İSTİ XƏBƏRLƏR
» » Mubariz İbrahimovu Türkiyə-Suriya sərhəddində hamıya sevdirən antakyalı müəllim

Mubariz İbrahimovu Türkiyə-Suriya sərhəddində hamıya sevdirən antakyalı müəllim



10 yaşından foto sənətinə, 12 yaşından poeziyaya bağlanmış bugünkü 48 yaşlı şairin Türkiyədə 48 kitabı nəşr edilib. O, bir çox foto-müasbiqələrin də qalibidir.

Onun haqqında mənə ilk dəfə bir müddət əvvəl Türkiyə səfərindən çox böyük, coşqun təəssüratlarla qayıtmış istedadlı həkim və yazıçı, qardaş ölkədə yenicə çapdan çıxmış kitablarının təqdimatı keçirilmiş dostum Hümbət Quliyev danışmışdı. Düzü, əvvəlcə yaşı ilə maraqlanmadığımdan özlüyümdə güman etdim ki, 48 kitabı nəşr edilmiş bu adamın ən azı 65-70 yaşı olar. Və çox təəssüfləndim ki, Tofiq Fikrətini, Orxan Vəlisini, Nazim Hikmətini, Məlih Cövdət Andayını və digər şairlərini sevdiyim Türkiyə poeziyasında belə bir şairin olmasından xəbərsizəm.

Ancaq Sumqayıt Poeziya Evində Azərbaycan Yazıçılar Birliyinin və Respublika Gənc Şairlər Birliyinin təşkilatçılığı ilə keçirilən, söz sənətinin böyük ustadları Əli Kərimin və Abdurrəhim Karakoçun xatirələrinə həsr edilmiş IX Şairlər günündə nəzərlərimlə qonaqlar arasında xəyalımda canlandırdığım o "yaşlı, müdrik şairi" aramaqda ikən Hümbət həkim gözləmədiyim halda gənc bir türk oğlunu mənə təqdim edib deyəndə ki, "tanış olun, haqqında danışdığım Mahmut Özkocadır", çaşıb qaldım, inana bilmədim. Axı, bizdə bu yaşda şairin olsa-olsa, 5-6 kitabı nəşr oluna bilər, 48 kitab heç xəyala da belə gəlməz. Və çox yaxşı ki, buna ilk saniyələrdə inana bilməsəm də, mənimlə çox səmimiyyətlə, gülərüzlə görüşən, simasından nur, ziyalılıq yağan həmin gənc adam elə Mahmut Özkocanın özü imiş. 

...Ata-baba nəsli əslən Adanadan olan Mahmut Özkoca 17 fevral (şubat) 1971-ci ildə Antakya şəhərində dünyaya gəlib. Evin sonbeşiyi olan Mahmut (özündən böyük 3 qardaşı və bir bacısı var) böyük olan ailəsinə ağırlıq olmasın deyə, hələ 10 yaşından başlayaraq qəzet satışı ilə məşğul olmuş, fotoqraf köməkçisi kimi də çalışmış, ibtidai məktəb xərclərini özü çəkməli olmuşdu. ("Həyatımı para qazanmaqla yapdım", - deyir bu həyat eşqli işgüzar, yaradıcı adam). Oxumağa, öyrənməyə həvəsi-marağı o qədər güclü imiş ki, əldə etmək istədiyi kitabı mağazadan almaq xatirinə hər bir çətinliyə qatlaşmağa hazır olub. "Elektrik işçisi olan babamdan para da almadan, öz gücümlə oxudum, məktəbi bitirdim", - deyir Mahmut bəy. Ancaq maraqlıdır ki, məktəbdə oxumaq üçün qazanc əldə etmək istəyi ona bu gün də böyük həvəs və maraq göstərdiyi gözəl bir peşəyə - fotoqraflığa da meyil oyatdı. 10-11 yaşından başlayan foto sənətinə vurğunluğu onun sonradan peşəkar, gözəl bir foto ustasına çevrilməsinə, kinofilm çəkilişinin sirlərinə də yiyələnməsinə səbəb oldu. 

Mahmut Özkoca foto aləminin məftunu olsa da, illərlə fotoqraflığa böyük həvəslə, kamilliklə yiyələnsə də, onu özünə sənət yox, xobbi hesab etmiş və əsas diqqətini təhsilə və 12 yaşından başlayaraq qələmini sınadığı poeziyaya verməli olub. O, Antakyada 8 illik məktəbi və litseyi bitirdikdən sonra Diyarbəkir Universitetində ali təhsil alaraq, ilk okul müəllimi ixtisasına yiyələnib. Mətbuatda ilk şeiri 1987-ci ildə çap olunan tələbə Mahmutun 45 şeirdən ibarət "Könüllər açılınca" adlı ilk kitabı 1993-cü ildə - 21 yaşında ikən nəşr edilmişdi. Hələ orta məktəb illərində və sonralar Universitetdə oxuduğu dövrdə müxtəlif qəzetlərdə müxbir, radioda şeir proqramları redaksiyasında çalışan Mahmut bəy sonralar Diyarbəkir Bələdiyyəsində ictimaiyyətlə əlaqələr müdiri, ölkə qəzetlərinin bölgə xəbər müdiri vəzifələrində çalışmışdır. 1998-ci ildən müxtəlif məktəblərdə sinif müəllimi kimi uğurla fəaliyyət göstərən Mahmut Özkoca diqqəti cəlb etmiş və o, Türkiyə təhsil sisteminin fərqlənən bir nümayəndəsi kimi 8-illik Antakya məktəbinə direktor təyin edilmişdir. 

Olduqca maraqlıdır ki, müəllimliklə yanaşı foto sənəti ilə də məşğul olmağa vaxt tapmağı bacaran, ömrün hər anının qədrini bilən M.Özkoca son illərdə poeziya sahəsində böyük uğurlara nail olmuş, 2005-ci ildə 5 kitabını, 2012-13-cü illərdə 16, bu ilin təkcə 5 ayında isə rekord sayda - 17 kitabını nəşr etdirmişdir. Hələ qarşıda nəşrini gözləyən bir neçə kitabı da var. Təsadüfi deyil ki, uşaq mənəviyyatına, düşüncə və psixologiyasına çox yaxşı bələd olan M.Özkocanın kitablarının təxminən 30-a qədəri uşaqlar üçün nəzərdə tutulmuş, onlara həsr edilmişdir. Bu cür məhsuldar ədəbi yaradıcılığına ən mühüm, əsas səbəb isə onun hələ məktəb illərindən böyük dəyər verdiyi, köçəri bir quş kimi heç vaxt əlindən buraxmaq istəmədiyi, dost kimi qol-boyun olaraq qoşa addımlamağa, heç vaxt geridə qalmamağa çalışdığı Vaxt,  Zamandır. 

Ədəbi yaradıcılıqla çox ciddi məşğul olaraq, məhsuldar çalışan Mahmut bəy 48 kitabdan əlavə Türkiyə teatrlarında uğurla tamaşaya qoyulmuş bir-çox maraqlı pyeslərin də müəllifidir. Onun bir-neçə il əvvəl yazdığı "Şeytanın Allah eşqi" romanı isə ölkə səviyyəsində böyük marağa və ciddi müzakirələrə səbəb olmuşdur. Mahmut bəy dünyada Xeyirlə Şər arasında əsrlərlə davam edən mübarizənin, çarpışmaların, millətlər, xalqlar arasında qanlı müharibələrin əsasında Şeytanın İnsana, insanlığa qarşı olan paxıllığının, qısqanclığının, naqisliyinin, özünü başqalarından üstün tutmasının səbəb olduğunu ön plana çəkərək, buna islam və İnsan fəlsəfəsi baxımından yanaşmağa diqqəti cəlb etməyə çalışır.   

Mübariz İbrahimov Türkiyə-Suriya sərhəddində... "keşikdə"

Türkiyəyə ilk yaradıcılıq səfəri zamanı (əvvəllər bu qardaş ölkədə çox olub, ancaq orijinal janr yazıçı kimi ilk dəfə idi...) orda hər bir şəhərdə, hər bir kənddə Azərbaycana olan böyük sevgi ilə, özünə qarşı hörmət və rəğbətlə qarşılanan, əvvəllər dünyanın çox ölkələrində olmuş Doktor Hümbət Atatürkün vətəninə sonsuz məhəbbətlə, zəngin təəssüratlarla Bakıya qayıdaraq, bu səfərin onda daha böyük, sevincli duyğular oyatdığını, buna səbəb kimi isə həm də qabaqcadan nəzərdə tutulmamış görüşlərin keçirildiyini fərəhlə dilə gətirərək, ona ən çox təsir bağışlayan məqamın məhz Mahmut Özkoca ilə, onun rəhbərlik etdiyi, Türkiyə-Suriya sərhədində yerləşən məktəbi ilə tanışlığının olduğunu bildirdi. Belə ki, görüşlərin birində Türkiyənin tanınmış şairlərindən olan Coşkun Karabulut (Hümbət həkimin iki kitabı Türkiyədə məhz onun təşəbbüsü və vasitəçiliyi, redaktorluğu ilə nəşr edilib) sumqayıtlı dostu, hikmətli, fəlsəfi kəlamlar, aforizmlər müəllifi olan Doktor Hümbətin səfər təəssüratlarını daha da zəngin və maraqlı etmək məqsədilə ondan soruşur ki, o, Türkiyə-Suriya sərhədinə getmək, orada sərhədin iki addımlığında yerləşən məktəblə, onun maraqlı bir ziyalı, istedadlı şair olan direktoru ilə tanış olmaq istərmi? 

Türkiyənin Suriya ilə sərhədinə yaxın yerləri görmək, qaçqınların həyatı ilə də tanış olmaq kimi bir fürsəti göydəndüşmə hesab edən Hümbət həkim belə bir görüşə məmnuniyyətlə razılıq verir. Ertəsi gün uzun məsafə qət edib, iki hərbi postda yoxlamadan keçdikdən sonra "sərhəd məktəbinə" gələn azərbaycanlı qonaq bu səfərə razılıq verməkdə yanılmadığını görür. Belə ki, yeni dostları ilə birgə məktəbə daxil olan Hümbət həkim gözlənilmədən qarşısında xalqımızın mərd, cəsur oğlu, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əlində silah "dayandığını" görüb, bir anlıq şaşırsa da, çox sevinir. Sevincindən göz yaşlarını gizlədə bilməyən Hümbət həkim dostu Coşkun Karabulutu qucaqlayaraq, ona təşəkkür edir. O isə məktəbin direktorunu göstərərək, Mübarizin bu sərhəd məktəbinə "gətirilməsinin" təşəbbüskarının onun - şair-pedaqoq Mahmut Özkocanın olduğunu bildirir.

Məktəbin geniş dəhlizindəki divar üzərində milli qəhrəmanımız Mübariz İbrahimovun yağlı boya ilə ilə çəkilmiş portretinin yaradılmasının tarixindən coşqunluqla danışan Mahmut Özkoca belə bir fikrə düşməsini igid Azərbaycan cəngavərinin qəhrəmanlığının son illər türk dünyasında ilk belə bir böyük, fövqəladə hadisə olmasından böyük qürur hissi keçirməsindən irəli gəldiyini bildirir. O, Mübarizin portretinin Arif adlı rəssam dostu tərəfindən çəkilərək, məktəbdə asıldığı günü xatırlayaraq deyir ki, bu igid, cəsur Azərbaycan oğlunun pəhləvan cüssəli döyüşçü rəsmini məktəbimizin divarında ilk dəfə görəndə uşaqlar qürur və sevincdən az qala bayılmaq dərəcəsində idilər. 

Portretin məktəb divarını bir Vətən divarına çevirdiyi, Mübarizin əldə silah Türkiyə sərhəddində "keşik çəkməyə" başladığı həmin gün bütün məktəb kollektivi üçün əsl bayrama, şərəfli bir günə çevrilmişdi. O gün balaca məktəblilərdən tutmuş böyüklərə - müəllim və valideynlərə qədər hamının qəlbində sanki bir Mübariz özünə yer tapmış, hamıda onun əfsanəvi igidliyindən doğan qəhrəmanlıq hissləri baş qaldırmışdı. 

Məktəbdəki görüş zamanı igid eloğlusunun portreti önündə dayanaraq, coşqun, təbəddülatlı hisslər keçirən Hümbət həkim türk qardaş-bacılarımıza qürurla demişdi ki, "Azərbaycana qayıdanda hamıya bildirəcəyəm ki, Mübariz ölməyib, o, indi Türkiyə-Suriya sərhəddində keşik çəkir". Onun bu sözlərindən qeyri-ixtiyari olaraq həm özünün, həm də o gün məktəbdə portret önünə yığılanların gözləri dolmuşdu. 

Antakyanın azərbaycanlı yazıçı qonağı - Hümbət həkim özü də əslən erməni vandallarının işğalı altında olan bir torpaqdan  - qədim oğuz yurdu Cəbrayıldan olduğu üçün Azərbaycanda son zamanlar Mübariz İbrahimov kimi minlərlə igid oğulların yetişdiyindən, onların Qarabağı xain düşmənlərdən azad etməyə daim hazır olduqlarından fərəhlə söz açaraq, bu gün bütün Türk dünyasının nəzərlərinin Azərbaycana yönəlməsindən, hamının intizarla o böyük Qələbə gününü gözləməsindən, Mübarizlər yetirən Azərbaycan Milli Ordusunun Qarabağı tezliklə düşməndən azad edəcəyinə bütün xalqın böyük inamından söhbət açdı. 

Hümbət həkim həm də bir istək olaraq bildirdi ki, türk vətənpərvərliyini yüksək dəyərləndirdiyi təzə dostu, şair Mahmut Özkocanın Mübariz İbrahimovun əfsanəvi bir türk oğlu, qəhrəmanlıq rəmzi kimi təqdim edilməsi təşəbbüsünün Türkiyənin digər təhsil ocaqlarında da yayılması çox yaxşı olardı. 


Mahmut  Özkoca məktəbi  

Azərbaycandan gəlmiş əziz qonaqlarını - yazıçı-filosof Hümbət Həsənoğlunu və istedadlı həkim-şairə Nazilə Gültacı öz doğmaları kimi qarşılayan Mahmut bəyin Antakyada yerləşən məktəbi əslində beynəlmiləl təhsil ocağıdır. Çünki orada məktəblilərin 70 faizi türk balalarıdırsa, 30 faizi suriyalı uşaqlardır ki, onlara da ilkin olaraq 5-6 yaşından türk dili öyrədildikdən sonra 7 yaşından "ana sinfə" - 1-ci sinfə qəbul edilirlər. Suriyalı uşaqlar bütün günü türk həmyaşıdları ilə təmasda olduqlarından onlar üçün yeni olan türk dilini öyrənmək heç də çətinlik törətmir. Bir də ki axı, kiçik yaşlı uşaqlar başqa dilləri tez qavrayırlar. Çox alicənab və qayğıkeş bir məktəb direktoru olan Mahmud bəyin şagirdlərin təlim-tərbiyəsinə yetirdiyi xüsusi diqqət, türk dünyasının layiqli vətəndaşları kimi yetişməsi üçün daim səylə çalışması öz müsbət nəticəsini verir.

- Bizim məktəbdə 210 nəfərə qədər şagird oxuyur, onlardan hər il 22-25 nəfər məktəbi bitirərək, Türkiyənin müxtəlif şəhərlərindəki litseylərdə təhsillərini davam etdirir, sənət öyrənirlər, - deyə Mahmut Özkoca rəhbəri olduğu bu təhsil ocağı haqda məlumat verir. - Məktəbimizin 16 müəllimi ilə birgə çalışırıq ki, şagirdlər maksimum biliklərə yiyələnsinlər, vətənimizin layiqli övladları olsunlar, dost və düşmənlərini yaxşı tanısınlar. Tarix dərslərində və müxtəlif məktəb tədbirlərində onlara türk dünyasının tarixi və bugünü haqqında geniş məlumat verilir ki, bu da   şagirdlərimizin vətənpərvərlik, türkçülük  ruhunda böyüməsində, doğma, qüdrətli vətənimiz Türkiyəyə olan sevgilərinin daha da güclənməsində mühüm rol oynayır. 

Qonaqların gəlişi ilə bağlı məktəbdə keçirilən geniş tədbirdə çıxış edən Hümbət həkim Mübariz İbrahimovun abstrakt türk əsgəri deyil, ölümünü qəyiyyən göz önünə gətirməyən, qorxmadan, cəsarətlə düşmən üzərinə təkbaşına hücum çəkən real bir Azərbaycan cəngavəri olduğunu qeyd edərək, onun erməni faşistlərinin üstünə tək getməsinin səbəbinin özündən başqa kimsəyə qıymamasından, ermənilərdən türk şəhər və kəndlərində törətdikləri qırğınların qisasını təkbaşına almaq istəyindən irəli gəldiyini diqqətə çatdırmış və onu da vurğulamışdır ki, əgər Mübariz özüylə bir nəfər döyüş dostunu da götürmüş olsaydı, bütün düşmən taborunu tamamilə məhv edərdi. Ancaq onun erməni vəhşilərinə nifrəti o qədər sərt və böyük idi ki, onlardan qisası tək özü almaq istəyib. Və o düşmənə Azərbaycan əsgərinin hansı cürətə və hünərə, hansı gücə-qüdrətə malik olduğunu təkbaşına sübut edə bildi. O - çox gənc olan Azərbaycan əsgəri qarşısına məqsəd qoymuşdu ki, "mən düşməndən saysız xəyanətlər görmüş, ağır yaralar almış doğma xalqımın intiqamını, qisasını hökmən almalıyam!".   

Və elə də etdi - Vətən qarşısında əsgəri, oğulluq borcunu ləyaqətlə, şərəflə yerinə yetirdi!

Rəhman ORXAN

Rəy bildir +
Oxşar xəbərlər
Heydər Əliyev sumqayıtlı jurnalisti   görüşünə niyə çağırtdırmışdı?
18:4216 iyul

Heydər Əliyev sumqayıtlı jurnalisti görüşünə niyə çağırtdırmışdı?

...26 il əvvəl - 30 iyun 1993-cü ildə Rəhman Orxan təsisçisi və baş redaktoru olduğu "Bakinets" qəzetinin həmin gün çap olunmuş nömrəsini xüsusi bir intizarla, sevinclə gözləyirdi. Ona görə də redaksiyadan evə gecədən xeyli keçmiş qayıtmasına baxmayaraq, artıq səhər tezdən 12 ildən çox hər gün

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"
17:0726 iyun

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"

Iyunun 21-də sumqayıtlıların sevə-sevə Hümbət həkim adlandırdıqları Hümbət Həsənoğlu Quliyev 64-cü doğum gününü qeyd etdi. Qərara gəldik ki, bu münasibətlə onu "Qonaq otağı"nda qonaq edək. Kimdir Hümbət Həsənoğlu? Həkim, biznesmen, yazar. Ən əsası, vətən təəssübkeşi.

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"
12:0930 aprel

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"

Sentryabr ayının 30-dan oktyabr ayının 3-dək Bakıda Avrasiya Materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festifallar festifalı keçiriləcək. BMT-nin himayəsi ilə, Avrasiya Millətlər Assambleyasının, LiFFt Fondunun və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələcək bu festifalda 50 ölkənin 150

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür