İSTİ XƏBƏRLƏR
» » Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"




Iyunun 21-də sumqayıtlıların sevə-sevə Hümbət həkim adlandırdıqları Hümbət Həsənoğlu Quliyev 64-cü doğum gününü qeyd etdi. Qərara gəldik ki, bu münasibətlə onu "Qonaq otağı"nda qonaq edək. Kimdir Hümbət Həsənoğlu? Həkim, biznesmen, yazar. Ən əsası, vətən təəssübkeşi.


-Siz tibb və sahibkarlıq sahəsində böyük uğurlar qazanmışdınız. Bəs necə oldu ki, ədəbiyyat sahəsinə də gəldiniz?

-Ədəbiyyata mənim marağın orta məktəb illərindən olub. Orta məktəb illərində ədəbiyyatdan həmişə yüksək qiymətlər almışam. Hətta yadımdadır ki, Sumqayıt şəhərindəki 17 nömrəli tam orta məktəbin direktoru Səməd Şəfiyev bizə gəlib atama dedi ki, "mən bilirəm Hümbət Tibb İnstitutuna girmək istəyir. Amma bu uşağın ədəbiyyat sahəsində böyük istedadı var. O, ədəbiyyat sahəsində məşğul olsa, daha böyük uğurlar qazanar". Təbii ki, mənim atam da Səməd müəllimə dedi ki, "bu, Hümbətin öz arzusudur. Mən də onun arzusunun qarşısını ala bilmərəm". Hətta Azərbaycan Dövlət Tibb İnstitutuna girəndə də çox riskli olsa da mən ədəbiyyatdan sərbəst mövzu yazmışdım və əla qiymət aldım.


-Bəs necə oldu ki, yazmağa başladınız?

-Mənim bir dostum var. Sahib Fərzəliyev. O, Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, professordur. Sahib müəllim uzun cəhdlərdən sonra məni feysbuka təhrik eləyib dedi: "Sən həyatda çox maraqlı və obrazlı danışırsan. Hamı sənin danışıqlarını maraqla dinləyir. Həm də çox maraqlı məsələlər, fikirlər bilirsən. Sən gəl, feysbukda bildiklərini insanlarla bölüş. İnanıram ki, hamı tərəfindən maraqla qarşılanacaq". Bilirsiniz ki, mənim bir neçə ali təhsilim var. Dünyanın qırxa yaxın ölkəsində olmuşam. Həyat təcrübəm çox böyükdür. Həmişə mütaliə eləməyi xoşlamışam. Sahib müəllim də dedi ki, "elə bu fikirlərini də insanlarla bölüş". Beləliklə, həmin fikirlərimi feysukda insanlarla bölüşməyə başladım. Mən feysbukun yaradıcısı və sahibkarı Tsukerberqə buna görə minnətdaram. Bəlkə də feysbuk olmasaydı, mən yazıçılıqla məşğul olmayacaqdım. Çünki müasir həyat çox sürətlə keçir. İstədiyin işlərin çoxunu reallaşdıra bilmirsən. Sizə bir maraqlı fikri də deyim ki, mən Nyu-Yorkada olanda qaça-qaça burger yeyən adam görmüşəm. Deməli, həyat o qədər sürətlə keçir ki, bir fast-fud, yəni tez yemək ənənəsi ortaya çıxıb. Mən də fikirləşərək, feysbukda fast vord qoydum ortalığa. Fast - tez və vord söz deməkdir. Yəni tez söz və qısa fikir demək məsələsini ortalığa qoydum. Mən bu fikri Türkiyədə də səsləndirdim, vurğuladım ki, indi dünya savaşı telefonun, ayfonun ekranında gedir. Orada da insanlar qısa fikirlərə daha çox üstünlük verirlər. İnsanlar az müddətdə daha çox informasiya almaq istəyirlər. Ona görə də mən aforizmlər üstündə dayandım. Fikirləşdim ki, aforizmlər mənim təfəkkürümə daha çox uyğundur. Beləliklə, kiçik hekayələr, esselər, pritçalar, novellalar yazmaqla yanaşı aforizmlərə daha çox üstünlük verdim.


-Sizin Azərbaycanda üç kitabınızın Sumqayıt şəhər Poeziya evində təqdimatı yüksək səviyyədə keçdi. Bəs necə oldu ki, Türkiyədə "Aforizmlər" və "Kelebek mutluluğu", ("Kəpənək xoşbəxtliyi") kitablarınız da türk dilində çap olundu?

-Burada sizə maraqlı bir fikir demək istəyirəm. Bizim çox istedadlı bir şairəmiz var. Nazilə Gültac. Nazilə xanımla biz həkim yazarların forumunda tanış olmuşuq. O, mənim hekayələrimi, novellalarımı, pritçalarımı, esselərimi, aforizmlərimi oxumuşdu. Nazilə Gültac da Türkiyə ilə geniş əlaqələri olan yazarlarımızdandır. Onun Türkiyədə kitabları çap olunub və həm də orada bəzi ədəbiyyat dərnəklərinin üzvüdür. O, mənə dedi ki, "doktor, mən sizin yazılarınızı çox bəyənirəm. Mənə elə gəlir ki, Türk oxucuları da sizin yazılarınızı bəyənəcək. Gəlin, sizin hekayələrinizi, novellalarınızı, esselərinizi, pritçalarınızı və aforizmlərinizi Türk dilində çap etdirək. Fəthiyəddə mənim bir dostum var. Fəthiyyə ədəbi qrupunun rəhbəri Coşkun Qarabulut. İcazə verin, mən sizin yazılarınızın bəzilərini Türk dilinə çevirib ona göndərim və onun fikirini öyrənək". Mən razılaşdım. Bir həftədən sonra Nazilə Gültac mənə zəng vurub dedi ki, "Coşkun Qarabulut sizin "Kor xoşbəxtliyi" hekayənizi oxuyub və ağlayıb". Açığı, bir yazarı başqa bir yazarın tərpətməsi çox çətindir. Ona görə də Coşkun Qarabulut Nazilə xanıma deyib ki, "istəyirəm bütün Türkiyə bu insanı tanısın. Buna görə mən hər şey eləyəcəm". Və beləliklə, mənim kitablarımın Türkiyədə çap olunmasında bu fədakar insan olan Coşkun Qarabulutun böyük əməyi var. Onu da vurğulayım ki, Coşkun Qarabulut əslən azərbaycanlıdır. Şəkidəndir. Bir vaxtlar onun babaları Türkiyəyə gedib. O da özünü yarı azərbaycanlı sayır. Məhz buna görə də Coşkun bəyin Azərbaycana və azərbaycanlılara böyük məhəbbəti var. Beləliklə, o, bu missiyanı öz üzərinə götürdü. Təbii ki, onun üçün birbaşa Azərbaycan dilindən Türk dilinə tərcümə eləmək çətin olduğuna görə mənim Türkiyədə bir dostum var, Elşən Qurbanlı. O, Türkiyədə Universitetdə Yahudi dilindən dərs deyir. Elşən Qurbanlı mənim iki kitabımı Türk dilinə tərcümə elədi və həmin kitabları göndərdim Coşkun Qarabuluta. O da kitabları oxuyandan sonra dedi ki, bu kitabları azərbaycanlı tərcümə eləyib. Həmin adam da Türk dilinin incəliklərini yaxşı bilmədiyinə görə, icazə verin, mən həmin kitabları tam Türk dilinə tərcümə eləyim. Bu kitablar da Türkiyədə "Aforizmlər" və "Kelebek mutluluğu" ("Kəpənək xoşbəxtliyi") adları ilə çap olundu. Bu kitablar da "Güncə" Yayımçılıq Şirkəti, başda onun rəhbəri ədəbiyyatçı yazar, Universitetin doktoru, xoca Oktay Yivli olmaq şərtilə həmin kitabları bəyənib, çap elədilər. Sonra onlar Türkiyənin müxtəlif şəhərlərində mənim kitabımın təqdimat mərasiminə məni dəvət elədilər. Mən də Nazilə xanım Gültacla Tükiyəyə gedib, Türk dilində çap olunan kitablarımızı gördüm. Beləliklə, bir həftə müddətində Adana, Antakiya, Muğla, Mersin, Fətiyə kimi şəhərlərdə mənim kitablarımın və Nazilə Gültacın "Sevgi yağmuru" kitabının təqdimatı oldu. Onlar bizi çox yaxşı qarşıladılar. Bizə çox böyük diqqət göstərdilər. Onlar üçün aforizmlər çox maraqlı idi. Çünki Türkiyədə aforizm yazan demək olar ki, yoxdur. Hər halda, mən olduğum şəhərlərdə cəmi bir nəfər aforizm yazar adam gördüm. O da sadəcə öz aforizmlərini sahibkarı olduğu restoranında divar boyu yazıb. Mən ona təklif elədim ki, bunları bir kitab kimi çap etdirsin. O da çox maraqlı insan idi. Məlum oldu ki, Türkiyədə bu sahədə böyük boşluq var. Mən də orada vurğulayırdım ki, bu gün ədəbiyyatın önündə kiçik formalı əsərlər getməlidir. Çünki bu gün dünyadakı insanlar romandan çox telefonun ekranında kiçik formalı əsərlər istəyirsə, biz də Türk toplumu olaraq həmin " ədəbi savaşda" hökmən iştirak etməliyik. Ədəbiyyat sahəsində nəyimiz varsa, onu qısa formaya salıb, həmin telefon ekranına yerləşdirməliyik. Mənim aforizmlər yazmağım da müasir günümüzçün yerinə düşdü. Elə bil ki, torpaq münbit idi. Mən də həmin torpağa aforizmləri əkdim və onlar tezliklə cücərdi. Məhz buna görə də Türkiyədə mənim kitablarım çox maraqla qarşılandı. Televiziyalar, yerli mətbuat bu haqda tez-tez yazdı və efirlərdə dəfələrlə göstərildi.


-Siz hər dəfə deyirsiniz ki, dünyada dörd kəpənək vadisi var.

-Bəli, elədir. Bu vadilər - Yunanıstanın Rodos adasında, Çində, Tailandda və Türkiyənin Fəthiyə körfəzindədir. Fəthiyyədəki Kəpənəklər vadisi üç tərəfdən dağla əhatə olunan bir diyardır. Ora cəmi bir yol var, o da dəniz yoludur. Ora yalnız gəmi ilə getmək olur. Orada iki balaca şəlalə var. Həmin şəlalələrin ətrafinda çoxlu ağaclar bitib. Orada da milyonlarla kəpənək yaşayır. Mənim kitablarımdan birinin adı "Kəpənək xoşbəxtliyi" olduğuna görə bu kitab Fəthiyəlilərə böyük maraq yaratdı. Məhz buna görə də onlar dəniz turu ilə məni həmin vadiyə apardılar. Beləliklə, kəpənək xoşbəxtliyinin mutluluğunu onlarla birlikdə yaşadıq. Hətta onlar deyirdilər ki, hələ kəpənək mövsümü deyil. Amma çox təəccüblüdür ki, mənim gəlişimlə ora kəpənəklər də gəlmişdi. Türklər də, biz də bundan çox sevindik.

-Biz eşitmişik ki, siz orada olduğunuz şəhərlərdə TRT televiziya kanalı çəkilişlər aparıb.

-Bəli, elədir. Beş şəhərdə aparılan çəkilişlərlə bağlı biz bir televiziya filmi hazırlamaq istəyirik. Fəthiyədə kəpənəklərlə qarşlaşanda onlar mənim başımın üstündə uçurdular. Açığı, mən buna çox sevindim. Mənim "Kəpənək xoşbəxtliyi" hekayəmdəki kəpənəklər də cəmi bir gün yaşayırlar. Onların ağzı olmur. Gedib öz cütünü tapır. Onunla sevişir və günün axırında dişi kəpənək yumurtalarını qoyur yarpağın arxasına və günün sonunda onların hər ikisi ölür. Mən də həmin hekayəmdə kəpənəyin bir günlük həyatını insanın yüz illik həyatı ilə müqayisə eləmişəm və "Kəpənək xoşbəxtliyi" hekayəsini yazmışam. Oxuyanlar deyir ki, çox maraqlı hekayədir.


- Qeyd edirsiniz ki, dünyada kiçik həcmli əsərlərə daha çox fikir verilir. Kiçik formalar deyəndə siz nələri nəzərdə tutursunuz?

-Bunlar atalar sözləridir, sitatlardır, deyimlərdir, aforizmlərdir, kiçik həcimli hekayələrdir, esselərdir, prtiçalardır, novellalardır. Türkdilli xalqların da müştərək atalar sözləri, sitataları, deyimləri çoxdur. Elə götürək Molla Nəsrəddinin lətifələrini. Bu, bütün türkdilli xalqlara məxsusdur. Məsələn, eşidirsən ki, bəzi adamlar deyirlər Nizami Gəncəvinin aforizmləri. Əslində, biz əgər hasısa müəllifin əsərindən qısa sətirləri götürürüksə, bunlar aforizmlər yox, sitatlardı, deyimlərdi. Aforizm isə ayrıca yazılmış bir fikirdir. Atalar sözləri də müəllifi olmayan aforizmlərdir. Amma atalar sözləri min illərin süzgəcindən gəlib keçdiyinə görə ümumiləşdirilib. Və onlar bir vaxtla bağlı deyil. Amma müəllifin yazdığı aforizmin tarixi bəlli olduğundan görə onu zamana bağlamaq olur. Lakin atalar sözlərini zamana bağlaya bilmirsən. Böyük təəssüflə onu da vurğulayım ki, biz, öz atalar sözlərimizə yiyə çıxa bilmirik. Çünki ermənilər bizim atalar sözlərimizi öz atalar sözləri kimi tərcümə eləyib, bütün dünyaya yayıblar. Onlar bizim dolmamızı, bütövlükdə mətbəximizi, musiqimizi necə həyasızcasına oğurlayırlarsa, atalar sözlərimizi də o cür götürüb apardılar və xəbərimiz də olmadı. Hətta bizim mətbuatda bu haqda heç nə yazılmadı. Çünki biz özümüz ona yiyə dura bilməmişik. Atalar sözlərimizi nəinki dünya xalqlarının dillərinə, heç latın qarfikasına da tam keçirməmişik. Onu da deyim ki, son yüz ildə Azərbaycanda heç atalar sözləri də yazılmayıb. Sözlərimi təsdiq etmək üçün deyim ki, XX və XXI əsrin texnikası, maşınları və sairə müasir şeylər haqqında demək olar ki, atalar sözlərimiz yoxdur.

Beləliklə, son vaxtlar atalar sözləri yaranmır və ortaya qoyulmur. Bu boşluqları biz yalnız aforizmlərlə doldura bilərik. Əlbəttə, mən çox istərdim ki, dahi klassiklərimizin əsərlərindəki sitatlar çox yayılsın. Amma bunların altından aforizmlər yox, sitatlar sözü yazılmalıdır. Ümumiyyətlə, sitatlar ilk dəfə hüquq elmində yaranıb. Onlar ayrı-ayrı qanunlarda sitatlar yazırdılar ki, filan qanun bunu deyir. Sonra elmi əsərlərdə sitatlar yarandı. Dedilər ki, filan alim belə deyir. Sitat da dəqiq yazılmalı və onun müəllifi dəqiq göstərilməlidi. Mən çox istərdim ki, alimlərimiz, yazarlarımız tərəfindən bizim ədəbiyyata bir də yaxşı-yaxşı baxılsın və orada bizim bugünkü həyatımıza, davranışımıza dəstək olan bütün sitatlar toplansın və ayrı-ayrı kitablar kimi çap olunsun. Sosial şəbəkələrdə yayılsın. İnanıram ki, dünya xalqlarının buna böyük marağı olacaq. Eləcə də müasir aforizmlər yaransın.

Bir vacib məsələni də vurğulamaq istəyirəm. Bu gün sosial şəbəkələrdə əsasən Avropadan, Amerikadan olan yazarların sitatları yerləşdirilir. Həmin əcnəbilər də dünyaya sübut etmək istəyirlər ki, guya ağıllı adamlar yalnız həmin ölkələrdədir. İnsanlarda təsəvvür yaratmaq istəyirlər ki, ağıllı sözü yalnız qərblilər, amerikalılar deyə bilir. Bu gün biz artıq özümüzün "başbilənlərimiz" tərəfindən qəhrəmanlarımızın hamısına bir damğa vurmaqla, qəhrəmansızlaşmışıq. Bu gün bizim uşaqların qəhrəmanları Betmandı, Halkdı, Spaydermandı və başqalarıdır. Sən indi uşaqlarımıza desən ki, Koroğlu qalib gələr ya Spayderman? Qaçaq Nəbi qalib gələr ya Halk? Əlbəttə, uşaqlarımız ikinciləri deyəcək. Çünki artıq uşaqlarımızın qəhrəmanları Qərbdə yaşayır. Onlara elə gəlir ki, qərblilər ağıllı ola bilər. Bax, biz qəhrəmanlarımızı xalq düşməni eləməklə bu yolla uşaqlarımızı korazehin eləmişik. Mən demirəm ki, uşaqlarımız Bernad Şounu oxumasın. Oxusun. Amma onu oxumaqla yanaşı Nizami Gəncəvini, Əfzəllədin Xaqanini, İmadəddin Nəsimini, Məhəmməd Füzulini də oxuyub, onların sitatlarını mükəmməl mənimsəsin. Bizim aforizmlər yazanlarımız da qəhrəmanlar ortaya qoymalıdır. Mən aforizmimdə Sumqayıtla bağlı Sum adlı bir qəhrəmanı ortaya qoymuşam. Hansı ki, əfsanəyə görə əjdahanı öldürüb, suyun qarşısını açıb və insanlara su verib. Orada yazmışam ki, gəlin həmin qəhrəman Suma zirehli uçan bir qurğu verək və o, Halkdan da güclü olsun. Gəlin onunla bağlı cizgi filmləri yaradaq. Beləliklə də özümüzə və qəhrəmanlarımıza inamı geri qaytaraq. Bu gün uşaqlarımız sosial şbəkələrdə, Ayfonun ekranının qarşısındadır. Bəs biz həmin ekrana nə verə bilirik? Bu, çox vacibdir. Biz həmin ekrana hökmən öz dəyərlərimizi qoymalıyıq. Artıq gecikirik. Həmin dəyərlərdən ən yaxşılarından biri aforizmlərdir və mən də onları yazıram. İnsanlar da bunu bəyənir. Kitablarım çap olunanda orada axırda boş vərəqlər qoydurmuşam ki, həmin kitabları oxuyanlar özləri də həmin boş səhiflərə aforizmlər yazsınlar. Bununla mən aforizmlərə maraq yaradıram və həm də insanlarımızı düşünməyə vadar eləyirəm. Çünki nə qədər çox aforizmlər yazan olsa, daha yaxşı olar və daha yaxşı seçim yaranar. İstəyirəm ki, bu işə daha çox gəncləri cəlb eləyim.

Rəy bildir +
Oxşar xəbərlər
Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Sumqayıt Maşın Bazarından reportaj:  qiymətlər necədir?
11:4515 may

Sumqayıt Maşın Bazarından reportaj: qiymətlər necədir?

Avtomobil bazarı həmişə maraqlı və dinamikdir. Şəhərimizdə nəqliyyat vasitələrinin sayındakı artımı da yəqin ki, aydın hiss edirsiniz.

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"
12:0930 aprel

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"

Sentryabr ayının 30-dan oktyabr ayının 3-dək Bakıda Avrasiya Materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festifallar festifalı keçiriləcək. BMT-nin himayəsi ilə, Avrasiya Millətlər Assambleyasının, LiFFt Fondunun və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələcək bu festifalda 50 ölkənin 150

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari