İSTİ XƏBƏRLƏR
» » NÜVƏDİYƏ SON SƏFƏR

NÜVƏDİYƏ SON SƏFƏR

1991-ci ilin avqustunda ölkə jurnalistləri Prezident Aparatı tərəfindən   niyə təcili olaraq 

Zəngəzurda sonuncu olaraq qalmış Azərbaycan kəndi Nüvədiyə ezam edilmişdilər?


Erməni daşnakları ötən əsrin əvvəllərindən başlayaraq, qoynunda Dədə Qorqudu, qoç Koroğlunu, Babəki və neçə-neçə digər igid ərləri-ərənləri, müdrikləri yaşatmış qədim Oğuz yurdlarını hiyləgərliklə, hissə-hissə işgal edərək 1988-ci ildə öz məkrli planlarını bütün Ermənistan - Göyçə-Zəngəzur mahalları üzrə davam etdirdilər. Oradakı Azərbaycan kəndlərində həmyerlilərimizə vəhşicəsinə divan tutaraq, onları yüzillərlə yaşadıqları dədə-baba torpaqlarından didərgin saldılar. Lakin Meğri rayonunun Nüvədi kəndinə 1991-ci ilin yayına kimi güc gələ bilmədilər. Daha doğrusu, buna bir-neçə dəfə cəhd göstərsələr də, niyyətləri baş tutmadı. Üç tərəfdən kəndi əhayə edən şiş qayalı Zəngəzur dağları, digər tərəfdən isə sovetlərin hələ vicdanını tam itirməmiş hərbçiləri erməni daşnaklarına öz bəd niyyətlərini həyata keçirməyə imkan verməmişdi.


Üç il yarımdan da artıq - 1988-ci ilin əvvəllərindən başlayaraq 1991-ci ilin avqust günlərinə kimi Ermənistandakı heç bir Azərbaycan kənd-kəsəyində bir azərbaycanlı belə qalmadığı, onarın yurd-yuvalarının dağıdılıb viran qoyulduğu bir zamanda, Bakıdan ciddi bir köməyin, dəstəyin olmadığı çox ağır bir şəraitdə erməni daşnaklarının əhatəsində dözüb-durmaq heç də asan olmasa da, nüvədililər bütün çətinliklərə, məhrumiyyətlərə mətinliklə duruş gətirirdilər. Axı, niyə də onlar öz dədə-babalarının ulu və müqəddəs, əsrarəngiz təbiəti və gözəlliyi ilə təkrarsız olan yurdunu azğın yadellilərə verməli idilər? Kəndin sakinləri bu yerlərin dağları kimi qürurlu, təbiəti kimi sərt idilər.

Nüvədinin Bakıda, respublikamızın digər şəhər və rayonlarında yaşayıb-çalışan vətənpərvər oğulları da kəndlə əlaqəni üzmür, bütün mümkün köməklikləri edirdilər. Dar ayaqda kənd camaatı qonşu Zəngilanın köməyinə arxalanırdı. Və kənd, ağrılı-acılı da olsa, öz ənənəvi, gündəlik həyatını yaşayırdı - böyüklü-kiçikli heyvandarlıqla, əkinçiliklə, bağ-bağatla məşğul olurdular. Kənd də yerindəydi, onun qocalı-cavanlı övladları da. Hamısı bir yerdə idi. Toy-düyündə də elliklə bir yerdə olurdular, ermənilərin acığına daha böyük şənlik qurur, el-obaya səs salırdılar. Kəndin müdafiəsində dayanmış sovet əsgərləri də vaxt düşdükcə onların məclislərinin, süfrələrinin qonağı olurdular. Lakin erməni daşnakları hərbçilərin azərbaycanlılara olan xoş münasibətini nə sovet "paqonlularına", nə də nüvədililərə və özlərinə bağışlaya bilmirdilər. Son zamanlarda kəndə erməni hücumlarının artması da bununla bağlı idi.

Erməni ekstremistləri ilə silahlı qarşıdurmaların birində başının dəstəsi ilə kənd camaatını erməni faşistlərinin hücumundan qoruyan 19 yaşlı gənc rus leytenantı Yevgeni Yurçenko igidliklə vuruşaraq, qəhrəmancasına həlak olmuşdu. Kənd camaatı onu elə Nüvədidə şərəf və ehtiramla torpağa tapşırmış, məzarı üstündə onun adına layiq obelisk ucaltmışdılar. Xatirə lövhəsinin üzərində isə rusca yazmışdılar: "Örçenko Evqeniy Mixayloviç. 8.5.1971 - 24.4.1990. S blaqodarnostğö ot jiteley Növedi qeroiçeski poqibşemu v boö s armənskimi gkstremistami".

Lakin… 1991-ilin avqust ayının ilk günlərində Nüvədi ilə bağlı Ermənistan rəhbərliyinin hərbçilərə təzyiqi artmışdı. O zamankı erməni prezidenti Ter-Petrosyan "hərbçilərin Nüvədidə saxlanmasının heç bir hüquqi əsası olmadığını" (?..) bildirərək, Ermənistanda azərbaycanlıların yaşadığı bu sonuncu kənddən hərbi bölmələrin çıxarılmasını tələb etmişdi. Bir-neçə bölməsi Nüvədinin müdafiəsində dayanmış Azərbaycandakı Culfa (!..) polkunun komandiri olan rus generalı isə "ağrımaz başını" ağrıtmamaq üçün "Ter"in ona göstərdiyi əsassız təzyiq müqabilində onu yerində "oturtmaq" üçün heç bir əks-arqument gətirməmişdi, halbuki kəndə ermənilərin uğursuz basqınlarının yalnız xronologiyasını təqdim etmək "hüquqi əsas" üçün kifayət  edərdi. 


Nüvədiyə getmək üçün Zəngilanda niyə 4 saat ləngiməli olduq? 


Bizə - o vaxtkı respublika qəzetlərinin Dağlıq Qarabağ mövzusunda yazan müxbirlərinə konkret bir izahat vermədən, missiyamızın nədən ibarət olduğunu dəqiqliklə bildirmədən Prezident Aparatı tərəfindən (1991-ci il, Ayaz Mütəllibovun "dövrü" idi) təcili olaraq Ermənistanın cənub sərhədi yaxınlığında yerləşən Zəngilana getməyimiz, avqustun 7-də isə hökmən Nüvədidə olmağımız  tapşırılmışdı.

Tapşırıq aldığımız günün axşamı - avqustn 6-da Bakı-Şərur qatarında (o zaman "Noraşen" qatarı adlanırdı) Zəngilana yola düşdük.  9 nəfər idik - Tahir Məmmədov (o zaman "Həyat" qəzetinin müxbiri, indi "Aktual" qəzetinin baş redaktoru), Qafar Çaxmaqlı (əslən İrəvan tərəfdən olub, erməni dilini yaxşı bildiyindən o kafirlərin dilində Bakıda çıxan "Kommunist" qəzetində çalışmışdı), Söhbət Məmmədov (o zaman "Bakinski raboçi" qəzetinin şöbə müdiri), Zemfira Əmiraslanova (gərək ki "Respublika" qəzetindən idi), foto-müxbirlər Rafiq Nağıyev, Sadıq Həşimov, daha iki müxbir (indi xatırlaya bilmirəm) və mən. Sabahısı günü səhər saat 6-ya yaxın Mincivan stansiyasına çatdıq və təsadüfi yol maşınları ilə Zəngilan rayon mərkəzinə yollandıq. Sərhəd rayonunda olduğumuzdan hökmən raykomun birinci katibi ilə görüşməli və yalnız onun göstərişi ilə ayrılacaq maşınlarla və bizi müşayiət edəcək şəxslərlə Nüvədiyə getməli idik. 

Katibin Zəngilandakı və Nüvədidəki vəziyyətlə bizi tanış etməsindən sonra rayon milis şöbəsinə maşın ayrılması üçün xüsusi göstəriş verildi. Lakin bizim raykom binasında xeyli gözləməyimizə baxmayaraq, maşın məsələsinin həlli gecikirdi. Nüvədiyə tələsdiyimizdən ləngiməyimizlə barışmayaraq, birbaşa milis şöbəsinə gedib, "hay-küy" qoparmalı olduq. Lakin burada sərhəd rayonu üçün çox acınacaqlı, bağışlanılmaz bir faktla üzləşdik - maşınları Nüvədiyə yola salmaq üçün "o boyda" rayon mərkəzində, hətta milis şöbəsində və rayon KQB-sində kifayət qədər... benzin yox idi, tapılmırdı. Görəsən, bunda da biz yox, ermənilər günahkar idimi? Axı, o zaman hələ Dağlıq Qarabağdan başqa bütün rayonlarımız öz əlimizdə idi, işğal olunmamışdı. Respublika daxilində rayonlararası gediş-gəlişin problemsiz olduğu bir vaxtda Zəngilanın rayon mərkəzinin, həm də həmin dövr üçün  xüsusilə mühüm olan hüquq-mühafizə orqanlarının yanacaqsız, benzinsiz qalması nə səbəbdən baş verirdi? Bunun sərhədyanı rayon üçün nə demək olduğunu o zamankı respublika rəhbərliyi başa düşmürdümü? Əgər erməni ilə qonşu olan bir rayonun yanacaq təchizatında bu cür bağışlanılmaz səhvə, səhlənkarlığa yol verilirdisə (kimlərin ucbatından, - dəxli yoxdur. Ən pisi odur ki, nəticə yol verilməyəcək dərəcədə xoşagəlməz idi), onda respublika səviyyəsində strateji baxımdan hansı mühüm işlər aparılırdı? Diqqət mərkəzində olmalı olan sərhəd rayonuna qarşı bu dərəcədə etinasız, məsuliyyətsiz münasibətə nə ad vermək olardı? O zamankı respublika rəhbərliyinin əsas, 1 nömrəli vəzifəsi sərhədyanı rayonların təhlükəsizliyinin təmini deyildisə, bəs nə idi? Ölkə iqtisadiyyatının ağır günlərində yanacaq korluğu bilməyən müxtəlif texnikanın cəlb olunması ilə müharibə qoxusunun hiss olunmadığı paytaxt ərazisində "qaynana, qohum-qardaş yolu" çəkməkmi? Sonra da həmin ölkə rəhbəri öz hakimiyyəti dövründə elə bir ciddi səhvə, qüsura yol vermədiyini bəyan etməyə çalışırdı. Bəs, görəsən, düşmənlə üz-üzə olan rayonun maşın-texnikasını yanacaqsız qoymaq bağışlanılmaz səhv, rayon əhalisinin məhvinə fərman vermək, Vətənə xəyanət deyildimi?.. Belə səhvlərin nəticəsi olaraq torpaqlarımızı, yurd yerlərimizi bir-birinin ardınca, kəndbəkənd itirmədikmi? Yoxsa, yurd və insan itkilərimizdə respublikada heç kəs günahkar deyildi? Doğrudanmı, yalnız ermənilərdir bütün uğursuzluqlarımızın baiskarı?..


Qadın tərsliyi, yoxsa - 

vətənpərvərlik?  

Yox, vətənpərvərlik "tərsliyi"!..


Biz ilk dəfə görəcəyimiz Nüvədi, onun qeyrətli sakinləri ilə bağlı anbaan nigarançılıq keçirir, lakin bununla belə Zəngilanda yubanır, vaxt itirirdik. Əlacsız qalaraq, yaranmış məcburi vaxt boşluğundan istifadə edib, çoxdankı jurnalist dostum Tahir Məmmədovla birgə bizi Bakıdan çıxandan bəri narahat edən başqa bir mühüm problemi həll etməyə çalışdıq.

Məsələ onda idi ki, bizim "ekspedisiya"mızın üzvü, aramızda yeganə qadın jurnalist olan Zenfira xanımın Nüvədiyə getməsini istəmirdik. Axı, biz düşmən içərisinə gedirdik, hər şey ola bilərdi... İşdi, əgər mənfur ermənilərin əlinə keçməli olsaydıq və onlar tərəfindən Zenfiraya qarşı hər hansı bir xoşagəlməz münasibətə, hərəkətə yol verilsəydi, bunu heç birimizin qeyrəti qəbul etməyəcəkdi. Nələr baş verəcəkdi? Onu bir Allah bilərdi. Hər halda silahsız da olsaq, heç birimiz bunu ermənilərə bağışlamayacaqdıq və yəqin ki, nəticə etibarilə heç birimiz sağ-salamat qalmayacaqdıq. Odur ki, elə bəri başdan tədbir görməliydik - Zenfira xanımın bizimlə birgə ermənilərə əsir düşməsinə yol vermək olmazdı. Raykom katibindən də ona Nüvədiyə getməməyi, Zəngilanda qalmağı məsləhət görməsini və bunu öz adından deməsini xahiş etmişdik. Lakin katibin bölgədə vəziyyətin çox gərgin olduğunu bildirməsinə və dönə-dönə xahiş etməsinə baxmayaraq, bir vaxtlar Sumqayıtın milis rəisi olmuş polkovnik Əmiraslanovun qızı olan Zenfira xanımı fikrindən döndərmək mümkün olmamışdı. Eyni xahişlə milis rəisinə də müraciət etdik. Düşündük ki, bəlkə gedəcəyimiz yerlərin onun üçün xüsusilə təhlükəli olduğunu rəis ona daha inandırıcı şəkildə başa sala bilər. Həm də ki, necə olsa da, atası da milis rəisi olmuşdu, bəlkə atasının həmkarlarının sözünü yerə salmazdı. Ancaq saldı... qəti bir dönməzliklə, fikrində tam israrlı olmaqla. Onda mən daha bir, son varianta əl atmalı oldum. Fikirləşdim ki, yalnız belə bir vasitə ilə onu fikrindən daşındıra bilərik. Gizlincə "uşaqlar"ın, ən əsası isə Zenfiranın gözündən yayınaraq, yaxınlıqda yerləşən rayon KQB-sinə yollandım. Rəislə görüşüb, xahiş etdim ki, bu inadkar xanımı öz adamları vasitəsilə çağırıb, ona bildirsinlər ki, ümumi qayda üzrə Nüvədiyə gedən hər bir kəsə görə KQB məsuliyyət daşıyır və buna yalnız onların razılığı olmalıdır.  O isə bir rəis olaraq və "yuxarının" xüsusi tapşırığına əməl edərək, Zenfiranın erməni əhatəsində olan həmin kəndə getməsinə icazə vermir.

Bir-neçə dəqiqədən sonra xanım jurnalist KQB-yə dəvət edildi. "Məni nəyə çağırırlar?" deyə narazılıq etsə də, getməyə bilmədi. Ancaq mənə tərəf dönərək başını buladı, yəni - "iş səndən keçib". Mən isə, nəhayət ki, məsələnin tam həll olunacaqını düşünərək, arxayınlıqla nəfəs aldım. Ancaq, sən demə, KQB də Nüvədiyə getməkdə, oranın mərd, dəyanətli adamları ilə görüşmək istəyində çox israrlı olan bu inadkar xanımı fikrindən döndərə bilmədi. Ordan qayıdarkən incik halda dedi: "Rəhman müəllim, düz eləmirsiniz. Bu, sizin işinizdir, mən onsuz da gedəcəyəm". Bir daha bütün həmkarlarımızla birgə ondan "daşı ətəyindən tökməyi" xahiş etsək də, Zenfira xanım heç birimizə görə bir "daş" da güzəştə getmədi. Və biz onu tərsliyinə görə qınayaraq, eyni zamanda "dinə-imana" gətirə bilmədiyimizə görə peşimançılıq və narahatlıq keçirərək, 4 saatdan sonra (nəhayət ki, benzin tapmaq mümkün olmuşdu...), günortadan keçmiş Nüvədiyə yol başladıq. 

(ardı növbəti sayımızda)


Rəhman ORXAN,

Azərbaycanın Əməkdar jurnalisti, 

1981-1993-cü illərdə 

"Vışka" qəzetinin xüsusi müxbiri.

e-mail:    rahman_orxan@mail.ru

Rəy bildir +
Oxşar xəbərlər
“Qatarda 18 əhvalat"  adlı yeni kitab
17:0920 iyun

“Qatarda 18 əhvalat" adlı yeni kitab

Yazıçı Aləm Kəngərlinin "Qatarda 18 əhvalat" adlı yeni kitabı oxucuların ixtiyarına verilib. Kitab "Qanun" nəşriyyatında çap olunub. Bu, "Naməlum adam"dan sonra Aləm Kəngərlinin oxuculara təqdim etdiyi ikinci nəsr kitabdır. Kitabın redaktoru Fərzuq Seyidbəyli, korrektoru Hicran Hüseynova, ön sözün

Dirijor keşiş   və əfəl lider
10:3621 iyun

Dirijor keşiş və əfəl lider

Cənubi Qafqazda münaqişələrin həll edilməməsi hər keçən gün yeni problemlər ortaya çıxarır. Region daha riskli məkana çevrilir. Qeyri-müəyyənliklər artır. Bunların fonunda bir sıra dairələr daha dağıdıcı mövqe tutmağa cəhdlər göstərirlər. Eyni zamanda, Ermənistanın siyasi səhnəsində qarşıdurmalar,

Laçının işğalından 27 il ötür
09:3018 may

Laçının işğalından 27 il ötür

Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il ötür.

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

ASAN Radio və  AMEA Tarix İnstitutunun layihəsi
13:3310 may

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi

Türklərin dünyaya hansı arealdan yayıldıqları bütün zamanların sualıdır.  Alimlər türklərin  dünyaya Asiyadan və  Azərbaycandan yayıldığı barədə mübahisəli müzakirələr aparırlar. AMEA Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə  deyir ki, türklər  dünyaya   Şərqi Anadolu və Urmiya