İSTİ XƏBƏRLƏR
» » "SOCAR Karbamid" özünü necə doğruldur?

"SOCAR Karbamid" özünü necə doğruldur?


2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda 37,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,2 faiz artıb. Statistikaya görə, son illər xüsusilə aqrar sektorda sürətli artım müşahidə olunur.

Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı müşavirədə kənd təsərrüfatının inkişaf dinamikası ilə bağlı deyib: "Kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni, bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək".

Aqrar sahədə elmi yanaşma bu sahəyə hərtərəfli diqqətin yönəldilməsinə böyük köməklik göstərir. Yeni əkin mövsümündə isə  fermerlər daha aşağı qiymətə mineral gübrələrlə təmin olunacaq. "SOCAR Karbamid" zavodunda istehsal olunan karbamidin artıq ilk satışı da həyata keçirilib. Bu vaxtadək isə xarici istehsalçılardan alınaraq ölkəyə gətirilən eyni tipli məhsulla müqayisədə maya dəyərinin aşağı endirilməsinə şərait yaranıb.

***

Ötən aydan etibarən SOCAR karbamid zavodu (SOCAR Carbamide Plant) "Aqrolizinq" ASC-yə kadbamid satışına başlayıb. Bu barədə zavodun baş direktoru Xəyal Cəfərov məlumat verib. "Bu şirkətə satılan partiyanın həcmi 25 min ton karbamid təşkil edib", - X.Cəfərov SOCAR-ın saytında video müraciətdə bildirib.

O qeyd edib ki, ümumilikdə zavod yerli bazarda müəssisədə istehsal olunan bütün məhsulun 30%-ni realizə etməyi nəzərdə tutur.

SOCAR-ın məlumatına görə, indiyədək karbamid zavodunda 60 min ton karbamid istehsal olunub, bunun təqribən 45 min tonu tender əsasında Türkiyə və Ukrayna, yerli bazarda - "Azfert" MMC-yə ixrac olunub (bu, iyul ayına olan məlumatdır)

Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Sumqayıtda yerləşən "SOCAR Carbamide" zavodunda istehsal olunan karbamid məhsulunun satışı ilə məşğul olur.

Əlavə edək ki, 2019-cu ilin iyul ayında "Aqrolizinq" SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ilə 10,5 mln. manat dəyərində (cari məzənnə ilə $6,18 mln.) karbamid gübrəsinin satın alınması haqqında müqavilə bağlayıb.

Daha əvvəl zavodun baş direktoru Xəyal Cəfərov bildirmişdi ki, müəssisənin hesablamalarına görə, daxili bazarda karbamidin əsas alıcısı "Aqrolizinq" ASC olacaq.

"SOCAR Carbamide" zavodu 2019-cu il yanvarın 16-da istismara verilib. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik $160 mln. gəlir əldə edəcəyi proqnozlaşdırılır.

Azərbaycanın karbamidə daxili tələbatı illik 150 min tona qədər təşkil edir. Zavodun istehsal gücünün 650-660 min ton karbamid olduğu nəzərə alınaraq, hazır məhsulun illik 500 min tonunadək həcmi ixraca göndəriləcək.

Türkiyə, Qara dəniz regionu və Aralıq dənizi ölkələri əsas satış bazarları hesab olunur.

Zavodun tikintisinin ümumi dəyəri 780 mln. avro təşkil edib. Bunun 197 mln. avro Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsait, 500 mln. avro - borc vəsait, 83 mln. avro - SOCAR-ın öz vəsaiti hesabına tikinti zamanı büdcəyə ödədiyi vergi və digər ayırmaların payına düşüb.

***

"SOCAR Karbamid" - bu gün burda 400-dən çox insan çalışır. Sayları az deyil. Ancaq gördükləri iş bundan qat-qat çoxdur. 

Zavod bu ilin əvvəlində istifadəyə verilib. Buna baxmayaraq, qısa müddət ərzində məhsuldarlığı təxminən 80 faizə çatdırıb.

"SOCAR Karbamid" zavodunun direktoru Xəyal Cəfərov Azərbaycan Televiziyasına müsahibəsində bunları deyib: "Türkiyə bazarında, bundan başqa Rusiya, Rumınıya bazarlarında satışlar həyata keçirmişik. Bundan sonra zavodun istehsal gücünün tədricən  artması gözlənilir. Zavodun idarə olunması 100 faiz Azərbaycan vətəndaşları sayəsində həyata keçirilir". 

***

Zavodun istehsal etdiyi karbamid azot gübrəsidir. Kənd təsərrüfatında, plastik materialların istehsalında, dərman vasitələrinin və müxtəlif boyaların  hazırlanmasında istifadə oluna bilər. Bir sözlə, dünyada karbamidə tələbat olduqca böyükdür. Buna görə də məhsul Çin, Hindistan  və Braziliya kimi ölkələr üçün maraqlıdır. Sözügedən ölkələrə ixrac nəzərdə tutulur. Və tələbatı ödəmək üçün zavodda gecə-gündüz qızğın iş gedir. 

Karbomid və Amonyak Qurğusunun rəisi Şöhrət Mirzəyev deyir: "Aylarla gedən prosesdir, yəni gecə-gündüz aparılır, fasiləsiz. Operatorlar tərəfindən burda həmin proseslərə nəzarət olunur. Texnoloji parametrlər, təzyiq, temperatur, səviyyə və s. Parametrlərə fasiləsiz olaraq nəzarət olunur". 

***

Kisələr isə 1 paletdə 3 cərgə 10 sıra olmaqla 30 ədəd yığılır. Bir paletin çəkisi 1,2 tondur. Bu, daşınma və tranzit, ümumilikdə logistika üçün nəzərdə tutulub. 

Hazırlanan məhsul son mərhələdə tırlara yüklənilir və tırlar vasitəsilə Qaradəniz sahilindəki ölkələrə ixrac olunur. 

Ancaq zavod üçün əsas olan yalnız istehsal və ixrac deyil, həm də təhlükəsizlikdir. 

Əməyin mühafizəsi və ekologiya şöbəsinin rəisi Nurlan Axundov deyir: "İşçilərin qorunması üçün onlar daimi olaraq təlimatlandırılır. Bilikləri yoxlanılır. İşçilər bütün fərdi mühafizə vasitələri ilə təmin edilib. Zavod ərazisində hər hansı bir hadisə baş verərsə, işçi heyətin qorunması üçün müasir texnologiyalara cavab verən yanğınsöndürmə sistemi var". 

***

Daha bir müasir sistem isə zavodun fəaliyyəti zamanı ətraf mühitə atılan təsirlərin minimuma endirilməsi məqsədi daşıyır. "SOCAR Karbamid" ən yüksək texnologiyalara cavab verən ekoloji standartların tələbinə riayət ediməklə qurulub. Zavod sıfır tullantı prinsipi ilə çalışır. Bundan başqa, "SOCAR Karbamid" özünü enerji ilə təmin edir.  Zavodda gücü 26 meqavat olan  buxar turbin generatoru var və sənaye müəssisəsinin işıqlandırılmasından tutmuş, bütün avadanlıqların işləməsinə qədər bütün enerji burda istehsal olunur. 


İqtisadiyyat şöbəsi


Rəy bildir +
Oxşar xəbərlər
Kənd təsərrüfatı 13 faiz artıb
15:0612 avqust

Kənd təsərrüfatı 13 faiz artıb

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda 37,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,2 faiz artıb. Statistikaya görə, son illər

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Qeyri-neft sənayesində 15,7 faiz artım
18:0606 avqust

Qeyri-neft sənayesində 15,7 faiz artım

"İlin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir".

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
18:0626 aprel

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

  Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin aşağı salınması barədə qərarı şərh edib