstərməklə, onları müalicə və müayinə etməklə özlərinə böyük mənəvi hörmət, ehtiram qazanırlar. 

- “Şəfqət” klinikası Sumqayıta və sumqayıtlılara ən böyük hədiyyəmdir.
 Sizi həkimlər ailəsi kimi tanıyırlar. Davamçılarınız varmı?
 

Bizi həkimlər ailəsi kimi tanıyanlar yanılmayırlar. Sumqayıtda dünyaya göz açan hər iki
oğlum da bu müqəddəs sənətin davamçılarıdır. Onlar Azərbaycan Tibb Universitetinin tələbələridirlər. İnanıram ki,  bu şəhərin ictimai-siyasi, mədəni həyatında, inkişafında və  səhiyyəsində övladlarımın da payı olacaqdır. Özüm və doğmalarım bu şəhərə nə verə bilmişiksə, bəllidir. Əldə etdiyim nailiyyətlərə və hörmətə görə ilk növbədə bu şəhərin sadə və əməksevər insanlarına, eləcə də xidmətlərimizin üzə çıxarılmasına lazımi şərait yaradan və dəyərləndirən dövlətimizə borcluyam.
Üzündən nur yağan şəfalı əllərin sahibi Fikrət həkimlə söhbət etdikcə onun gözlərində sevinclə yanaşı kədər də aydın sezilirdi. Səmimi söhbətimiz uzun çəkə bilərdi, amma Fikrət həkimi cərrahiyyə əməliyyatına çağırırdılar. Buna baxmayaraq həyatda amalının nə olduğunu soruşa bildim, cavabı məntiqli oldu:
- Vətənin layiqli ziyalısı harada yaşamasından asılı olmayaraq qurub yaratmalı,millətinin cəfasını çəkməklə kimliyini üzə çıxarmalıdır. Amalımla yanaşı istəklərim də çoxdur. Yaxşılıq etdiyim insanlardan pislik yox, yaxşılıq görmək istəyirəm.
 Qinekoloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Fikrət Baxşəliyevlə danışdıqca istəklərinin içərisində biri qabarıq üzə çıxırdı.  Mən onu duysam da qəlbində gizlətməyə çalışdğı nisgilliyi özündən eşitmək istəyirdim
- Deyirlər göz ürəyin aynasıdır. Gözlərinizdəki xəfif kədər nə ilə bağlıdır?
 Sualım ona gözlənilməz oldu, gözlərində bir qədər yaş da gördüm. Kövrək hisslərə malik tanınmış həkimin açıqladığı yalnız bu kəlmələr oldu
- Laçını laçınlılarla görmək istəyirəm.
 Söhbəti yekunlaşdırmaq qərarına gəldim. Amma Fikrət həkim dəftərini bağlama: – Mən təkcə Laçının deyil, bütün işğal altında olan torpaqlarımızın geri alınacağına əminəm. O gün uzaqda deyil! – dedi.
Həkimin gözlərindəki kədər səmadakı qara buludlar çəkiləntək itirdi. Sevinclə dolan baxışlar məndə  işıqlı sabahlara inamı, yaşamağa, qurub-yaratmağa olan həvəsi daha da artırırdı.
Cərrahiyyə əməliyyatına tələsən cəfakeş həkim, dəyərli qinekoloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Fikrət Baxşəliyevə uğurlar diləyib ayrıldım.
Səhiyyə həqiqətən qiymətli bir sahədir. Hər bir sahədə olduğu kimi səhiyyədə də qazanılan nailiyyətlər müstəqil dövlətimizin daha güclü olmasına təkan verir. Fikrət Baxşəliyev ömrünün ən maraqlı və mənalı həyat səhifələrini səhiyyənin tərəqqisinə həsr edibdir. Gözləri önündə böyüyüb inkişaf edən və artıq 70 yaşına çatan Sumqayıtla birgə ucalan əsl şəxsiyyət, kamil bir insanla sumqayıtlılar fəxr edir.

Rəna İmanova
Rəy bildir +
Oxşar xəbərlər
Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Kolumbiya Universiteti, biz və ağaclar
19:1628 fevral

Kolumbiya Universiteti, biz və ağaclar

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil
11:1809 yanvar

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil

Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.