İSTİ XƏBƏRLƏR
» » Sumqayıtlı millət vəkili kölgə iqtisadiyyatından danışdı

Sumqayıtlı millət vəkili kölgə iqtisadiyyatından danışdı

Sumqayıtlı millət vəkili Tahir Mirkişili ölkə mediasına müsahibəsində kölgə iqtisadiyyatı barədə danışıb. Jurnalistin "Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizədə daha hansı addımlar atılmalıdır və qanunvericiliyə hansı dəyişikliklər etmək olar?" sualına cavabında millət vəkili qeyd edib ki, kölgə iqtisadiyyatı bütün ölkələrdə var və bunun səviyyəsini və yaxud da payını sıfır dərəcəyə çatdırmaq qeyri-mümkündür. Bütün ölkələr kölgə iqtisadiyyatının həddinin və yaxud iqtisadiyyatda payının maksimum azaldılmasını hədəfləyən proqram həyata keçirir. Deputat deyib ki, Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizədə iki istiqamətdə mühüm işlər görülür: "Qanunvericilik bazasının təkmilləşdirilməsidir, yəni dövlətin icra mexanizmlərinin daha da təkmilləşməsi ilə bağlı görülən işlər. Bununla bağlı yanvarın 1-dən Vergilər Məcəlləsinə dəyişikliklər qüvvəyə mindi. Ölkə Prezidentinin sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı verdiyi çoxsaylı fərman və sərəncamlar mövcuddur. Sahibkarlıq sahəsində yoxlamalar 2021-ci ilədək tam dayandırılıb. Maliyyə resurslarına çıxış daha da artırılıb. İcra mexanizmlərində dəyişikliklərin əsas məqsədi sahibkarlıq mühitinin daha əlverişli olması, haqsız rəqabəti aradan qaldırmaqdır. Çünki bir çox hallarda haqsız rəqabət kölgə iqtisadiyyatının artırılmasına səbəb olur. Dünya Bankının 2018-ci ildə dərc etdiyi "Doing Business" hesabatında Azərbaycanın 32 pillə irəliləyərək dünyada biznes mühitinin əlverişliliyinə görə 25-ci yerdə qərarlaşması görülən tədbirlərin nəticəsidir".
Prezident əlavə etdi ki, ikinci mühüm istiqamət iqtisadi maarifləndirmədir: "Şəffaflıq, uçotun aparılması, dövlət-sahibkar münasibətlərində qanun mexanizmlərinin işə düşməsi daha çox sahibkarların xeyrinədir. Məhz bu maarifləndirmə tədbirləri son nəticədə kölgə iqtisadiyyatının səviyyəsinin aşağı enməsinə səbəb olur.
2019-cu ilin birinci rübünün nəticələrinə baxsaq, büdcədə gəlirlərin artması, vergi yığımında əhəmiyyətli nəticələrin əldə olunması, gömrük yığımlarının proqnozlara uyğun yerinə yetirilməsi onu deməyə əsas verir ki, hər iki istiqamətdə aparılan işlər öz nəticəsini və effektini verməyə başlayıb. Dövlət başçısının sosial paketin tətbiqi ilə bağlı verdiyi son fərmanların maliyyə mənbələrindən biri də ölkədə şəffaflığın, gəlirliliyin artması və kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması nəticəsində büdcə gəlirlərinin artmasıdır. Kölgə iqtisadiyyatı ilə mübarizə 1-2 ilin işi deyil və bu proses daimidir, müvafiq mexanizmlər daim təkmilləşir. Eyni zamanda, maarifləndirmə sahəsində də kifayət qədər iş görmək vacibdir".
Rəy bildir +