İSTİ XƏBƏRLƏR
» » Əli NƏCƏFXANLI: VƏTƏN

Əli NƏCƏFXANLI: VƏTƏN

Əli NƏCƏFXANLI

VƏTƏN

Ən gözəl pərvazım - başının üstdə,
Ən gözəl ölümüm - dizində, Vətən!
Özün sınağa çək məni bu sözdə,
Hökm də sənindir, izn də, Vətən!
Zəhərə dönübdü bu hava, bu su,
Bitib tükənməyən ağrın, acın var.
Olsun, haqqı-sayın haramım olsun -
Neçə ki qisasa ehtiyacın var.
İgid oğulların demə ələnmiş, 
Hazıram uğrunda yüz dəfə ölüm. 
Yaran bitişincə, qana bələnmiş
Lalə bitirəcək çəmənim, çölüm.
Məni əsgərlərin sırasına yaz,
Olmayım yurdumun peysər şairi.
Bircə misrası da xalqı yarıtmaz
Bu möhnət bir az da əysə şairi.
Göz dağı olmasam, gözümdən olum,
Üzünə yad kimi baxana, Vətən!
Sınsın dar ağacı olmayan qolum, 
Səni yandırana, yaxana, Vətən!
Bələdçi gözündə gör, heç olmasa, 
Yaxşı tanıyıram o dağı, düzü.
Mənə bir qumbara ver, heç olmasa, 
Bir düşmən postunu dağıdım özüm.
...Ən gözəl pərvazım - başının üstdə,
Ən gözəl ölümüm - dizində, Vətən!
Özün sınağa çək məni bu sözdə,
Hökm də sənindir, izn də, Vətən!

KİŞİLİK

Düzü əyə bilməz əyri güzgü də,
Olsa el-obanın tac kişiləri.
Hər kəs qarınqulu ikiüzlüdən 
Seçsə sözübütöv ac  kişiləri.
Bir vaxt atıb-tutan kişi çox olub,
Hay salıb, qıy vurub, iti ox olub. 
İndilər harasa itib, yox olub
Qisas kişiləri, öc kişiləri.
Dəlik-deşik olub çox yol, çox cığır,
Bu Qaraçuxurdu, bu çala-çuxur.
Halallıq sevənlər qəhətə çıxır,
Artır haramzada bac kişiləri.
Qala qala bilməz təməli heçsə,
Adam adam olmaz əməli heçsə. 
Basıb yeyəcəklər bir az da keçsə 
Bu qoyun kişilər qoç kişiləri.
Fələk yazılanı pozmağa qoymaz,
Doğrunu yalana yozmağa qoymaz.
Bilsələr borc nədi, azmağa qoymaz
Kişilik adlanan borc, kişiləri.

DÜŞƏNDƏ   

Mən bəxtimin ərköyünü deyiləm,
Alışqanam döyəclənəm, döyüləm.
Öz-özümə nə eybi var, deyirəm,
Xoşbəxtliyi xəyal eylə... düşəndə.
Babalarım Qurbanalı, Nəcəfxan, 
El-obaya mərd qul olub, nəcib xan.
Mən özüm də əcəb xanam, əcəb xan-
Öcəşirəm xanla, bəylə... düşəndə. 
Can atıram qanad açıb uçmağa,
Uçub, gedib uzaqları qucmağa.
Vay o gündən yer tapmayam qaçmağa 
Bir araya neçə səylə düşəndə.
Ürəyimi elə üzür qayğılar,
Gözlərimdən qaçaq düşür uyğular,
Şeirimə alabəzək duyğular
Bir alaçiy ibarəylə düşəndə.
Dost dediyim car çəksə də sirrimi, 
Heç yarımçıq saxlamıram virdimi. 
Hicqırıram bulaqlarla dərdimi, 
Hönkürürəm şəlaləylə... düşəndə. 
İstəklərim isinməsə istimə,     
Yana-yana kor oluram tüstümə.
Sanıram ki, toxundular şəstimə
Sözüm yerə yalan "hə"ylə düşəndə. 
Əli, axtar, tap insanın xasını,
Xaslar silər qəmli qəlbin pasını.
Qızırqanma matəmini, yasını -
Düşmənə də halal eylə... düşəndə.

SƏNİN DƏRDİNİ

Çox da ki əlinə əlim yetməyib,
Bağrıma basmışam sənin dərdini.
Məni aşpaz Abbas qanlı tutmasın,
Aş kimi asmışam sənin dərdini.
Kimsə yox könlümün sevgi yasında,
Sənsiz ağlayıram xısın-xısın da.
Varımın-yoxumun siyahısında
Ən başdan yazmışam sənin dərdini.
Kor kimi gəzirəm, çün qaranlıqdı,
Sağ zülmət, sol zülmət, ön qaranlıqdı.
İnsaf et, geriyə dön, qaranlıqdı,
Yol kimi azmışam sənin dərdini.

KÜSDÜ DEYƏSƏN

Neçə vaxtdı səsi gəlmir, sorağı gəlmir,
Nə dedilər, yenə ağlı kəsdi, deyəsən.
Xəbər verin, ortalığı qarışdıranlar 
Əllərinə xına yaxsın - küsdü, deyəsən.
Aramızı vuranlarla bir aradamı?-
Barı adam yerinə də qoymur adamı...
Soyuqluqdan, sərinlikdən halıdı hamı,
Hansı üzlə qayıdasan isti deyəsən?
Bu da var ki, inciyirsə, küsürsə, - sevir,
Səhər-axşam dodağını büzürsə, - sevir.
Əgər sevmək doğrudan da bu cürsə, - sevir,
Amma bir az amanatdı şəsti, deyəsən.
Mükafatdı - bir cəfa yox, min cəfa gəlsin,
Yardan gəlir, min xoş gəlsin, min səfa gəlsin!
Dözməlisən ta ki özü insafa gəlsin, 
Əli, necə dilin gələr bəsdi deyəsən?

QOV QARANLIĞI

Gülüm, gəl, gözümdə işığı yandır,
Baxsın gülə-gülə üzümə dünya.
Yağışdan islanan rəsmlər kimi 
Qarışıq görünür gözümə dünya.
Ürəyim elə hey altı-beş vurur,
Tikan şələsidi çəkdiyim qəmlər.
Yaman bəhsə girib qəsdimə durur
Köhnə ağrılarla təzə sitəmlər.
Sənə uzatdığım əl havadadı, 
Quruyub qaxaca dönməyə qoyma. 
Yaş odun atmışam ocağımıza, 
Amanın günüdü, sönməyə qoyma.
Ütü çək qat kəsmiş ömür-günümə,
Hissimə, duyğuma güvə düşməsin.
Mənim başım üstə çaxan ildırım
Sən atıb getdiyin evə düşməsin.
Gün kimi, ay kimi qov qaranlığı,
Yenə taleyimə, bəxtimə nur saç.
Yollar düyün düşüb, dolaşıq düşüb,
Yola gəl, biryolluq düyünləri aç.
Rəy bildir +
Oxşar xəbərlər
Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.  -  Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Alfred, İbrahim Xan, Arlekin...
18:0330 aprel

Alfred, İbrahim Xan, Arlekin...

Gənc bir tələbəydi onu tanıyanda. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində  oxuyurdu,   o  zamanlar  mən Azərbaycan Televiziyasının"Səhər" proqramında çalışırdım  və " Etiket qaydaları " adlı rublikamıza gənc aktyorlar çəkməliydik.  Getdik universitetə ki,  tələbələr arasından seçim edək.

Tükürpədici,  qandondurucu cinayət
10:0825 aprel

Tükürpədici, qandondurucu cinayət

Əziz oxucular. Söz vaxtına çəkər. Düz 6 il öncə Sumqayıt şəhərinin 2-ci mikrorayonunda elə bir cinayət hadisəsi baş verib ki, düzü, onu ifadə etməkdə söz belə acizdir.