İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Elman Nəsirov
Milli Məslisin deputatı Elman Nəsirov Azərbaycan əhalisinin sayının 10 milyona çatması faktına görə mediaya şərh verərkən bu faktın hər bir azərbaycanlını sevindirməsini dilə gətirdi və sonra da maraqlı, orijinal bir fraza işlətdi:"AXC-Musavat dövründə əhali artımından söhbət gedə bilməzdi".
Əlbəttə ki, AXC-Musavat dövrü ilə hazırki iqtidar dövrünü müqayisə etmək istəyəndə ikincinin xeyrinə olan, heç bir sübut tələb eləməyən möhtəşəm reallıqlar mövcuddur: Azərbaycanın hədsiz inkişafı, iqtisadi sıçrayışı, əhalinin sosial-rifah halının yüksəldilməsi və s. və i.  Bəs belə isə Elman müəllimin bu cür qondarma "faktına" nə lüzum var? Hətta ən reqressiv dövrdə belə orta statistikayla 10 yeni doğulma və ən pis halda 2 rəhmətə getmə və 4 mühacirətə yollanma nisbəti ilə əhali artımı müşahidə edilir. Necə yəni, filan dövrdə əhali artımından söhbət gedə bilməzdi? Əziz Elman müəllim, belə çıxır, AXC-Musavat hakimiyyəti əhali sayına töhfə vermək istəyən hər bir ailə cütlüyünü tutub saxlayırdı ki, "etmə", "eləmə"?!
Vallah iqtidarın bu cür cəfəng dəstəyə ehtiyacı yoxdur. Saxta reklam ən böyük antireklamdır.
Sevinc xala
Cəlilabad rayonunun 57 yaşlı sakini Sevinc Əli qızı İsayeva bu həftə ölkə gündəminə rüsvayedici bir faktla düşdü. İnsan Alverinə qarşı Mübarizə Baş idarəsinin əməkdaşları Sevinc xalanın azərbaycanlı qızları İran İslam Respublikası vətəndaşlarına satmasını müəyyənləşdirdilər, Baş idarədə Cinayət Məcəlləsinin 144.1.2.2-ci maddəsi ilə - iki nəfərdən artıq şəxsi insan alverinə məruz qoyma maddəsilə istintaq aparıldı və iş məhkəməyə təqdim olundu.
İstintaq zamanı məlum oldu ki, Sevinc İsayeva uzun illərdi gənc qızların fahişəliyə cəlb edilməsi ilə məşğul olur. Hazırda isə fəaliyyətini daha da genişləndirərək beynəlxalq sferaya çıxıb, qızları İrana aparıb iran vətəndaşlarına satır. Bu günə qədər Sevinc xalanın iranlılara 6 qız satması sübut edilib.
Özünü olduqca avam, sadəlövh göstərən Sevinc xala istintaq qarşısında o qədər məsum görkəmdə dayanmışdı ki, "6 xətt" əməkdaşları onun ürəyindən təqribən bu cür sözlərin keçdiyini düşündülər:
- Günahım nədir axı?! Istədim Azərbaycanı dünyada tanıdım!
Faberje tacı
Avropa monarxlarına məxsus olan dünyaşöhrətli Faberje brendinin akvamarin və brilliantlarla işlənmiş qızıl tacının Christie`s hərracı vasitəsilə satılacağı bəyan edilmişdir.
Bu unikal taca mütəxəssislər ilkin olaraq 340 min dollar qiymət qoymuşlar. Zərgərlik məmulatı 1904-cü ildə Hersoq IV Fridrix Fransın sifarişi ilə hazırlanmışdır.
Mayın 15-də Jenevrə şəhərində keçiriləcək hərracın hədsiz maraq doğuracağı, kolleksiyaçıların və zərgərlərin amansız mübarizə aparacağı gün kimi bəllidir.
Azərbaycanın korrupsiya-oliqarx nümayəndələrinin ən ağlasığmaz alver faktları dünyanın həmişə diqqət mərkəzində olub. Elə son Zəmirə Hacıyeva olayı yəqin xatirinizdədir. Odur ki, "6 xətt" olaraq əminliklə proqnoz veririk ki, Faberjenin zərgərlik şedevri uğrunda mübarizəyə azərbaycanlıların da qoşulacağı şəksizdir.
Quldur
Həftənin ən diqqətçəkən kriminal hadisəsi Şimali İrlandiyada baş vermişdir. Belfast şəhərinin 35 yaşlı sakini gecə saatlarında öncə parkinq yerindən xortumlu ekskavator oğurlamışdır. Sonra bu ekskavatoru ədəb-ərkanla sürüb şəhərin mərkəzi rayonundakı bankomatın qarşısına gəlmişdir. Ekskavatorun xortumu ilə daş divarı uçurub dağıdaraq bankomatı götürmüş, sürüb aradan çıxmışdır. Quldur təqribən 2 milyon funt sterlinq qabağa düşmüşdür.
BBC telekanalı müşahidə kameralarına düşən görüntüləri yayarkən peşəkar ekskavatorçu-soyğunçunun cinayəti necə soyuqqanlılıqla həyata keçirməsi diqqət çəkir.
Qərbdəki hər şeyi interqrasiya etdiyimizdən, çox güman, bu cür yüksək kalibrli oğurluğu da interqrasiya edə bilərik. Odur ki, xortumlu ekskavatorlardan ehtiyatlı olmaq gərəkdir.
Qəlyan 
Bu həftə xüsusən gənclərin çox sevdikləri qəlyan da gündəmə düşdü. Belə ki, Rusiyanın RİA-Novosti portalı tanınmış mütəxəssisə rəğmən belə bir informasiya yaydı ki, qəlyan çəkmək orqanizmə ciddi zərər yetirir.
Rusiyanın ictimai sağlamlıq və demokratiya problemləri şurasının icraçı direktoru Viktor Zıkov bunları bəyan etdi:
- Qəlyan həm onu çəkənə, həm də ətrafdakılara ciddi zərər yetirir. Xüsusən, qəlyanın hazırlandığı möhtəviyyatlar arasında tütünün olması qorxuludur. Üstəlik, qəlyanın müştüyündə, borusunda - tüstü keçən nahiyələrdə stafilokokki və bağırsaq çöplərinə, hepatit virusuna rast gəlmək mümkündür.
Bildiyiniz kimi qəlyanın restoranlarda, ictimai yerlərdə çəkilməsinə qadağa qoyulmayıb. Ona görə də gün-gündən ona meyl də artmaqdadır. Ölkəmizdə qəlyan evlərinin sayı yağışdan sonrakı göbələklər qədər durmadan yüksəlməkdədir. Ruslar qəlyanın çəkilməsinə məhdudiyyətlər qoymağa hazırlaşırlar, görəsən bizdə də qəlyana "Stop" deyən tapılacaqmı?
Broyler toyuğu
Sabunçu rayonunun Ramana qəsəbəsində, işbaz Kərimov Ramiz Raqub oğluna məxsus qeyri-qanuni sexdə kəsilib təmizlənmiş broyler toyuğu bu həftə "6 xətt"  reytinqinə düşmək şərəfinə nail oldu. Belə ki, donuz saxlanan tövləyə bitişik ərazidə, antisanitariya şəraitində, kustar üsulla kəsilən bu mənşəyi bəlli olmayan "broyler toyuğu" zərərli kimyəvi məhsulla təmizləndikdən, su ilə dolu natəmiz vannada uzun müddət qaldıqdan sonra sellofana qoyularaq marketlərə yollanır. Və təsəvvür edin ki, onunla qidalanan insanların sağlamlığına nə boyda təhlükə yaranır.
"6 xətt"in qida məsələləri üzrə eksperti Əli Məmmədovun fikrincə, Kərimov Ramiz Raqub oğluna məxsus "broyler toyuqları" müasir kütləvi qırğın silahlarından heç nə ilə fərqlənmir.
Rəy bildir +
Oxşar xəbərlər
Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə

İlham Əliyev: Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir
18:1428 yanvar

İlham Əliyev: Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil
11:1809 yanvar

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil

Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.