İSTİ XƏBƏRLƏR
» » Klubsuzların rəmzi yığması və ya AFFA hara baxır?

Klubsuzların rəmzi yığması və ya AFFA hara baxır?



Artıq avqust ayının 20-ci gününü yaşayırıq ki, bu da cari ayın sonunda bağlanacaq "transfer pəncərəsi"nin qapanmasına o qədər də çox qalmaması anlamına gəlir. Ötən həftəsonu start götürən Azərbaycan Premyer Liqasında mübarizə aparan bütün elita klubları heyətini komplektləşdirməyi yekunlaşdırmaqdadırlar. Amma bununla belə, hələ də yüksək liqa klublarının ehtiyac duymadığı xeyli yerli futbolçu var. Həmin futbolçular arasında tanınmış simalar da yer aldığından diqqətdən kənarda qalan adlara nəzər salmağa qərar verdik.

Məsələn, uzun illərdir Azərbaycan milli komandasının bir nömrəli qolkiperi olan Kamran Ağayev klubsuz qalan ən məşhur yerli oyunçudur.  Həmişə iddialı klublarda oynamış milli üzvü indi heç kimə lazım deyil, heç kim ərköyün qolkiperin nazı ilə oynamaq istəmir. İntizamsızlığı ilə ad çıxaran Kamran Ağayevin bu durumla üzləşməsinin səbəbkarı özü və zədəsidir. İndiki halda hətta üstündə "yığma futbolçusu" adının olması da işinə yaramır.

Ölkə klublarının artıq uzun müddətdir imtina etdiyi Vaqif Cavadovun da bu siyahıda olması təəccüb və təəssüf doğurur. Vaxtilə səsi Hollandiya, Rusiya və Türkiyədən gələn 30 yaşlı futbolçu indi ötən günlərinin axtarışındadır. 

Vaxtilə "Qarabağ"da çempionluq  titulu qazanan İlqar Qurbanov da işsiz günlərinin ən qısa zamanda bitməsini arzu edən tanınmışlardandır. "Qəbələ" ilə ölkə kubokunu qazandıqdan sonra klubdan göndərilən 33 yaşlı futbolçunun birvaxtlar top qovduğu Türkiyəyə qayıtmaq istədiyi söylənsə də, "Fənərbağça"nın yetirməsinə heç kim yaxın durmadı.

"Sumqayıt"dan ayrılan Arif  Daşdəmirovun klubsuz qalması isə gözləniləndi. Millimizn sabiq üzvü onsuz da indiyə kimi layiq olmadığı etimadı görmüşdü, indi isə karyerasını bitirməsi və Dağıstana qayıtması məsləhətdir.

Birvaxtlar milli komandamızın və Ağdam "Qarabağ"ının əsas üzvlərindən sayılan Vüqar Nadirov da Premyer Liqa klublarından təklif gözləyir. "Köhlən atlar"dan ayrıldıqdan sonra karyerasında ciddi eniş müşahidə edilən oyunçunun son bir ili Region Liqasında keçirsə də, Topaz Premyer Liqasına dönüşü mümkünsüz variant deyil.

Bu gün heç kimə lazım olmayan futbolçuların siyahısı yuxarıda adını sadaladıqlarımızla məhdudlaşmır. Hazırkı durumda rahatlıqla adı oyunun protokoluna salına biləcək 23 futbolçu tapmaq olar ki, hazırda klubsuzdurlar. Beləliklə, maraqlı olacağını nəzərə alıb, lazımsızların rəmzi yığmasını tərtib etməyə qərar verdik.

Qapı

Mövsüm başa çatan kimi "Keşlə"nin yollarını ayırdığı iki qolkiper Kamran Ağayevlə Davud Kərimi hazırda eyni aqibəti yaşayır. Belədə rəmzi yığmada hər ikisinə yer vermək olar, ancaq heç vaxt parlaq oyunla seçilməyən Kərimi ilə müqayisədə "çərçivə" üçün ən layiqli namizəd Kamran Ağayevdir.

Müdafiə

Müdafənin mərkəzində Nodar Məmmədovla "Keşlə"nin sabiq üzvü Fuad Bayramov yer ala bilər. Mərkəz müdafiəçilərinin əvəzləyicisi kimi Elvin Bədəlovu da qeyd etmək olar. Cinahlar isə İlqar Qurbanovla Arif Daşdəmirova həvalə oluna bilər. Sağ cinahda həmçinin "Sabah"dan ayrıldıqdan sonra klubsuz qalan Novruz Məmmədov, sol cinahda isə sabiq "Neftçi"li Emin Cəfərquliyev çıxış edə bilər. 

Yarımmüdafiə

Rəmzi yığmada yer alacaq iki dayaq yarımmüdafiəçisindən biri sabiq "Neftçi"li Tərzin Cahangirov, digəri Portuqaliya "Sportinq"nin keçmiş futbolçusu Budaq Nəsirov ola bilər. Cinahlar Azərbaycanın U-21-nin sabiq üzvü Samir Məsimov və Vaqif Cavadova tapşırıla bilər. Pleymeyker kimi isə vaxtilə iddialı klublarda top qovan Elnur Abdullayev yer ala biləcək yeganə namizəddir. Ümumilikdə isə yarımmüdafiə xəttinin müxtəlif zonaları üçün müxtəlif adlar çəkmək olar. Məsələn, simvolik komandaya klubsuz orta xətt oyunçularından Seymur Əsədov, Ruslan Nəsirli, Nicat Qurbanov və Eşqin Quliyevi də əlavə etmək olar.

Hücum

Hücum xətti üçün ən yaxşı seçim yuxarıda haqqında bəhs etdiyimiz Vüqar Nadirov olar. Amma ümumilikdə ön xətt üçün daha bir neçə futbolçunun adını çəkmək olar. Tural Qürbətov, İlham Allahverdiyev və Oruc Balaşlı bu oyunçulardan sadəcə bir neçəsidir.

Təbii, bu qədər futbolçunun və onların aşağı-yuxarı yarısı qədər məşqçinin işsiz qalması ölkə çempionatında cəmi 8 komandanın olmasından irəli gəlir ki, onların da ancaq yerli oyunçulara bel bağlayan "Sumqayıt"dan başqa hamısının heyəti böyük ölçüdə əcnəbilərdən təşkil olunmaqdadır. Bu qədər yerli futbolçunun diqqətdən kənarda qalması isə AFFA-nın düzgün olmayan strategiyasının nəticəsidir. Futbolu bu bəladan futbolsuzluqdan xilas etməyin çarəsi futbolu bölgələrə daşımaqda, komanda sayını artırmaqda, birinci divizionun daha maraqlı alınmasının yollarını tapmaqdadır.


Tural Məmmədov

Rəy bildir +
Oxşar xəbərlər
Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?
20:1715 avqust

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?

Artıq sabah futbol üzrə ölkə çempionatının yeni mövsümü start götürəcək. Bir neçə gün öncəsinə qədər ölkə xaricində olan Premyer Liqa klubları çempionatın başlamasına qalan sayılı günləri ölkə daxilində gündəlik məşq prosesi ilə keçirdi. Təbii ki, elita klublarının yeni mövsüm ərəfəsində hansı

Elita klubları yeni mövsümə  necə hazırlaşır?
15:2319 iyun

Elita klubları yeni mövsümə necə hazırlaşır?

Ötən ay başa çatan Topaz Premyer Liqasında yeni mövsümün startına xeyli vaxt qalsa da, artıq elita təmsilçiləri yeni "futbol ili"nin hazırlıqlarına başlayıblar. Təbii ki, ölkə çempionatının yüksək dəstəsində mübarizə aparan klubların mövsümlərarası dövrdə necə hazırlıq keçəcəyi heç də az maraq

Məşqçinin 6 uğurlu həmləsi,  cəzalanmayan "Sumqayıt"  və əvəzedicilərin 19 qolu
10:4724 may

Məşqçinin 6 uğurlu həmləsi, cəzalanmayan "Sumqayıt" və əvəzedicilərin 19 qolu

Məlum olduğu kimi, 11 nəfərdən ibarət olan futbol komandasının çalışdırıcısı oyunun gedişində hər hansı yetirməsini əvəzləmək imkanı qazanır. Matçboyu oyunun axarını öz ssenarisinə uyğunlaşdırmaq üçün üç dəfə dəyişiklik etmək imkanı olan mütəxəssislərin nə dərəcədə buna nail olması maraq doğurur.

Adı oyun alqı-satqıısında hallanan  klubun sumqayıtlı futbolçusu:  "Region Liqasında belə bir şeyin olacağına inanmazdım"
18:2830 aprel

Adı oyun alqı-satqıısında hallanan klubun sumqayıtlı futbolçusu: "Region Liqasında belə bir şeyin olacağına inanmazdım"

Ötən həftə Region Liqasında baş tutmalı olan "FC Baku" - "Şahdağ" qarşılaşmasının birincilərin adının danışılmış oyunlarda hallanması səbəbindən təxirə salınması az maraq doğurmadı. İddialara görə,  Region Liqasının ikinci pley-off mərhələsi çərçivəsində keçirilmiş "Füzuli" - "FC Baku" oyununun

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU