İSTİ XƏBƏRLƏR
» » Köhnə Bakının fırıldaqçıları

Köhnə Bakının fırıldaqçıları

"Aferist" kimlərdir? Hiylədən psixi və texniki vasitə kimi istifadə eləmək qabiliyyətinə malik cinayətkarlara "aferist" deyilir. Cərrah öz alətlərindən necə ustalıqla istifadə edirsə, oğrunun qapı açmaq üçün cürbəcür alətləri olan kimi, aferist üçün hiylə də həmin o alət rolunu oynayır. O, hiylə ilə göz bağlayır. Bu qəbildən olan cinayətkarlar "Aferist" mastına aiddir. Özü də bu mast cinayət aləmində sayılıb-seçilənlərdəndir. Onlara "Vsled za vorami" adı veriblər.

Aferist dönük çıxsa, nə ola bilər? "Xitrıy i alçnıy", yəni hiyləgər və acgöz. 

Əbdül Məhərrəmoğlu köhnə Bakının ən böyük aferisti sayılırdı. Özünün xüsusi məktəbi vardı ki, burada altı-yeddi nəfər işləyirdilər. Əsasən morskoy vağzalda, ya da Sabunçu vağzalında başqa şəhərlərdən gələnlərə "nakolka" qururdu. 

O vaxtlar tez-tez Özbəkistan pambıqçıları, moldovan üzümçüləri, Moskva ipəkçiləri xüsusi təcrübə mübadiləsi ongünlüyünə gələrdilər. Özbəklərinki üstü qızılgül şəkilli tirmə şallar idi. Beş-beş, on-on alardılar... Xüsusən də özbək əkələr arvadlarını sevindirmək üçün xəlvəti yanaşır, utana-utana üstü güllü şal almaq istədiklərini bildirirdilər.

Əbdül: "Bir az kənara çəkilək, yoxsa tökülüb gələcəklər", - deyərək onu adamlarının yanına gətirir, kişinin gözü qarşısında, o tərəf-bu tərəfə baxa-baxa bükməyə başlayırdı. Bu vaxt arxadan kim isə özbək əkəyə ehmalca toxunaraq:

- Ala, smotri pod noqami da!..- deyir, onu ani olaraq qanrılmağa məcbur edirdi. Bu vaxt Əbdül əlindəki şalları yana ötürüb, "kukla"nı götürüdü... "Kukla" əvvəldən içərisi cır-cındırla doldurulmuş bükülü idi.

Əbdül təkcə cır-cındır kuklaları itələmirdi. Onun çörək ağacı Sabunçu vağzalından çıxırdı. O vaxtlar camaat SV vaqonlarında Moskvaya, Kiyevə getmək üçün həftə ilə növbəyə dayanırdı. Burada səfərə çıxanların çoxu əvvəlcədən kupe sifariş verir, hər iki bileti alırdı. Sonra vağzalda gəzən mamlı-matan "matişkə"lərin biri ilə sövdələşir ikinci bileti ona verir və dörd sutka bir kupedə Moskvaya gedirdi. "Matışkə"lərin əksəriyyəti Zavaqzalnıdakı armyaşkalar, yaxud Rostov kazaçkaları idi. 

Əbdül danışırdı ki, bir gün Quba meydanında Ələsgərin faytonuna söykənib günün batmasını gözləyirdim. Qoltuq ciblərimdə iki paçka "kukla" yüzlük, bir də bankdan Böyükağanın götürdüyü həqiqi bağlama vardı. Fikirləşdim ki, Binədar cız-bızını yeyib qurtarsın yollanaq vağzala. Bu dəmdə əlində sandıq-çamadan tutmuş bir kişi yaxınlaşdı mənə:

- Bacıoğlu, məni vağzala salmazsan?.. - deyib, əl-üz dəsmalı boyda bir yaylıq çıxardı, sinəsini, qoltuğunun altının tərini quruladıqdan sonra, üz-gözünü, dodaqlarını sildi. 

Faytonçu Ələsgər Binədarla yüz-yüz vururdu, artıq yaxşıca keflənmişdi. Basinlə on dəqiqəlik yol olduğundan, ona demədən kişini qozlada əyləşdim. Təzəcə yerimizdən tərpənmişdik ki, qolumdan tutub: 

- Tələsmə bacıoğlu, bir dəqiqə atı saxla, sözüm var, - dedi. - Vağzalın aşağı tərəfinə, pilləkanların yanına gedəcəyik. Orada su budkəsinin yanında gözəl-göyçək bir qız olacaq. Düz onun qarşısında saxlayıb, düşəcəksən, çamadanımı götürüb, qızın yanına qoyacaqsan... 

İstədim bunu itələyib, faytondan aşağı yumbaladım, "lənət sənə kor şeytan" deyib, səbrimi basdım, fikirləşdim görək, daha nə sayıqlayacaq bu farmazon...

- Sonra "Aliş Abduloviç, mənə iki yüz manat verin, Sizə uğurlu yol diləyirəm" deyəcəksən rus dilində. Mən onda sənə üç dənə yüzlük verəcəyəm. 

Öz-özümə dedim ki, belənçik lopuxu əldən buraxanın üzünə tüpürərlər.

- Baş üstə, Əliş Abduloviç! - deyib, ata bir qamçı ilişdirdim.

...Su budkasının yanında iri əndamlı, hündür boylu, yanaqları alma kimi qırmızı bir qız dayanmışdı. Alə, bunu görəndə özüm hayıl-mayıl oldum, ancaq Əliş kişinin çamadanını götürüb, xanımın ayaqlarının yanına qoydum. 

- Əliş Abduloviç, sastlivaya vam doroqa! Dayte mne pojaylusta dve tısyaçi rubley,- dedim. 

İki min sözünü eşidəndə Əliş kişini elə bil ildurum vurdu. Təbəssüm qonmuş sifəti, şax bədəni titrədi. Deyəsən cibində bir o qədər pulu yox idi. Çemodanını açdı. Üst-üstə qalaqlanmış yüzlük paçkalarından birinin surquçunu şəstlə qoparıb, dəstəni mənə uzatdı. 

- Götür, iyirmi dənədir, - deyib, Nataşka ilə qol-qabırğasını sındıra-sındıra, rus dilində danışmağa başladı.

Bu qədər pulu Əliş kişinin xərcləməsinə, yaxud Nataşaya bağışlamasına dözə bilməzdim. "İşi axıra kimi görərlər" - fikrini beynimdən keçirib, çemodanı yerdən qaldırdım.

- Pomoş ne nujna, Alış Abduloviç? - deyə soruşdum. 

- Davay pomoş, davay daraqaya…- deyəndə Nataşa qəhqəhə çəkməmək üçün ovcu ilə dodaqlarını qapadı...

SV vaqonunda üçüncü kupedə gedəcəkdilər... Kupenin pəncərəsini aşağı saldırıb, onları tərk etdim. 

Atı qova-qova Beşmərtəbənin yanındakı cızbızxanya gəldim. Binədar, Çəmbərəkəndli Şotduran, Basqallı Əliabbas məclis qurub hay-harayla yeyib-içirdilər. Şotduranla Binədarı qırağa çəkib, bir çamadan yüzlük haqqında danışanda keflilikləri başlarından uçdu, ikisinin də gözləri işıldadı. Əyləşdik kubinkalı Qədəşin "Pobeda"sına, gəldik bana (vağzala). Binədar Əliş kişini görən kimi tanıdı - "Qubada kolxozun buxalteridir, hər il payızda "Kömürçü bazarı"nda tonlarla alma satdırır",- dedi.

Üç dəstə qərənfil, bir dəstə qızılgül alıb, verdik Şotdurana. Binədar arıq, uzun bir oğlandı. İlan kimi balaca bir oyuqdan içəri sürüşməyi vardı onun... Dartdım onu da vaqonun arxa tərəfinə. Şotduran güllərlə SV-nin yanında fırlanır, Nataşanın, Əliş kişinin diqqətini cəlb eləməyə çalışırdı. Nəhayət, onların hər ikisi kupedən çıxdı, başladılar gül seçməyə, qiymət üstündə mübahisə etməyə. Binədarla mən qatarın altından keçib, açıq pəncərənin qarşısına gəldik. O, çiynimə dırmaşdı və bir anın içində kupeyə girdi.

Bir dəqiqə sonra çamadanı pəncərədən mənə salladı, özü də yerə atlananda ayağının altında qalan "Badamlı" butılkası sürüşdü, arxası üstə yerə yıxıldı. Ayağı buruxulmuş, başı partlamışdı Binədarın. Tələsik onun belindən yapışdım, bir qədər kənara sürüdüm, birtəhər özümüzü "Pobeda"ya yetirdik. On altı ədəd yüzlük paçkası, alt paltarı, iki dənə də köynək vardı çamadanda. Bir paçka Qədəşin şoferinə, beşini Binədara, ikisini də Şotdurana verdim. Bir paçka da faytonçu Ələsgər üçün ayırdım.

Uşaqlar danışırdılar ki, qatar hələ tərpənməmiş, bərk haray-həşir qopmuşdu vağzalda. Əliş kişi Nataşanı döyərək, ağız-burnunu qanına qəltan eləyibmiş. Guya o, oğrularla əlbir olub, çemodanı oğurladıbmış. Mentlər hər ikisini vağzaldakı milis şöbəsinə aparmışdılar...


Bəhram ÇƏLƏBİ


Rəy bildir +
Oxşar xəbərlər
Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt
17:0321 iyun

Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt

... Səməd Vurğunla Cəfər Cabbarlı Sumqayıtda, indiki "Şəhidlər xiyabanı" ərazisində dayanmışdılar. Onlar Xəzərin sahilində salınacaq böyük sənaye şəhəri ilə bağlı söhbət edir, buranın böyük zəhmət, hünər meydanına çevriləcəyini alqışlayırdılar... Bu dialoqu Nəbi Xəzri özünün "Sumqayıt səhifələri"

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

"Sukait" türk-monqol  tayfaları ilə bizi nə bağlayır?
10:4222 may

"Sukait" türk-monqol tayfaları ilə bizi nə bağlayır?

Sumqayıt şəhəri Abşeron yarımadasının şimal-qərbində, Xəzər sahilində, Sumqayıtçayın mənsəbində, düzənlikdə yerləşir. Onu paytaxt Bakıdan 31 kilometr məsafə ayırır. Dəniz səviyyəsindən 26 m yüksəklikdə duran ərazinin iqlimi quru subtropik, relyefi düzənlik,yarımsəhra, bitki örtüyü seyrəkdir,

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə