İSTİ XƏBƏRLƏR
» » “Qatarda 18 əhvalat" adlı yeni kitab

“Qatarda 18 əhvalat" adlı yeni kitab



Yazıçı Aləm Kəngərlinin "Qatarda 18 əhvalat" adlı yeni kitabı oxucuların ixtiyarına verilib.
Kitab "Qanun" nəşriyyatında çap olunub. Bu, "Naməlum adam"dan sonra Aləm Kəngərlinin oxuculara təqdim etdiyi ikinci nəsr kitabdır.
Kitabın redaktoru Fərzuq Seyidbəyli, korrektoru Hicran Hüseynova, ön sözün müəllifi filologiya elmləri doktoru, professor Cavanşir Yusiflidir.

Kitabın Ön sözündə professor Cavanşir Yusifli belə yazır: 

“Aləm Kəngərli bu kitaba sığınan on səkkiz hekayəsində həqiqət axtarışına çıxır, bu mətnlərdə istənilən hadisəylə rastlaşa bilərsiniz - sevgi tarixçələrindən peşmançılıq ifadə edən hadisələrə, bu günün, dünənin ürək sıxan incəliklərindən gələcəyin robot texnikasına qədər. Yəni, Aləmin on səkkiz hekayəsi nə qədər fərqli məqamlardan bəhs etsə də, onları birləşdirən bağlar hər an göz önündə olur, insanların, deyək ahıl kişilərin sanatoriyada davranışları, min bir əziyyətlə böyütdüyü övladlarını bir yana çıxarmaq üçün tanrıdan ömür diləyən insanların rüşvət kimi hallarla rastlaşması, cəmiyyətin, həyatın özünün nə dərəcə sağlam olmaması ilə rastlaşmaları... başqa bir hekayədə personajın qənaəti ilə kəsişir: ümid işığının düşdüyü yerləri diqqətdə saxlamaq lazımdır. Yəni, hansısa məqam hekayələrdə təsadüfi seçilsə də onun anlatdığı cəhət, ümid, yaxud kədər aşıladığı cizgilər hekayə məkanında mütləq rastlaşır, müəyyən proyeksiyada bir-birlərini tamamlayırlar. 

Aləm Kəngərlinin hekayələrindəki məqam

lar insan həyatının munis, görk olası məqamlarıdır".

Oxucularımıza kitaba daxil edilmiş hekayələrdən birini təqdim edirik.


Qürbətdə

(hekayə)


İlk baxışda adi bir gün idi, amma Səfər kişi üçün günün adi olmayacağı sübh tezdən, hələ işıqlaşmamış hiss olunurdu. O, yatağından vaxtsız durmuş, mətbəxə keçərək qarşısına axşamdan qalmış bir stəkan köhnədəm çay qoyaraq fikrə getmişdi.

Uşaqlıq dostu Kərimin dəvəti ilə bura - Ukraynaya üz tutanda o, gənc, gümrah və yaraşıqlı bir oğlan idi. İndisə o vaxtdan illər keçmişdi. Qocalıb əldən düşən Səfər kişi hiss edirdi ki, daha əvvəlki gücü, taqəti qalmayıb.

Son vaxtlar ancaq bir şey haqqında düşünürdü: görəsən, bundan sonrakı həyatı necə olacaq? Əvvəllər özünü idarə edə bilirdi; çay qoyur, xörək bişirir, hətta çirkli paltarlarını belə yuyurdu. İndi onun əvvəlki qıvraqlığından əsər-əlamət görünmürdü. Ötən illər Səfər kişinin bir çox xüsusiyyətlərini, ən əsası isə cavanlığını da alıb aparmışdı. Əvəzində ürəyinə bir dünya qayğı, dərd yükləmişdi; Vətəndən uzaqda olmağın dərdi, Larisadan olan övladlarının gələcək taleyi sarıdan nigarançılıq... Heç cür çıxış yolu tapa bilmirdi Səfər kişi.

Qızı Marina orta məktəbi bitirən kimi sinif yoldaşı Zaxara qoşularaq yaşadıqları Xarkovu tərk edərək Kiyevə getmişdi. Zaxar hərbi xidmətə çağırılandan sonra isə Marina atasının "eldən ayıbdır, etmə, eləmə" kimi xahişlərinə məhəl qoymayaraq yataqxanada birotaqlı mənzildə məskunlaşan Vadimin yanına köçüb onunla yaşamağa başlamışdı. Marinanın Vadimlə nikahları olmasa da, Vera adında iki yaşlı qızları onları bir ailədə birləşdirirdi.

Oğlu İlya isə Səfər kişi ilə bir evdə yaşayırdı. Yaşı otuzu haqlasa da, hələ ki evlənmək barədə düşünmürdü İlya.

Oğlu dünyaya gələndə ilk övladını

n oğlan olmasına Səfər kişi çox sevinmişdi. Lakin uşağın ad məsələsində arvadı Larisa onunla razılaşmadığı üçün qanı bərk qaralmışdı. Səfər kişi oğluna atasının adını qoymaq istəyirdi - Vəli. Arvadı "Vəli nədir, bu ad mənim heç xoşuma gəlmir", - deyib uşağa İlya adını vermişdi. Ovqatı korlansa da, bu adın ona rəhmətlik İlyas əmisinin adını xatırlatmasından təsəlli tapmış, arvadının təkəbbürü ilə barışmaqdan başqa çarəsi qalmamışdı.

Boş vaxtlarını dostları ilə yeyib-içməkdə keçirən İlya subaylığını yaşayır, atasının məsləhətlərinə məhəl qoymurdu. O, məsuliyyətsizliyi üzündən iş yerlərindən tez-tez qovular, çox vaxt bekar qalardı. Atasını çox istəsə də, onun qulluğunda durmağa ərinərdi. Axı İlya heç özünə fikir verən deyildi, atasına hardan qayğı göstərəcəkdi? Yeməyinin də, yatıb-durmağının da vaxtı-vədəsi bilinməzdi. Nə bu gününü, nə də gələcəyini düşünən adam deyildi. Çox vaxt evə də gəlməzdi. Dost-aşnaları ilə içki məclislərində ilişib qalar, elə oralarda da gecələyərdi. Səfər kişi çox çalışsa da, oğlunu istədiyi kimi böyüdə bilməmişdi. Görünür, İlyanın bu cür tərbiyə almasında yaşadığı mühitin, ətrafındakıların həlledici  təsiri   olmuşdu.

İndi, ömrünün qürub çağında dərdi dərdə qarışmışdı Səfər kişinin. Həyatın qanunudur: Qocalıq ötən illəri daha tez-tez xatırlamağa sövq edir insanı. Doğulub boya-başa çatdığı eldən ayrı düşməsi, orada qoyub gəldiyi ailəsinin, qohum-əqrəbasının, dostlarının yanında olmaq istəyi Səfər kişinin ürəyini sızladırdı. Nə qədər götür-qoy edir, ölçüb-biçirdisə, geriyə dönmək üçün özündə bir cəsarət, iradə tapa bilmirdi. Axı yurduna, məmləkətinə necə qayıdaydı? İki körpə qız övladını həyat yoldaşı ilə birlikdə ata-anasının ümidinə qoyub, "işləmək" adı ilə evdən çıxıb bura - Xarkova gəlmiş və bir daha geri dönməmişdi. "Kaş ki ailəmi atıb gəlməyəydim", - deyə özünü qınayırdı. Sonrakı peşmançılığın faydasız olduğunu anladığı üçün çarəsizlikdən yanıb-tökülürdü.

Hazırkı halı çox müşkül idi. Düşünürdü ki, əgər geri qayıtsa, qonşuların, qohumların artıq qalan yeməkləri, köhnə paltarları hesabına mənəvi əzablar içində, min bir əziyyətlə iki övlad böyüdüb ərsəyə gətirən keçmiş həyat yoldaşına nə deyəcək? Hər cür məhrumiyyətlərə dözən, iztirablara sinə gərən, atalarını sifətdən tanımayan qəlbiqırıq, boynubükük qızlarına özünü necə təqdim edəcək?

Bütün zəhmətlərə qatlaşaraq qapılarda camaatın işlərinə əl atmaqla oğul böyüdən, illər uzunu övlad həsrətilə gözləri yol çəkən, indi isə yataqda halsız vəziyyətdə qalan xəstə anasının üzünə necə baxacaq?

 Övlad dərdi çəkməkdən əriyib çöpə dönən, axırda da oğlunun nankorluğundan, vəfasızlığından bağrı çatlayan atasının məzarını hansı üzlə ziyarət edəcək?    

Ata əvəzi bildiyi Səfərin cavanlıq şəklini bağrına basaraq aramsız göz yaşı axıdan yeganə bacısı Züleyxanın ağarmış saçlarına sığal çəkib yaralı könlünü ovuda biləcəkmi?

 Bilmirdi. Təkcə onu bilirdi ki, daha Vətəndən kənarda yaşamaq gücündə deyil. Qəriblikdə özünü tənha və kimsəsiz hiss edirdi.

Son vaxtlar Səfər kişinin yuxusu da tez-tez ərşə çəkilirdi. Ürəyini göynədən vətən həsrəti onu yatmağa qoymurdu.

"Qızlarımın qarğışı məni niyə tutmadı, ilahi?!" - deyə Səfər kişi dərindən bir ah çəkib qeyri-ixtiyari yenidən fikrə getdi: "Yaxşı, deyək ki, indi birtəhər dolanıram. Bəs beş-altı ildən sonra nə edəcəyəm? Axı burada insanların bir-birinə həyan olmaması, biganəliyi aydın sezilir. Bəlkə, yorğan-döşəyə düşməmiş intihar edim, canım qurtarsın?" - beynində qəfil bir fikir dolaşdı. Bu düşüncəsindən tez də vaz keçdi. "Əgər ölsəm, məni harda dəfn edəcəklər, hansı cəhənnəmdə basdıracaqlar? Bəs sonra? Məni yad edib qəbrimin üstə gələn tapılacaqmı?... Allah bilir, hansı çuxura atıb üstümü torpaqlayacaqlar. Mütləqdir ki, dəfndən sonra ailə üzvləri də araqdan vurub özləri üçün şellənəcəklər də".

Saatlar keçir, Səfər kişi fikirlər məngənəsindən qurtula bilmirdi. Düşünürdü ki, görəsən, öləndən sonra Allah onun günahlarını bağışlayıb didərgin düşmüş ruhunun öz doğma ocağına - ata-baba yurduna dönməsinə izn verəcəkmi?  Get-gedə daha çox əmin olurdu ki, ağsaqqala, ağbirçəyə məhəl qoyulmayan bir yerdə yaşamaqdan daha bezib. Əgər doğma övladları onunla maraqlanmırdısa, başqalarından bir qayğı, kömək ummağa dəyərdimi?!

Vətən, yurd həsrəti, əslində, Səfər kişini bu son beş-altı ildə bir an da olsun tərk etmir, çəkdiyi iztirablardan xilas olmağa, rahat yaşamağa qoymurdu. Cavan ikən atdığı səhv addımın cəzasını indi çəkməyə başlamışdı.

Çox götür-qoydan, çək-çevirdən sonra bu günün əvvəlkilərdən fərqli olaraq qəti qərar üçün ən əlverişli gün olması fikri beynini istila elədi, qəti qərara gəldi ki, elə bu gün, bu saat vətəninə dönməlidir.

Arvadı Larisa evdə yox idi. Dünəndən rəfiqəsi Lyudmilagildəydi, onun evdə olmaması çıxıb getmək üçün əlavə şans demək idi.

Kağız-qələm götürüb qızı Marinaya məktub yazdı: "Mənim əziz Maşam! Mən vətənimə gedirəm. Həmişəlik. Hiss edirəm ki, ömrümün sonuna az qalıb. Vətənimdə, həmyerlilərimin arasında ölməyim daha yaxşıdır. Sənə xoşbəxtlik arzulayıram. Çalış bu dəfə ailəni qoru. Kişiləri əlcək kimi dəyışmək fikrinə düşmə heç vaxt, qızım. Bu sənə yaxşı bir şey vəd etməz. Öpürəm. Atan".

Sonra yataq otağına keçıb yatıb yuxuya qalan oğlu İlyaya səsləndi:

- Dur oğlum, dur. Gecdir daha.

İlya gözlərini ovuşdura-ovuşdura yerindən dilləndi:

- Nə olub e, ay ata? Qoy yataq da.

- Səninlə söhbətim var, oğul. Dur. Danışmalıyıq.

- Səhərin gözü açılmamış nə söhbət e. Yaxşı, de, eşidirəm.

- İlya, əziz balam, - deyə Səfər kişi bir addım oğlunun çarpayısına yaxınlaşıb sözə başladı, - Sən bilirsən də, mən səni necə sevirəm. Hətta sənə atamın adını da qoymaq istəyirdim, anan imkan vermədi.

Atasının səsindəki qəhəri oğlu duydu, hətta təsirləndi də.

- Bilirəm ata. İndi de görüm nə olub axı? - deyə cavab verdi.

Səfər kişi bir xeyli susdu, özünü toxtatmağa çalışdı. Nəhayət səsini arıtlayaraq dedı kı, oğul, mən vətənimə qayıtmaq istəyirəm. Və əlavə də etdi ki, həmişəlik.

İlya təəccüblə soruşdu ki, nə deyirsən? Atası öncə dediklərini təkrarlayanda isə dedi, bu yaşda?

Səfər kişi getməyini uzun müddət müxtəlif sözlərlə əsaslandırmağa çalışdı, nəhayət dedi:

- Oğul, mən çox yaşlaşmışam. Hiss edirəm ki, gücüm tükənmək üzrədir. Son günlərimi vətəndə keçirmək istəyirəm.

İlya atası ilə söz güləşdirmək fikrinə düşmədi, dərhal onunla razılaşdı.

- Bax da, ata. Sən daha yaxşı bilərsən. Necə istəyirsən, - sonra əlavə etdi, - Haçan getmək istəyirsən?

Əslində, Səfər kişi oğlundan müqavimət gözləyirdi, atasını itirməsi ilə belə asanlıqla razılaşacağını gözləmirdi.   Məyusluqla dedi ki, bu gün, elə bu saat getmək istəyir.

- Bəs anam bilir? - İlya soruşdu.

- Yox,  hələ ki, bilmir,-deyib Səfər kişi oğlunun yatağına yaxınlaşdı,  əlindəki kağızı oğluna tərəf uzatdı, - Bu məktubu da Marinaya çatdırmağını istəyirəm.

İlya yerində dikılib məktubu götürdü.

-Yaxşı, ata, çatdıraram, narahat olma.

 Məktuba göz gəzdirib sonra atasından təyyarə ilə, yoxsa qatarla gedəcəyini soruşdu. Və - Nədə olur olsun, təki çıxıb gedım,- cavabını aldı.

Səfər kişi həyat yoldaşı ilə olacaq danışığının məzmununu beynində qurmağa başlayanda oğlu yataqdan durdu və dedi ki, ata, mən səni yola salaram.

Səfər kişi hələ yola çıxmasa da, artıq özündə böyük bir yüngüllük hiss etdi. Elə bil üstündən dağ götürülmüşdü. Axı uzun illər həsrətini çəkdiyi doğma Vətəninə qayıdacaqdı. Qərar işin hamısı olmasa da yarısından çoxudur.

Və oğlunun onun getməsi ilə belə tez razılaşmasına artıq sevinməyə başladı. Ona lazımmı idi, oğlunun inad göstərməsi, hətta qarşısını kəsib "Səni heç yerə getməyə qoyan deyiləm", -  söyləməsi?

Gülümsədi. Günlərdir ürəyini oyan nigarançılıqdan əsər-əlamət görünmürdü. Harda yaşayacağı, necə keçinəcəyi artıq onu maraqlandırmırdı. Müxtəlif suallara cavab axtarmaq fikri də yox idi. İndi onu yalnız bir məsələ düşündürürdü: tezliklə Vətənə qovuşmaq. Cavanlığında oxuduğu və uzun müddət təsirindən çıxa bilmədiyi əsərdən bir epizodu xatırladı. Gərək ki, belə idi: şah əsir götürdüyü müğənni oğlanın oxuduğu mahnını dinləyəndən sonra onun səsindəki yanğının səbəbini Vətənindən ayrı düşməsində görür. "Sənin o yerlərdə ürəyin qalıb", - deyir müğənni oğlana.

Yazıçı Elçinin əsəri olduğunu bilirdi, amma hansı əsəri?... Heç cür yadına sala bilmədi Səfər kişi. "Gərdişi-dövrana bax..." - deyə gülümsədi öz-özünə. Nə vaxtsa ruhunu sarsıdan alovlu sözlərin hədəfində indi onun özü idi.

***

Bakı vağzalında qatardan endi. Fərəhlə ətrafa nəzər salıb dərindən köks ötürdü. Sonra yaxınlıqdakı boş oturacaqlardan birində əyləşib fikrə daldı. Hava qaralmağa başlamışdı. Hara gedəcəyini, kimin qapısını döyəcəyini bilmirdi. Elə bu vaxt çiyninə bir əl toxundu:

- Səfər?!

 Dönüb baxdı. İllərin o tayından boylanan tanış sifəti xatırlamağa çalışdı. Xatırlaya bilməsə də bax bu an yüz faiz əmin oldu ki, düz eləyib vətəninə qayıdıb. Vətənində insan əsla itib batmaz. Mütləq bir  tanış, qohum, lap elə bir yad peyda olub ona əl uzadar.

Rəy bildir +
Oxşar xəbərlər
74 min 905 oxucu
15:2007 iyun

74 min 905 oxucu

Yazını böyük Nizami Gəncəvinin misraları ilə başlamağı özümə borc bildim. İnsan gərək özünü inkişaf etdirib düşüncəsini təkmilləşdirmək, ətraf aləmi, dünyanı, bəşəriyyəti anlamaq üçün kitabları özünə dost bilsin. Çünki onlar bizə ən doğru yolu göstərəcək, işıqlı gələcəyə aparacaqlar. Əgər biz

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Yalnız “168 saat”da: Yaxınlarda reallığa çeviriləcək 6 fantastik nəsnə
10:2914 may

Yalnız “168 saat”da: Yaxınlarda reallığa çeviriləcək 6 fantastik nəsnə

Əziz oxucularımız!  Biz - "168 saat"ın redaksiyası məhz sizin üçün abunə olduğumuz  "Faydalı kitabların əsas ideyaları" ( QİPK) bülletenindən növbəti paylaşmanı edirik. Əminik ki, sizinçün maraqlı  olacaq. Yaxınlarda reallığa çeviriləcək 6 fantastik  nəsnə hansılardır? Bunu bülleten redaktorları

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari