İSTİ XƏBƏRLƏR
» » Rəqiblərimizi tanıyaq: 116 yaşlı "qoca", şimal "Arsenal"ı və köhnə tanış...

Rəqiblərimizi tanıyaq: 116 yaşlı "qoca", şimal "Arsenal"ı və köhnə tanış...



Ötən həftə həm UEFA Çempionlar Liqasında, həm də Avropa Liqasında birinci təsnifat mərhələsinin yekunlaşmasının ardından "Qarabağ"ın ən nüfuzlu klub turnirində, "Neftçi"nin isə Avroliqada ikinci mərhələsində rəqibləri müəyyənləşdi. Belə ki, ilk mərhələdə Albaniya "Partizani"sini məğlub edən (0:0, 2:0) "köhlən atlar" İrlandiyanın "Dandolk" klubu ilə qarşılaşacaq. Vitse-çempion "Neftçi" isə "Speranta" ilə oyunda qazandığı uğurun davamını Rusiyanın "Arsenal" (Tula) komandası ilə oyunda gətirməlidir. Mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulan "Qəbələ" isə Gürcüstanın "Dinamo" (Tiflis) kollektivi ilə qarşılaşacaq. Təbii ki, təmsilçilərimizin Avrokubok matçları ərəfəsində rəqiblərini yaxından tanımaq maraqlı olardı. Bunu nəzərə alıb, hər üç klubumuzun qarşılaşacağı klublar haqda məlumatları təqdim edirik.


"Qarabağ" üçün 116 yaşlı rəqib

Ölkə çempionu "Qarabağ"ın ikinci təsnifat mərhələsindəki rəqibi İrlandiyanın "Dandolk" komandasının əsası 1903-cü ildə qoyulub. Geridə qalan 116 ildə sözügedən komanda 13 dəfə ölkə çempionu, 6 dəfə isə İrlandiya kubokunun sahibi olub. Çempionlar Liqasında Latviyanın "Riqa" klubunu penaltilər seriyasında üstələyərək "Qarabağ"a rəqib olan İrlandiya təmsilçisini yerli mütəxəssis Vinnu Pert çalışdırır. "Ev" oyunlarını 4500 tamaşaçı tutumuna malik süni örtüklü "Oriel Park" stadionunda keçirən "Dandolk" doğma publika qarşısında ağ-qara, səfər matçlarında tünd qara və bənövşəyi rəngli formalardan istifadə edir. Orta yaş həddi 26,1 olan İrlandiya klubunda 8 legioner çıxış edir ki, onlardan da  biri konqolu, 7-si Şimali İrlandiyalıdır. 


Ad dəyişməkdə ixtisaslaşmış klub

Avropa Liqasının birinci təsnifat mərhələsində Moldovanın "Speranta" komandasını darmadağın edən (3:0, 6:0) Bakının "Neftçi" klubunun rəqibi Rusiyanın "Arsenal" komandası yalnız son 5 ildə elitada çıxış etsə də, əsası düz 73 il əvvəl qoyulub. Yarandığı dövrdə "Zenit" (Tula) adlandırılan komanda ümumilikdə bir neçə dəfə adını dəyişməsi ilə diqqət çəkir. Hazırkı adı ilə ilk dəfə 1984-cü ildə çıxış edən Tula təmsilçisi həmin vaxtdan sonra yenidən adını dəyişdirsə də, 2008-ci ildən yenidən "Arsenal" adı altında çıxış edir. Komanda ilə bağlı daha bir maraqlı məqam isə rənglərinin "sarı-qırmızı", ləqəbinin isə "qırmızı-yaşıllar" olmasıdır.

 1997 və 2003-cü ildə Qərb Zona birinciliyini, 2012-2013-cü illərdə isə Mərkəzi Zona birincliyini qazanan "sarı-qırmızı"ların Rusiya çempionatındakı ən böyük uğuru isə bu mövsüm qazandığı dördüncülükdür.  Rusiyalı İqor Çerevçenkonun baş məşqçi postunu tutduğu "Arsenal"ın heyətində İspaniya, Serbiya, Bolqarıstan, Rumıniya, Burkina-Faso, Zambiya, Gürcüstan və Belarus kimi ölkələrdən 11 legioner çıxış edir.  Rusiya təmsilçisi "ev" oyunlarını 20074 azarkeş tutumu olan "Arsenal" arenada keçirir. 


"Qəbələ" udduğu komandaya qarşı

"Qəbələ"nin Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi olan Tiflis "Dinamo"su Gürcüstanın ən titullu klubudur. Əsası 1925-ci ildə qoyulan klubun tarixinin ən böyük uğuru 1981-ci ilə təsadüf edir. Belə ki, həmin mövsümdə gürcüstanlılar Kuboklar Kubokunu başı üzərinə qaldırmışdı. Ümumiyyətlə, "Dinamo"nun əsas uğurları SSRİ çempionatlarında çıxış etdiyi dövrə təsadüf edir. 1936-1990-ci illərdə tiflislilər 20 dəfə ölkə çempionatının mükafatçıları sırasına düşüb. 1964 və 1978-ci illərdə SSRİ çempionu titulunu qazanan komanda 5 dəfə gümüş, 13 dəfə bürünc medala yiyələnib. "Dinamo" SSRİ kubokuna da 2 dəfə yiyələnib. 1976 və 1979-cu illərdə kuboku başı üzərinə qaldıran Tiflis təmsilçisi 6 dəfə finalda məğlub olub.

Düzdür, Gürcüstanın müstəqillik əldə etdiyi vaxtdan sonra "Dinamo" ölkə daxilində hegemoniyaya sahib olub. Amma daxili arenadakı saysız-hesabsız titullara baxmayaraq, beynəlxalq arenadakı bütün uğurlar SSRİ dövründə  qalıb. Belə ki, 1980/81 mövsümündəki zəfərdən başqa, "Dinamo" 1981/82 mövsümündə Kuboklar kubokunun yarımfinalınadək irəlləmişdi. Daha 5 dəfə avrokubokların 1/8 finalınadək irəliləyən gürcüstanlılar müstəqillik illərində belə uğura həsrət qalıb.

1990/91 mövsümündə start götürən Gürcüstan çempionatlarında 16 dəfə 1-ci olan "Dinamo" 13 dəfə isə ölkə kubokunun qalibi olub. İndiyə qədər 9 dəfə Superkubok matçına çıxan paytaxt klubu 6 dəfə bu mükafata yiyələnib. "Dinamo"nun zəngin kubok kolleksiyasında daha bir titul var. Gürcüstan təmsilçisi 2004-cü ildə "Birlik kuboku"na yiyələnib. Bununla da turnirdə ilk və son uğuruna imza atıb. 

"Ev" oyunlarını 54 min 549 azarkeş tutumuna malik Boris Payçadze adına "Dinamo" stadionunda keçirən və bu ilin yanvar ayından ispaniyalı Feliks Visente Mirandanın rəhbərlik etdiyi komandada baş məşqçinin iki həmvətəni ilə yanaşı, Fransa, Seneqal, Ukrayna, Rusiya və Qanadan olan legionerlər forma geyir ki, adını çəkdiyimiz sonuncu ölkədən olan əcnəbi futbolçu bu kluba bir neçə gün öncə "Neftçi" ilə yollarını ayırdıqdan sonra transfer olunan  Kvame Karikaridir.

Yeri gəlmişkən, xatırladaq ki, 1-ci təsnifat mərhələsində Andoranın "Enqordani" komandasını üstələməklə (6:0, 1:0) Sənan Qurbanovun "drujina"sına rəqib olan Gürcüstan təmsilçisi ilə "Qəbələ" Avropa Liqasının " 2015/16-cı illər mövsümündə də qarşılaşmışdı. Həmin vaxt səfər oyununda 1:2 hesabı ilə uduzan Qəbələnin eyniadlı komandası "ev"də iki cavabsız qolla qalib gələrək mərhələ adlamışdı.


Rəy bildir +
Oxşar xəbərlər
Hansı klubumuzun   şansı nə qədərdir?
19:0516 iyul

Hansı klubumuzun şansı nə qədərdir?

Azərbaycan futbolu üçün ötən həftə start götürən növbəti Avrokubok mövsümünün ilk mərhələsi qarşıdakı iki gündə yekunlaşacaq. Yerli futbol azarkeşləri sabah ölkə çempionu "Qarabağ"ın Çempionlar Liqasında, bundan bir gün sonra isə "Neftçi" və "Səbail"in Avroliqada uğurlu nəticəyə imza atmasını

Rəqiblərimizi tanıyaq
17:5526 iyun

Rəqiblərimizi tanıyaq

Ötən həftə ölkəmizi Avrokuboklarda təmsil edəcək komandalarımızın rəqibləri məlum oldu. Avropa Liqasında mübarizəyə ikinci mərhələdən qoşulacaq "Qəbələ"nin yalnız potensial rəqibi məlumdursa, digər üç təmsilçimizin ilk təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gəlmiş oldu. 

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.

Çempionlar Liqası  adlı gözəlin 4 "adaxlısı"
18:2930 aprel

Çempionlar Liqası adlı gözəlin 4 "adaxlısı"

Məlum olduğu kimi, bu gün və sabah UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. İlk oyun günündə "Tottenhem" - "Ayaks" görüşü baş tutacaq. Ertəsi gün isə "Barselona" "Liverpul"u qəbul edəcək. Oyunlar ərəfəsində komandaların düşərgəsinə boylanmaqla son vəziyyətin necə

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU