İSTİ XƏBƏRLƏR
» » Üç dayısını diri-diri yandırdı

Üç dayısını diri-diri yandırdı



... Nigarı 1990-ci ildə  Xızının Şurabad kəndində  yaşayan Füzuli Abbasova ərə verəndə, hələ dünya indiki qədər qarışıq deyildi. Necə olsa da Füzuli balıqçı idi. Həmin illərdə kənd sakinlərinə güzəranlarını ötüşdürmək üçün   balıq tutmağa icazə verirdilər. Balıqdan qazanılan pulla da ailələrini  dolanırdırır,   özlərinə çörək pulu qazanırdılar. Füzulinin 1991-cı ildə  doğulan ilk övladı oğlan oldu. Adnı Əsgəralı qoydular. Sonra iki uşaqları da gəldi dünyaya. Uşaqlar böyüdükcə, dəniz də quruyurdu. Yeni qadağalar, qanunlar, təzə yaranan oliqarxların sahibliyi üzündən kənd adamlarını dənizə buraxmadılar.  Çörək, qazanc ucbatından  çətinlik çəkən  kənd və rayon   adamları işsizlikdən nicat yolunu şəhərdə axtarmaqda gördülər.
...  Artıq Abbasovlar  ailəsinin böyük oğlu Əsgəralı da böyümüşdü. 2011-ci ildə  əsgərliyini də çəkib gəlmişdi.  Kənddə özünü o yan bu yana çox vursa da bir iş tapmayan  Əsgəralı Bakıda və Sumqayıtda fəhləçilik edirdi. Qazandığı pul ailələrini təmin etmədiyindən, çıxış yolunu çətin şəraitdə yaşayan ailə üzvlərini də Sumqayıta gətirməkdə gördü. Anasına  şəkər zavodunda fəhlə, qardaşına isə  H.Zeynalabdin qəsəbəsində yerləşən tikintidə dəmirçi işi  tapdı.  Kirayələdikləri ev o qədər darısqal  idi ki,   Əsgəralı Abbasov özü  Coratda bağ evində kirayə yaşayan nənəsi Məhbubənin yanında   gecələyirdi. Fikri var idi ki,  pul yığıb maşın alsın, ev tiksin, ailə qursun.   Başını aşağı salıb, sakitcə gedib   fəhləçiliyini edir, axşam da   gəlib, nənəsinin  və dayısı Dünyamalının  kirayələdiyi isti  evdə dincəlirdi. 
Adətən  fevral ayının   Sumqayıt- Bakı zonasında  sərt keçdiyini hamımız bilirik. 1-2 dərəcə mənfi temperatur şəhərdə hərəkəti dondurur, şəhərin yaşama qabiliyyətini öldürür. Elə buna görə də havalar soyuduğundan  tikintidə iş də dayanmışdı.  Hər işsiz gününün maddi ziyandan başqa  heç nə gitrmədiyinin fərqinə vardığından, iş axtarışında olan  Əsgəralı  fəhlə dostlarından öyrənir ki,  Daşkəsəndə inşa olunan idman kompleksində iş olacaq. Məlumatı dəqiqləşdirmək üçün  2014-cü  il fevral ayının 7-də Sumqayıtdakı daş bazarına dostlarının yanına gəlir. İş söhbəti alınmadığından, axşam saat 9-da kor- peşiman evə qayıdır.  Evə gələndə ögey dayıları  Ağamalı və Yadigarın da  burda olduğunu görür. Stolun üstündə  2 ədəd araq şüşəsini görəndə, fikirləşir   ki, yenə bunlar içib ağıllarını itirəcəklər.  Bir azdan   boş-boş mübahisələr başlayacaq,  axmaq söyüşlər  də ki, ara verməyəcək.  Adəti üzrə onlarla - dayıları ilə salamlaşıb, keçib,  çırtaçırtla yanan sobanın  yanında otudu...  Bu zaman dayısı  Yadigar   Əsgəralını süfrəyə dəvət etdi. Əsgəralı, içmək həvəsi olmadığını, canının ağrıdığını bəhanə edib, stola yaxınlaşmadı. "İçkili başda ağıl olmaz" - deyiblər. Artıq arağın təsirindən ağzında sözləri belə düzgün tələffüz etməyən digər dayısı Ağamalı  onu nalayiq söyüşlərlə, süfrəyə  dəvət edir. Sərxoş dayılarının  özlərində olmadığını görüb Əsgəralı saat 22 radələrində bağın həyətinə çıxaraq, təxminən 1 saat soyuq havada gəzdi. 
Daha sonra istintaq materiallarında yazılır ki,  soyuq havaya tab gətirmədiyindən, dayılarının yatdığını fikirləşib, o, saat 23 radələrində evə keçib, isinmək üçün  kresloda əyləşir. Bayaqdan gərilən əsəblərini  sakitləşdirmək məqsədi ilə bir siqaret yandırıb çəkir.  Bu zaman   içkinin təsirindən sərxoş olan dayısı Yadigar, Əsgəralının  atası Füzulinin ünvanına ədəbsiz söyüşlər  yağdırmağa başlayır. 22 yaşlı gənc tərbiyəsinə uyğun olaraq, dayılarının söyüşlərinə cavab verməsə də, onlardan söyüş söyməməyi xahiş edir. Lakin   içkili dayılar  onun  atasının, yeni ailə qurmuş bacısını və  ərinin də ünvanına xöşagəlməz, təhqiramiz  ifadələr işlətməkdə davam edirlər.
Əsəbləri tarıma çəkilmiş Əsgəralı  içkidən sərxoş olan bir dayısını  çarpayının üstünə itələyir,  ikinci dayısını da yüngülcə toxunuşla çarpayıya yıxır ki, bəlkə sakitləşələr.  Digər tərəfdə sərxoş vəziyyətdə başı stola dirənmiş dayısı Dünyamalı da, digər daylarının söyüşlərinə haqq qazandırdıqca,  Əsgəralı lap özündən çıxır. Söyüş söyməkdə  davam edən Ağamalı və Yadigardan söyüşlərini dayandırmağı tələb edərək, onları yandırmaqla hədələyir... Ağamalı isə: "Sənün nəslündə elə kişi var ki, mənü yandırsun?!"- deyə iztehza edir.  
Təhqir və söyüşlərdən başı dumanlanmış Əsgəralı  həyətdə  içərisində neft olan  şüşəni götürüb evə gətirmək istəyir,  lakin nə fikirləşirsə, "Şeytana lənət "- deyib, hava soyuq olduğundan yenə evə qayıdır.   Evə daxil olduqda  çarpayıda   uzanan  Ağamalı söyüşlə, ona: "Alə.........., nə oldu, cürətün çatmadu. İndi durub  sənün qulağıvi, başıvı kəsib, həyətdə basdıracağam" - deyir. Və sərxoş halda şaqqanaq çəkib gülür. 
Təhqirlərdən cana doymuş gənc Əsgəralı həyətə çıxıb, əlində  neft şüşəsi geri qayıdır.  O, bu dəfə içəri girəndə dayısı Dünyamalını içkinin təsirindən yuxuya getmiş görür.  Əlindəki nöyütü  sərxoş halda   çarpayıda sərələnmiş dayıları Ağamalı və   Yadigarın  yorğanın üzərinə tökür. Və stolun üzərində olan alışqanla yorğanı alışdırır.  Daha sonra üç dayısını yanan otaqda qoyub, qapını kilidlə üzlərinə bağlayır.  Dayısı Yadigarın otaqdan onu çağırıb: "Qapını  aç burda tüstüdən boğluluruq" - deməsinə də əhəmiyyət  verməyir.   Evin açarlarını isə küçəyə tullayır. Və ərazini tərk edir. 
Əsgəralı bağ evlərinin  soyuqdan sozalan yolları ilə gedə-gedə elə bilirdi ki, üzərindən yük götürülüb. Daxilində bir yüngünllük hiss edirdi. Elə bilirdi ki,  qisasını alıb. Beləcə bağ massivindən Sumqayıta yol tutur.  Taksiyə oturaraq, polis idarəsinə sürməsini xahiş edir.  Növbətçi hissədə oturan polis əməkdaşlarına  bağ  evində   dayılarını yandırdığını  bəyan edir. 
Təcili hadisə yerinə gələn Sumqayıt Şəhəri Polis idarəsinin əməliyyatçıları,  bir qış axşamında  Dünyamalı, Ağamalı, Yadigar  Mirzəyev qardaşlarının  evdə yanğın nəticəsində yaranan tüstüdən boğularaq öldüklərini qeydə  alırlar.
İbtidai  istintaqı zamanı, Əsgəralı Abbasov, üç dayısından yalnız Dünyamalının ölməsindən heyfsiləndiyini və peşimançılıq çəkdiyini bildirib. O, öz fikrini belə əsaslandırıb ki,  hər zaman içkiyə meyilli olan, sərxoş vəziyyətdə gördüyü dayılarınin təhqirindən, söyüşlərindən bezibmiş.  İstintaq zamanı, Abbasovların və Mirzəyevlərin ailə üzvləri də ifadələrində    Ağamalı və Yadigarın  içkiyə meyilli olmasını təsdiq ediblər.  Əsgəralı Abbasovun isə özünə qapalı, zəhmətkeş, sakit bir oğlan olduğunu, ondan heç zaman belə bir hərəkət gözləmədiklərini deyiblər. 
Üç dayısını - Ağamalı Mirzəyev, Yadigar Mirzəyev, Dünyamalı Mirzəyevi aralarında baş verən söz münaqişəsi zəminində   qəsdən öldürən, ağır bir cinayətə imza atan gəncin  taleyini   isə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə baxıldı, və  1991-ci ildə anadan olmuş  Əsgəralı Abbasov   15 il müddətinə azadlıqdan məhrum edildi.  
P.S. Xızı rayonunun  Şurabad kəndindən ailəsini dolandırmağa, çörək qazanmağa gələn  gənc, bir soyuq qış axşamında  sərxoş dayıları ilə arzularını, gələcək həyatını da yandırdı.   "Onu bağışlamaq olarmı?" məşhur filmində  səslənən sonuncu fikir kimi: "Kimdir günahkar?!..." .  İşsizlik üzündən  çıxış yolunu  başqa şəhərdə iş tapmaqda  görən, kirayə otaqlarda gələcəyinin daha gözəl olmasını gözləyən Abbsovlar ailəsimi? Ya içkiyə meyl edib,  bir gəncin də taleyini barmaqlıqlar arasında çürüdən faciəli şəkildə ölüb gedənlərmi?!  Bir həqiqət məlumdur ki, son zamanlar baş verən  ailə-məişət tipli cinayətlərin əksəriyyəti kasıbçılıqdan, başının üstündə sirlərini, problemlərini gizlətmək üçün  bir damın olmamsından baş verir. Rayonlarda, lap elə Sumqayıtın özündə iş tapmayanlar, çıxış yolunu getməkdə... yalnız getməkdə görürlər. Getdikləri yolda isə insanları həmişə dolu xonça ilə qarşılamırlar.  Bizim iş yeri problemlərimiz həllini tapmayınca, cəmiyyətdə cinayətlər çoxalır. İşi-gücü olan adamın cinayət etməyə vaxtı qalmır. İşdən sonra, yorulub, başını atıb yatır ki, sabah yenə işə gedəcək. Və yaxud da  əgər şəhərimzdə, rayonlarımızda  son dəbdə inşa edilən idman kompleksləri,  Olimpiya kompleksləri qapılarını  kasıb uşaqlarının üzünə pulsuz açarsa, o zaman da uşaqların stimulu olar.  Bu ölkənin öz vətəndaşlarının hesabına idman  göstəricilərimiz artar,  xarici ölkələrdən bahalı idmançılar almaq əvəzinə,  çox az miqdarda pul xərclədiyimiz gənclərimiz  üçrəngli bayrağımızı  ucalara daha böyük məhəbbətlə  qaldıra bilərlər.  Rayon və Şəhər İcra hakimiyyətləri buna görə də , iş yerlərini  saxta rəqəmlərdə deyil, sözün həqiqi mənasında artırmalı,  gəncləri  boş vaxtlarında boş qalan idman zallarına cəlb etməlidirlər. Bu  dövlətimizin gənclərlə apardıqları iş prosesində prioritet bir proqramı olmalıdır.
Aida Eyvazlı
Rəy bildir +
Oxşar xəbərlər
Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə

Dəniz Agentliyindən təhlükəli hava ilə bağlı - XƏBƏRDARLIQ
11:2209 yanvar

Dəniz Agentliyindən təhlükəli hava ilə bağlı - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub. Bu barədə Oxu.Az-a Dövlət Dəniz Agentliyindən bildirilib.