İSTİ XƏBƏRLƏR
» » "Sumqayıt" hakim səhvlərinin qurbanı oldu

"Sumqayıt" hakim səhvlərinin qurbanı oldu


Futbol üzrə Azərbaycan Premyer Liqasına "Qəbələ" üzərində səfər qələbəsi ilə başlayan şəhərimizin elitadakı təmsilçisi "Sumqayıt"ın yeni mövsümə uğurlu start verməsi "kimyaçılar"ın əhvalını xeyli yüksəltmişdi. Məhz bu amilin "Səbail"lə matçda Ayxan Abbasovun komandası üçün əlavə motivasiya qaynağı olması gözlənilirdi. Məhz bu səbəbdən də təxminən 1300-ə qədər azarkeşin izlədiyi görüşə "168 saat" qəzetinin əməkdaşları da böyük ümidlərlə yollanmışdılar.


Qarşılaşmaya feal başlayan tərəf də elə Qəbələdəki oyunla müqayisədə start heyətində cəmi bir dəyişiklik olan "Sumqayıt" idi. Artıq matçın ikinci dəqiqəsində komandanın yeni transferi Mehdi Şərifi həmyerlisi Peyman Babayini qapıçı ilə təkbətək çıxarsa da, hesabı açmaq mümkün olmadı. Düzdü, bəlkə də "Səbail"in qolkiperi Kamal Bayramov kobud oynamasaydı, cənubi azərbaycanlı forvard yeni mövsümdəki qol hesabını açacaqdı, amma bu epizodda hakim kobud səhvə yol verməklə "Sumqayıt"ın önə keçmə imkanını əlindən almış oldu. Belə ki, Peyman Babayinin qapıçı ilə üzbəüz qaldığı epizodda rəqib komandanın qapıçısı Kamal Bayramov əvvəl ayağı, sonra isə əli ilə hücumçuya toxunsa da, qarşılaşmanın baş hakimi Vüqar Həsənlinin fiti susdu. Hansı ki, həmin məqamda referi qapıçıya son ümid foluna görə qırmızı vərəqə göstərməli idi. Bu səhv azmış kimi epizodun davamında təyin edilən künc zərbəsindən sonra "Səbail"in "Sumqayıt"dan transfer etdiyi Adil Nağıyevin Şəhriyar Əliyevə qarşı etdiyi kobudluq da penalti kimi qiymətləndirilmədi. Əvəzində isə bundan bir neçə dəqiqə sonra qonaqlar penalti vurmaq hüququ əldə etdilər. Hərçənd 10-cu dəqiqədə meydan sahiblərinin qapısına təyin edilən onbirmetirlik cərimə zərbəsi düzgün qərar idi. Belə ki, aut atışı zamanı Elvin Cəfərquliyevlə Elvin Bədəlovun  anlaşmazlığından sonra topu "oğurlayan"  Mirabdulla Abbasovu dayandırmaq istəyən "kimyaçılar"ın qapıçısı Mehdi Cənnətov topa yox, Abbasovun ayağına zərbə endirdi ki, baş hakim də bu epizodu penalti kimi dəyərləndirdi. Topa yaxınlaşan Ağabala Ramazanov isə şansı qaçırmamaqla qonaqları hesabda önə keçiirdi. Düzdür, şəhərimizn komandası buraxılan qoldan sonra da pis təsir bağışlamırdı. Hətta Şəhriyar Əliyevlə Mehdi Şərifi ələ düşən imkanları boşa verməsəydi, görüşün nəticəsi tam başqa cür ola bilərdi. Amma ikinci hissənin əvvəlində "Səbail"in vurduğu ikinci qol "Sumqayıt"ın oyundan qopmasına səbəb oldu. Maraqlıdır ki, ilk qolda müdafiəçilərinin səhvinin qurbanı olan "Sumqayıt" bu dəfə orta arxa xətt oyunçusunun xətasından sonra üzüldü. "Səbail"in mərkəz müdafiəçisi Adil Nağıyevin uzun ötürməsini qarşılamaq istəyən Elgün Nəbiyevin topu ayağının altından buraxmasından sonra Şəhriyar Rəhimov qapıçı ilə mübarizədən qalib ayrılmaqla fərqi ikiyə çatdırdı. Qarşılaşmanın ilk hissəsindən sonra meydana çıxmaqla "Sumqayıt"da debüt edən Elgün Nəbiyev isə debüt matçında kobud səhv etməklə yerli azarkeşləri qəzəbləndirdi. Buraxılan ikinci qoldan sonra Ayxan Abbasovun komandasının oyun intizamı itdi. Məhz bunun nəticəsi idi ki, hesabın dəyişməsindən dörd dəqiqə sonra Amil Yunanovun meydana daxil olması da   "Gənclik şəhəri"nin oyununda canlanma yaratmadı. 

Ayxan Abbasovun matçın axarını dəyişmək üçün etdiyi sonuncu dəyişiklikdən öncə isə artıq qarşılaşmanın taleyi həll olunmuşdu. Belə ki, Rüfət Abdullazadənin meydana daxil olmasından üç dəqiqə qabaq Ağabala Ramazanov dubl  etməklə matçda son nöqtəni qoymuşdu. Düzdü, matça əlavə olunmuş 7-ci dəqiqənin tamamında "Səbail"in qapısına təyin penalti dəqiq yerinə yetirilsəydi, Ramazanovun qolu sonuncu olmayacaqdı, amma Əmir Ağayev fürsəti boşa verdi. Maraqlıdır onbirmetirlik cərimə zərbəsi vurularkən futbolçuların cərimə  meydançasına vaxtından əvvəl daxil olmasına görə təkrarlanan penalti zərbəsini də ilkində olduğu kimi Kamal Bayramov dəf etdi.

Oyunsonrası mətbuat konfransında əsəbi görünən şəhərimizin komandasının baş məşqçisi Ayxan Abbasov qarşılaşmanın baş hakiminin matçı alt-üst etdiyini dedi: "Evdə ilk oyunumuz idi. Azarkeşlərimiz də yaxşı dəstəklədilər. Oyuna ciddi hazırlaşmışdıq. Ancaq təəssüf ki, hakim ilk dəqiqələrdən matçı alt-üst etdi. Rəqib qapıçı qırmızı vərəqə almalıydı, Şəhriyarın epizodu penalti idi. Səhvlər etdik, sistemi dəyişdik, xeyri olmadı. Təəssüf ki, bu gün bizim günümüz deyildi. Çempionatın əvvəlidi, səhvlərimiz var. Çətin olacağını bilirik. Mübarizə aparacağıq. İlk hissədə pis deyildik. İkinci hissədə irəli atıldıq, 4-lü sistemə keçdik deyə, səhvlər oldu. Müdafiədə istədiyimiz sistem dağılmışdı. Rəqibin əks-hücumlarda güclü olduğunu bilirdik. Bu gün fərdi səhvlərimiz çox oldu. Şəhriyar Əliyevin artıq çəki problemi yoxdu. Penaltini niyə Mehdi Şərifi yerinə yetirmədi? Ötən tur 2 qol vurub deyə, penaltini də o vurmalı deyil. Çempionatın əvvəlində rəhbərliklə danışmışıq. Gənclər var, onlara etimad göstərməliyik. Vuruşacağıq. Gələcəkdə bundan yaxşı olacağıq. Növbəti turda qarşılaşacağımız "Neftçi"də problem görmürəm. Rəqib nə qədər psixoloji durumu pis olsa da, çempionluğa oynayır. Məğlubiyyəti unudub, oyuna hazırlaşacağıq. Ümidsiz deyiləm. Sadəcə, hər çempionat başlayanda, bizi autsayder olaraq görürlər".

Xatırladaq ki, Sumqayıtın eyniadlı komadası bazar günü saat 19:00-da start götürəcək matçda "Neftçi" ilə qarşılaşacaq.

Rəy bildir +
Oxşar xəbərlər
Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?
20:1715 avqust

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?

Artıq sabah futbol üzrə ölkə çempionatının yeni mövsümü start götürəcək. Bir neçə gün öncəsinə qədər ölkə xaricində olan Premyer Liqa klubları çempionatın başlamasına qalan sayılı günləri ölkə daxilində gündəlik məşq prosesi ilə keçirdi. Təbii ki, elita klublarının yeni mövsüm ərəfəsində hansı

Məşqçinin 6 uğurlu həmləsi,  cəzalanmayan "Sumqayıt"  və əvəzedicilərin 19 qolu
10:4724 may

Məşqçinin 6 uğurlu həmləsi, cəzalanmayan "Sumqayıt" və əvəzedicilərin 19 qolu

Məlum olduğu kimi, 11 nəfərdən ibarət olan futbol komandasının çalışdırıcısı oyunun gedişində hər hansı yetirməsini əvəzləmək imkanı qazanır. Matçboyu oyunun axarını öz ssenarisinə uyğunlaşdırmaq üçün üç dəfə dəyişiklik etmək imkanı olan mütəxəssislərin nə dərəcədə buna nail olması maraq doğurur.

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.

"Sumqayıt" məğlub oldu:  Məşqçilər nələr dedi?
10:1223 aprel

"Sumqayıt" məğlub oldu: Məşqçilər nələr dedi?

Ötən həftə Topaz Premyer Liqasında 25-ci tura yekun vuruldu. Şəhərimizin yüksək dəstədəki təmsilçisi "Sumqayıt"  bu turda   "Səbail"lə qarşılaşırdı. Qələbə qazanmaq "kimyaçılar"a çempionatda yerini qorumaq baxımından böyük üstünlük qazandıracaqdı, amma  Ayxan Abbasovun komandası bu dəfə də matçı

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU