İSTİ XƏBƏRLƏR
» » Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.
Məqamların ən alisi torpaqlarımızın bütövlüyü məsələsidir. Ona görə də Vətənimizin bütövlüyü uğrunda aparılan mübarizə siyasətinin yükünün altına çiyin vermək  əslində çox çətin  məsələdir.   Müharibə, itirilmiş torpaqlar, milyondan çox qaçqını olan bir ölkənin başçısı olub da, həm  hər tərəfdən ikili və daha çox standartlarla  basqıda olan Vətənini qorumaq, həm də vətəndaşına sahib çıxıb, onun güzəranı üçün çalışmaq çox ağır yükdür.
Çiyinlərində bu ağır yükü daşıyan   Ali Baş Komandan  İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin ölkəsinin əsas prioritet məsələsi olduğunu qeyd edərək, Azərbaycanın öz torpaqlarının bir qarışını da Ermənistana güzəştə getməyəcəyini  bildirdi. Bütün mötəbər və ali kürsülərdən də bu fikrini bu gün də söyləməkdədir.
Ötən ilin iyun ayında Ordumuzun 100 illiyi ilə keçirilən hərbi paradda  Ali Baş Komandan dünyaya yenə öz mesajını verərək, Azərbaycanın işğal altında olan torpaqlarının sülh yolu ilə olmazsa, müharibə yolu ilə qaytaracağına xalqı əmin etdi. Və bu istiqamətdə ordu quruculuğunu ən yüksək həddə çatdırdığını isə  nümayiş olunan hərbi tenikamız və canlı qüvvəmizlə göstərdi. Hərbi paradda Ali Baş Komandanın önündən keçən çinar boylu Vətən oğulları, Vətən əsgərləri bizim Ordunun nəyə qadir olduğunu göstərdi. Bu ikinci məqamıdır, Prezident İlham Əliyevin.
Üçüncü məqam 2016-cı ilin aprel ayında  Ordumuzun əsgərlərinin göstərdikləri qəhrəmanlıq oldu ki,  bu hadisələrin fonunda Ali  Baş Komandan İlham Əliyev həmin aprel döyüşlərini   bizim şanlı qələbəmiz adlandırdı. Onların qəhrəmanlıqlarından danışdı. Döyüşlər dayandırılan kimi, düşmənlə təmas xəttində yaşayan vətəndaşlara baş çəkdi, düşmənin ailələrə vurduğu ziyanın kompensasiya edilməsi üçün tapşırıqlar verdi. Aprel döyüşlərində yaralanan, hospitalda müalicə alan əsgərlərimizə baş çəkdi. Bir əsgər üçün bundan böyük qayğı və şərəf varmı? Sərkərdə, Ali Baş Komandan əsgərinin halından narahatdır. Əsgərinin yanında və səngərindədir!!! Bu səbəbdəndir ki, Vətən müharibəsində qazi olan oğullarımızın hamısı bir ağızla deyirlər ki, hər zaman  döyüşə hazırdırlar.
Dördüncü məqam Azərbaycan Prezidentinin hərbi sənayenin inkişafına verdiyi önəm və  hərbi əməkdaşlıqlardır. Bu gün dünyanın ən güclü orduları ilə müttəfiq olması, hərbi-siyasi sazişlər bağlamsı, mühüm beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi  də İlham Əliyev siyasətinin uğurudur.
Beşinci məqamda dünyanın bütün yollarının Azərbaycandan keçdiyini söyləmək istəyirəm. Azərbaycan eramızdan əvvəlki var olduğu əsrlərdə də mədəniyyətlərin və sivilizasiyaların kəsişmə nöqtəsi olub.  Bunu dünya arxeoloqları da ərazilərimzdən tapılan qədim artefaktlarla sübut ediblər. İlham Əliyevin yenidən Prezident seçilməsindən sonra isə beynəlxalq layihə olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti,  Cənubi Qafqaz qaz boru kəməri layihəsi genişlənərək Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya  ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan bir yola başlanğıc oldu. Turana yol yenə də Azərbaycandan başladı. Bu yolda bizə düşmən olan, müstəqilliyimizə xələl gətirən  Ermənistanı beynəlxalq layihələrdən yenə də kənarda saxladı. Beynəlxalq hüququn da qanunlarına görə bir daha təsdiq olundu ki, işğalçı bir dövlət sülh istəyən dövlətlə eyni yolu paylaşa bilməz.
Altıncı məqam dünyanın hər yerində olan insanların  sülh və qardaşlıq diyarı olan Azərbaycanda bir araya toplaşıb  ən qlobal məsələləri Bakıda müzakirə etmələridir. Bu, ölkəmizin həm də dünyanın qlobal çağrışlarına necə diqqətlə yanaşmasının sübutudur.
Yeddinci məqamda xatırlamaq lazımdır ki,  qonşu dövlətlərlə balanslaşdırılmış siyasət və Rusiya, Türkiyə, İran üçbucağında əhəmiyyətli mövqe nümayiş etdirərək bu üç ölkə arasında fikir ayrılıqların aradan qaldırılmasında və əməkdaşlıqların qurulmasında  Azərbaycan Prezidentinin  vasitəçilik missiyası çox diqqətçəkəndir.
Səkkizinci məqamda neylədi  Azərbaycan Prezidenti?! Bu məqamın özəlliyi  dünyanın uzaq ölkələrində yaşayan 55 milyondan artıq azərbaycanlının Prezidenti olmasını sübut etdi.  Adları  dünyanın tanınmış şəxsiyyətləri sırasında çəkilən  şöhrətli insanlarımıza ölümündən sonra da sahib çıxıb, onları Odlar yurdu Azərbaycanda  dəfn etməklə, cisimlərini bu torpağa qarışdırmaqla, Vətənimizin dəyərini, qiymətini  bir daha artırdı.  Lütfi Zadə, Müslüm Moqamayev, Mistislav Rastropoviç Bakıdakı Fəxri Xiyabanda uyuyurlar!
Doqquzuncu məqamımız  multkulturalizim və tolerantlıq ənənələridir. Bu ənənələr Azərbaycanın kökü və tarixidir. Bu gün tarixi torpaqlarımız olan İrəvanda ermənilərin girov götürdükləri  əsirlərimizdən başqa bir nəfər də olsun azərbaycanlı və qeyri-millətin nümayəndələri  yaşamadığı halda, bizim könlü geniş, müqəddəs Vətənimizdə yüzlərlə xalqların nümayəndələri heç bir ayrı-seçkilik olmadan, öz tarixi adət-ənənlərini, dinlərini  qoruyub yaşadırlar. Bizim insanlar dünyaya bu qədər müxtəlifliyin özündə bir gözəllik harmoniyası, insanlıq nümunəsi nümayiş etdirirlər. 
Onuncu məqamda "Kim sevirsə idmanı, poladtək olar canı"  misalını xatırlayıram. Ölkənin hər yerində  "sağlam bədəndə sağlam ruh olar" və "uşaqlar bizim gələcəyimizdir" prinsiplərinə uyğun olaraq idmanın və gəncliyin inkişafı üçün həm idman arenalarının tikintisi, həm də beynəlxalq idman tədbirlərinin ölkəmizdə təşkilini alqışlamaq lazımdır. 2005-ci ildən sonra  Bakının mərkəzindən  beynəlxalq idman yarışlarından olan birbaşa translyasiyaları Yer kürəsinin hər yerində izlədilər. Və bu gün də Bakı beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdədir.  Demək, Bakını, Azərbaycanı tanıyırlar. Deməli, hər gələn bir ovuc xoş xatirə aparırsa, nə xoş bizim halımıza!  Dünyada mənsub olduğun Vətəni yaxşı ənənələrlə tanıtmaqdan gözəl və şərəfli nə var ki!?
Ölkəmizin müxtəlif bölgələrində keçirilən beynəlxlaq festivallar, humanitar forumlar, dini və mədəni tədbirlərin keçirilməsinə ev sahibliyi etmək də Azərbaycan siyasətinin başında dayanan İlham Əliyevin uğurlu siyasəti kimi dəyərləndirliməlidir. 
On ikinci məqamımız yollarımızdır.   Bu gün  Azərbaycanın ən ucqar rayonlarına  belə səyahətə gedəndə yollarımızın nə qədər abad və rahat olduğunun fərqinə varırıq. Yol mədəniyyətdir.  Yol infrastrukturun yenidən qurulması, yollar, dəmiryolu xətləri, turizim obyektləri və otellər də Vətənimizin abadlaşmasına şərait yaradır. Vətənin abad saxlamaq isə vətəndaşların işidir. Prezident ölkəni abadlaşdırmaq üçün  şərait yaradırsa, imkan verirsə, insanlarımız da bu məqamdan faydalanmalıdır. Unutmayın ki, "Abadlıq könüldən başlayır".
On üçüncü məqamı isə ASAN-dan başlayır. Dedim axı, hər şey ölkənin vətəndaşlarının  güzəranının və rifahının yaxşı olması üçündür. Bu gün Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaranan ASAN artıq dünyanın beynəlxalq təşkilatlarında brend kimi təqdim olunur. Dünyanın bir çox inkişaf etmiş ölkələri də bu brendin təcrübəsindən  istifadə edir, yararlanır. ASAN xidmət fəaliyyətə başlamaqla dünyanın bir çox siyasi sistemlərində və məişətində  kök salmış rüşvətxorluq  adlı xəstəliyin dərmanına çevrildi. Biz Azərbaycan vətəndaşları inanırıq ki, Azərbaycan Prezidentinin qətiyyəti sayəsində  dövlətimizin yerdə qalan digər strukturları da ASAN-laşacaq. Və bundan sonra ölkəmizin  uğurları daha çox olacaq.  
On dördüncü məqamda Azərbaycan Prezidentinin fövqəladə hallarda birbaşa vətəndaşının yanında olması oldu.  Onun təbii fəlakətlər zamanı -Lənkəran zələzələsi, Kürün daşması, Zaqatala zəlzələsi, sonuncu  isə Şamaxıda   baş verən olaylarda birbaşa vətəndaşların  qapılarına getməsi hər bir Azərbaycan vətəndaşının  dövlətinə və Prezidentinə olan inamını artırdı. Vətəndaşların məktublarını bir başa özü almaqla, onları  dövlətdən narazı salan  məmurlara   sillə kimi bir mesaj verdi. Həm də ölkəmizi xaricdə oturub yamanlayanlara doğruları və əsl həqiqəti göstərdi.  Bu görüşlər dünyanın bir çox televiziya ekranlarında nümayiş olunanda, sosial şəbəkələrdə yayılanda  hər kəs öz payını götürdü. 
On beşinci məqam: Azərbaycan Prezidenti bütün çıxışlarında "Mən hər birinizin Prezidenti olacağam"- deyir. Və bunu əməli işi ilə də  həyata keçirməyə çalışır. Son  aylarda ölkəmizdə  həyata keçirilən  sosial siyasət, aztəminatlı ailələr və veteranlar, şəhid ailələrinə və onların övladlarına  göstərilən qayğı göz qabağındadır.  Siz sonuncu dəfə bir şəhid anasının əlini öpən , bir qoca ananın süfrəsində oturub çay içən Prezidenti harada gördünüz?!  Azərbaycanda isə bu gün Prezident öz qayğı və istəyini hər bir vətəndaşına sərgiləməklə, hər bir dövlət məmurunu bu prinsiplərə əməl etməyə səsləyir. 
On altıncısı məqamda  isə biz  media mənsublarına olan münasibətdən söz açmaq istəyirəm. Bizimlə keçirdiyi görüşlərdə hər zaman jurnalistlərin dostu olduğunu deyən Azərbaycan Prezidenti İlham Əliyev bu dostluğa sadiq olduğunu  tez-tez sübut edir.  Şəxsən mən cənab Prezidentin qayğısı nəticəsində illərlə çəkdiyim əziyyətlərimin  bəhrəsi olaraq, onun zəhmətimə verdiyi dəyər kimi  "Jurnalistlər binası"nda  mənzilə  sahib olmuşam.  Bu gün böyük qürur hissi ilə dövlət başçımın verdiyi mənzildə yaşayıb yaradıram.
 On yeddinci məqamda 2018-ci ildə  Azərbaycan Xalq Cümhuriyytinin 100 illiyi keçirilən bir zaman kəsiyində  aprel ayınn 11-də İlham Əliyevin yenidən xalqın istəyi ilə  Prezident seçilməsini diqqətə çatdırıram. O gündən bu günə 1 il keçir. Gəlin görək bu bir ildə nələr oldu?  Ən əsası odur ki, o, qətiyyət göstərib, illərlə vəzifə kürsülərində bitənləri kreslolardan endirib, yeni gəncləri, yeni kadrları dövlət idarəçiliyinə gətirdi. Yeni gələnlərin gördükləri  müsbət işlər, apardıqları siyasət də göz qabağındadır.  Xalq da, Prezidentimiz də, bir daha əmin oldu ki, vəzifə kresloları  yeni  və mütərəqqi gənclərlə yenilənəndə vətəndaş üçün də yaşamaq asan olur. 
Bu sadaladıqlarım, Prezident İlham Əliyevin 16 ildə  ölkəsi və onun vətəndaşı qarşısında gördüyü işlərin tərkib hissəsidir. Təbii ki, qarşıda dövlət başçısının görəcəyi çox işlər var. Buna onun əzmi, iradəsi və bacarığı da imkan verir. Və elə bu mübarək günlərin astanasında,  Müstəqil Azərbaycan Dövlətində  10 milyonuncu vətəndaş dünyaya gəldi.  O vətəndaşa Prezident və onun xanımı Mehriban Əliyeva tərəfindən edilən sürprizlər də   16 illik tarixin ən yaddaqalan məqamlarındandır.  Gün o gün olsun ki, Vətənimizdə dünyaya gələn bütün insanları belə sevindirmək nəsibiniz olsun!!! 10 milyonuncu Vətən övladının 1 yaşını azad olunmuş torpaqlarımızda Sizin Ali Baş Komandan olduğunuz Ordunun müzəffər əsgərləri ilə qeyd edək!!!

Aida Eyvazlı
Rəy bildir +