İSTİ XƏBƏRLƏR
» » İki məğlubiyyətin üç səbəbi

İki məğlubiyyətin üç səbəbi




AVRO-2020-nin seçmə mərhələsində bir neçə gün öncə geridə qoyduğumuz "yığma həftəsi"ndə Macarıstana 1:3 hesablı yenilginin "üçü" çıxmamış Slovakiyaya daha böyük hesabla (1:5) məğlub olan seçmə komandamız  Azərbaycan və futbol anlayışlarının dərsliklərə bir-birinin antonimi kimi yazılmalı olduğunu, problemlər burulğanında itib-batdığını bir daha göstərdi. 
Əslində, millinin son rəsmi matçlarında prinsipcə, qeyri-adi heç nə baş vermədi. Hər halda, müstəqil futbol tariximizdə öyünə biləcəyimiz nəticələr çox deyil və deməli, payımıza ən çox məğlubiyyət düşdüyündən, son iki məğlubiyyəti də həzm etməliyik. Düzdür, Rövnəq Abdullayevin oyunlardan öncə futbolçularla görüşdə fantastik mükafat vəd etməsi, doğma publika amili, düşərli "Bakcell Arena", futbolçuların üç həftə Nikola Yurçeviçin sərəncamında olması, ilk rəsmi matçda Xorvatiyada sərgilənən yaxşı oyun müəyyən ümidlər yaratmışdı.  Amma hər dəfə həmin kövrək, sanki nazik sapdan asılı olan ümidimiz suya düşür. Əslində sağ olsun futbolçularımız, bizi təəccübləndirmir, şoka salmırlar. Düzdür, matçı izləmək məqsədi ilə ekaran qarşısında əyləşəndə yığma komandamızın üzləşəcəyi çətinliklərdən yaxşı xəbərdar idik və ona görə də Macarıstan və Slovakiya yığmaları ilə qarşılaşmalardan üzüağ çıxacağımıza gümanımız gəlmirdi. Sadəcə, millimizin timsalında məzmunlu oyuna və sonadək mübarizəyə ümid edirdik ki, bunu da görmədik. İndi isə milli komandamızdakı ümumi çatışmazlıqlara nəzər yetirmək, milli ilə bağlı bizi düşündürən problemləri təhlil etmək vaxtıdır. 

Yanlış heyət seçimi

İlk oyunda Renat Dadaşov, Anton Krivotsyuk və Rahil Məmmədovun ilk dəqiqələrdən meydanda olması anlaşılmaz idi. Bəlkə də sonuncunun oyunçu seçiminin azlığından start heyətində yer almasına bəraət qazandırmaq olar. Amma digərləri üçün eyni sözləri demək mümkünsüzdür. Ağabala Ramazanov Renat Dadaşovu əvəzləyəndən sonra millinin oyununda yaranan canlanma, "Səbail"in üzvünün yığmamızın yeganə qolunda əsas iştirakçı olması fonunda Dadaşovun bərbad çıxışı Yurçeviçin seçiminin yanlış olduğunu ortaya qoymuşdu. Eyni sözləri həyacanlı görünən, tez-tez top itkilərinə yol verən, mövqeyini boş buraxan Krivotsyuk haqda da demək olar. Ramil Şeydayevin hücumun sivri ucunda yox, yarımmüdafiənin cinahında yer alması da özünü doğrultmadı. Nikola Yurçeviç yanlış heyət seçimini Slovakiya ilə oyunda da davam etdirdi. Xorvat mütəxəssis belə demək mümkünsə,  qaş düzəltmək istəyərkən göz çıxartdı. Rəşad Eyubov və Şəhriyar Rəhimovun start "onbirliy"ində olması qədər Emin Mahmudovun ehtiyatda qalması da səhv qərar idi. İlk oyunda meydanda varlığı ilə yoxluğu bilinməyən Anton Krivotsyukun üç gün sonra da əsas heyətdə şans qazanması fonunda Pavel Paşayevin oyunu kənardan izləməsi də anlaşılmaz idi. Elə Macarıstanla matçda az-çox seçilən oyunçularımızdan olan və komandamızın yeganə qoluna imza atan Mahir Əmrəlinin də meydanda olmaması düzgün qərar deyildi.

Doğru olmayan taktika

Hələ "yığma həftəsi"ndən öncə Nikola Yurçeviç komandamızın hücum futbolu oynayacağını açıqlamışdı. Sözsüz ki, məşqçinin qorxaq futboldan uzaq durması alqışlanmalı məqam idi. Amma bu istək meydanda əksini tapmadı. Futbolda uğura gedən yol optimal heyət, düzgün hazırlıq və taktikadan keçir ki, bizim futbolda heç vaxt bunların üçü də bir arada olmayıb. Təəssüf ki, bu dəfə də rəqib düzgün təhlil olunmamışdı, baxımlı futbol nümayiş etdirmək sarıdan heç bir iş görülməmişdi. Əvəzində millinin oyununda topla yerli-yersiz driblinqlər etmək, geriyə ötürmələr, hücum zamanı çaşıb qalmaq, standart vəziyyətlər zamanı özünü itirmək kimi hallar müşahidə olunurdu. Macarlarla oyunda Ramil Şeydayevi cinahda "gizlətməsi" komandamızın onsuz da az olan hücum potensialını bir qədər də azaltmışdı. Slovakiya ilə oyunda Şeydayevi hücumun sivri ucunda oynadan Yurçeviçin bəlkə də yeganə düzgün qərarı bu idi ki, "Krılya Sovetov"un forvardı həm qol vurmaqla, həm də sərgilədiyi oyunla alqış qazandı. 

Ruhsuz milli 

Azərbaycan yığması kimi zəif  komandalar nəticələrin çoxunu psixoloji hazırlıq hesabına qazanır. Rəqibdən təcrübə və ya ustalıq səviyyəsi baxımından geri qalan komandalar bu çatışmazlıqları, istək, əzmkarlıq hesabına qapamaqla uğur qazanır. Əlindən gələnin artığını ortaya qoymaq, həyəcanını boğmaq, bir sözlə, qələbə üçün hər şey etmək yeganə çıxış yolu kimi görünür. Amma geridə qalan matçlar bu baxımdan Azərbaycan millisində vəziyyətin qaydasında olmadığını ortaya qoydu. Bu isə o deməkdir ki, Yurçeviç çox pis psixoloqdur. Ən azı ilk üç qarşılaşmadan sonra təəssüratımız belədir. Nikolanın həmyerlisi Prosineçkinin dönəmində "niyə də yox?!"un yaranmasını şərtləndirən amillərdən biri də bir çalışdırıcının yetirmələrinə psixoloji təsir bacarığı idi. Yurçeviçdən isə buna bənzər nəsə gözləməyə dəyməz. Özü də özünə çox inanmadığı üçün "əbədi ikinci" ləqəbini daşıyır. Ancaq təbii ki, bu mənada yeganə günahkar xorvatiyalı mütəxəssis deyil. Azərbaycan yığmasının ifasında futbol adına heç nə görmədik. Hər iki oyunda milli üzvlərinin arzusu final fitini eşitmək idi. Matçın axarını dəyişmək haqda düşünməyən futbolçularımız qapısında növbəti qol və ya qolları görməmək üçün dua edirdi sanki. Yığma komandamız o qədər rəzil gündə idi ki, AFFA prezidenti Rövnəq Abdullayevin mükafatla bağlı verdiyi vəd də futbolçuları  həvəsləndirməmişdi. Bu futbol deyildi, cənablar. Bunu bizə futbol adıyla sırımayın. Slovakiya ilə oyundan sonra Nikola Yurçeviç böyükhesablı məğlubiyyətə görə üzr istəmişdi. Bəs görəsən, belə sifarişlərlə heyət müəyyənləşdirən baş məşqçiyə sahib olduğumuza, "Bakcell Arena"da "seti tutmayan" və   meydanda topla oynamaq əvəzinə azarkeşlərin əsəbləri ilə oynayan futbolçulara möhtac qaldığımız üçün Azərbaycanın fərsiz futbol adamları (AFFA) nə vaxt üzr istəyəcək?

P.S. Qrup mərhələsinin ilk oyununda xorvatların vurduğu iki topa ikinci oyunda macarlar daha birini əlavə etdi. Slovaklar isə ilk iki oyundakı qədər bir matçda fərqləndi. Sonra da deyirsiniz ki, millimiz inkişaf  etmir. Görmürsüz, günü-gündən artırırıq da.
Rəy bildir +
Oxşar xəbərlər
Millidə son durum necədir?
15:5004 iyun

Millidə son durum necədir?

Təxminən bir ay öncə başa çatan Topaz Premyer Liqasının yekunlaşmasının ardından ölkəmizin futbol arenasında həyəcan səngisə də, milli komandamızın AVRO-2020-nin seçmə mərhələsində "ev" oyunlarının yaxınlaşması həyacanın minumuma enməsini əngəlləyir. Nə də olsa, yığmamızı  yaxın günlərdə vacib

Məşqçinin 6 uğurlu həmləsi,  cəzalanmayan "Sumqayıt"  və əvəzedicilərin 19 qolu
10:4724 may

Məşqçinin 6 uğurlu həmləsi, cəzalanmayan "Sumqayıt" və əvəzedicilərin 19 qolu

Məlum olduğu kimi, 11 nəfərdən ibarət olan futbol komandasının çalışdırıcısı oyunun gedişində hər hansı yetirməsini əvəzləmək imkanı qazanır. Matçboyu oyunun axarını öz ssenarisinə uyğunlaşdırmaq üçün üç dəfə dəyişiklik etmək imkanı olan mütəxəssislərin nə dərəcədə buna nail olması maraq doğurur.

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.

Dava edən məşqçi,  matçı unudan menecer və  məhv olan uşaq futbolu
18:5410 may

Dava edən məşqçi, matçı unudan menecer və məhv olan uşaq futbolu

Ötən həftə Sumqayıt futbolu üçün xeyli yaddaqalan oldu. Həftəiçi tarixində ilk dəfə ölkə kubokunda finala vəsiqə qazanan "Sumqayıt"ın uğuru şəhərin futbol ictimaiyyətində olduqca sevinclə qarşılandı, amma geridə qoyduğumuz həftə "Sumqayıt" həm də şəhərin futbol təsərrüfatına yaraşmayan məqamlarla

Çempionlar Liqası  adlı gözəlin 4 "adaxlısı"
18:2930 aprel

Çempionlar Liqası adlı gözəlin 4 "adaxlısı"

Məlum olduğu kimi, bu gün və sabah UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. İlk oyun günündə "Tottenhem" - "Ayaks" görüşü baş tutacaq. Ertəsi gün isə "Barselona" "Liverpul"u qəbul edəcək. Oyunlar ərəfəsində komandaların düşərgəsinə boylanmaqla son vəziyyətin necə