İSTİ XƏBƏRLƏR
» » 56 il əvvəlki üsyan, viran qoyulan Sumqayıt, gülməli Xruşşov...

56 il əvvəlki üsyan, viran qoyulan Sumqayıt, gülməli Xruşşov...



Tanınmış jurnalist Səbuhi Sədəf ömrünün böyük hissəsini Sumqayıtda keçirmiş Yuri Vladimirvoiç Yermakovla söhbəti əsasında olduqca maraqlı reportaj hazırlayıb.

Yazının bəzi hissələrini təqdim edirik:


- Birtəhər yeriyirəm, çəlikdən tuta-tuta. Amma yeməyimi bişirirlər. Dərmanlarımı alırlar. Ayağım da 7 yerdən sınıb. O qadınlar olmasa, hərlənə bilmərəm. Üçünü də çox istəyirəm. Həmişə də zarafatla deyirəm ki, gündüzlər qulluğumdadırlar, amma heyf, ərləri qoymur gecə də yanımda qalsınlar.

Bunu deyib, qəşş edib gülür Yura dayı. 97 yaşı var Yuri Vladimirvoiç Yermakovun. Deyir, nəinki özü, babasının babası da bakılıdır. 1923-cü ildə Bakının Lebedinski küçəsində anadan olub. Babaları neftçi olub. Atası isə sıradan bir məmur.

- Lebedinski küçəsi Bakının ən beynəlmiləl küçəsiydi, desəm, yanılmaram. Sonradan Çkalov adlandı. İndi, deyəsən, Niyazi adlanır həmin küçə. Bütün günü həyətdə top qovardıq. Evə bir də hava qaralan da yığışardıq. Düzünü desəm, dərs oxumaqla heç aram yox idi. Anam zor-güc, birtəhər məktəbə yollayırdı. Onda da dərsin yarısından qaçırdım. O qədər danlayıblar atamı-anamı mənə görə... (Gülür)

Canlı tarixdi adam. İlk dəfə ondan eşitdim ki, indiki Qız Qalasının qarşısında 4 hovuz var imiş sən demə. İkisi böyüklər, biri qadınlar, biri də uşaqlar üçün.

- Gah orda çimirdik, gah da dənizdə. İndiki bulvar çimərlik idi. Ordan dənizə baş vurardıq. Bəzən elə olurdu, Stalin prospektində (indiki Neftçilər prospekti) velosiped yarışı keçirərdik. Ən sevimli işimdən biri də yelkən düzəldib dənizə çıxmaq idi. Çox gözəl uşaqlığımız olub, çox gözəl.


Yura atasını tez itirib. Bəlkə də elə bu səbəbdən, necə deyərlər, nəzarətsiz qalıb, 7-ci sinfi başa vurandan sonra məktəbi atıb. Qonşuları saatsaz imiş. Deyir, hər gün gedərdim onun yanına diqqətlə izləyərdim onu.

- Elə olurdu, yeməyə belə getmirdim evə. Bütün günü gözüm onun əlində olurdu. Çoxlu suallar verirdim. Xətrimə dəyməzdi. Aram-aram öyrədərdi...

...Günlərin biri günü 

axşam evdə şam 

edərkən ona qəfil zəng 

gəlir. Jora adlı dostu onu elə bir yerə çağırırdı ki...


- Jora əvvəlcə hal-əhval tutdu. Nə işlə məşğul olduğumu soruşdu. "Arteldəyəm, elə əvvəlki kimi saatsazam" - dedim. Bu vaxt Jora ürəyini açdı. Dedi ki, Yura, Sumqayıtda kauçuk zavodu açılıb. Həmin zavodun cihaz sexinə sənin kimi kadr lazımdı. Gələrsən? "Burda evim var, Bakıdan ayrıla bilmərəm" - dedim. Amma Jora təkid etməyə başladı. Dedi, sən gəl, ev də olacaq. Ora da Xəzərin sahilidir. Yenə yelkən sürərsən. Bir sözlə, başdan çıxardı. Gəldim Sumqayıta. Məni həmin zavodda J-8 adlanan sexə baş mexanik təyin etdilər.

Sən demə, o vaxt zavodun neçə-neçə mühəndisinin gözü varmış həmin vəzifədə. Amma vur-tut 7 sinif təhsilli birinin bu boyda vəzifəyə qoyulması onlarda qıcıq yaradır. Bu hələ harasıdır? İki gündür işə çıxırmış, şəhər rəhbərliyi onu yanına çağırıb, beləcə də deyir: "Şəhərin mərkəzində hansı binada, hansı blokda, hansı mərtəbəni istəyirsən, barmağını uzat, göstər". Mən də elə mərkəzdəki bir binanı göstərdim. Dedim, həm mağaza var binanın altında, həm də çörək dükanı".

Hə, o həmin çörək dükanıdır ki illər keçəcək, məhz orda satılan keyfiyyətsiz çörəyə görə, Sumqayıtda üsyan qalxacaqdı. Onda Yuranın 40 yaşı təzə tamam olmuşdu.

Bədxahlar onu sevmirdilər. Həmişə ona mane olmağa çalışmışdılar. Elə onların ağzını yummaq üçün cəmi 7 illik təhsili olan Yuranı Moskvada bir aylıq kursa belə göndərmişdilər.

Amma buna qədər də Yuri Yermakov artıq SSRİ-yə səs salmışdı. İndi qaynaqçıların istifadə etdiyi maskanın qara eynəyini məhz o ixtira etmişdi. Buna görə isə ona cəmi… 70 rubl mükafat yazmışdılar.

- Ondan sonra metal naqillərin boruların içinə pərçim olunmasıyla bağlı bir ixtiram vardı. Buna görə mənə nə qədər mükafat yazdılar bilirsənmi?

- Nə qədər?

- 30 rubl. Bu ixtiralardan isə SSRİ ağlagəlməz pullar qazanırdı. Sənə bir söz də deyim. Bu ixtira məsələsinə SSRİ-nin qəribə yanaşması vardı. Tutaq ki, biri filan şeyi ixtira edib. Əgər həmin şeydən artıq Qərbdə var idisə, az qala xalq düşməni sayılırdın. Çək-çevirə salırdılar; bunu hardan tapmısan, hardan ağlına gəlib, xaricdə kimlə əlaqən var? Başa sala bilmirdin ki, ay adam, mən bu ölkədən nə vaxt kənara çıxdım, nə tapdım oxudum, kiminlə görüşdüm ki, bu ideya da ağlıma gəlsin? Sizə bir nəfər haqda danışım.

Neftçalanın Bankə qəsəbəsindəki nərəartırma zavodunda Burov familiyalı bir mühəndis işləyirdi. O, nərə balıqlarının xəstələnməsinin qarşısının alınması və kürü artımına nail olmaq üçün hansısa preparat icad etmişdi, antibur adlandırmışdı. Bir ay deyildi tətbiq olunurdu ki, yazığı həbs etdilər. Adını da belə qoydular ki, sən bu dərmanı almanlardan götürmüsən, onlarla nə əlaqən? Beş-altı ay yatdı içəridə. Təşəbbüsə, yeni ideyalara qapalı yer idi SSRİ. Deyirlər e, SSRİ-də işsizlik yox idi. Olmayacaq da, bir işi bir nəfər görməli olduğu halda, 7 nəfər görürdü həmin işi. İnanın, o dövlətdə yaşamış, orden-medallar almış, mənzil sahibi olmuşam. Amma zərrə qədər də hörmətim olmayıb həmin dövlətə. Gör, kimlər idarə edib də bu dövləti; Xruşşov bambılı idi, Brejnev key idi, Çernenko canlı meyit, Andropov intriqan, Qorbaçov agent.

- Bəs Stalin?

- Sənə bir söz deyim. Mən 6 sovet rəhbərini görmüşəm. Stalin öləndə 30 yaşım vardı. Sözün həqiqi mənasında insanlar o öləndə hönkür-hönkür ağlayırdılar. Elə 1963-cü ilin 7 noyabrında da insanlar əllərində Stalinin portreti üsyan etmişdilər.

Əslində həmin hadisə uzun müddət gizlədilmişdi. 1963-cü ilin sentyabr ayından başlayaraq Sumqayıtda çörək qıtlığı yaranmışdı. Çörək nəinki qıt, həm də keyfiyyətsiz imiş. Hər şey 7 noyabra, SSRİ-nin bir nömrəli bayramı, Böyük Oktyabr Sosialist İnqilabının ildönümü gününə planlaşdırılmışdı. Həmin gün Sumqayıt Şəhər Partiya Komitəsinin binası önündə ənənəvi parad keçiriləcəkdi.

Parad, hər il olduğu kimi, öz qaydasında gedib. Amma birdən heç kimin gözləmədiyi halda meydana daxil olan Sumqayıt boru-prokat zavodunun fəhlələri qəfil dayanıblar. Fəhlələr əllərində tutduqları Xruşşovun portretlərini yuxarı qaldırıb, cırmağa başlayıblar. Bundan sonra isə "Yaşasın Stalin" deyə şüarlar səsləndiriblər. Milis müdaxilə edincə isə qarşıdurma yaranıb. Bundan sonra parada iştirak edən yüzlərlə fəhlə də prokatçılara qoşulub. Şəhər rəhbərliyi qaçaraq şəhər partiya komitəsinin binasında gizlənib. Şəhər İcraiyyə Komitəsinin sədri, Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovun qardaşı Kamal Axundova Stalinin portretini verib, "Yaşasın Stalin" qışqırmağa məcbur ediblər. Etirazçılar milislərə aid olan motosikletləri yandırıblar, inzibati binaların bütün pəncərələrin şüşələrini çilik-çilik ediblər. Hücum edilən, darmadağın olunan əsas obyektlərdən biri də çörək mağazaları olub. Çox maraqlıdır ki, etirazçılar başqa heç bir restorana, kafeyə, mağazaya hücum etməyiblər. Yeri gəlmişkən, onu da qeyd edək ki, sovet rejiminə qarşı bu aksiyanın əsas təşkilatçılarından biri mərhum millət vəkili Xıdır Alovlu olub.

- O dövrdə çörək talonla verilirdi. Məhz həmin hadisədən sonra Sumqayıtın çörəklə təchizatı yaxşılaşdı. Düzdür, bu Sumqayıta asan da başa gəlmədi. Xeyli aksiya işçisi saxlanıldı. 6 nəfər məhkum olundu. Şəhərə qoşun yeridildi. Bir müddət qeyri-rəsmi fövqəladə vəziyyət rejimi tətbiq olundu. Amma çox çəkmədi bu rejim. Çünki insanlar qəzəbli idi. Yeni iğtişaşların baş verəcəyindən narahat idilər. (Birdən qəfil gülür) Bilirsən nə yadıma düşdü? O hadisədən bir, ya iki il əvvəl elə həmin o Xruşşov Azərbaycana gəlmişdi. Səfər çərçivəsində Sumqayıtdakı kimya zavodları ilə tanış olmaq üçün şəhərimizdəydi. Qabaqcıl işçi kimi məni də sıraya düzmüşdülər. Sıradan keçəndə mənə baxıb əl elədi. Mən də güldüm.

- Niyə?

- Çünki çox gülməli görünürdü. (Gülür)

***

Bir qədər üsyankar xarakteri olub Yura dayının. Deyir, Brejnev dövründə hər həftə Lenin iməcilikləri keçirilirdi. Amma bircə dəfə də orada iştirak etməyib.

- Hər dəfə də zavod rəhbərliyi çağırırdı ki, Yuri Vladimiroviç, siz ümumi nizam-intizamı pozursunuz. Deyirdim ki, ay kişi, bu mənasız iməcilik kimə lazımdı?! Qoyun camaat iki gün evində oturub təmiz hava alsın da. Şənbə günü də gətirib basırsınız bu zəhərin içinə. Buna görə, də mənimlə araları yox idi.

Sənə bir əhvalat da danışım. Demək, "SSRİ-nin əməkdar ixtiraçısı"yam. Əmək qabaqcılı. Orden-medallar. Bir gün direktor çağırdı ki, Yura, səni partiya sıralarına keçiririk. Qayıtdım ki, qətiyyən, razı deyiləm. Dedilər ki, sən kommunist partiyasının üzvlüyünə layiqsən. Dedim, mənim 7 illik təhsilim var e. Bir qədər düşündülər. Partkom dedi ki, eybi yox, keçirərik. Bu partkomla da aram pis idi. Qayıtdım ki, yoldaş direktor, nə qədər ki bu partkom bu zavoddadı, mən heç vaxt partiyaya keçməyəcəm. Birtəhər əl çəkdilər.

***

...1983-cü ilin elə bu vədələri bərk xəstələnir. Həmin vaxt mərhum həyat yoldaşı onun qarşısında sərt tələb qoyur: bəsdi, işdən çıxmalısan. Yura dayı onun sözünü yerə salmır.

- Fikirləşdim ki, qarımdı, bir də özüm, ikimizin pensiyası bəs edir. Çox keçmədi, mənə respublika əhəmiyyətli pensiya kəsdilər. İndi də sağ olsun prezidentimizi, əməyimi yüksək qiymətləndirib. Prezident təqaüdçüsüyəm. Əmək pensiyası, əməkdar ixtiraçı kimi müavinət alıram. Dərmanlarıma da, yeməyimə də, içməyimə də bəs edər. Ayağım 7 yerdən sınıb, gəzməyə çətinlik çəkirəm. Bircə narahatlığım bundandı. O mili o ayaqdan çıxara bilmirəm. Amma 100 yaşıma, yubileyimə kimi tam hazır olmalıyam. (Gülür) Nə qalıb ki?

Doğrudan da nə qalıb ki?!

Rəy bildir +
Oxşar xəbərlər
48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Bizimkilərin Dubay sərgüzəştləri
18:5217 iyul

Bizimkilərin Dubay sərgüzəştləri

1971-ci il dekabrın 1-də yaradılmış Birləşmiş Ərəb Əmirliklərinin ən böyük ticarət mərkəzi Dubaydır. 1985-ci ildə bu şəhər azad iqtisadi zona elan edilib. 1992-ci ildən sonra azərbaycanlılar buranı kəşf etdilər. Ərəbistanda ingilis dilini bilən qadınlara iş tapıldı. Onlar tərcüməçi və böyük ticarət

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Rauf Qaraişıq: Uşaqlığımın şəkli.
16:2713 iyun

Rauf Qaraişıq: Uşaqlığımın şəkli.

Sən -  kontuziyalı zabitin öz-özünə çaldığı Çəpik kimisən,

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU