İSTİ XƏBƏRLƏR
» » Xristofor Berrou, Nəbi Xəzri, Aleksandr Düma və Sumqayıt

Xristofor Berrou, Nəbi Xəzri, Aleksandr Düma və Sumqayıt


Sumqayıtı "Əfsanədən doğulmuş şəhər" adlandıranlar çoxdur. Vaxtı ilə şəhərimizdə qonaq olmuş xalq şairi Rəsul Rza qələmə aldığı Sumqayıt haqqındakı əfsanəni bu cümlələrlə başlamışdır: "Səhra da ucsuz-bucaqsız, küləklər də şiddətli, günəş də amansız idi, lap tale kimi. Sahil boyu qumsallıqda iz qoya-qoya karvan gedirdi..."

Ədəbiyyatda Sumqayıt toponomiyasının Suqayıt, Sumqay, Sukait variantları məlumdur. XIII əsr yazarı Fəzlullah Rəşid əd-Din yazırdı: Sumqayıt sözü XIII əsrdə Yaxın Şərqin monqollar tərəfindən fəthi zamanı buraya gəlmiş "Sukait" türk-monqol tayfalarının adından əmələ gəlmişdir.
1580-ci ildəbu ərazidən keçən ingilis səyyahı Xristofor Berrou öz yol qeydlərində "SUMQAYITÇAY"ın və çayın üzərində salınmış taxta körpünün varlığını qeyd etmişdir. Orta əsrlərdə burada, lap dənizin kənarında böyük ticarət yolu uzanırdı. Yaxınlıqdan axan çay "Sumqayıtçay" adlanırdı. E.ə. II əsrdən etibarən, Çinin Sinan şəhərindən başlayaraq Şərq ölkələrindən keçən Böyük İpək Yolunun bir qolunun orta əsrlərdə Xəzər dənizinə yaxın olan Sumqayıtın ərazisindən keçdiyini inamla deyə bilirik. Bu ərazidə yeganə su mənbəyi olmuş Sumqayıtçay öz başlanğıcını Baş Qafqaz silsiləsinin cənub yamacından, Dübrar dağın başından götürür. Yağış, sel suları ilə çoxalan Sumqayıtçayın mühüm qolları Çigil və Kəndadır. Yuxarı axınında Quzduçay, Qozluçay, Cəngiçay adlanan bu çayın uzunluğu 198 km-dir.
XVIII əsrin 30-cu illərində yolunu Sumqayıtın ərazisindən salan alman səyyahı İ.Lerx özünün yol qeydlərində çay və onun üzərində salınmış daş körpü haqqında məlumat vermişdir. Bu fikir çay üzərində salınmış taxta körpünün sonralar daşla əvəz olunması fikri ilə üst-üstə düşür. XIX əsrin ortalarında rus səyyahı İvan Berezin yol qeydlərinə Sumqayıtçay haqqında bu fikirləri yazmışdır: "Bəzən bu çaya Suqayıt deyərdilər..."
1823-cü ildə Moskvada nəşr olunan "Qafqaz.1750-1820" kitabının "Şamaxı" bölümündə yazılıb: "…ərazidən bir neçə çay axaraq Kürə qovuşurdu. Bunlar "Göyçay", "Girdimançay", "Pirsaatçay", "Quzuçay" və yaxud "Çəkilçay" adlanırdı..." Adıçəkilən "Çəkilçay" bəzi mənbələrdə"Suqayıt" kimi hallanmışdır.
Sumqayıtın qonaqları arasında özünəməxsusluğu ilə seçilən, Sumqayıtın fəxri vətəndaşı, xalq şairi Nəbi Xəzri qələmə aldığı"Sumqayıt səhifələri"ndə yazırdı: 


O hələ çayırlıq, o hələ düzdü,
Qoynunda yatırdı bürkü axşamlar...
O hələ heç nə yox, quruca sözdü,
"Suqaytı" deyərdi yerli adamlar.

Yaxın Şərq ölkələri ilə Qərbi Avropa arasında ticarət əlaqələri quran tacirlər Sumqayıtçayın hər iki sahilində salınmış (dəniz ləpələri iri qum təpələri yaratdığından çay geriyə axaraq öz məcrasını dəyişdiyinə görə ikinci karvansaranın inşasına ehtiyac duyulmuşdur), əsrlərin yadigarı karvansaralarda dincəlirdilər. XVI-XVII əsrlərə aid edilən karvansaralardan birinin özül daşlarının qalıqları Abşeronun Giləzi kəndində aşkarlanmışdır. 1938-39-cu illərdə tədqiqatçı-alimlər N.Mel, E.Paxomov digər karvansaranın qalıqları üzərində tədqiqat apararaq, qədim tikililərin XVI-XVII əsrlərə deyil, daha uzaq keçmişə aid olduğunu ehtimal etmişlər.
 Məşhur fransız yazıçısı Aleksandr Düma 1858-ci ildə Qafqaza səyahət edərkən, Sumqayıtın ərazisində iki günlük qonaq olmuş, özünün yol qeydlərinə bu sətirləri yazmışdır: "Dənizdən iki km aralıda azərbaycanlıların çadır düşərgəsi yerləşirdi. Düşərgə artıq xarabazarlığa çevrilmiş karvansaranın yanında, düzənliyin ortasında salınmışdı. İlk olaraq karvansara haqqında məlumat toplamağa çalışdıq. Məlum oldu ki, karvansaranıŞah Abbas tikdirib..." Karvansaradan əlavə, o, Sumqayıt poçt stansiyasının da adını çəkmişdir. Yazıçının yol qeydləri əsasında tərtib olunmuş "Qafqaza səyahət" kitabında karvansaranın xarabalıqları yanında su ovdanının da varlığı diqqətdən yayınmır. Xanım Əliabbas qızının müəllifi olduğu "Corat. Tarixin bir parçası" kitabında da bu fikrə rast gəlinir: "Şah Abbas su ovdanları da tikdiribmiş. Bu gün onlardan biri Super Fosfat Zavodunun arxasında qalmaqdadır…"
Etnoqraf Əli Hüseynzadənin "Abşeron yarımadasının etnik toponomiyaları haqqında: Corat, Saray, Sumqayıt" məqaləsindən aydın olur ki, Abşeronda Sumqayıt adında 4 müxtəlif obyekt olmuşdur: poçt məntəqəsi, mayak, çay, dəmiryol stansiyası. Şəhərin adı bu çayla bağlıdır. 
1930-cu illərdən etibarən, Corat, Saray, Pirəkəşkül kəndləri iləəhatələnən boş ərazinin öyrənilməsi üçün ilk ekspedisiyalar gəlir. 1934-cü ildə keçmiş İttifaqın Ağır Sənaye Xalq Komissarlığının kollegiya iclasında kimya, qara və əlvan metallurgiya müəssisələrinin yerləşdirilməsi üçün Bakıdan 40 km aralı, Sumqayıt dəmiryol stansiyasından çox da uzaq olmayan bir məsafədə torpaq sahəsi məqsədəuyğun hesab olunur. Bu ərazi bir sıra xüsusiyyətlərinə görə seçilir: Abşeron rayonunda iqlim şəraitinin əlverişli olması, Bakını su ilə təmin edən "Şollar" su kəmərinin buradan keçməsi, Bakı- Rostov - Moskva dəmiryol xəttinin yaxınlığı.
1936-1938-ci illərdəşoran düzəngahda taxta tikililər - baraklar meydana gəldi. Azərbaycanın Lənkəran-Astara, Şəki-Zaqatala, Gəncə-Qazax bölgələrindən, Rusiyanın müxtəlif yerlərindən-Moskvadan, Novosibirskidən, Vladivostokdan, Ukraynanın Dnepropetrovsk, Belorusiyanın Mogilyov şəhərlərindən gəlmiş gənclər inşaat işlərinə cəlb olundular. 
Ötən əsrin 30-40-cı illərində quraq, kol-kos basmış boş bir ərazidə təməl daşları qoyan gənclər özləri də bilmirdilər ki, qısa vaxt ərzində göylərə meydan oxuyan bir şəhərin ilk sakinləri olacaqlar... 1981-ci ildə işıq üzü görmüş"Sumqayıt" kitabında bu sətirlərə rast gəlinir: "Möcüzə deyilmi səhrada şəhər salasan? Möcüzə deyilmi şoranlıqda bağ becərəsən? "Xəzər üstündə çiçək" - tanınmış sovet yazıçısı, Sosialist Əməyi Qəhrəmanı G.M.Markov romantika ilə ətirlənmiş Sumqayıtı gəzəndə belə demişdi..."
Hələ 1960-cı illərdə şəhərimizdə qonaq olan məşhur "Oqonyok" jurnalının müxbirlərindən biri Sumqayıtda gördüyü gözəlliklərdən vəcdə gələrək ikicə cümlə ilə heyrətini büruzə verməkdən çəkinməmişdir: " Sumqayıt, eşidirsinizmi bu söz necə səslənir? Aşıq nəğməsi kimi titrəyib əsərək rəng çalarında bərq vurur". Bu mənzərəni filmin yaddaşına köçürən istedadlı rejissor İ.Sokolov Sumqayıtı"Günəşin şəhəri" adlandırmışdır. 
1979-cu ildə Sumqayıt özünün 30 illik tarixi yaşayırdı. Şəhərimizdə qonaq olan keniyalı Vilyam Oçinenq: "İnanmaq olmur ki, cəmi 30 ildə dənizin bomboş sahilində Sumqayıt kimi nəhəng sənaye şəhəri ucaldılmışdır..." Portuqaliyalı qonaq isə: "Biz Portuqaliyada belə günəşli sosialist şəhərlərinin yaradılmasını arzulayırıq." Təsadüfi deyildir ki, xalq şairi Nəbi Xəzri də az bir müddətdə böyüyüb inkişaf edən, şöhrətinə qədim şəhərlərin belə həsəd apardığı Sumqayıt haqqında Sumqayıtın dilindən: "Bir əsrin özünü görmək istəyən, gəlib bircə dəfə qoy mənə baxsın" demişdir. 
 Ulu öndər Heydər Əliyev Xəzərə sirdaş, Bakıya qardaş Sumqayıtı"Kiçik Azərbaycan" adlandırar, "Sumqayıtda bütün respublika təmsil olunur" fikrini əsas tutardı. Bu həqiqətən də belədir. Nəhəng tikinti meydanı kimi doğulan Sumqayıt bu gün sənaye şəhəri, elm, təhsil, mədəniyyət mərkəzi kimi respublikanın şəhərləri arasında özünəməxsusluğu ilə seçilir. 
Sumqayıtın fəxri vətəndaşı, xalq artisti Niyazi Sumqayıtda qonaq olduğu zaman: "Ətraf kimsəsiz çöl idi. Gələcək istehsalatlar üçün çalalar qazılmışdır. Zavod yox idi, yaşıllığa qərq olan sexlər yox idi, geniş prospektləri vəçoxlu evləri olan şəhər hələ yox idi. Lakin adamlar var idi. Bu adamlar özlərinin sabahkı gününə möhkəm inanırdılar." Bu inamın nəticəsidir ki, Sumqayıt 70 ilin ərzində əsrləri yola salmış şəhərlər arasında özünəməxsus yer tuta bildi, tarixinə səlnamələr yazıldı, şəninə nəğmələr qoşuldu, keşməkeşli həyat yolu tablolara köçürüldü, məhəbbət və gözəllik rəmzinə çevrildi. 

Sənurə Lazımova 
Sumqayıtın Tarixi 
Muzeyinin elmi katibi

Rəy bildir +
Oxşar xəbərlər
70 yaşlı Əfsanələr şəhəri
13:5503 iyul

70 yaşlı Əfsanələr şəhəri

Qədim bir əfsanədə belə deyilir: "Sum boz çöllərlə irəliləməkdə davam edirdi. Taqətinin qalmadığı atdığı addımlarından açıq-aydın görünürdü. Bir qədər gedir, dayanır, əlini gözünün üstə qaldırıb önə baxırdı. Bir tərəfi bataqlıq, digəri kiçik iynəyarpaqlı ağaclar arasından keçərək irəliləyirdi.

Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt
17:0321 iyun

Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt

... Səməd Vurğunla Cəfər Cabbarlı Sumqayıtda, indiki "Şəhidlər xiyabanı" ərazisində dayanmışdılar. Onlar Xəzərin sahilində salınacaq böyük sənaye şəhəri ilə bağlı söhbət edir, buranın böyük zəhmət, hünər meydanına çevriləcəyini alqışlayırdılar... Bu dialoqu Nəbi Xəzri özünün "Sumqayıt səhifələri"

Qaçaq Nəbinin Sumqayıtda yaşayan kötücəsi Həcər danışır:  "Bu sevginin həqiqətən də real tarixi, mənəvi kökləri var..."
16:1813 iyun

Qaçaq Nəbinin Sumqayıtda yaşayan kötücəsi Həcər danışır: "Bu sevginin həqiqətən də real tarixi, mənəvi kökləri var..."

Qaçaq Nəbinin Sumqayıtda yaşayan kötücəsi Həcər Əkbərova  ulu babası və nənəsi haqqında həqiqətləri gələcək nəsillərə çatdırmaq istəyir.

"Sukait" türk-monqol  tayfaları ilə bizi nə bağlayır?
10:4222 may

"Sukait" türk-monqol tayfaları ilə bizi nə bağlayır?

Sumqayıt şəhəri Abşeron yarımadasının şimal-qərbində, Xəzər sahilində, Sumqayıtçayın mənsəbində, düzənlikdə yerləşir. Onu paytaxt Bakıdan 31 kilometr məsafə ayırır. Dəniz səviyyəsindən 26 m yüksəklikdə duran ərazinin iqlimi quru subtropik, relyefi düzənlik,yarımsəhra, bitki örtüyü seyrəkdir,