İSTİ XƏBƏRLƏR
» » Klublarımızın baş tutmayan super transferləri

Klublarımızın baş tutmayan super transferləri


Sumqayıt təmsilçisi hansı ulduz oyunçunu transfer etmək istəyirmiş?


Son vaxtlar ölkə futbolunda əvvəlki dövrlərə nisbətən maliyyə bolluğunun olmaması ölkə klublarının transfer siyasətinə az təsir etmədi. Məhz bunun nəticəsi idi ki, bu dəfə nə mövsümlərarası, nə də dövrəlararası fasilədə belə demək mümkünsə, aydın səmada şimşək kimi çaxan keçidlər olmadı. Transfer dönəminin qapanmasından sonra isə bəlkə də heç kimin ağlına gəlməzdi ki, martın əvvəlində Avroliqanın təbliğatı ilə bağlı Bakıya səfər edən məşhur futbolçu Maykl Essyen cəmi iki həftə sonra "Səbail"lə müqavilə bağlayacaq. 
Karyerası ərzində "Çelsi", "Real", "Milan" kimi dünyaca məşhur komandaların formasını geyən, Çempionlar Liqasının kubokunu başı üzərinə qaldıran qanalı superulduzun Azərbaycana gəlişi başqa tanınmışların ölkəmizə üz tutacağı ilə bağlı söyləntilərin də yayılmasına səbəb oldu. Prinsipcə, bu tip şaiyələrin dolaşması əsassız deyilmiş. Belə ki, klublarımız Maykl Essyenin keçidinə qədər də ölkə səviyyəsində ulduz sayıla biləcək adlarla güclənə bilərmiş. Hər halda, Türkiyənin "Gazetekazan,com" saytının məlumatları belə düşünməyə əsas verir. Portalın məlumatına görə ölkəmizin son illərdəki dəyişməz çempionu "Qarabağ"artıq yollarını ayırdığı Thor Halldorssonu heyətinə qatmamışdan öncə "Fənərbaxça"nın qolkiperi Volkan Dəmirələ "elçi" düşsə də, bu keçid baş tutmayıb. Təbii ki, tanınmış türkiyəli "çərçivə qoruyucusu"nun adının bizim futbol elitasında səslənməsi az maraq doğurmadı. Ancaq bu, ölkə klublarının transfer etmək istəməsinə rəğmən, baş tutmayan ilk transfer deyil. Maraqlı olacağını nəzərə alıb, son illərdə ölkə klublarının reallaşdıra bilmədiyi ulduz futbolçu keçidlərini təqdim edirik.
Ölkə futboluna ciddi maliyyə axınının olduğu dövrdə heyətinə Oqtay Dərəlioğlunu qatan "Xəzər Lənkəran" buna qədər daha iki türkiyəli futbolçu Hakan Şükür və Arif Ərdəmlə danışıqlar aparsa da, keçidlərini həll edə bilməmişdi. Həmin dövrdə həm bizim, həm də Türkiyə mətbuatında hər iki futbolçuya bir milyondan artıq məvacib təklif olunduğu iddia edilmişdi.
"Xəzər Lənkəran"ın son anda baş tutmayan daha bir sensasion transfer cəhdi isə Nikola Lazetiç idi. Bizim azarkeşlərə daha çox "Fənərbaxça"dakı çıxışları ilə tanış olan serbiyalı orta xətt oyunçusunun keçidi son anda baş tutmamışdı. Karyerası daha çox İtaliya A Seriyası ilə bağlı olan yarımmüdafiəçi ilə Lənkəran klubunun 2004-cü ilin yayında bir illik müqavilə bağlandığı deyilsə də, Azərbaycan və Serbiya mediasında yer alan məlumatlar sonradan təsdiqini tapmadı.   
Cənub təmsilçisinin ölkəmizə gətirmək istədiyi daha bir ulduz futbolçu isə Adrian Mutu idi. İtaliyanın "İnter", "Yuventus", "Fiorentina" və İngiltərənin "Çelsi" kimi top-komandalarında forma geyən Ruminiya milli komandasının sabiq üzvü həmyerlisi Mirça Rednik tərəfindən "ağ-yaşıllar"a dəvət olunsa da, sonradan karyerasını İtaliyada davam etdirməyə qərar vermişdi. Mirça Rednikin "Xəzər Lənkəran"dan ayrılmasından sonra isə məsələ tamamilə qapanmışdı.
Artıq tarixin yaddaşına köçmüş Sumqayıtın "Gənclərbirliyi" komandası da vaxtilə supertransfer sayıla biləcək keçidə imza ata bilərmiş. Belə ki, həmin vaxt komandanı çalışdıran fransalı Adel Armuş Kamerun milli komandasının üzvü Jeremi Njitapı heyətinə qatmaq istəsə də, danışıqlar müsbət nəticə verməmişdi. Maliyyə məsələlərində razılığa gəlməyən tərəflərin danışıqları Armuşun Sumqayıt klubundan ayrılmasından sonra yarımçıq qalmışdı.
2004-cü ilin yayında fəaliyyətə başlayan Yevlaxın "Karvan" komandası bundan bir il sonra tanınmış oyunçu ilə geclənə bilərmiş. Belə ki, həmin vaxt baş məşqçi postunu tutan türkiyəli Fuad Yaman Anqola millisinin futbolçusu Pedro Mantorraşı əyalət klubunun sıralarına qatmağa çalışsa da, bu keçid reallaşmamışdı. Vaxtilə Afrikanın ən yaxşı gənc oyunçusu seçilən Pedro cəldliyi, orjinal driblinqi və çərçivəyə düşmək qabiliyyəti ilə seçilirdi. Həmin dönəmdə Avropada yüksək liqada top qovan yeganə anqolalı olan Mantorraşın bölgə klubuna müsbət cavab verməməsinin əsas səbəbinin əyalətdə yaşamaq istəməməsinin olduğu bildirilirdi.
Digər bölgə klubu "MKT-Araz" isə azərbaycanlı azarkeşlərə daha çox Moskvanın "Spartak" klubundakı çıxışı ilə tanış olan braziliyalı Luis Robsonun keçidində maraqlı imiş. Komandanın o vaxtkı baş məşqçisi İqor Nakoneçnı "sambaçı" üçün çox çalışsa da, onu sərancamında görə bilməmişdi. Daha sonra İmişli klubu Robsonun əvəzinə digər sabiq "Spartak"lı Artyom Bezrodnını sıralarına qatmışdı. Amma Leverkuzen "Bayer"inin keçmiş forvardı cəmi 4 oyunda meydana çıxdıqdan sonra ölkəmizdən ayrılmışdı. 
Ölkə futbolunda növbəti "bomba transfer" xəbəri isə 2008-ci ildə yayılmışdı. Həmin vaxt Türkiyənin tanınmış futbolçusu Tümər Mətin "Bakı"nın gündəmində idi. O dövrdə paytaxtın eyniadlı komandasının vitse-prezidenti postunu tutan Tunc Afşar həmyerlisi ilə anlaşdıqlarını açıqlasa da, sonradan maliyyə məsələsində yaranan fikir ayrılığı bu keçidə əngəl olmuşdu. Komanda rəhbərliyindən 250 min avro tələb edən Beşiktaş və "Fənərbaxça"nın sabiq üzvü 150 minlik məvaciblə razılşmamış və keçid baş tutmamış və Türkiyə millisinin üzvü Yunanıstanın "Larissa" komandasına icarəyə verilmişdi.
Türkiyəli Rasim Qaranın "Qarabağ"ı çalışdırdığı dönəmdə gündəmə gələn Həsən Şaşın keçidi baş tutmasa da, həmin vaxt danışıqların getdiyi dəqiq idi. Belə ki, Ağdam klubunun icraçı direktoru Əmral Çəlikəl "Həsən Şaşın gələn mövsüm komandamıza qoşulmasını istisna etmirəm" deməklə transferin gündəmdə olduğunu bildirmişdi. 
Vaxtilə London "Arsenal"ının uğurları üçün çalışan Andrey Arşavinin də yolu Azərbaycanla kəsişə bilərdi. Düzdü, onun "Neftçi"nin maraq dairəsində olması sonradan təsdiqlənməsə də, Rusiyanın "İzvestiya" nəşri 2013-cü ilin mart ayında Arşavinin ölkəmizdə top qovmağın bir addımlığında olmasını oxucularına çatdırmışdı. Hətta xəbərdə futbolçuya təkcə komandanı gücləndirəcək oyunçu kimi yox, həm də gedəcəyi ölkədə futbola marağı artıracaq fiqur gözü ilə baxıldığı qeyd olunmuşdu. Ötən həftə isə Arşavinin ölkəmizdə top qovmasında AFFA-nın maraqlı olduğu yönündə bilgilər dolaşmağa başladı. Gəzən söyləntilərə görə, Assosiasiya rəsmiləri onun pulunu özləri ödəməklə, klublarımızdan birinə yerləşdirməyi düşünürmüş. Belə ki, bu yaxınlarda Bakıda "Ulduzlar matçı"nda iştirak edən Andrey ümumiyyətlə, danışıqlara ehtiyac görməyib. 
"Qəbələ" klubunun sabiq çalışdırııcısı Yuri Syomin ölkəmizdə çalışdığı dönəmdə Omar Niasse ilə yaxından maraqlanırdı. Hazırda İngiltərə "Everton"unun "Kardiff Siti"yə icarəyə verdiyi seneqallı forvard həmin vaxt bölgə klubunun gündəminə gəlsə də, hücumçu Syominin sabiq klubu "Lokomativ"lə anlaşaraq Moskvaya yollanmışdı. Sözügedən dövrdə forvardın "Qəbələ"də çıxış edən qardaşı İbrahim Niasse də bu keçidin reallaşmasına səy göstərsə də, sonda nəticə olmamışdı.
"Qəbələ"nin daha bir tanınmış futbolçu Valeri Bojinovla maraqlanması məsələsi isə ötən ilin yanvar ayında mətbuatda yayılmışdı. Daha çox "Parma", "Fiorentina", "Yuventus" və "Mançester Siti" kimi klublarda top qovması ilə xatırladığımız Bolqarıstan milli komandasının üzvünün keçidi uzun müddət gündəmdən düşməsə də, sonda onunla müqavilə imzalanmamışdı.
Yuxarda adını sadaladıqlarımızdan başqa, kamerunlu Pyer Vebo, makedoniyalı Qoran Pandev, rusiyalı Dmitri Sçev kimi oyunçuların da adı yerli klublarımızla hallansa da, keçidləri baş tutmamışdı. Sözügedən oyunçulardan Pyer Vebonun ötən mövsümün əvvəlində "Qarabağ"ın diqqət mərkəzində olduğu bildirilirdisə, digər iki oyunçunun hansı klublarla danışıqlar apardığı ümumiyyətlə bəlli olmamışdı.
Rəy bildir +
Oxşar xəbərlər
4 yaşlı sumqayıtlı "fövqəladə hallar" əməkdaşlarını niyə təəccübləndirdi?
16:4116 aprel

4 yaşlı sumqayıtlı "fövqəladə hallar" əməkdaşlarını niyə təəccübləndirdi?

Şıltaqlığına baxmayaraq, onun qorxmazlığı, cəsarəti, dönməzliyi,  əsl kişi prinsipiallığı hamıda böyük rəğbət oyatdı, onu aləmə tanıtdırdı

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə

İlham Əliyev: Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir
18:1428 yanvar

İlham Əliyev: Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil
11:1809 yanvar

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil

Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.