İSTİ XƏBƏRLƏR
» » Şeir adam

Şeir adam

Hamlet müəllimin belə bir təxəllüsü yoxdur. O, sadəcə ədəbiyyatımızı mükəmməl bilən, onu dibinəcən duyan və təbliğ edən bir millət sevdalısı, ədəbiyyat müəllimidir. Hamlet Məmmədli isimli və soyadlı bir türk oğludur. Amma içimdə bir əminlik var ki, o şair olsaydı, mütləq imzasını belə yazdırardı. Onun doğma kəndi Sadıxlıya nə qədər bağlı olduğunu bilməmiş deyiləm. Kəndin adı gələndə ağzında pambıq odlananlardandı Hamlet müəllim.

Tanışlığımızın tarixçəsi uzun illərə dirənir. Mənim hələ kənddə quzu otaran vaxtlarımda böyük şairimiz Akif Səmədin başının dəstəsindən olan bir cavan oğlan kimi tanımışdım onu. Qazaxda, İncə dərəsinin Astanbəylisində dəst bağlayıb bir yerə yığışardılar. Və əlbəttə ki, xalamoğlu olsa da, yaşıma görə Bakıda tələbə olan, az-çox qəzetlərdə yazıları çap olunmuş bir şairin və başında gələn dostlarının məclisinə girmək mənlik deyildi. Amma aşıqlı, yığnaqlı belə bir dəstəyə qoşulmağın ürəyimdən keçdiyini, qara tutun kölgəsində düzənlənmiş məclisə həsədlə baxdığımı da gərək dilə gətirəm. Çünki bu elə beləydi, indi məndən dörd yaş böyük, onbir yaş kiçik Akif Səmədə görə tanıyıb, dəyər verirdik adamlara...

Aradan uzun illər keçdi. Tale elə gətirdi ki, mən də Akif Səmədin, Hamlet müəllimin yaşadığı Sumqayıt şəhərinə qonmalı oldum. Ömrümü bu şəhərə bağlamalı oldum. İçimdə qaynayan şeir havası məni də bu şəhərin ədəbi mühitinə bağladı, çəkinə-çəkinə ədəbi məclislərdə şeirlərimi oxumağa başladım, tənqid olundum, tərifləndim və sonucda hal əhli olanlar tərəfindən qəbul olundum. Hamlet müəllimin həmyerlisi olduğu böyük İsa Hüseynovun - Muğannanın ssenari müəllifi olduğu "NƏSİMİ" filmində dərvişlərin dediyi kimi "Gəl qoşul bizlərə" sədalarıyla qoşuldum söz karvanına...

Bütün bunlarla belə, heç zaman unutmadım Akif Səmədin başının dəstəsini, dəstədə olanların sifət cizgilərini. Və günlərin bir günü Hamlet müəllimlə də yenidən Sumqayıtda görüşdük Akif Səmədin vəsiləsiylə. Onlar məni qəbul imtahanlarına uğurladılar, hərbi xidmətə yola saldılar, iki illik hərbi xidmətdən, ilyarım "disbat" həyatından sonra Sumqayıtda qarşıladılar. Yavaş-yavaş onların məclislərinə ayaq açmağa və bir müddətdən sonra şeirlər yazdığımı dilə gətirməyə başladım. Bütün bu zaman kəsiklərində Akiflə Hamleti qoşa gördüm, yataqxanada bir otaqda qaldıqlarını bildim, bir-birlərinə könüldən bağlı olduqlarını duydum...

Və ömrün yolayrıcları, hərənin öz yükü və qayğıları olan zamanlar gəldi. Görüşlərin seyrələn vaxtlarını gördüm. Ancaq Hamlet müəllimin Akif Səməd şeirinə usandığını görmədim, duymadım. Hətta mənim həvəskar şeirlərimə belə münasibət göstərdiyini sezdim... Onun şeirə, şairə, aşıq sənətinə nə qədər bağlı olduğunun fərqində oldum... Akifin əlyazmalarının bir çoxları indiyəcən onun şəxsi arxivində məhəbbətlə qorunub saxlanır.

Və yaş ortalama olandan sonra bizim də yaş fərqlərimiz əriməyə, itməyə başladı. Dərd-sər, qayğı, eyni zamanda kef məclisləri də bölüşməyə başladıq. Qısası, dostluq dövrümüz başladı. Bir-birimizin mahiyyətini anladıq. Hamlet müəllim oğu Səbuhini Sumqayıt Poeziya Evində aşıq Zirəddinin rəhbərlik etdiyi saz dərnəyinə gətirdi. Görüşlərimiz mütəmadi hal aldı...

Sözümün canı isə başqa və qutlu bir mətləbə yönəlikdi. Bu ilin 14 İyulunda Hamlet Sadıxlının, 21-də isə Akif Səmədin 60 illik yubileyləridi. Mənə elə gəlir, buracan yazdıqlarım artıq sayğıdəyər oxucuya mətləbimi anlatdı. Ömrünün buracanını şeirə və saz sənətinə bağlamış, hazırda Sumqayıt Dövlət Texniki Kollecində tələbələrə ədəbiyyat dərsi keçən, vəfalı dost, mənsub olduğu türk millətinin, vətəndaşı olduğu Azərbaycan məmləkətinin hər zaman, hər yerdə təəssübünü çəkən bir öyrətmənimizə 60 illik yubileyin kutlu olsun,- deyə gəldik!

İndən belənə də ən xoş diləklərimi ismarlayıram, əziz Hamlet müəllim - şeir adam! Sözcən, sazcan ömrün olsun! 

İbrahim İLYASLI

Rəy bildir +
Oxşar xəbərlər
Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"
17:0726 iyun

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"

Iyunun 21-də sumqayıtlıların sevə-sevə Hümbət həkim adlandırdıqları Hümbət Həsənoğlu Quliyev 64-cü doğum gününü qeyd etdi. Qərara gəldik ki, bu münasibətlə onu "Qonaq otağı"nda qonaq edək. Kimdir Hümbət Həsənoğlu? Həkim, biznesmen, yazar. Ən əsası, vətən təəssübkeşi.

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir 

Əruzun rəqəmsal modelləşməsi  Sumqayıtda kəşf edilib
13:1423 aprel

Əruzun rəqəmsal modelləşməsi Sumqayıtda kəşf edilib

Onu  illərdi tanıyıram, şəxsinə həddən ziyadə  hörmət və rəğbətim var.  Olduqca maraqlı, eyni zamanda yaradıcı bir  insandır. Daim axtarışdadır.  "Öyrənmək heç vaxt gec deyil" prinsipi həyatından, hətta, yaradıcılığından qızıl bir xətt kimi keçir. İllərdir müəllim deyə, müraciət etdiyim bu

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari