İSTİ XƏBƏRLƏR
» » Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?

Artıq sabah futbol üzrə ölkə çempionatının yeni mövsümü start götürəcək. Bir neçə gün öncəsinə qədər ölkə xaricində olan Premyer Liqa klubları çempionatın başlamasına qalan sayılı günləri ölkə daxilində gündəlik məşq prosesi ilə keçirdi. Təbii ki, elita klublarının yeni mövsüm ərəfəsində hansı vəziyyətdə olması maraq doğurur. Bu baxımdan yüksək dəstədə mübarizə aparan klubların hazırlıq dönəmini necə keçirməsinə nəzər salmaq maraqlı olardı.



"Qarabağ" 

 Son illərin dəyişməz çempionu "Qarabağ" ölkə daxilində başladığı hazırlığın ikinci mərhələsini Avstriyada keçirdi. Bu ölkəyə yollanmazdan öncə hər hissəsi 30 dəqiqədən ibarət olan matçda "Səbail"i 3:1 hesabı ilə üstələyən "köhlən atlar" Avstriyada isə ümumilikdə dörd oyunun iştirakçısı oldu. İlk oyunda Bolqarıstan "Ludoqorets"inə iki cavabsız qolla məğlub olan "köhlən atlar" ikinci qarşılaşmada isə "Səbail"in Avroliqada rəqibi olan "Universitatya Krayova" ilə qarşılaşırdı. Rumıniya təmsilçisi ilə oyunda qolsuz heç-heçəyə razılaşan Qurban Qurbanovun komandası ölkə xaricindəki ilk qələbəsini isə Rusiya "Ufa"sı üzərində 2:1 hesabı ilə qazandı. Avstriya toplanışındakı sonuncu rəqib isə Çexiyanın "Viktoriya" komandası oldu. Mahir Emrelinin dubl etdiyi qarşılaşma 2:2 hesabı ilə yekunlaşdı və "Qarabağ" təlim-məşq toplanışını o qədər də uğurlu olmayan nəticələrlə başa vurdu.


"Neftçi"

Hazırda Avroliqada mübarizəni davam etdirən "Neftçi" elita klubları arasında ən az hazırlıq matçı keçirən komanda olması ilə diqqət çəkdi. Hazırlıq prosesinin ilk mərhələsində ölkə daxilində yerli klublarla qarşılaşmayan yeganə Premyer Liqa klubu olan "flaqman" xaricdə isə cəmi iki oyunda qüvvəsini sınadı. Əslində, Roberto Bordinin komandası Türkiyədə üç dəfə meydana çıxdı, amma "ağ-qaralar"ın Rumıniyanın "Politexnika İaşi" ilə qarşılaşması görüşün 11-ci dəqiqəsində güclü duman səbəbindən yarımçıq dayandırıldığından "Neftçi"nin iki matçı haqda bəhs edə bilərik ki, bu oyunlarda da bir qələbə və bir məğlubiyyət qeydə alındı. Belə ki, Rusiyanın "OIK-Xabarovsk" kollektivinə 3:1 hesabı ilə qalib gələn paytaxt klubu Ukrayna "Vorskla"sına isə 2:3 hesabı ilə uduzdu.


"Səbail"

Ötən mövsümün bürünc mükafatçısı "Səbail" ölkə xaricində qələbə qazana bilmədi. Yalnız hazırlığın son mərhələsində Bakıda Küveytin "Əl Samiyə" komandasını üstələyən (2:1) Aftandil Hacıyevin komandası ölkə daxilindəki ilk, Bolqarıstanda isə bütün matçlarda məğlub oldu. Belə ki, təlim-məşq prosesinin ilk mərhələsində "Qarabağ"a 1:3 hesabı ilə yenilən "dənizçilər" Bolqarıstanda isə sırası ilə Plovdiv "Lokomotiv" inə (0:1), digər yerli klub "Beroe"yə (0:4), Rumıniyanın "Klinçeni"sinə (0:1) və Şimali  Makedoniyanın  "FK Makedoniya" klubuna (0:1) uduzdu.


"Qəbələ"

Mövsüm öncəsi hazırlıq prosesi çərçivəsində ümumilikdə beş görüş keçirən Sənan Qurbanovun "drujinası" ilk və son oyunu Bakıda, digər üç qarşılaşmanı isə Türkiyədə keçirdi. İlk matçda "Zirə" ilə heç-heçə oynadıqdan sonra Boluya yola düşən Qəbələnin eyniadlı komandası qardaş ölkədəki hazırlığa isə qələbə ilə başladı. Ukrayna "Mariupol"unu 2:1 hesabı ilə məğlub edən "qırmızı-qaralar" sonrakı görüşdə də həmin ölkədən olan komandaya rəqib oldu. Buna qədər Türkiyədə "Neftçi"yə qalib gələn "Vorskla" "Qəbələ"ni də üstələdi. Ukrayna klubuna 1:3 hesabı ilə uduzan bölgə təmsilçisi Türkiyədə son matçını isə "Boluspor"a qarşı keçirdi. Yerli komandanı 2:1 hesabı ilə məğlub edən "Qəbələ"nin son qarşılaşması isə Bakıda baş tutdu. Paytaxtımızda hazırlıq keçən Küveytin "Əl Samiyə" klubuna rəqib olan "Qəbələ" son matçdan qələbə ilə ayrıldı - 2:0. 


"Zirə"

Yeni mövsümə hazırlığın ilk mərhələsini Bakıda keçirən qəsəbə təmsilçisi ölkə daxilində üç, təlim-məşq prosesinin ikinci mərhələsini keçmək üçün yollandığı Türkiyədə isə dörd oyun keçirsə də, heç də ürəkaçan nəticələr qazanmadı. Düzdür, komanda qardaş ölkədən qələbəsiz dönmədi, ancaq Nigeriyanın "Heartland" komandası üzərində qazanılan böyükhesablı qələbə (5:0) sumqayıtlı çalışdırıcı Samir Abasovun komandası üçün yeganə oldu. Belə ki, ölkə daxilində "Qəbələ"(1:1), "Keşlə"ylə (2:2) heç-heç oynayan, "Sabah"a isə 3:5 hesabı ilə uduzan Zirənin eyniadlı komandası Türkiyədə isə üç matçdan ikisində məğlubiyyətlə üzləşdi. Belə ki, Antaliyadakı ilk oyunda Rumıniyanın "Konkordiya" klubu ilə qolsuz heç-heçə edən "Zirə" sonrakı iki oyunda isə məğlubiyyətdən qaça bilmədi. Qardaş ölkədə ilk yenilgisini "Adana Dəmirspor"dan alan "Zirə" 2:3 hesabı ilə uduzduğu oyundan sonra Qətərin "Əl-Vakrah" komandasına da məğlub oldu - 1:2.


"Sumqayıt"

Şəhərimizin elitadakı təmsilçisi "Sumqayıt" da yeni mövsümün ilk mərhələsini ölkə daxilində, ikinci hissəsini isə onun hüdudlarından kənarda keçirdi.  İlk mərhələdə "Keşlə"ni 2:1 hesabı ilə məğlub edən Ayxan Abbasovun "drujinası"  "Sabah"a isə iki cavabsız qolla məğlub oldu. Bu matç həm də hazırlıq prosesinin ilkin mərhələsinin yekunu oldu. Bundan sonra əksər Premyer Liqa klubunun yollandığı Türkiyəyə üz tutan "kimyaçılar" qardaş ölkədə isə 5 matç keçirməklə ümumilikdə ən çox yoxlama qarşılaşmasının iştirakçısı olan iki elita klubundan biri oldu. Qarşılaşmalara gəlincə, ilk oyunda Rumıniya "Petrolul"u ilə heç-heçə edən (2:2) "gənclik şəhəri"nin komandasının sonrakı iki matçında minimal hesab qeydə alındı. Belə ki, Türkmənistan  "Ahal"ına qalib gələn "Sumqayıt" ardınca isə yerli "Diyarbəkirspor"a 1:0 hesabı ilə yenildi. Son iki qarşılaşmada isə şəhərimizin komandası heç-heçəyə razılaşdı. "Gənclərbirliyi" ilə görüşdə meydandan 1:1 hesablı bərabərliklə ayrılan "Sumqayıt" son matçda isə birinci divizion təmsilçisi "Akisarspor"la qolsuz heç-heçə etdi və ümumilikdə mövsümlərarası hazırlıq prosesini 2 qələbə, 3 heç-heçə və 2 məğlubiyyətlə başa vurdu.


"Sabah"

Hazırlıq mərhələsinin əsas hissəsini Türkiyədə keçirən altı elita klubundan biri olan "Sabah"  buna qədər isə ölkə daxilində iki yerli komanda ilə qüvvəsini sınamış və hər iki görüşdə qələbə qazanmışdı. Öncə "Zirə"ni 5:3 hesabı ilə məğlub edən "tələbələr" sonrakı oyunda isə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəlmişdi. Türkiyədə isə baş tutan dörd matçda iki qələbə və iki məğlubiyyət qeydə alındı. Əvvəlcə Rumıniyanın "Konkordiya" kollektivinə 1:2 hesabı ilə yenilən Elşad Əhmədovun rəhbərlik etdiyi komanda sonrakı qarşılaşmada Türkiyənin  "Kəmərspor" klubuna eyni hesabla qalib gəldi. "Sabah" qardaş ölkədəki sonuncudan əvvəlki görüşdə də qaləbə qazandı. Bu dəfə Qətərin "Əl-Şahaniyə"sini 3:2 hesabı ilə üstələyən paytaxt klubu son oyunda isə Türkiyə Superliqasına bu mövsüm vəsiqə qazanan "Gənclərbirliyi"nə 2:4 hesabı ilə uduzmaqla hazırlığın əsas hissəsini başa vurdu.


"Keşlə"

Ötən mövsümü sonuncu pillədə tamamlayan "Keşlə" yeni mövsümdə Premyer Liqada qalacağı dəqiqləşdikdən sonra komandanın hazırlıq planları da cızılmağa başlamışdı. Düzdür, Tərlan Əhmədovun komandası digər yerli klublarla müqayisədə təlim-məşq toplanışına nisbətən gec başladı, amma bununla belə, ümumilikdə altı hazırlıq matçı keçirmək mümkün oldu. Yeni mövsümün hazırlığına digər elita təmsilçiləri kimi Bakıda başlayan "Keşlə"  ilk oyunda "Sumqayıt"a 1:2 hesabı ilə uduzdu. Türkiyə toplanışı ərəfəsində "Zirə" ilə keçirilən oyun isə heç-heçə (2:2) başa çatdı. Komandanın Türkiyədəki toplanışındakı matçlarının nəticəsi də ürəkaçan olmadı. Belə ki, bu ölkədə üç yerli klubla qarşılaşan paytaxt klubu yalnız həvəskar komanda sayılan  "Batman Petrolspor"a qalib gələ bildi. Rəqibini iki cavabsız qolla üstələyən "Keşlə" digər qarşılaşmalarda isə qələbəyə həsrət qaldı. Belə ki, birinci divizionda mübarizə aparan "Osmanlıspor"la qolsuz heç-heçə edən  sabiq "bankirlər" Superliqa təmsilçisi olan "Çaykur Rizespor"a isə böyükhesabla uduzdu - 0:3.


"Qarabağ"

"Səbail" - 3:1 (Dani Kintana, Filip Ozobiç, Tural Bayramov)

"Ludoqorets" (Bolqarıstan) - 0:2

"Universitatya Krayova" (Rumıniya) - 0:0

"Ufa" (Rusiya) - 2:1 (Zubir, 54; Miçel, 62)

"Viktoriya" (Çexiya) - 2:2 (Mahir Emreli, 42, 52)


"Neftçi"

"OIK-Xabarovsk" (Rusiya) - 3:1 (Namiq Ələsgərov, 22; Rəhman Hacıyev, 28; Emin Mahmudov, 45)

"Politexnika İaşi" (Rumıniya) - 0:0 (Güclü dumana görə 11-ci dəqiqdə dayandırılıb)

"Vorskla" (Ukrayna) - 2:3 (Vangelis Platellas, 29; Dario Frederiko, 33)


"Səbail"

"Qarabağ" - 1:3 (Fəhmin Muradbəyli)

"Lokomotiv" (Plovdiv, Bolqarıstan) - 0:1

"Beroe" (Bolqarıstan) - 0:4

"Klinçeni" (Rumıniya) - 0:0

"FK Makedoniya" (Makedoniya) - 0:1

"Əl Samiyə" (Qətər) - 2:1 (Rahid Əmirquliyev, 10; Ədilxan Qarəhmədov, 55)


"Qəbələ"

"Zirə" - 1:1 (Murad Musayev)

"Mariupol" (Ukrayna) - 2:1 (Ülvi İsgəndərli, 2; Roman Hüseynov, 17)

"Vorskla" (Ukrayna) - 1:3 (Ülvi İsgəndərli, 41)

"Boluspor" (Türkiyə) - 2:1 (Merab Qiqauri, 19; Klesio, 47)

 "Əl Salmiyə" (Küveyt) - 2:0 (Asif Məmmədov, Fernan Lopez)


"Zirə"

"Qəbələ" - 1:1 (Murad Musayev (avtoqol))

"Sabah" - 3:5 (Şafik Tiqrudca, 6; Mfo Kqasvane, 20; İlkin Muradov, 84 (pen.))

"Keşlə" - 2:2 (Nicat Süleymanov, 39; Soni Norde, 84)

"Konkordiya" (Rumıniya) - 0:0

"Adana Dəmirspor" (Türkiyə) - 2:3 (Şafik Tiqrudca, Soni Norde)

"Heartland" (Nigeriya) - 5:0

 (Miloş Bakraç, Nicat Süleymanov, Şafik Tiqrudca (pen.), Robin Nqalande, Tellur Mütəllimov)

"Əl-Vakrah" (Qətər) - 1:2 (Cavid Hüseynov (pen.))


"Sumqayıt"

"Keşlə" - 2:1 (Amil Yunanov, 18; Rüfət Abdullazadə, 85)

"Sabah" - 0:2

"Petrolul" (Rumıniya) - 2:2 (Şəhriyar Əliyev, 16; Rüfət Abdullazadə, 38)

"Ahal" (Türkmənistan) - 1:0 (Əmir Ağayev, 11)

"Diyarbakırspor" (Türkiyə) - 0:1

"Gənclərbirliyi" (Türkiyə) - 1:1 (Amil Yunanov, 46)

 "Akhisar" (Türkiyə) - 0:0


"Sabah"

"Zirə" - 5:3 (Emil Qasımov, 8; Elvin Camalov, 18 (avtoqol); Hendrik Eksteyn, 48, 70; Cavid Tağıyev, 89)

"Sumqayıt" - 2:0 (Hendrik Eksteyn, 29; Filip İvanoviç, 55)

"Konkordiya" (Rumıniya) - 1:2 (Cavid Tağıyev, 51)

"Kəmərspor" (Türkiyə) - 2:1 (Diallo, 19; Eksteyn, 26)

"Əl-Şahaniyə" (Qətər) - 3:2 (Məqsəd İsayev, 11, 54; Cavid İmamverdiyev, 22)

"Gənclərbirliyi" (Türkiyə) - 2:4 (Təmkin Xəlilzadə, 2; Emil Qasımov, 52)


"Keşlə"

"Sumqayıt" - 1:2 (Ruslan Qurbanov, 14)

"Zirə" - 2:2 (Slavik Alxasov, 6; Emin Mehdiyev, 21)

"Osmanlıspor" (Türkiyə) - 0:0

"Çaykur Rizəspor" (Türkiyə) - 0:3

"Batman Petrolspor" (Türkiyə) - 2:0 (Lorenso Frutos, Vüsal İsgəndərli)

Rəy bildir +
Oxşar xəbərlər
Hansı klubumuzun   şansı nə qədərdir?
19:0516 iyul

Hansı klubumuzun şansı nə qədərdir?

Azərbaycan futbolu üçün ötən həftə start götürən növbəti Avrokubok mövsümünün ilk mərhələsi qarşıdakı iki gündə yekunlaşacaq. Yerli futbol azarkeşləri sabah ölkə çempionu "Qarabağ"ın Çempionlar Liqasında, bundan bir gün sonra isə "Neftçi" və "Səbail"in Avroliqada uğurlu nəticəyə imza atmasını

Rəqiblərimizi tanıyaq
17:5526 iyun

Rəqiblərimizi tanıyaq

Ötən həftə ölkəmizi Avrokuboklarda təmsil edəcək komandalarımızın rəqibləri məlum oldu. Avropa Liqasında mübarizəyə ikinci mərhələdən qoşulacaq "Qəbələ"nin yalnız potensial rəqibi məlumdursa, digər üç təmsilçimizin ilk təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gəlmiş oldu. 

Elita klubları yeni mövsümə  necə hazırlaşır?
15:2319 iyun

Elita klubları yeni mövsümə necə hazırlaşır?

Ötən ay başa çatan Topaz Premyer Liqasında yeni mövsümün startına xeyli vaxt qalsa da, artıq elita təmsilçiləri yeni "futbol ili"nin hazırlıqlarına başlayıblar. Təbii ki, ölkə çempionatının yüksək dəstəsində mübarizə aparan klubların mövsümlərarası dövrdə necə hazırlıq keçəcəyi heç də az maraq

Məşqçinin 6 uğurlu həmləsi,  cəzalanmayan "Sumqayıt"  və əvəzedicilərin 19 qolu
10:4724 may

Məşqçinin 6 uğurlu həmləsi, cəzalanmayan "Sumqayıt" və əvəzedicilərin 19 qolu

Məlum olduğu kimi, 11 nəfərdən ibarət olan futbol komandasının çalışdırıcısı oyunun gedişində hər hansı yetirməsini əvəzləmək imkanı qazanır. Matçboyu oyunun axarını öz ssenarisinə uyğunlaşdırmaq üçün üç dəfə dəyişiklik etmək imkanı olan mütəxəssislərin nə dərəcədə buna nail olması maraq doğurur.

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU