İSTİ XƏBƏRLƏR
» » NÜVƏDİYƏ SON SƏFƏR

NÜVƏDİYƏ SON SƏFƏR






1991-ci ilin avqustunda ölkə jurnalistləri Prezident Aparatı tərəfindən   niyə təcili olaraq 

Zəngəzurda sonuncu olaraq qalmış Azərbaycan kəndi Nüvədiyə ezam edilmişdilər?


(əvvəli ötən sayımızda)


Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda erməni silahlılarının peyda ola biləcəyi mümkündür... Düzəngah boyu uzanıb gedən, hər tərəfi kol-koslu, yovşanlı olan tozlu yollardan sonra dağ-təpə arası ilə 60 km-ə yaxın kələ-kötür, torpaq yol qət edərək, nəhayət, uca Zəngəzur dağlarının istəkli bir övlad kimi qoynuna aldığı Nüvədiyə yaxınlaşırıq.


Əsrləri daş yaddaşında, qaya yaddaşında yaşadan qədim və gözəl, 

barlı-bağatlı, abad, dünəndə qalmış Nüvədi


Bir tərəfi sıldırmlı qayalıqlar üzərində salınmış ərik, şaftalı və nar bağları olan dar kənd girişinə çatar-çatmaz hərbi postda keşik çəkən, nüvədililəri qoruyan sovet əsgərləri maşınlarımızın qabağını kəsərək, hara və nə üçün getdiyimizlə maraqlanırlar. Silah-sursat aparmadığımıza əmin olduqdan sonra yolumuza davam etməyə icazə verilir.

Dar yolla bir qədər də irəliləyirik və bu da... Nüvədi! (Fantaziyam mənə güc gəlir: bəlkə atom fizikası ilə məşğul olan hansısa bir alim vaxtilə bu kəndi görüb, onu Yer kürəsinin nüvəsinə bənzədərək öz dilində yox, elə Azərbaycan dilində deyib ki, bu kənd sanki nüvədi. Və kəndin adı qalıb Nüvədi). Dağlar qoynunda, daşlar-qayalar üzərində ucalan, bütün ab-havası, görünüşü ilə qədim Oğuz yurdu olan, ensiz bir zolaqla uzanan bu kəndin heç yerdə rast gəlinə bilməyən mənzərəsi hamımızı valeh edir. Sakitlikdir. Kənd camaatı özlərinin gündəlik qayğıları, işləri ilə məşğuldurlar. Yol boyu bizi gülərüzlə qarşılayır, qonaqpərvərliklə "xoş gəlmisiniz!" deyərək, görüşüb-söhbət etməyə çalışır, "o tərəflərdə" Nüvədi ilə bağlı hansı mühüm qərarın olub-olmadığı ilə maraqlanırlar. Ancaq onlara necə deyəydik ki, bel bağladıqları həmin tərəflərdə onları yada salan çox azdır...

 Jurnalist dostlarımızla qərara alırıq ki, kəndin şəraiti və onun camaatının gün-güzəranı ilə bağlı daha çox məlumat əldə etmək, faktlar toplamaq üçün hərə bir yana dağılaşaraq, ayrı-ayrı adamlarla görüşsün. Kəndin ortası ilə ora-bura qaçışan uşaqlar, təndirə çörək yapan qadınlar, çomağa söykənərək dağların döşündə qoyun-quzu otaran qocalar sanki erməni daşnaklarını heç veclərinə də almırdılar. Hərə öz işindədir.

 Hətta kəndin ağsaqqallı, 1941-45-ci illər müharibəsinin odundan-alovundan çıxmış 86 yaşlı Səhlalı kişi Əliyev bu gün evin damına qalxaraq, iki gün əvvəl ermənilərin "Alazan" raketi ilə dağıtdığı çardağın üstünü qaydaya salmaqla məşğul idi - ömür sürüb-yaşadığı bu kəndi nə vaxsa həmişəlik tərk edəcəyini ağlına belə gətirmirdi...  

Həmin gün gecə yarısı daşnaklar "Güllübəyim ənciri" deyilən istiqamətdən kəndə bir-birinin ardınca 20-yə qədər raket atmışdılar. Yaxşı ki, insan tələfatı olmamışdı. Raketlər kəndə şığıyarkən Səhlalı kişi evinin ikinci mərtəbəsində yatırmış. İlk raketlər atılarkən cəld həyətə düşüb. Yalnız səhərə yaxın hava işıqlanarkən (ermənilərin kəndi dəqiq nişangaha götürməməsi üçün artıq neçə ay idi ki, gecələr heç bir evdə işıq yandırılmırdı) yuxarı mərtəbəyə qalxıb, yorğan-döşəyinin dəlik-deşik olduğunu gördükdə necə bir faciəli ölümdən qurtardığını başa düşüb.

Kəndin ağsaqqallarından sayılan məktəb direktoru Cəlal Əliyev bizə kəndin tarixi, bugünü və son illərdə onları minillik məkanlarından uzaqlaşdırmaq, qovub-çıxartmaq üçün törədilən daşnak təxribatı və silahlı hücumları barədə ətraflı məlumat verir. Onun danışdıqları içərisndə yalnız bir ürəkaçan fakt var idi - ağır blokada şəraitinə, gecələr işıqsız olmalarına baxmayaraq, məktəbin 12 məzununundan üçü uğurla imtahan verərək ali məktəblərə qəbul olunmuşdu (hətta ikisi - Tibb İnstitutuna). Cəlal müəllim qeyd edir ki, son günlər ermənilər guya onların qayğısına qalaraq, vertolyotlarla kəndin üzərindən yaydıqları vərəqələrdə daşnak hiyləgərliyi ilə nüvədililərdən heç yerə köçməmələrini "xahiş edir", onlara Ermənistanın "tam hüquqlu" vətəndaşları kimi "firavan" yaşamaları üçün hər cür təminat verəcəklərini, seçkili orqanlarda, hüquq-mühafizə sistemində işləmələri üçün bütün mümkün şəraiti yaradacaqlarını vəd edirlər. Və bütün bunların Ermənistanın şəhər və kəndlərində 100 minlərlə azərbaycanlının hüququnun pozularaq, dədə-baba yurdlarından qovulub-çıxardılması, "mühafzə" etmək nədir, hətta yandırılıb-öldürülməsi fonunda nə qədər ikiüzlü, iyrənc bir təklif olduğunu başa düşməmək qeyri-mümkün idi. Kənd üzərində yaydıqları rusca yazılmış vərəqələrdə hiyləgərliklə, guya "canıyananlıqla" onu da qeyd edirdilər ki, "ola bilsin ki, Azərbaycan tərəfi sizi ev-eşiyinizi tərk edib, Nüvədidən getməyə təhrik etsin. Buna qətiyyətlə yol verməyin, onları kəndinizdən qovun (?). Biz bir yerdə yaşaya bilərik və yaşamalıyıq".  Bax belə - dünyanın heç bir yerində rast gəlinməyən və hələ də dünyanı inandıra bilmədiyimiz erməni fitnəkarlığı, riyakarlığı, ikiüzlüyü... 

Nüvədililərin öz kəndlərində qalmasına nail olmaqla erməni qəsbkarları özləri üçün mühüm olan iki məqsəddən birini reallaşdırmaq niyyətində idilər - ya nüvədililərə bir müddət dəyib-dolaşmayaraq, bütün dünyaya sübut etməyə çalışacaqdılar ki, "baxın, Nüvədi camaatı da azərbaycanlılardır, o birilərdən (didərgin saldıqlarından) fərqli olaraq, onlar özlərini əsl Ermənistan vətəndaşları kimi aparırlar və bizim onlara qarşı heç bir iddiamız, bəd niyyətimiz yoxdur. Köçənlər özləri köçüb gediblər, onlara heç bir təzyiq-filan olmayıb". Beləliklə də, öz çirkin əməllərini ört-basdır etmək, özlərinin heç də qəsbkar, qaniçən olmadıqlarına dünyanı inandırmaq üçün Nüvədini əldə bayraq edəcəkdilər, baxmayaraq ki, onların öz xain və yırtıcı xislətilə belə bir "humanist" versiya üzərində axıracan dayanacaqları qətiyyən inandırıcı deyildi. Digər variant isə, kənd camaatının inamından, arxayınçılığından istifadə edərək, Nüvədiyə qəflətən soxulub, oranı "birinci Xocalı"ya çevirmək idi (Xocalı qırğını 6 ay sonra törədilmişdi). Daşnakların murdar, canavar xislətini bilərək, buna heç bir şübhə etmək olmazdı.


Erməni məşuqəsindən ayrılmaq istəməyərək, yalnız onun 

xatirinə Nüvədinin Azərbaycandan ayrılmasına hansı xəyanətkar səbəb olmuşdu?

Cəlal müəllimin söylədiklərindən aydın olur ki, 1929-cu ilə kimi Nüvədi kəndi və onun çox geniş ətraf ərazisi Zəngilan rayonunun tərkibində Azərbaycana məxsus olub. Həmin ildə kolxozun ermənilərə satılmış rəhbərlərindən biri Nüvədinin Zəngilandan 60 km, ermənilərin əlində olan Meğri rayonundan isə cəmi 16 km məsafədə olduğunu bəhanə gətirərək, kəndin Ermənistan tərkibində olmasını ("Hayastan"la Azərbaycanın o dövrdə "qardaş" olduğunu da gözə soxaraq) iqtisadi cəhətdən daha mühüm və əlverişli hesab etmişdi. Ancaq kənddə hamı yaxşı bilirdi ki, o qurumsaq kolxoz sədri Nüvədini nəyə görə ermənilərə peşkəş edir. Sən demə, Meğri rayon mərkəzində onun iri əndamlı, cazibədar bir erməni məşuqəsi var imiş və iki-üç gündən bir özünü onun yanına verirmiş, malını-pulunu da ona tökürmüş. Kolxoz sədrinin fikrincə Nüvədi Ermənistanın tərkibində olardısa, onun tez-tez Meğriyə getməsi kənd sakinləri tərəfindən qınanılmaz, kinayə-məsxərə ilə qarşılanmazdı. Bəhanəsi olacaqdı ki, kolxoz sədri kimi onu tez-tez rayon mərkəzinə tədbirlərə çağırırlar. Məhz bu səbəbdən də o, eyni zamanda Azərbaycan və Ermənistan rəhbərliklərinə müraciət edərək, Nüvədinin Zəngilanın tərkibindən çıxarılaraq, Meğri rayonunun tabeliyinə keçirilməsini xahiş etmişdi. Ancaq çox qəribə və müəmmalıdır ki, uzun illər satqın kolxoz sədrinin istəyi həyata keçməmişdi - nə həmin illərdə Azərbaycana rəhbərlik etmiş Sergey Mironoviç Kirovun, nə də Mircəfər Bağırovun dövründə Nüvədinin Ermənistana verilməsinə rəsmi razılıq əldə edilməmişdi. Yalnız 40 ildən sonra - 1969-cu ilin may ayında, dahi siyasətçi Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsinə, Vəli Axundovun isə hakimiyyətdən getməsinə iki ay qalmış Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı respublika Ali Sovetinin o zamankı sədri M.İsgəndərov tərəfindən təsdiq edilmişdi.  

Cəlal müəllimin bu söhbətlərini dinləyən nüvədililər nədənsə o gün nə V.Axundovu, nə də M.İskəndərovu yox, yalnız erməni qadının əsiri olmuş öz satqın həmyerlilərini günahkar bilərək, onu lənətlədilər. Onlar bunu çox gözəl başa düşürdülər ki, hələ 1929-cu ildə belə bir təklifi ortalığa atmış həmin satqın kolxoz sədri yalnız nüvədililərə yox, bütünlükdə Azərbaycan xalqına, Vətənə xəyanət etmişdi. 


Ermənilərə əsir düşməkdən necə xilas olduq

 Bir-neçə gündən sonra kənddə toy olmalı idi və nüvədililər bizə bir-iki gün kənddə qalmağı təklif etdilər. "Lap yüz qonağımız da olsa, geninə-boluna yerimiz var. Ürəyimiz də, evimiz-eşiyimiz də genişdir," - dedilər. Ancaq biz geri qayıtmalı idik. Xahiş etdilər ki, heç olmasa, ayaqüstü də olsa, təzə bişirilmiş yuxadan hazırlanmış pendir-lavaşa qonaq olaq. Bir də bu yerlərə gəlmək fürsətinin bizlərə qismət olub-olmayacağını düşünərək, xahişlərini yerə salmadıq. Ləzzətlə pendir-lavaş yeyib, üstündən Nüvədinin sərin bulaq suyundan içdikdən sonra qonaqpərvər, mehriban kənd camaatı ilə görüşüb-halallaşıb axşama yaxın yola düzəldik. 

Kəndə girərkən bizi saxlayaraq yoxlayan gənc əsgərlərin yanından əl edib, xudahafizləşərək ötüb təxminən bir kilometrə qədər gedib sıralanmış boz təpələrə çatmışdıq ki, birdən ani olaraq hardansa sol və sağ tərəfdən qarşı-qarşıya peyda olan iki tank yolumuzu kəsdi. Əllərində Kalaşnikov avtomatları tutmuş gənc hərbçilər komandirləri başda olmaqla bizə maşınlardan düşməyi və sənədlərimizi təqdim etməyi əmr etdilər. Bunlar əvvəlki hərbçilər deyildi, onlar bizimlə daha ciddi davranaraq, ayrı-ayrılıqda hər birimizə yaxınlaşıb, pasportlarımızı (bir vaxtlar V.Mayakovskinin böyük bir qürurla tərənnüm etdiyi o zamankı Sovet pasportunu) göstərməyi tələb edərək, maşınları və üst-başımızı diqqətlə yoxladılar. Bu zaman mən onların komandiri ilə söhbətə başlayaraq, gərginliyi azaltmağa, ünsiyyət yaratmağa çalışdım. O, bir kənara çəkilib, ratsiya ilə danışaraq, kiməsə məlumat verirdi. Saxladıqlarının Azərbaycan jurnalistləri olduğunu bildirib, öz dilində "hələ burdadırlar, çatarsınız", - dedi. Danışdığının kim olduğunu dəqiq bilməsəm də, onun erməni "boyevik"lərindən olduğunu bilərək, necə olursa-olsun, gecikmədən aradan çıxmağın indiki halda olduqca vacib olduğunu anladım. Axı, bütün gün ərzində narahatçılığımız da elə bu məqamla bağlı idi - "Zenfira əmanəti" məni indi daha çox narahat edirdi. Bizimlə Bakıya qayıtmaq istəyən 35-37 yaşlı bir nüvədili hərbçiləri pulla yola gətirməyi təklif etdi. Tələsməməyi bildirib, komandirə müraciət edərək: "Hər şey qaydasındadırmı? Hamının pasportlarını yoxladınızmı?", - deyə soruşdum. "Bəli, yoxladıq, hər şey qaydasındadır", - dedi. 

Psixoloji hücuma keçmək üçün mənə də elə bu lazım idi:  

- Yox, hər şey qaydasında deyil, siz hərbi sayıqlığı itirirsiniz, - dedim.

Hərbçi üçün bu, çox ağır ittiham idi. Özü də xidmət başında, növbədə olduğu zaman, həm də daha böyük komandirləri tərəfindən yox, adi bir jurnalist tərəfindən olunan ittiham. O, belə bir ciddi iradı gözləmədiyindən bir anlığa duruxub qaldı. Onun "necə ki?" sualına cavab verdim ki, siz hamının sənədlərini yoxlamamısınız, bir nəfər qalıb. Əsgərlər komandirin tənbehedici nəzərləri altında təəccüb və təlaşla ətraflarına baxaraq, bizim yoldaşları yenidən bir-bir süzdülər. Axı, onlar gərək ki, hamının pasportunu diqqətlə yoxlamışdılar.

- Yaxşı, bəs kimdir bizim nəzərimizdən qaçan? - deyə komandir məndən cavab gözləsə də, belə bir adamın ola biləcəyinə qəti şəkildə inanmaq istəmirdi.

Mən gülərək, pasportumu ona uzatdım:

- Siz mənim sənədimi yoxlamağı unutmusunuz.

Komandirin üzünə təbəssüm qondu: "Bəli, siz yaddan çıxmısınız". Bunu deyib, pasportu ötəri yoxlayaraq, geri qaytardı. Mən isə özümüzə qarşı inam qazandıqdan, psixoloji üstünlük əldə etdikdən sonra artıq cəsarətlə və ərklə komandirə müraciət edərək, onlarla birgə xatirə şəkli çəkdirmək istədiyimizi bildirdim. Bir müddət əvvəlki sərt görkəmindən əsər-əlamət qalmayan, artıq adi insan səmimiyyəti bərpa olunmuş komandir buna etiraz etmədi. Foto-müxbirlərimiz tələm-tələsik bir-neçə variantda şəkil çəkdikdən sonra mən bir qədər də "ağ eləyərək", hərbçilərdən şəkilləri göndərəcəyim bir-iki ünvanı da götürdüm. Bütün bunlardan sonra bizi sərbəst buraxıb-buraxmayacaqlarına tam əmin olmasam da, psixoloji üstünlükdən istifadə edib bir qədər də qətiyyətli olmağı vacib hesab etdim. Odur ki, əlimi inamla əsgərlərə və sonda da komandirə uzadaraq, "nu, rebyata, dosvidanya" - deyib, özümüzünkülərə tərəf dönərək, elə hərbi qaydada rusca bərkdən və qətiyyətlə, amiranə şəkildə dedim: "Rebyata, po maşinam!". Hərbçilər bütün bölüklə sanki gipnoz olmuşdular, elə bil yuxuda, şokda idilər. Mənim "əmrimi" sakitcə qarşılayaraq, tankları yoldan geri çəkdilər.

Əlbəttə, hər şeyin belə bir ssenari üzrə, uğurla başa çatacağını əvvəlcədən düşünə bilməzdim. Sadəcə, Allah tərəfindən iş elə gətirdi ki, biz yaranmış gərgin situasiyadan çıxa bildik. Yalnız Allahın qüdrətilə!

Uşaqlar cəld maşınlara əyləşdilər. Komandir və onun tankçı heyəti əllərini havada yellədərək, bizi yola saldılar. Mən komandirin bir qədər əvvəl ratsiya ilə dediyi, bayaqdan bəri beynimdə dolaşan "hələ burdadırlar, çatarsınız..." sözlərini unutmayaraq, sürücüdən xahiş etdim ki, nə qədər mümkündürsə, maşını sürətlə sürsün. Bizim arxamızca gələn maşın da sürəti artırdı.

Yalnız geri qayıdarkən yolda bildim ki, bizi müşayiət edən maşınların hər ikisində ehtiyat silahımız var imiş. Və hər şey - həyəcan, narahatlıq arxada qaldıqdan və biz sağ-salamat Zəngilana çatdıqdan sonra dostum Tahiri kənara çəkib, ona hansı ağır sərgüzəştdən qurtardığımızı bildirdim. O isə əlini çiynimə vurub, razılıqla dedi: "Əhsən, komandir kimi hərəkət elədin, onlara yaxşı kələk gəldin, yoxsa vəziyyətimiz çox pis olacaqdı..." 

Yalnız bir-neçə gün sonra Nüvədidən olan bir nəfər bizə bildirdi ki, "Siz kənddən çıxandan 20-25 dəqiqə sonra hardansa hərbi postun yaxınlığında erməni "boyevikləri" peyda olmuşdu". Onlar biz jurnalistləri girov götürmək üçün gəliblərmiş, ancaq... gecikmişdilər. Daha doğrusdu, biz həbçilərin başını qatıb, vaxtında aradan çıxa bilmişdik. Yoxsa taleyimiz heç də yaxşı olmayacaqdı.


V.Polyaniçkonun hərbçilər və 

Nüvədinin rəhbərləri üçün “səhra məhkəməsi"

Zəngilana çatar-çatmaz bizə məlumat verildi ki, Azərbaycan KP MK-nın ikinci katibi, 1990-cı ildən etibarən Dağlıq Qarabağ üzrə Təşkilat komitəsinin rəhbəri olan Viktor Polyaniçkonun hərbçilərlə və Nüvədi kəndinin rəhbərləri ilə - kolxoz sədri, kənd soveti sədri və ağsaqqalları ilə görüşündə biz jurnalistlər də iştirak etməliyik (deməli, bizim təcili olaraq Zəngilana, Nüvədiyə ezam olunmağımızın əsas məqsədi bu imiş?..)

V.Polyaniçko ilk əvvəl Culfa polkunun komandiri olan generalın Nüvədidə və ətraf ərazilərdə olan vəziyyətlə, erməni "boyevik"lərinin zərərsizləşdirilməsi ilə bağlı məlumatını dinlədi.  Hiss olundu ki, generalın raportu V.Polyaniçkonu açıq-aşkar qane etmədi və o, polk komandirini erməni ekstremistlərinə qarşı passiv müqavimət göstərməkdə, zərərsizləşdirmə tədbirlərini ləng və zəif aparmaqda təqsirləndirdi. Bu zaman Nüvədini qorumalı olan, ailəsi Meğridə yaşayan rota komandirinin zabitə yaraşmayan bir tərzdə gözlənilmədən "mən bu hiyləgər ermənilərdən qorxuram, onlar mənim ailəmə zərər yetirərlər" deməsi və öz əsgərləri ilə daha Nüvədidə qalmaq istəyində olmaması, kəndi müdafiəsiz qoymaq fikri V.Polyaniçkonu az qala şoka salaraq, hövsələdən çıxartdı:

- Sən, sovet zabiti, nə dediyinin məsuliyyətini heç başa düşürsən? Nüvədinin silahsız camaatı ermənilərdən qorxmur, sən isə silahlı əsgərlərinlə onlardan qorxursan? Bizə lazım deyil sənin kimi komandir, - deyib əsəbiliklə generala göstəriş verdi ki, bu qorxaq zabit barədə ciddi tədbir görsün.

Əsəbini güclə cilovlayan V.Polyaniçko generala Nüvədinin müdafiəsini gücləndirməyi tapşıraraq, hərbçilər getdikdən sonra kəndin rəhbərləri və nüfuzlu ağsaqqalları ilə söhbəti davam etdirdi. Lakin müzakirə xarakterli bu "söhbət" də sakit alınmadı. Kolxoz sədrinin və kənd  soveti sədrinin Nüvədidəki vəziyyətlə bağlı məlumatı da V.Polyaniçkonu qane etmədi. Kənd rəhbərlərini tam və obyektiv məlumat verməməkdə, bəzi faktları bilərəkdən gizlətməkdə, kənd camaatının köçürülməsində vasitəçi olmaqla təxribatçılıqda günahlandıraraq, kəndin ayrı-ayrı evlərinin ermənilərə satılması, bir-neçə ailənin kənddən çıxaraq Bakıya köçməsi, bütün bunlarda kənd rəhbərlərinin əlinin olması ilə bağlı konkret faktları sadaladıqda ümumi vəziyyətin heç də yaxşı olmadığı aydınlaşdı. V.Polyaniçko onlara da kəndin qorunub-saxlanılması ilə bağlı qəti və konkret tapşırıqlar verdi. Son tapşırıq bu oldu ki, kənddən bir nəfər də çıxmamalı, köçməməlidir.

Ancaq çox təəssüflər ki, elə həmin gün gecə saat 4-də əvvəlcə hərbçilər, onların ardınca isə köməksiz qalan kənd camaatı Nüvədini həmişəlik olaraq tərk etdilər.


Nüvədinin acı taleyi Kommunist 

partiyasının Proqramında nəzərdə tutulmuşdu?

Gecə Nüvədidən qatarla qayıtdıqdan sonra mənim "Nüvədinin acı taleyi" adlı geniş məqaləm "Vışka" qəzetində dərc edilmişdi (nədənsə, digər həmkarlarımın yazıları heç yerdə çap olunmamışdı). Qəzetin o vaxtkı redaktoru Yuri İvanov (o, uzun illər Bakıda yaşayıb-işləmişdi) mövzunun həmin dövr üçün mühüm əhəmiyyətini nəzərə alaraq, Nüvədidən olan reportajı "Təcili ezamiyyət" rubrikası ilə ardı sonrakı səhifədə verilməklə qəzetin ilk səhifəsində yerləşdirmişdi. Redaktorun həmin yazıda mənim Sovet hərbçiləri, hüquq-mühafizə orqanları və digərləri ilə bağlı ittihamlar səsləndirdiyim hissələri də ixtisar etməyib, saxlaması onun da bir Azərbaycan vətəndaşı kimi bu yurdun təəssübkeşi olduğunu təsdiq edirdi. Ancaq, düzü, indi də bilmirəm, o, həmin yazını bilərəkdən qəzetin o cür tərtibatı ilə vermişdi, yoxsa bu, təsadüfən elə alınmışdı. Lakin diqqətlə fikir verəndə başa düşülür ki, yox, o, bunu xüsusi olaraq belə etmişdi. Məsələ onda idi ki, adətən Kremllə bağlı xəbərlər, Kommunist partiyasının proqram və tədbirləri qəzetin ilk səhifəsindən başlayaraq yerləşdirilərdi (o vaxt Moskvadakı 18-21 avqust qiyamından hələ xəbər-ətər yox idi). Bu dəfə isə redaktor Kommunist partiyasının yeni proqramına yox, Azərbaycanın taleyi ilə bağlı olan yazıya üstünlük vermiş, Kremlin materialı (özü də yeni Proqram!) barədə isə 2-3 cümləlik anons verməklə kifayətlənərək, oxuculara onunla qəzetin 3-4-cü səhifələrində tanış olmağı məsləhət görmüşdü. Bu, redaktor tərəfindən atılan cəsarətli bir addım idi.

Və qəzetin birinci səhifəsi elə tərtib olunmuşdu ki, iri hərflərlə verilmiş "O proqramme KPSS" sözlərinin altında "Qorğkaə sudğba Növedi" başlıqlı yazı gedirdi. Bu, bəlkə də redaktorun Moskvaya özünəməxsus etirazı, Nüvədinin acı taleyinin elə Kremlin, "KPSS"-in proqramına daxil olduğuna bir işarə, bir mesaj idi...


"Epiloq" əvəzinə bilərəkdən sona saxlanılmış "proloq" və ya:

"O qatarın dalınca baxma, gücün çatdıqca qaç və ona çat!"

Jurnalist dostum Tahir Məmmədovla Nüvədiyə yola düşmək üçün Bakı dəmiryol vağzalına gələrkən Zəngilana hansı qatarın və hansı perrondan yola düşəcəyini dəqiq öyrənə bilmədiyimizdən, "Vışka" qəzetinin yol yoldaşımız olan foto-müxbiri Sadıq Həşimovdan xahiş etdik ki, bir qədər irəli gedərək, sonuncu vaqonunun yanında dayandığımız qatarın Şərur qatarı olub-olmadığını və nə vaxt yola düşəcəyini öyrənib bizə də bildirsin. Özümüz isə vağzala aşağı hissədən daxil olduğumuzdan relslərin üzərində dayanaraq, Qarabağdakı vəziyyətlə, Nüvədi səfərimizlə bağlı söhbət edirdik. 10-15 dəqiqə keçsə də, Sadıqdan heç bir xəbər-ətər yox idi. "Axı, bu Sadıq yenə harda qaldı?" deyə gileylənirdim ki (əslində elə biz özümüz səhlənkarlıq etmişdik), birdən vaqonuna söykənib dayandığımız qatar yerindən tərpəndi. "Qatar getdi!" deyib həyəcanla qışqırmağımla məndən boyca hündür olan Tahir cəld perrona tullanıb, məni də dartıb yuxarı qaldırdı və biz bütün gücümüzlə sürət götürən qatarın dalınca onun ilk pilləkəninə kimi qaçmağa başladıq. Ona çatmağa az qalsa da, qatar sürəti artırdığından tamburda dayanıb bizə kömək etmək istəyənlərə əlimiz çatmırdı. Nəhayət ki, daha yaxşı fiziki hazırlığı olan Tahir tamburdakıların köməyi ilə vaqona qalxa bildi. Dərd-bəla mənimki idi - əlimi vaqondakılara çatdıra bilmirdim və qatarın sürəti daha da artırdı. Mən isə yoldaşlarımdan ayrı düşmək, Nüvədi səfərindən qalmaq istəmirdim. Allahı çağırıb, bütün gücümlə irəli qaçmaqda davam edirdim. Tamburdakılar bir-birindən yapışaraq, əllərini özləri üçün təhlükəli şəkildə mənə tərəf uzadaraq, qüvvəmin tükənməkdə olduğu son anda əlimdən yapışıb, ayaqlarım vaqona çırpıla-çırpıla məni tambura sürütlədilər. Ayaqlarımın kəskin ağrılarına baxmayaraq (onların giziltisi hələ də hərdən özünü büruzə verərək, həmin çətin günümü yada salır), Nüvədiyə getməkdən qalmadığıma görə təsəlli tapırdım. Və o vaxtdan bəri həmişə bu fikirdəyəm ki, gedən qatarın arxasınca aciz-aciz baxmaq yox, var güclə arxasınca qaçıb ona çatmaq lazımdır.

Və Nüvədinin də, əldən getmiş digər yurd yerlərimizin də ardınca təəssüflə, peşmançılıqla baxmaq, o yerlərin həsrətilə ah-ufla səslənən mahnılar oxumaq və dinləmək yox, itirilmiş, "gedən" torpaqların ardınca bütün qüvvəmizlə, yaralanıb-ölməyimizə baxmayaraq qaçmalı, geri - o itirdiyimiz yerlərə dönməliyik. Vətən harayına, yurd harayına yetməyin başqa bir yolu yoxdur!..


Rəhman ORXAN,

Azərbaycanın Əməkdar jurnalisti, 

1981-1993-cü illərdə 

"Vışka" qəzetinin xüsusi müxbiri.

Rəy bildir +
Oxşar xəbərlər
Xristofor Berrou, Nəbi Xəzri,  Aleksandr Düma və Sumqayıt
00:0931 avqust

Xristofor Berrou, Nəbi Xəzri, Aleksandr Düma və Sumqayıt

Sumqayıtı "Əfsanədən doğulmuş şəhər" adlandıranlar çoxdur. Vaxtı ilə şəhərimizdə qonaq olmuş xalq şairi Rəsul Rza qələmə aldığı Sumqayıt haqqındakı əfsanəni bu cümlələrlə başlamışdır: "Səhra da ucsuz-bucaqsız, küləklər də şiddətli, günəş də amansız idi, lap tale kimi. Sahil boyu qumsallıqda iz

NÜVƏDİYƏ SON SƏFƏR
17:0121 avqust

NÜVƏDİYƏ SON SƏFƏR

Erməni daşnakları ötən əsrin əvvəllərindən başlayaraq, qoynunda Dədə Qorqudu, qoç Koroğlunu, Babəki və neçə-neçə digər igid ərləri-ərənləri, müdrikləri yaşatmış qədim Oğuz yurdlarını hiyləgərliklə, hissə-hissə işgal edərək 1988-ci ildə öz məkrli planlarını bütün Ermənistan - Göyçə-Zəngəzur

70 yaşlı Əfsanələr şəhəri
13:5503 iyul

70 yaşlı Əfsanələr şəhəri

Qədim bir əfsanədə belə deyilir: "Sum boz çöllərlə irəliləməkdə davam edirdi. Taqətinin qalmadığı atdığı addımlarından açıq-aydın görünürdü. Bir qədər gedir, dayanır, əlini gözünün üstə qaldırıb önə baxırdı. Bir tərəfi bataqlıq, digəri kiçik iynəyarpaqlı ağaclar arasından keçərək irəliləyirdi.

“Qatarda 18 əhvalat"  adlı yeni kitab
17:0920 iyun

“Qatarda 18 əhvalat" adlı yeni kitab

Yazıçı Aləm Kəngərlinin "Qatarda 18 əhvalat" adlı yeni kitabı oxucuların ixtiyarına verilib. Kitab "Qanun" nəşriyyatında çap olunub. Bu, "Naməlum adam"dan sonra Aləm Kəngərlinin oxuculara təqdim etdiyi ikinci nəsr kitabdır. Kitabın redaktoru Fərzuq Seyidbəyli, korrektoru Hicran Hüseynova, ön sözün

Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt
17:0321 iyun

Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt

... Səməd Vurğunla Cəfər Cabbarlı Sumqayıtda, indiki "Şəhidlər xiyabanı" ərazisində dayanmışdılar. Onlar Xəzərin sahilində salınacaq böyük sənaye şəhəri ilə bağlı söhbət edir, buranın böyük zəhmət, hünər meydanına çevriləcəyini alqışlayırdılar... Bu dialoqu Nəbi Xəzri özünün "Sumqayıt səhifələri"