İSTİ XƏBƏRLƏR
» » AFFA-nın menyusuna: Türkiyədən kimlər gəlsin?

AFFA-nın menyusuna: Türkiyədən kimlər gəlsin?



Azərbaycan futbolunun hazırkı ağrılı durumunu ifadə etmək üçün böhran sözünü işlətmək və ya hər hansı buna bənzər ifadə tapmaq olar. Reallığın diqtə etdiyi isə odur ki, dünya futbolunun autsayderlərindənik. Ən azı milli özəlliklərə və tarixi adət-ənənəyə görə autsayder statusuyla barışmaq çətindir. Fakt isə odur ki, ildən-ilə istedadlı gənclərimizin sayı tükənir. Bu da milli komandamıza təsirsiz ötüşmür. 

Yığma komandamızda səviyyəli oyunçu çatışmazlığı heç kimə sirr deyil. İndi milli forma altında çıxış edənlərin Nazim Süleymanov, Vəli Qasımov, Qurban Qurbanov, Mahmud Qurbanov, Vidadi Rzayev, Zaur Tağızadə kimi istedadlı olmaması çoxdan gün kimi aydın olmuş məsələdir. Bəli, SSRİ dönəmindən qalmış mirası "yemişik", yeni oyunçular isə "becərməmişik." Bu gün ölkənin futbol təsərrüfatı məhz bunun acısını çəkir. Belədə futbol funksionerlərimiz çarəni xaricdən oyunçu dəvət etməkdə görür. Müxtəlif ölkələrdən saysız legionerin milliyə cəlb olunması da dediklərimizin təsdiqidir. Amma uzun illərdir aparılan milliləşdirmə siyasəti haqda mövzuya toxunmağımız heç də səbəbsiz deyil. Yadınızdadırsa, ötən həftə "Kayserispor"un yarımmüdafiəçisi Həsən Hüseyn Acarın Azərbaycan seçmə komandasında oynamaq üçün AFFA-dan təklif aldığı ortaya çıxmışdı. Həm futbolçunun, həm də federasiya rəsmilərinin təklif olmasını təsdiqləməsi əlavə şərhə ehtiyac olmaması deməkdir.  Düzdür, sivil dünya üçün başqa millətlərdən olan futbolçulara bel bağlamaq yenilik deyil. Coğrafi ölçülər bir yana, yaşıl meydançalarda sərhəd yoxdur və dünya çoxdan bununla barışıb. Amma bu amil heç kimə ölkənin bir nömrəli komandasına hansısa ölkənin ortabab klubunun tör-töküntüsünü dəvət etmək səlahiyyəti vermir. Ən azı ona görə ki, yerli futbol arenasında ən azı adı çəkilən türkiyəli orta xətt oyunçusu səviyyəsində futbolçu tapmaq mümkündür. Üstəlik, heç bir əcnəbi azərbaycanlı oyunçular qədər geydiyi formanın dəyərini anlamaq iqtidarında ola bilməz. Yox, legioner gətiririksə, seçmə komandamızı sözün əsl mənasında dirçəldəcək, nəticə verəcək oyunçular gətirək. Elə Həsən Hüseyn Acarın vətənində xeyli belə futbolçu tapmaq olar. Hər halda yığmamızın seleksionerlərinin menyusuna aşağıda haqqında danışacağımız futbolçuları təklif edirik.

Məsələn, müdafiəçi milliləşdirmək istəyimizə ən uyğun türkiyəli arxa xətt oyunçusu "Fənərbaxça"lı Sadiq Çiftpınar ola bilər. Ötən mövsümün qış fasiləsində "Yeni Malatyaspor"dan İstanbul nəhənginə transfer olunan 26 yaşlı mərkəz müdafiəçisi eyni klubda çıxış etdiyi Sərdar Əziz, Italiya"Yuventus"unun üzvü Merih Dəmiral, "Şalke-04"ün futbolçusu Ozan Kabak, "Lester Siti"li Çağlar Söyüncü, Almaniyanın "Fortuna" (Düsseldorf) klubunun əsas oyunçusu Kaan Ayxan kimi stopperlərin yer aldığı Türkiyə millisinə dəvət almaq ümidlərini itirməsə də, onun hazırkı durumda milli komandanın düşərgəsində yer alacağı real görünmür. Odur ki, əzmkar oyunu ilə diqqət çəkən Çiftpınarla danışıqlar aparmaq olar.

Hazırda "Sivasspor"da forma geyən sol cinah müdafiəçisi Uğur Çiftçi də millimizi gücləndirə biləcək simalardandır. Ötən mövsümün gedişində "Qalatasaray"ın da gündəminə gələn Türkiyə U-21-nin sabiq üzvünün də ölkəsinin bir nömrəli komandasına yüksəlməsi inandırıcı deyil. 

Son beş mövsümdə Ankaranın "Gənclərbirliyi" klubunda top qovan Əhməd Oğuz da Azərbaycan millisinin arxa xətti üçün yaxşı seçim ola bilər. Vaxtaşırı Türkiyənin nəhəng klublarının da diqqətini çəkən 26 yaşlı sağ cinah oyunçusu müsahibələrinin birində Azərbaycan musiqisini çox sevdiyini söyləmişdi. Kim bilir, bəlkə "Gənclərbirliyi"nin kapitanı Azərbaycan millisində oynamağa da sevinərdi.

AFFA-nın mililəşdirmək istədiyi Həsən Hüseyn Acarla eyni mövqeydə oynayan Musa Çağıranın "Kayserispor"ludan daha səviyyəli olduğunu görməmək mümkün deyil. Vaxtilə "Qalatasaray"da da top qovmuş dayaq yarımmüdafiəçisi ustalıq səviyyəsi ilə rahatlıqla millinin lideri ola bilər.       

Ötən mövsüm çıxış etdiyi "Bursaspor"la yollarını ayıran və son çempion "Qalatasaray"ın transfer gündəmində olan Yusif Ərdoğanı millimizdə oynamağa razı salmaq mümkün olsaydı, millimiz çox şey qazanardı.

"Göztəpə"nin cinah yarımmüdafiəçisi Xəlil Akbunar da indiyə kimi "ay-ulduzlu" futbolkaya həsrətdir. Həm sağ, həm də sol cinahda oynamaq bacarığı ilə seçilən 26 yaşlı yarımmüdafiəçi üçün yığma karyerası çox cəlbedici görünə bilər. Ən azı ona görə ki, onun Türkiyə milli komandasına çağırılması müzakirə belə edilmir.

Anadoluda yığmamızın "vuran ayaq" problemini həll edə biləcək forvardlar da çoxdur. Düzdür, hazırda Türkiyə millisi üçün də hücumçu seçimi geniş deyil. Bundan təxminən 10-15 il qabaq Hakan Şükür, Arif Ərdəm, Hami Mandıralı, İlhan Mansız, Oqtay Dərəlioğlu, Nihad Qəhvəçi kimi Avropa səviyyəli hücumçulara malik olan və bu bolluğun fonunda Ümid Karan, Fatih Təkkə, Necati Atəş, Xəlil Altıntop kimi tanınmışlara heyətində ancaq ara-sıra yer verən qardaş ölkə son illərdə Burak Yılmaz və Cenk Tosundan savayı qol duyumu yüksək ön xətt oyunçusu tapa bilmir. Belədə millimiz üçün də seçim arealının dar olduğunu demək olar. Amma bununla belə, yenə də bizim milli səviyyəsində adlar yetərincədir. Məsələn, "Göztəpə"li Dəniz Kadah Superliqanın son üç mövsümündə 48 qol vursa da, almaniya türklərindən olan hücumçunun milli perspektivi müzakirə predmeti belə deyil. Elə "Yeni Malatyaspor"un sabiq "Beşiktaş"lısı Ömər Şişmanoğlu üçün də Türkiyə millisinin qapıları çoxdan bağlıdır. "Ankaragücü"nün ön xətt oyunçusu Kubilay Qanatsızquş da millimizi "uçura" bilər. Bundan əlavə, Türkiyənin aşağı liqalarnda da Azərbaycan milli komandasına fayda verəcək xeyli hücumçular var. Məsələn, ötən mövsümü 11 qolla tamamlamış "İstanbulspor"lu İbrahim Yılmaz, "Keçiörəngücü"ndən Taha Balçı (21 qol), "Sarıyer"dən Yasər Yıldız (17qol), "Altınordu"dan Musa Canər Akdaş (16 qol) və s. forvardlar Azərbaycan millisində özünü göstərib, Avropa klublarının diqqətini cəlb etmək arzusunda ola bilər.

Haqqında danışdıqlarımız sadəcə bir neçə nümunə idi. Millimizin seleksionerləri bu işin qulpundan həqiqətən sırf millinin səviyyəsini qaldırmaq naminə yapışsa, neçə-neçə yaxşı dəri top ustası tapmaq olar. Bildiyimiz kimi, federasiyalarımız arasında da münasibətlər istidir. Niyə də bundan yararlanmayaq?

Rəy bildir +
Oxşar xəbərlər
Milli üzvləri əcnəbi klubların diqqət mərkəzində…
17:4326 iyun

Milli üzvləri əcnəbi klubların diqqət mərkəzində…

Məlum olduğu kimi, müstəqillik dönəmindən fərqli olaraq,   Sovet dövründə postsovet ölkələrində futbolçuların əcnəbi klublara üz tutması o qədər də dəbdə deyildi. Təbii ki, bunun da tutarlı səbəbləri var idi. Belə ki, karyerasını xaricdə davam etdirmək niyyətində olan futbolçular kommunizm

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?
17:2516 aprel

Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?

Bu gün Azərbaycan futbol arenasını ölkəmizin əsas və keyfiyyətli futbol  "bazası" sayılan Sumqayıtsız təsəvvür etmək çətindir. Baxmayaraq ki, müxtəlif vaxtlarda yerli futbol təsərrüfatına Nazim Süleymanov,  Arif Əsədov, Mübariz Orucov,  Mehman Yunusov, Kamal Quluyev, İsmayıl Məmmədov,  Mahir

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO