İSTİ XƏBƏRLƏR
» » 48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…



Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay öncə yox, 48 il öncə, 1971-ci ildə başlayıb. Görünür buna görədir ki, əmək fəaliyyətinə 48 il öncə Superfosfat zavodunda başlayan Zakir Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunması şəhər sakinləri tərəfindən müsbət qarşılandı.

Zakir Fərəcovun təyinatının şəhər sakinləri tərəfindən müsbət qarşılanması onun bu şəhərin yetirməsi olması, müxtəlif illərdə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik, şöbə rəisi, baş direktorun müavini, baş direktor, sonradan Sumqayıt şəhər bələdiyyəsinin sədri kimi şəhərdəki fəaliyyəti ilə yanaşı 2005-2015-ci illərdə Abşeron Rayon İcra Hakimiyyətindəki nümunəvi fəaliyyəti də az rol oynamamışdır.

2014-cü ilin iyun ayından etibarən neftin qiymətlərinin kəskin şəkildə düşməsi Azərbaycanda manatın devalvasiyasını şərtləndirirdi. Qarşıda müəyyən iqtisadi çətinliklərin olacağı gözlənilirdi və buna baxmayaraq ölkə rəhbərliyinin Sumqayıtla bağlı müəyyən hədəfləri var idi. Sumqayıt şəhərinə dəfələrlə etdiyi səfərlərdə bu hədəfləri səsləndirmişdi. Prezident İlham Əliyev Sumqayıtla bağlı hədəflərini reallaşdırmaq üçün "Bunu ancaq öz şəhərini, öz xalqını sevən insanlar edə bilər"tezisini əsas götürərək Zakir Fərəcovu 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin etdi.

Bir il sonra, 27 sentyabr 2016-cı ildə  Sumqayıt şəhərində həyata keçirilən layihələrlə tanış olan Prezident İlham Əliyev şəhər ictimaiyyəti ilə görüşdü. Görülən işləri yüksək qiymətləndirən ölkə başçısı qeyd etdi ki, bu, onu göstərir ki, biz Azərbaycanda istənilən işi görə bilərik: "Şəhərin abadlaşdırılması işi böyük zövqlə və böyük məhəbbətlə aparılır. Küçələr salınır, Sumqayıta giriş küçəsində abadlıq işləri aparılır, yaşıllıq zolaqları yaradılır, ağaclar əkilir. Yəni, bunu ancaq öz şəhərini, öz xalqını sevən insanlar edə bilər".

Bu yazıda Sumqayıt şəhərində 48 ay ərzində həyata keçirilən 48 layihəyə nəzər salacağıq. Sözsüz ki, ötən dövr ərzində Sumqayıt şəhərində kifayət qədər işlər görülüb. Bu işləri hər hansı rəqəmə sığışdırmaq fikrimiz yoxdur, sadəcə simvolik olaraq 48 rəqəmini seçdik. Və görülən işlərin bir qisminə nəzər salaq…

1. ŞƏHƏR İCRA HAKİMİYYƏTİNƏ GƏLƏN YOLLAR AÇILDI

Bəli, sözün həqiqi mənasında Sumqayıt şəhər İcra Hakimiyyətinə gələn yollar açıldı. Uzun müddət bağlı olan Azərbaycan prospekti, şəhər İcra Hakimiyyətinin qarşısından keçən yol şəhər sakinlərinin üzünə açıldı. Bu hadisə şəhər sakinlərinin rahatlığı ilə yanaşı eyni zamanda, yeni rəhbərliyin şəhər sakinlərinə bir mesajı idi. Şəhər sakinləri üçün açıqlıq, əlçatanlılıq mesajı…

2. SOVET DÖVRÜNDƏN BƏRİ ASFALT ÜZÜ GÖRMƏYƏN YOLLAR ASFALTLANDI

Yalnız mərkəzi küçələr deyil, məhəllədaxili yolların, ətraf qəsəbələrdəki mövcud yol infrastrukturunun bərpası həllini gözləyən tədbirlər planına daxil olundu. Ötən dörd il ərzində 40-a yaxın prospekt və küçədə, bir o qədər də məhəllə və mikrorayonda ardıcıl olaraq asfaltlanma işləri aparıldı.

Şəhər ərazisində uzunluğu 7 kilometr olan 4 yeni yol salındı. Yeni yolların çəkilməsi işləri uğurla davam etdirilir.  Bir faktı qeyd edək ki, 2019-cu ildə də Sumqayıt şəhərində yol infrastrukturunun inkişafı ilə bağlı tədbirlər planı hazırlanıb. İl ərzində 50 km uzunluğunda şəhərdaxili küçə və yolların, 1,5 milyon kvadratmetr məhəllədaxili ərazidə yeni asfalt örtüyünün salınması işləri davam etdiriləcək.

3. ŞƏHƏRİN ƏSAS GİRİŞ QAPISI YENİDƏN QURULDU

Şəhər qurularkən ilk salınan yollardan biri məhz şəhərin giriş yolu idi. O zaman salınan bu yol sözsüz ki, bugünkü Sumqayıt üçün hesablanmamışdı. Həm əhalinin sayı, həm də yeni əsr, yeni müasir tələblər şəhərin əsas giriş yolunun yenidən qurulmasını zəruri edirdi. Yol infrastrukturunun yenilənməsinə məhz bu yoldan, şəhərin əsas giriş qapısından başlanıldı.

Şəhərin girişindən "Sülh göyərçini" abidəsinə qədər uzanan yolda  əsaslı təmir və yenidənqurma işləri şəhər icra hakimiyyəti tərəfindən yüksək keyfiyyətlə yerinə yetirildi. 5,2 kilometrlik yol qısa müddətdə quruldu. Eni 14 metr olan prospektin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırıldı. 

4. 40 İL ÖNCƏ SALINAN YOL YENİlƏNDİ

Şəhərin ikinci qapısı sayılan Sahil küçəsi 1980-ci illərin əvvəllərində salınıb. Bu yolun uzun müddət istismar olunması və yararsız vəziyyətə düşməsi, bu istiqamətdə nəqliyyat axınını azaltmışdı. Bu isə öz növbəsində şəhərin əsas giriş yolunda nəqliyyat sıxlığına, həm də şəhər sakinlərinin daha çox yol qət etməsinə səbəb olurdu. Şəhərə giriş-çıxışın asanlaşdırılması, sakinlərin rahatlığı üçün bu yolun bərpası, yenidən qurulması həllini gözləyən əsas problemlərdən biri idi. Burada da yenidənqurma işləri müasir səviyyədə və qısa vaxtda həyata keçirildi. 7,5 kilometr uzunluğu olan yolun eni orta hesabla 8 metrdən 13 metrə qədər genişləndirilərək sahəsi 112 min kvadratmetrə çatdırıldı.

5. 200-DƏN ÇOX MÜASİR AVTOBUS ŞƏHƏR SAKİNLƏRİNIN XİDMƏTİNƏ VERİLDİ

Əhalisinin sayı yarım milyonu haqlayan şəhər üçün vacib olan məsələlərdən biri də müasir nəqliyyat infrastrukturunun yaradılması, bu sahədə idarəetmənin təkmilləşdirilməsi, sərnişin daşınması sahəsində rahatlığın təmin olunması idi. Müasir tələblərə cavab verən nəqliyyat vasitələri olmadan sözsüz ki, yuxarıda qeyd etdiyimiz məsələlərin həllinə nail olmaq mümkün deyildi.

Ötən dövr ərzində Sumqayıtda 200-dən çox Türkiyə istehsallı olan, müasir tələblərə cavab verən avtobuslar şəhərimizə gətirilərək marşrut xətlərinə buraxıldı. 

6. SÜRƏTLƏ İNKIŞAF EDƏN SUMQAYIT ÜÇÜN SÜRƏT QATARI

Ötən dövr ərzində Sumqayıtlıların yaddaşına həkk olunan əsas əlamətdar hadisələrdən biri də Bakı-Sumqayıt sürət qatarının istifadəyə verilməsi oldu.

Ötən 48 ayın məhz ilk ayında Prezident İlham Əliyevin iştirakı ilə Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimi oldu. Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən sürət qatarının istifadəyə verilməsi şəhər sakinlərinin işini xeyli asanlaşdırdı. Sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt vağzalının binası yararsız halda olduğu üçün sökülərək yerində müasir tələblərə cavab verən Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksi tikildi. 

7. GERÇƏKLƏŞƏN MÖCÜZƏ - SUMQAYIT BULVARI

"Sumqayıt bulvarı hesab edirəm ki, bir möcüzədir". Bu fikirləri Prezident İlham Əliyev 2016-cı ildə Sumqayıtda şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirmişdi. Sumqayıtda bulvarın olması şəhər sakinləri ilə yanaşı, ölkə rəhbərliyinin də arzusu olmuşdur. Bir faktı da qeyd edək ki, hələ 1974-cü ildə Sumqayıt şəhərinin 25 illik yubileyi tədbirində Ümummilli Lider Heydər Əliyev çıxışı zamanı Sumqayıtda dənizkənarı bulvarın yaradılması arzusunu səsləndirmişdi…

Nəhayət, Sumqayıtla bağlı Ulu Öndərin ən böyük arzularından biri həyata keçirildi.

4,2 kilometr uzunluğu,  106 hektar sahəsi olan bulvar kompleksi bu gün şəhər sakinlərinin ən çox ziyarət etdiyi məkanlardan biridir. Hazırda bulvar ərazisinin genişləndirilməsi işləri həyata keçirilir. Qısa müddətdə bulvarın uzunluğu daha bir kilometr uzadılaraq şəhər sakinlərinin ixtiyarına veriləcək.

8. ŞƏHƏRİN ƏSAS PARKI DAHA DA GENİŞLƏNDİRİLDİ

Şəhərin mərkəzində mövcud əsas parklardan biri - Heydər Əliyev parkı tamamilə yenidən quruldu.  Parkın ərazisi 8 hektardan 10 hektara qədər genişləndirilib. Burada 200-dən çox müasir işıq dirəkləri, oturacaqlar quraşdırıldı, 5 mindən çox ağac, dekorativ kol əkildi, 20 min kvadratmetrdən çox sahədə yaşıllıq zolağı salındı, 30 min kvadratmetr daş döşəndi. Parkda həmçinin rəngli fontan kompleksi və Bayraq meydanı tikilib, uşaqlar üçün əyləncə mərkəzi inşa olunub. 

9. SUMQAYIT ŞƏHƏRİNDƏ MÜASİR HEYDƏR ƏLİYEV MƏRKƏZİ İNŞA OLUNDU

Sumqayıt şəhərində çoxfunksiyalı və işlək bir mərkəzə ehtiyac duyulurdu. Müasir və çoxfunksiyalı Heydər Əliyev Mərkəzin tikintisinə başlanıldı və qısa müddətdə şəhər sakinlərinin ixtiyarına verildi. Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün 420 yerlik böyük konfrans zalı yaradılıb. Müxtəlif təyinatlı bölmələrdən ibarət olan mərkəzdə sərgi zalı, xalçaçılıq dərnəyi, 40 nəfərlik iclas zalı, smart sinif, rəsm və foto studiyaları, elektron kitabxana, kompyuter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərir. Heydər Əliyev mərkəzində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir.

10. MÜASİR UŞAQ İNCƏSƏNƏT MƏKTƏBİ YARADILDI

Sumqayıt şəhərində fəaliyyət göstərən musiqi məktəblərinin əksəriyyəti binaların birinci mərtəbəsində, baxımsız və keyfiyyətli tədris üçün yararsız vəziyyətdə idi. Müasir şəhər üçün müasir incəsənət məktəbinin olması sözsüz ki, lazım idi. Qarşıya qoyulmuş bu hədəfə də qısa müddətdə nail olundu. Şəhərdə üçmərtəbəli binadan ibarət Uşaq İncəsənət Məktəbi tikilərək şəhər sakinlərinin ixtiyarına verildi. 80 otaqdan ibarət məktəb yeni avadanlıqla təmin olundu. Hazırda Uşaq İncəsənət Məktəbində 200-dən çox müəllim tədrislə məşğul olur. Məktəbdə ümumilikdə 800-dək şagird təhsil alır.

11. ŞAHMATÇILAR ŞƏHƏRİ ÜÇÜN MÜASİR ŞAHMAT MƏKTƏBİ

Digər idman növlərində olduğu kimi Sumqayıt şahmat sahəsində də uğurları ilə seçilir. Sumqayıt şahmat məktəbinin yetirmələri bu gün dünya miqyasında uğurları ilə tanınır, seçilir. Belə olan halda şəhərin şahmat məktəbinin baxımsız və yararsız bir məkanda yerləşməsi heç də yaxşı hal deyildi. Bu sahədə də yeniliyə, yeni və müasir şahmat məktəbinə ehtiyac duyulurdu. Qısa müddət ərzində şəhərin Heydər Əliyev Parkı ərazisində ikimərtəbəli Şahmat Məktəbi tikilərək istifadəyə verildi. Məktəb müasir avadanlıqla təmin olundu. Hazırda burada 25 qrupda ümumilikdə 550-600 şagird idmanın qədim növü olan şahmatın sirlərini öyrənir.

12. YARADICI İNSANLARA XÜSUSİ DİQQƏT YETİRİLDİ

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığına əsasən, Heydər Əliyev parkında yerləşən, geniş, bütün şəraiti olan bir mərkəz şəhərin yaradıcı insanlarının ixtiyarına verildi. "Poeziya Evi" adlandırılan sözügedən obyektin yazarların ixtiyarına verilməsi Sumqayıtda yaşayan, yazıb-yaradan qələm sahiblərinin təbii ki, ürəyincə oldu. Bu addım şəhərin yaradıcı insanlarına verilən ən böyük qiymət, dəyər idi...

13. MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERƏN MƏDƏNİYYƏT SARAYI YARADILDI

 "Kimyaçı" Mədəniyyət Sarayı 1986-cı ildə istifadəyə verilib. Uzun müddət istismar olunmuş mədəniyyət mərkəzdə təmirə ehtiyac duyulurdu. Prezident İlham Əliyevin tapşırığı ilə "Kimyaçı" Mədəniyyət Sarayı qısa müddətdə təmir olundu. Sarayın yenidən qurulması işləri yüksək keyfiyyət və müasir dizaynla yerinə yetirildi. Saraydakı 750 tamaşaçı yerlik konsert zalı yüksək səviyyədə quruldu. 

14. 50-CI İLLƏRDƏ TİKİLMIŞ SUMQAYIT TEATRININ BİNASI MÜASİRLƏŞDİ

Ən önəmli layihələrdən biri də teatrın binasının müasir üslubda təmir olunması oldu. Əsaslı təmir və yenidənqurma tədbirləri zamanı binanın bütün mühəndis-texniki qurğuları tamamilə yenidən quruldu. Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olundu. 

Binanın müasir üslubda yenidən qurulması sakinlərin teatra marağının artmasına, şəhərin mədəni həyatının daha da canlanmasına təkan verdi.

15. BAYRAQ MUZEYİ YARADILDI

Sumqayıt Dənizkənarı Bulvarın ərazisində yerləşən Bayraq Muzeyinin inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabr ayında tikinti işləri başa çatdırılıb. Ümumi ərazisi 10 min kvadratmetr olan muzeyin üçmərtəbəli binasında iki sərgi zalı, inzibati və yardımçı otaqlar yaradılıb. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər nümayiş olunur. 

16. "LİFT DƏRDİ"NƏ SON QOYULDU

Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarının sakinlərini ən çox narahat edən problemlərdən biri də liftlərin yenilənməsi ilə bağlı idi. Sovet dövründən yenilənməyən liftlər əhalinin haqlı narazılığına, narahatlığına səbəb olurdu. Ölkə rəhbərliyinin bu sahəyə olan diqqəti sayəsində qısa müddət ərzində şəhərin lift təsərrüfatı yeniləndi. İstismar müddətini ötmüş 400-ə yaxın lift yenisi ilə əvəz olundu.

17. "Ağıllı şəhər" (Smart City) vizyonuna doğru addımlar

Azərbaycanda ilk dəfə bu xidmətə Sumqayıtda başlanıldı - Sumqayıt daha bir ilkə imza atdı

Qafqaz regionunda ilk dəfə olaraq istismarda olan liftlərin istismar işlərinin mərkəzləşdirilmiş dispetçer xidməti (MDX) vasitəsi ilə idarə edilməsi işlərinə onlayn rejimdə start verildi.

Sözügedən sistem vətəndaşlara daha keyfiyyətli xidmət göstərməyə, onların təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə əsas verir. Sözsüz ki, bu bir başlanğıcdır. Sumqayıt şəhərində gələcəkdə digər sahələrdə də "Ağıllı şəhər" layihələrinə qoşulacaq. 

18. "SULU ZİRZƏMİ" PROBLEMİNƏ SON QOYULDU

İnsanları narahat edən əsas məsələlərdən biri də yaşayış binalarının zirzəmisindəki mövcud vəziyyət idi. Şəhərin mənzil fonduna daxil olan yüksək mərtəbəli yaşayış binalarının əksəriyyətinin zirzəmisi su ilə dolu idi. Bu isə bir çox fəsadlarla nəticələnir, şəhər sakinlərinin haqlı narahatlığına səbəb olurdu. Ötən dövr ərzində mərhələli şəkildə həllini tapan əsas problemlərdən biri də məhz "Sulu zirzəmi"lərdir.

19. "AĞCAQANADSIZ ŞƏHƏR" LAYİHƏSİNƏ BAŞLANILDI

Zirzəmilərin baxımsız vəziyyətdə olması, müəyyən münbit şəraitlərin mövcudluğu şəhərdə ağcaqanad problemini kütləviləşdirmişdi. Bu isə şəhər sakinlərinin rahatsızlığına, natəmizliyə, eyni zamanda bir sıra xəstəliklərin yaranmasına səbəb olurdu. Hətta bəzi mikrorayonlarda bu problemin mövcudluğu əmlak bazarına da təsirsiz ötüşməmişdi. Sözsüz ki, müasirləşməyi, yeniləşməyi qarşıya hədəf qoyulmuş bir şəhər üçün bu halın mövcudluğu yol verilməz idi. Sumqayıt şəhərində bütün çoxmərtəbəli binalarda, park və xiyabanlarda, iaşə obyektlərində kütləvi şəkildə dezinfeksiya və deratizasiya işlərinə başlanıldı. Bu işlər hazırda da mütəmadi olaraq davam etdirilir.

20. 4 İLDƏ 900 BİNANIN DAM ÖRTÜYÜ VURULDU

4 il ərzində şəhərin mənzil fonduna aid olan 900 çoxmənzilli yaşayış binasının dam örtüyü vuruldu. Bu istiqamətdə işlər hazırda da davam etdirilir.

Beləliklə, şəhər sakinlərinin mütləq əksəriyyətini bir başa narahat edən daha bir əsas problem öz həlini tapmış oldu.

21. YAŞAYIŞ BİNALARI YENİ VƏ MÜASİR GÖRKƏM ALDI

Sumqayıt şəhərində başlanılan kompleks tikinti-quruculuq işlərinin bir hissəsini də ictimai yaşayış binalarının təmiri və yenidən qurulması təşkil etdi. Yaşayış binalarının fasadının əsaslı təmiri, şəhərlə yaşıd olan binaların müasir qaydada üzlənməsi işlərinə başlanıldı. Təmir olunan binaların memarlıq görünüşü saxlanıldı, aşınmaya məruz qalmış və piyadalar üçün təhlükə yaradan elementlər yeniləndi. 

22. SUMQAYITIN ƏN AĞRILI PROBLEMİNİN HƏLLİ İSTİQAMƏTİNDƏ MÜHÜM ADDIM

Sumqayıt şəhərinin əsas problemlərindən biri nəhayət ki, həll olundu. Ötən dövr ərzində həllinə başlanılan əsas məsələlərdən biri də məhz  "Acı dərə" kanalının boruya salınması oldu. Yeni layihəyə əsasən "Acı dərə" kanalının şəhərin içərisindən keçən hissəsi ləğv edildi və qapalı sistemə salındı.

23. SUMQAYIT YAŞIL ŞƏHƏRƏ ÇEVRİLDİ

Prezident İlham Əliyev Sumqayıtın ekoloji vəziyyətini hər zaman diqqət mərkəzində saxlayıb. Son illərdə də şəhərdə ekoloji vəziyyətin yaxşılaşdırılması ölkə rəhbərliyinin diqqətindən yayınmayıb. Şəhər ictimaiyyəti ilə görüş zamanı bu məsələyə də diqqət çəkən Prezident İlham Əliyev bildirmişdi: "Sumqayıt sovet vaxtında həmişə ekoloji problemlərlə dolu bir şəhər kimi təqdim edilirdi və xarici mətbuatda da ekoloji cəhətdən çətin şəhərlərin sırasına həmişə Sumqayıtı da salırdılar. Müəyyən həqiqət var idi. Siz sumqayıtlılar bunu yaxşı bilirsiniz. Amma bu gün Sumqayıt dünya miqyasında ən ekoloji təmiz şəhərlərdən biridir".  

Son illərdə şəhərdə nəinki ağacların kəsilməsinə rast gəlinir, əksinə yüz minlərlə ağaclar əklib, geniş yaşıllıq zolaqları salınıb.

24. ŞƏHƏR ƏRAZİSİNDƏN 4-CÜ ÇIXIŞ YOLUN IŞLƏK VƏZİYYƏTİ TƏMIN OLUNDU

Sumqayıtda metallurq Yəhya Məmmədov küçəsi şəhərin alternativ yolu və sənaye girişi kimi tanınır. Yolun hədsiz bərbad halda olması, yük maşınlarının yaratdığı fəsadlar, səliqəsizlik, natəmizlik, üstəlik işıqlandırılmaması daim buradan hərəkət edənlərin haqlı narazılığına səbəb olurdu. Qısa müddət ərzində Yəhya Məmmədov küçəsi tam yenidən quruldu. Uzunluğu 3,5 kilometr olan 4 zolaqlı küçə artıq istifadəyə verilib.

25. BİNALARIN GİRİŞLƏRİNİN DƏ TƏMİRİNƏ BAŞLANILDI

Çoxmənzilli yaşayış binalarında damörtüyünün vurulması, liftlərin yenilənməsi, zirzəmilərin təmizlənməsi ilə yanaşı, binaların girişlərində təmir işlərinə başlanıldı.

Girişlərdə pilləkən qəfəslərin təmirinə, pəncərələrin şüşələnməsinə, girişlərə dəmir qapıların qoyulmasına başlanıldı. Şəhər rəhbərinin bu təşəbbüsü hazırda uğurla həyata keçirilir, mərhələli şəkildə bu işlər davam etdirilir.

26. MÖHTƏŞƏM MUĞAM MƏRKƏZİ

Bir neçə ay öncə Sumqayıtda dənizkənarı bulvar ərazisində Muğam Mərkəzinin tikintisinə başlanıldı. Artıq mərkəzdə işlər yekunlaşmaq üzrədir.

27. NƏHAYƏT, SUMQAYITDA KİNOTEATR OLACAQ

Bir zamanlar yüzlərlə tamaşaçının gəldiyi kinoteatr müasir tələblərə cavab vermirdi. 1960-cı illərdə inşa olunan "Nizami" kinoteatrının binasında heç bir təmir işləri aparılmamışdı.

Artıq Nizami" kinoteatrının köhnə binası sökülərək yerində müasir tələblərə cavab verən kinoteatr tikilir. Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək. Üç zaldan ibarət olacaq kinoteatr ilin sonuna kinosevərlərin ixtiyarına veriləcək.

28. TƏHSİL MÜƏSSİSƏLƏRİ DİQQƏT MƏRKƏZİNDƏ OLDU

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təhsildə tədrisin, təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşdırılması məsələsini daim diqqətdə saxlayır.   Sumqayıtdakı məktəblərin dam örtüklərinin yenilənməsi, istilik sistemlərinin müasir tələblər səviyyəsində qurulması təmin edilib. Maddi-texniki problemlərin qəti həlli ilə bağlı konkret addımlar atılıb. Təmirə ehtiyacı olan məktəblərdə gərəkli abadlıq işləri aparılıb.

Aparılan statistik təhlillər son bir neçə ildə Sumqayıt təhsilinin bütün göstəricilər üzrə dinamik artım tempi nümayiş etdiridiyini, davamlı inkişafa nail olunduğunu deməyə əsas verir.

Sumqayıt şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri ali məktəblərə qəbul imtahanlarında bu il də yüksək nəticə göstəriblər. Qəbul imtahanlarında iştirak edən 10 abituriyentdən 8-i tələbə adını qazanıb.

29. MƏKTƏB TİKİNTİSINƏ BAŞLANILDI

Şəhərin "İnşaatçılar" qəsəbəsində 1958-ci ildən fəaliyyət göstərən 324 yerlik 9 nömrəli tam orta məktəbin binası uzun müddətdir qəzalı vəziyyətdə idi. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən məktəbin binası tam sökülərək yerində müasir tələblərə cavab verən yeni bina inşa olunur. Hazırda tikinti işləri yüksək sürətlə davam edir.

Dörd korpusdan ibarət yeni məktəb binasında 69 sinif otağı olacaq və burda  1176 şagird təhsil ala biləcək. 

30. UŞAQLARIN SAĞLAM VƏ İNTELLEKTUAL İNKIŞAFINA DİQQƏT ARTIRILDI

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər rəhbəri kimi işə başlayarkən ilk diqqət yetirdiyi, tapşırıqlar verdiyi sahələrdən biri də şəhərdə fəaliyyət göstərən uşaq bağçaları ilə bağlı oldu.

Ötən 4 il ərzində şəhər rəhbərliyinin diqqət və qayğısı ilə məktəbəqədər təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görüldü, avadanlıq və inventarlarla təchizat yaxşılaşdırıldı, istilik sistemi tam bərpa olundu, bütün uşaq bağçaları isti su ilə təchiz edildi, sanitar texniki, sanitar gigiyenik normalara əməl olunması üçün lazımi şərait yaradıldı, ərzaq təminatı ciddi nəzarətdə götürüldü. Qısa müddət ərzində, bir neçə ayda 56 uşaq bağçasından 48-nin dam örtüyü əsaslı təmir olundu və istilik sistemləri quraşdırıldı.

31. TİBBİ XİDMƏTİN KEYFİYYƏTİ YAXŞILAŞDIRILDI

Son 4 ildə şəhərdə fəaliyyət göstərən səhiyyə ocaqlarının əksəriyyəti təmir olundu, tibb müəssisələri müasir avadanlıqlarla təchiz olundu.

1 nömrəli doğum evi, 1,2 nömrəli qadın məsləhətxanaları, 1,4 nömrəli şəhər poliklinikaları, Uşaq Xəstəxanasının infeksion şöbəsi, Vərəm Xəstəxanası, 2 nömrəli uşaq poliklinikası, 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir olundu, 1 nömrəli uşaq poliklinikası, 2 nömrəli şəhər poliklinikası, Onkoloji Xəstəxana, 4 nömrəli şəhər xəstəxanasında cari təmir işləri aparılıb. 1,2 nömrəli doğum evlərinin reanimasion şöbələri müasir tibbi avadanlıqlarla təchiz olundu.

32. YENİ XƏSTƏXANANIN TİKİNTİSİNƏ BAŞLANILDI

 2 saylı Sumqayıt şəhər xəstəxanası uzun müddət istismar olunması nəticəsində əhaliyə keyfiyyətli tibbi xidmət göstərmək gücündə deyildi. Xəstəxananın yararsız vəziyyətdə olması bu tibb müəssisəsinin yenidən qurulmasını zəruri edirdi. Bunu nəzərə alaraq Prezident İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının yenidən tikilməsi və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi haqqında Sərəncam imzaladı.Hazırda xəstəxanada söküntü işləri aparılır. Qısa müddətərzində bu xəstəxananın tikilərək şəhər sakinlərinin istifadəsinə verilməsi planlaşdırılır.

33. MƏSCİDLƏR TƏMİR OLUNDU

Sumqayıt şəhərində milli-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində də mühüm işlər görüldü. Sumqayıtda və ətraf qəsəbələrdə mövcud məscidlərdə dini ayinlərin icra olunması, insanların rahat ibadət etmələri üçün hər cür şərait yaradıldı. Məscidlərdə təmir işləri aparıldı. 

34. ŞƏHƏRDƏ TURİZM İNFRASTRUKTURUNUN ƏSASI QOYULDU

Prezident İlham Əliyev 27 sentyabr 2016-cı il tarixdə şəhər ictimaiyyəti ilə görüşü zamanı Sumqayıtın inkişafı ilə bağlı müəyyən hədəflərini açıqladı. Ölkə rəhbəri vurğuladı ki, Sumqayıtın gələcək inkişafında turizm sektoru da öz rolunu oynayacaq.

Bu istiqamətdə ötən 4 ilərzində mühüm işlər həyata keçirilib. Şəhərin inkişafı, otellərin istifadəyə verilməsi, dənizkənarı bulvarın yaradılması və.s Sumqayıtın gələcəkdə turizm mərkəzi kimi çıxış etməsi üçün ilkin addımlardandır. Hazırda bu istiqamətdə də işlər davam etdirilir.

35. ƏHALİNİN MƏŞĞULLUĞU ƏSAS HƏDƏFLƏRD ƏN OLDU

Bu illər ərzində əhalinin məşğulluğunun təmin olunması istiqamətində də mühüm tədbirlər həyata keçirildi. Yeni iş yerlərinin yaradılması üçün mühüm layihələr gerçəkləşdirildi. Özəl sektorun inkişafı yeni iş yerlərinin yaranmasına, əhalinin məşğulluğunun təmin olunmasına təkan vermiş oldu. Ötən 4 ilərzində təxminən 25 mindən  çox yeni iş yerləri yaradıldı.

36. ÖZƏL SEKTOR İNKİŞAF EDİR

Yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda, özəl sektorun inkişafı ilk növbədə yeni iş yerlərinin açılmasına,  əhalinin məşğulluğunun artırılmasına səbəb olur. Özəl sektor üçün yaradılmış şərait nəticəsində ötən 4 il ərzində Sumqayıt şəhərində 2 mindən çox orta və iri sahibkarlıq subyekti yaradılıb.

37. SUMQAYIT DÜNYA ÖLKƏLƏRİNİN DİQQƏT MƏRKƏZINDƏ OLDU

Sumqayıt istər sənaye şəhəri kimi, istərsə də digər sahələrdə əldə etdiyi uğurlara görə dünya ölkələrinin diqqət mərkəzindədir.

Sumqayıt şəhərinin inkişafı ilə yaxından tanış olmaq məqsədilə təşkil olunmuş səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 60-dan çox nümayəndəsi iştirak edib.

Ötən 4 il ərzində 10-larla xarici ölkənin diplomatı şəhərimizə səfər edib, qarşılıqlı əlaqələr qurulub. Sumqayıta gələn qonaqların və keçirilən tədbirlərin miqyasının genişlənməsi şəhərin bir daha dinamik inkişafından xəbər verir. Şəhərə yerli və xarici iş adamlarının marağı artıb, hətta səfirlik vasitəsi ilə xarici ölkələrin bir çox şəhərləri Sumqayıt ilə hərtərəfli əməkdaşlıq əlaqələri yaratmaq niyyətində olduqlarını bildirmişlər. 

38. MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN YAŞAYIŞ BİNALARI TİKİLDİ

Məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin tapşırığı və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 12-ci mikrorayonda və Sumqayıt stansiyası massivinin yaxınlığında yeni yaşayış binaları tikildi. İlkin mərhələdə çətin şəraitdə yaşayan məcburi köçkünlər evlə təmin olundu. Hazırda yeni yaşayış binalarının tikintisi işlərinə başlanılıb.

39. ŞƏHƏR QURUCULARI DİQQƏT MƏRKƏZİNDƏ

70 yaşlı şəhərin qurulmasında əməyi olan hər kəs hörmət və ehtiramla yad edilir. Şəhərin qurulmasında əməyi olan şəxslərin xatirəsi əbədiləşdirilir, yaşadıqları binalara xatirə lövhələri vurulur, adlarına küçələr verilir.

40. KOMMUNAL XİDMƏTLƏR SEKTORUNDA KEYFİYYƏT ARTIRILDI

Əhalisinin sayına və sənaye potensialına görə respublika həyatında mühüm  rolu olan Sumqayıt şəhərində elektrik təchizatının yaxşılaşdırılması, şəhər əhalisinin təbii qazla fasiləsiz təmin edilməsi və su  təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması ilə bağlı kompleks işlər həyata keçirildi.

41. SUMQAYIT PARKLAR ŞƏHƏRİNƏ ÇEVRİLDİ

Sumqayıt şəhərində mövcud bütün parklar əsaslı təmir olundu. İnsanların rahat istirahəti üçün şərait daha da yaxşılaşdırıldı. Prezidenti İlham Əliyev Sumqayıta səfəri çərçivəsində şəhərin Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldu.

42. SUMQAYIT MÜASIR SƏNAYE MƏRKƏZINƏ ÇEVRILDI

Əminliklə deyə bilərik ki, bu gün Sumqayıt nəinki Azərbaycanın, bütün Qafqazın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir. Şəhərdə mövcud olan ağır sənaye müəssisələrinin əksəriyyəti müasir texnologiya əsasında yenidən qurulub. Konkret ifadə etsək, artıq Sumqayıtda onlarla sənayeyönümlü müasir texnologiya əsasında işləyən müəssisə fəaliyyət göstərir. Ən önəmlisi odur ki, bu müəssisələrin əksəriyyəti müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyir.

43. GƏMİLƏRİN YAN ALMASI ÜÇÜN TƏRSANƏ TİKİLDİ

Bulvarın sahilində gəmilərin yanalması üçün uzunluğu 500 metr olan körpü inşa edildi. Burada 10 metr hündürlüyündə estakada salınıb. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb.

44. SUMQAYIT TƏMIZ ŞƏHƏR OLDU

Ötən dövr ərzində şəhərin sanitar vəziyyətinin normal saxlanılması, məişət tullantılarının idarə olunması, gündəlik nəzarətdə saxlanılan əsas məsələlərdən birinə çevrildi. Şəhər rəhbərliyinin ciddi tələbkarlığı sayəsində məişət tullantılarının yığılması və zərərsizləşdirilməsi sahəsində mütəmadi tədbirlər keçirildi və xeyli işlər görüldü.

45. ŞƏHƏR BÖYÜK MƏDƏNİ 

MƏRKƏZƏ ÇEVRİLİR

Ötən 4 il ərzində yeni mədəniyyət mərkəzlərinin istifadəyə verilməsi ilə yanaşı, mövcud müəssisələrin əsaslı və cari təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi, mədəni-kütləvi tədbirlərin sayının və keyfiyyətinin artırılması diqqət mərkəzində oldu.

46. ŞƏHƏRIN ISTILIKLƏ TƏMINATINA BAŞLANILDI

Nəhayət ki, əhalinin istiliklə normal təmin olunması üçün istilik sistemlərinin əsaslı təmiri və bərpası istiqamətində işlərə başlanıldı. 18-ci mikrorayonda 24 yaşayış binasında 1110 mənzili istiliklə təmin edən yeni qazanxana istifadəyə verildi, 12-ci mikrorayonda isə yeni qazanxananın tikintisinə başlanıldı. Hazırda 23 qazanxana vasitəsi ilə 239 yaşayış binası, 30 orta məktəb, 2 uşaq bağçası, 17 səhiyyə obyekti və 21 digər obyektlər istiliklə təmin olunur.

47. SAKİNLƏRƏ ÜNSİYYƏTƏ ÜSTÜNLÜK VERİLDİ

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ilk gündən şəhər sakinləri ünsiyyətə açıq oldu, mütəmadi olaraq şəhər sakinləri ilə görüşlər keçirildi. Vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşıldı.

48. SUMQAYITIN "YAŞIL BİNA"SI BƏRPA OLUNUR

Bu hadisə bəlkə də sumqayıtlı olmayanlar üçün adi görünə bilər. Ancaq Sumqayıtı sevənlər üçün şəhərin simvolları doğmadır, əzizdir. Çünki, bu simvollarla onları bağlayan bir çox xatirələr var… Sumqayıtın yaxın keçmişdə simvollarından sayılan şəhər icra hakimiyyətinin binasının yaşıl örtüyü yenidən bərpa olunacaq.

Qeyd edək ki, binanın yaşıl örtüyü 9 il öncə ləğv edilmişdi. Həmin vaxt bu hadisə ictimaiyyət arasında, xüsusilə də mətbuat və sosial şəbəkələrdə geniş müzakirə və qınaq obyektinə çevrilmişdi.


Eyvaz Qocayev

Rəy bildir +
Oxşar xəbərlər
50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı
15:4315 avqust

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı

Ömrünün yarım əsrə qədərini ölkənin kimya sənayesinin inkişafına həsr etmiş tanınmış kimyaçı Zülfi Sadıxov Azərbaycanın Dövlət mükafatı laureatı, Respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Əlaçı kimyaçısı və Əlaçı səmərələşdiricisi, onlarla qiymətli ixtiranın müəllifidir.  

Şəhərimiz necə dəyişir?
15:3606 iyun

Şəhərimiz necə dəyişir?

İstər Sovet rejiminin hökm sürdüyü illərdə, istərsə də müstəqillik dövründə Sumqayıt dostluğun ünvanı kimi tanınmışdır. Bu ünvanı ilk tanıyan Gürcüstanın metallurqlar şəhəri Rustavi oldu. Sonralar bu qapını Rumıniyanın Piteşti (1971), Ukraynanın Çerkassı (1972) şəhərləri döymüşlər. Hal-hazırda

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Sumqayıtda kimyaçı Zamin Hüseynovun xatirəsi əbədiləşdirilib
12:5827 may

Sumqayıtda kimyaçı Zamin Hüseynovun xatirəsi əbədiləşdirilib

Sumqayıt şəhərində kimyaçı Zamin Hüseynovun xatirə lövhəsinin açılış mərasimi olub. Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Zamin Hüseynovun ailə üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli